2003-cü ilin dekabrını heç vaxt unutmayacağam. O vaxt 7 yaşım vardı. Yadımdadır, ağ-qara televizorumuz günün müəyyən saatlarında göstərirdi. Atam AzTV-nin xəbərlərini heç vaxt diqqətindən qaçırmazdı. Həmin il dekabrın 12-də həmişəki kimi “Xəbərlər” proqramını diqqətlə izləyərkən nədənsə “səs salmayın, çıxın çöldə oynayın” demirdi. O, bütün günü gözlərini televiziyanın ağ-qara ekranından çəkmir, ətrafındakı səs-küyə məhəl belə qoymurdu. Hətta qonşumuzun haray-həşir salan, oyuncaqlara görə dalaşan uşaqlarını da sanki görmür, eşitmirdi. Onun ekrana dirənən baxışlarını, gözlərindən axan yaşları indiyədək unutmamışam. Kim nə yazırsa-yazsın, nə deyirsə-desin, nə düşünürsə- düşünsün – 7 yaşlı uşaq həmin gün dünyasını dəyişdiyi elan olunan ulu öndər Heydər Əliyev böyüklüyünü, Heydər Əliyev sevgisini, Heydər Əliyev həsrətini ilk dəfə məhz atasının gözlərindən axan yaşdan, məsum və titrək baxışlarından hiss etdi.
İnsan yaddaşı eşitməkdən daha çox gördüklərini qavraya bilir. Sonralar daha yaxşı dərk etdim ki, ailədə, hələ uşaq ikən formalaşan dəyər, verilən tərbiyə, öyüd-nəsihətlər ağ vərəqə həkk olunan yazı kimi yaddaşın dərinliklərinə hopur. Ağlından yaddaşında möhkəmlənmiş dəyərlərin ziddinə bir fikir keçəndə belə ailədə təlqin edilmiş təlimlər səni çəkindirir, düz yola istiqamətləndirir.
Ulu öndərin növbəti anım günü ərəfəsində qələmə aldığım bu qeydləri hansısa bir tarixi nailiyyəti, yaxud hansısa önəmli tarixi hadisə ilə də başlaya bilərdim. Ümummilli liderin Azərbaycan üçün heç kimin görə bilmədiyi işləri görməsi, azadlığımızın onun müdirikliyi ilə əldə olunması, heç şübhəsiz ki, danılmaz həqiqətdir, tarixin şanlı səhifələrində öz yerini möhürləyib. Bunu hər kəs bilir. Ancaq atamın əsl Heydər Əliyev sevgisinin nədən qaynaqlandığını təkcə mən bilirəm. Atam vəzifə adamı olmayıb, zəhmətkeş kəndli olub. Fəqət siyasi proseslərdən kənarda qalmış kəndli belə çox yaxşı dərk edirdi ki, Azərbaycanın qurtuluşunun, tərəqqisinin memarı ancaq və ancaq Heydər Əliyev ola bilərdi. Gerisi təfərrüatdır…
Ucqar dağ kəndində böyümüşəm, bəzən informasiyanın azlığı, müəyyən çap məhsullarının gec çatması və ya heç çatmaması, internetin hər zaman əlçatan olmaması məktəb illərim üçün hardasa normal idi. Amma atamın sayəsində informasiya qıtlığını hiss etməmişəm. İndi nə qədər informasiya çox olsa da, atamın bildiyi və onun izah etdiyi kimi deyil. O, Heydər Əliyevin böyük şəxsiyyət olmasını deyib keçmirdi. Nə üçün böyük şəxsiyyət olmasını özünün məntiqi təfəkkürü ilə, sadə faktlarla izah edir, Ulu öndəri daha yaxından tanıdırdı.
Atam deyirdi...
Xalqımızın lideri Heydər Əliyev aramızda olmasa da, onun siyasəti bizimlədir, mayak kimi yol göstərir. Heç şübhəsiz ki, keçən əsrin 90-cı illərinin əvvəllərində Heydər Əliyev hakimiyyətə qayıtmasaydı, Azərbaycan dövlətinin varlığından danışmaq mümkün olmayacaqdı. O, xalqın təkidi və istəyi ilə hakimiyyətə qayıtdı, hamını bir yumruq kimi birləşdirdi. Bu birlik Azərbaycanın düşdüyü ağır vəziyyətdən xilas olması, bir dövlət kimi müstəqilliyini daha da möhkəmləndirməsi ilə nəticələndi. Ölkəmizdə hökm sürən anarxiyanın qarşısı alındı, özbaşınalığa son qoyuldu.
Ümummilli lider nəinki Azərbaycanın, dünya tarixinin müdrik dövlət xadimi kimi qəbul və təqdir olunur. Onun mükəmməl diplomatiyası, dövlətçilik konsepsiyası, Azərbaycan naminə fövqəladə xidmətləri bu günümüzdə də müasir dövlətimizin inkişafına töhfə verir. Hələ keçmiş Sovet İttifaqı dövründə Azərbaycanda elə sahə tapılmazdı ki, Heydər Əliyevin qayğısından, diqqətindən kənarda qalsın. İqtisadiyyat, sənaye, kənd təsərrüfatı, ekologiya, elm, təhsil – bir sözlə, ölkə həyatının bütün sahələrində canlanma yarandı, Ulu öndərin parlaq zəkası ilə respublikaya yeni ruh gəldi.
Bu gün Heydər Əliyevin müdrik siyasi xəttini uğurla davam və inkişaf etdirən Prezident İlham Əliyev ölkəmizi böyük uğurlara çatdıra bildi. Bu, məhz Heydər Əliyevin daim uğur və qələbə vəd edən siyasətinin nəticəsi idi. Onun qoyduğu yolla nəinki sosial-iqtisadi nailiyyətlər qazanmaq, hətta 2020-ci ilin payızında Azərbaycanın əzəli torpağı olan Qarabağı Ermənistanın 30 illik işğalından azad etmək mümkün oldu. Bu, Azərbaycanın son 200 illik tarixində görünməmiş bir Qələbə idi. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin sərrast sərkərdəlik qabiliyyəti və Milli Ordumuzun rəşadəti sayəsində bu parlaq Qələbəni cəmi 44 gün ərzində qazana bildik. Bu, Heydər Əliyev məktəbinin məzunu olmuş, Onun qələbə müjdəli siyasi xəttini dərindən öyrənmiş bir liderin şanlı Zəfəri idi. Axı Heydər Əliyev çıxışlarında əminlikdə deyirdi ki, Şuşaya qayıdacağıq! Əminliklə deyirdi ki, mənim yarımçıq qoyduğum işləri İlham Əliyev davam etdirəcək. “Biz Qarabağ məsələsini həll edəcəyik. Vaxt lazımdır. Heç kim torpaqlarını Azərbaycandan ala bilməz. İşğal olunmuş torpaqlarımız mütləq geri qaytarılacaqdır. Nəyin bahasına olursa-olsun” – söyləyən Ulu öndər sanki bu günləri əminliklə görərək danışırdı. O, əmin idi ki, ərazi bütövlüyümüz bərpa olunacaq, Qarabağ yağı düşmənə qalmayacaq. O səfalı yerlərin əsrarəngiz təbiəti, ətraf mühitimiz yağı düşmənin əsarətindən azad olunacaq. Təbii sərvətlərimizin talanmasının qarşısı alınacaq, ermənilərin ətraf mühitimizin çirkləndirilməsinə son qoyulacaq.
İlham Əliyev, sözün əsl mənasında, xoşbəxt övladdır – Ata vəsiyyətini yerinə yetirdi. 44 günlük müharibədə Ali Baş Komandanın rəhbərliyi altında Ermənistan üzərində tarixi Qələbə qazanan Azərbaycan Silahlı Qüvvələri ölkəmizin nüfuzunu daha da yüksəklərə qaldırdı. İstər döyüş, istərsə də informasiya meydanında uduzan düşmən rüsvaycasına məğlub oldu. Qisasımız döyüş meydanında alındı. Azərbaycan Ordusunun döyüş meydanında göstərdiyi şücaət, seçdiyi taktikalar, gedişlər, fəndlər, düşünülmüş döyüş planı, silah və texnikadan istifadə bacarığı, əsgər və zabitlərimizin cəsarəti yaxın-uzaq ölkələr tərəfindən böyük maraqla qarşılandı. Sonralar Prezident İlham Əliyevin özü də etiraf edirdi ki, Azərbaycan Ordusunun döyüş taktika və strategiyası hətta Qərbin ən inkişaf etmiş ölkələrinin orduları tərəfindən öyrənilir.
Bu Qələbə, əlbəttə, birdən-birə qazanılmadı. Ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi ilə bu istiqamətdə təxminən 20-30 illik bir tərəqqi yolu keçdi. Bu yol da, şübhəsiz ki, Ümummilli liderimiz tərəfindən qoyulmuşdu və Azərbaycanı iqtisadi uğurlara aparırdı. Sosial-iqtisadi nailiyyətlərimiz isə son nəticədə Ordumuzun güclənməsinə, ən müasir silah-sursatla təchizatına, eləcə də döyüş qabiliyyətimizin yüksəlməsinə gətirib çıxarmışdı.
Bu müharibə üçün az qala 30 ilədək hazırlıq görüldü. Gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasından silah və texnikanın müasirləşdirilməsinədək əməli tədbirlər həyata keçirildi. Bu, peşəkarlıq idi. Geniş və çoxşaxəli düzgün strategiyanın nəticəsi idi. Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi müdrik daxili islahatlar, məqsədyönlü xarici siyasət sayəsində nəinki Cənubi Qafqazda, dünyada sayılıb-seçilən bir dövlətə çevrilibsə, sözsüz ki, bunun əsasını Heydər Əliyev qoymuşdur.
“Elin gözü tərəzidir” ifadəsini boşuna deməyiblər. Xalq 2003-cü ildə Heydər Əliyev ideyalarına, Ulu Öndərin siyasətinə səs verdi. Azərbaycan xalqı çox yaxşı bilirdi ki, İlham Əliyevdən başqası bu siyasəti davam etdirə bilməyəcək. Əgər Heydər Əliyevin layiqli davamçısı proseslərdən kənarda qalsaydı, Azərbaycanın bugünkü müstəqilliyindən danışmaqda tərəddüdümüz olardı. Bunu tarix göstərdi, vədə yetdi və zaman öz sözünü dedi. Xalq seçimində yanılmamışdı.
Xilaskarlığın Heydər Əliyev zirvəsi
Azadlıq hər bir xalqın arzusudur. Bizim də belə arzumuz olub və buna Heydər Əliyev siyasəti ilə çatacağımıza şübhə etməmişik. Azadlığın asan qazanılmadığını da bilirik. Dövlət müstəqilliyimiz, yadelli ağalığına birdəfəlik son qoyulması, ölkəmizdə demokratik konsepsiyanın əsası məhz Heydər Əliyevin müdrik fəaliyyətinin nəticəsi idi. Dövlət üçün onun müstəqilliyi, bayrağının zirvələrdə dalğalanması, xalqın firavan yaşaması kimi önəmli heç nə yoxdur. Ənənələrimizə sahib çıxmış uzaqgörən lider Azərbaycan tarixində şanlı yer tutmuş Azərbaycan Xalq Cümhuriyyətinin dövlət rəmzləri bərpa etdirmiş, habelə, üçrəngli bayrağımız birdəfəlik ucaldılmışdır. Həmin bayraqdır ki, bu gün ölkəmizin bütün bölgələrində qürurla dalğalanır!
Dünyada 200-ə yaxın dövlət varsa, biri də bizim Azərbaycanımızdır. Bu, necə də vicdan rahatlığı, könül xoşluğudur. Bu xoşbəxtliyi bizə nəsib edən Heydər Əliyevin yeri, ən böyük abidəsi xalqın qəlbindədir.
Heydər Əliyevin bizə bəxş etdiyi azadlıq, öz Vətəninin vətəndaşı olmaq necə də şərəflidir. Ümummilli liderimizin birdəfəlik dalğalandırdığı, qürur mənbəyimiz olan üçrəngli Bayrağımız, Sən yüksəklərdə dalğalan! Yüksəklərdə dalğalanmağa, çoşmağa layiqsən. Bir daha enməyinə nəyin bahasına olursa-olsun, izin vermərik! Bayrağım, səndə Zəfər nişanımız, azadlığımız, xalqın böyük oğlu Heydər Əliyev nəfəsi var.
Mərhum şairimiz Bəxtiyar Vahabzadə səni belə tərənnüm edirdi:
…Bayraq mənliyimdir, bayraq kimliyim,
Bayraq öz yurduma söz hakimliyim.
Harda əcdadımın ayaq izi var,
Bu zəfər bayrağım orda dikəlsin.
Keçdiyi yerlərdə dağlar, yamaclar
Onun hüzuruna salama gəlsin.
…Daim ucalasan! Savaş günündə
Əsgər silahıyla səni tən görüm.
Yalnız zəfər çalmış şəhid önündə
Səni alqış üçün əyilən görüm.
Təbii ki, bir qəzet yazısı Heydər Əliyevin fəaliyyətini tam əhatə edə bilməz. O, sözlə izah edilə bilməyəcək qədər çox böyük şəxsiyyət olub. İllər, əsrlər ötəcək, Heydər Əliyev sevgisi daha da artacaq, onun dəyəri qiyməti çoxalacaq. Azərbaycan üçün etdiyi təmənnasız xidmətlər, xalqımızın xilası naminə göstərdiyi fəaliyyət Günəş işığı kimi get-gedə daha da parlayacaqdır.
Rizvan FİKRƏTOĞLU
XQ