“Heydər Əliyev: Müstəqilliyimiz əbədidir” təkrar nəşrinin 2-ci kitabı

post-img

“Heydər Əliyev. Müstəqilliyimiz əbədidir” çoxcildliyinin təkrar nəşrinin 2-ci kitabı çapdan çıxıb.

Çoxcildliyin 2-ci kitabına ulu öndər Heydər Əliyevin 1993-cü il noyabrın 2-dən 1994-cü il martın 9-dək keçirdiyi görüşlərə dair materiallar, çıxış və nitqlərinin, xalqa müraciətlərinin, bəyanatlarının mətnləri, müsahibələri, məktubları daxil edilib. O zaman Azərbaycan dövlət müstəqilliyini yenicə bərpa etmişdi və Ermənistanla müharibə şəraitində idi. Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisinə yeni hücumları və təcavüzü ilə bağlı 1993-cü il noyabrın 2-də ulu öndər Heydər Əliyev milli televiziya və radio ilə xalqa müraciət edib, ordu yaradılmasının vacibliyini vurğulayıb: “İndi bizim ordumuz yaranmalı və qurulmalıdır. Bir də qeyd edirəm, ordumuz ancaq Azərbaycanı müdafiə etmək məqsədi daşıyır. İşğalçılıq məqsədi daşımır. Bizim işimiz haqq işidir, gərək hər bir vətəndaş bunu özünün şərəfli borcu kimi qəbul etsin. Kim özü orduda qulluq edə bilirsə, qoy könüllü surətdə getsin. Kim özü qulluq edə bilmirsə, yanındakıları başa salsın ki, gedib orduda xidmət etmək lazımdır. Yaxud əgər özü orduda qulluq edə bilmirsə, fikirləşsin ki, orduya necə kömək etmək lazımdır. İndi bunların hamısı ən zəruri vəzifələrdir. Bütün xalqa, Azərbaycan vətəndaşlarına müraciət edirəm ki, bu tədbirlərin həyata keçirilməsində fəal iştirak etsinlər”. Oxucular müraciətin tam mətni ilə çoxcildliyin bu kitabında tanış ola bilərlər.

Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycanın xarici siyasətində sülhsevərliyi başlıca prinsip kimi müəyyən etmişdi. Dövlətlərarası münasibətə gəldikdə isə, Türkiyə ilə əməkdaşlığı xüsusilə diqqətdə saxlayır, eləcə də digər dövlətlərlə sıx əlaqələr qurulmasına önəm verirdi. 1994-cü il fevralın 9-da Türkiyədə səfərdə olduğu zaman Ankarada Hacəttəpə Universitetinin fəxri doktoru diplomunun təqdim olunması mərasimində çıxış edən ulu öndər Heydər Əliyev Azərbaycanın xarici siyasəti ilə bağlı da fikirlərini söyləmişdi: “Azərbaycanın xarici siyasəti sülhsevər siyasətdir. Ölkəmiz bütün dövlətlərlə sülh və əmin-amanlıq əlaqələri yaratmaq istəyir. Azərbaycan dövləti öz xarici siyasətini məhz bu istiqamətdə yeridəcəkdir. Buna görə də Azərbaycan qonşu dövlətlərlə daha sıx əlaqələr yaratmağı xüsusilə önəmli hesab edir. Lakin burada bizim Türkiyə ilə əlaqələrimiz xüsusi yer tutur. Çünki Türkiyə ilə Azərbaycanın birgə tarixi keçmişi var. Xalqlarımız bir kökdəndir. Bizim mədəniyyətimiz də, tariximiz də, ənənələrimiz də birdir, dilimiz, dinimiz də birdir. Bütün bunlar əsrlər boyu bizi birləşdirmişdir”.

Çoxcildliyin 2-ci kitabında yer alan materiallar oxucularda, tədqiqatçılarda, politoloqlarda dövrün ictimai-siyasi prosesləri haqqında geniş təsəvvür yaradır.

Kitabın buraxılışına məsul “Azərnəşr”in baş redaktoru Əlövsət Ağalarovdur. Çoxcildlik “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 29 sentyabr tarixli sərəncamından irəli gələn vəzifələrin icrası çərçivəsində təkrar nəşr edilir.

Nəşrin hazırlanmasında AZƏRTAC-ın materiallarından istifadə olunub.

 

Son xəbərlər