Gələn il yanvarın 29-na təyin edilən bələdiyyə seçkiləri ilə əlaqədar namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin dairə seçki komissiyasına təqdim edilməsi müddəti məlum olub. Bu, Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planında əksini tapıb.
Seçki Məcəlləsinin 58.1, 94.3.1-ci maddələrinə əsasən, namizəd və ya onun səlahiyyətli nümayəndəsi, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi səsvermə gününə ən çoxu 50 və ən azı 30 gün qalmış saat 18:00-dək namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərini dairə seçki komissiyasına təqdim etməlidir. Bələdiyyə seçkiləri ilə əlaqədar bu müddət 2025-ci il dekabrın 10-da başlayıb, dekabrın 30-u saat 18.00-dək davam edəcək.
Namizədin qeydə alınması isə Seçki Məcəlləsinin 60-cı maddəsi ilə tənzimlənir. Bu maddəyə əsasən, müvafiq seçki komissiyası imza vərəqələrini və namizədin qeydə alınması üçün lazım olan digər sənədləri qəbul etdikdən sonra 7 gün müddətində namizədin qeydə alınıb-alınmaması barədə əsaslandırılmış qərar qəbul etməli, namizəd qeydə alındıqda müvafiq seçki komissiyası qeydiyyat barəsində qərarında onun müvafiq siyasi partiya, siyasi partiyaların bloku tərəfindən irəli sürüldüyünü göstərməlidir. Qeydiyyat barədə qərarda onun qəbul olunduğu tarix və vaxt da göstərilir.
Namizədin qeydə alınması barədə qərarın surəti müvafiq seçki komissiyası tərəfindən həmin qərarın qəbul edildiyi gündən etibarən bir gün müddətində namizədə, namizəd irəli sürmüş siyasi partiyanın və ya siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələrinə verilir. Namizədə isə qeydiyyat vəsiqəsi verilir. Onlar barədə məlumatlar qeydiyyatdan sonra 24 saat müddətində media subyektlərinə təqdim edilir. Seçki komissiyaları qeydə alınmış namizədlər barədə məlumatları səsvermə gününə ən azı 15 gün qalmış seçki komissiyasının otaqlarında, məlumat lövhələrində yerləşdirilir.
Yeri gəlmişkən, bələdiyyələr 5 il müddətinə seçilir və bundan öncəki bütün bələdiyyə seçkiləri bu müddətin tamamında və bir qayda olaraq dekabr ayında keçirilib. Budəfəki seçkilər həmin müddətdən bir ay sonraya təsadüf edəcək və beləliklə, 2019-cu ilin dekabrında seçilən bələdiyyələr bir ay artıq fəaliyyət göstərmiş olacaqlar.
PÜNHAN
XQ