Makron Fransası “siyasi turbulentdə”

post-img

Hökumətin istefası ölkəni yeni böhrana sürükləyir

Fransa prezidenti Emmanuel Makron növbəti ciddi siyasi böhranla üz-üzə qalıb. Dekabrın 4-də Milli Assambleya prezidentin formalaşdırdığı Nazirlər Kabinetinə etimadsızlıq göstərdi. Prezident Emmanuel Makron isə istefa verməyə tələsmir, əksinə, yeni hökumət başçısının təyin edilməsi üzərində işlədiyi iddia olunur. Amma bunun heç də asan başa gəlməyəcəyi bildirilir.

Fransa Milli Assambleyası Mişel Barnye hökumətinə etimadsızlıq göstərdi. Beşinci Respublika tarixində bu, yalnız bir dəfə baş vermişdi: 1962-ci ildə deputatlar Baş nazir Jorj Pompidunu istefaya göndərmişdilər. Buna görə də Fransa yeni ilə hökumətsiz və büdcəsiz daxil olacaq. İndi prezident Emmanuel Makron yeni baş nazir təyin etməli, Milli Assambleya isə onun təklif etdiyi namizədi təsdiqləməlidir. Amma bunun heç də asan olmayacağı bildirilir. Məsələ ondadır ki, parlamentdə heç bir partiya çoxluğa malik deyil və yeni siyasi “kamikadze”nin təsdiqlənməsi çox çətin olacaq. Bu yay baş nazirin seçilməsi və onun təsdiqi prosesi iki ay yarım çəkmişdi.

Bundan başqa, bir çox fransız şərhçinin qeyd etdiyinə görə, hökumətin istefası Fransada prezident Makronun parlamenti buraxmasından və növbədənkənar seçkilərdən sonra davam edən ciddi siyasi böhranı daha da gücləndirəcək. Fransa Konstitusiyasına görə, əvvəlki seçkilərdən bir il sonra yeni seçkilər təyin edilə bilməz. Buna görə də, Fransada siyasi və iqtisadi qeyri-sabitliyin daha da pisləşəcəyi proqnozlaşdırılır. Mişel Barnye da çıxışı zamanı bildirdi ki, hökumətin istefası ölkənin maliyyə problemlərini həll etməyəcək.

Eyni zamanda, hökumətin istefası həm də ölkəni büdcə problemləri və ola bilsin ki, ciddi maliyyə böhranı ilə üz-üzə qoyacaq. Çünki hökumətin 2025-ci il üçün hazırladığı büdcə qüvvədən düşür. Yeni ildə dövlət strukturlarının və sosial sığorta sisteminin maliyyələşdirilməsi ötən ilin büdcəsi əsasında həyata keçiriləcək. Bunun üçün də yalnız dövlətin funksionallığını saxlamaq üçün zəruri maliyyə vəsaiti ayrılacaq. Deməli, pul hamıya verilməyəcək və bu da narazılığı daha da artıracaq.

Analitiklərin sözlərinə görə, Fransa hökumətinin istefası o deməkdir ki, bütün avrozonada artan siyasi və iqtisadi böhran “Qoca qitə”ni silkələyə bilər və prezident Makronun bunun öhdəsindən gəlmək potensialı yoxdur. Bununla bağlı “Politico” yazır ki, siyasi xaos səlahiyyət müddəti 2027-ci ildə başa çatan prezident Makronun istefasını gündəmə gətirir. Bu baş verərsə, yəni qanunvericilər dövlət başçısına etimadsızlıq göstərərlərsə, müasir Fransa siyasətində indiyədək görünməyən ilkə imza atmış olacaqlar.

Siyasi analitiklər prezident Makronun manevr imkanlarının da son dərəcə daraldığını vurğulayırlar. Müxalifət deputatlar onun istefaya getməsini təklif edirlər. Səsvermə ərəfəsində çıxış edən ifrat sağçı lider Marin Le Penin sözləri bir daha göstərir ki, Makronun prezidentlik müddəti vaxtından əvvəl başa çata bilər: “Makron istefaya getməsə, öz şöhrətpərəstliyinə görə Fransanın taleyini qurban verəcək”. “Emmanuel Makron son yeddi ildə millətin təməllərinə hücum etdi”, – deyən Le Pen əmindir ki, “yalnız o, ölkəni düşdüyü uçurumdan (istefa verməklə) çıxara bilər”.

“Politico” digər radikal solçu “France Invictus” partiyasından Matilda Panonun hökumətin istefaya getməsinə münasibətini diqqətə çatdırır. Xanım deputat düşünür ki, çərşənbə günü keçirilən səsvermə “Emmanuel Makronun bütün siyasətinin” məğlubiyyətidir. Onun səsvermədən sonra jurnalistlərə “Dalandan çıxmaq üçün Makrondan getməsini xahiş edirik” dediyi bildirilir.

Əslində, son 6 ay ərzində üç dəfə böyük siyasi məğlubiyyətə uğrayan Makronun mahiyyətcə dövlət başçısı kimi qalmaq üçün mənəvi haqqı yoxdur. Üstəlik, rəy sorğuları da göstərir ki, fransızların əksəriyyəti onun getməsini istəyir. Noyabrda sorğuda iştirak edənlərin 63 faizi hesab edir ki, hökumət istefaya gedirsə, onunla bərabər prezident də istefa verməlidir. “Fəth edilməmiş Fransa” partiyasının lideri Jak-Lyuk Melanşon “Xalq Cəbhəsi” hökumətinin təsdiq olunmayacağı təqdirdə Makronun istefasını tələb edəcəyini bildirir.

İndi Fransa “siyasi turbulent” rejiminə daxil oldu. “Politico” bununla bağlı yazır ki, siyasi çaxnaşma Avropa üçün heç də xoş olmayan dövrə təsadüf edir. “Qoca qitə”nin birinci iqtisadiyyatına malik Almaniya da siyasi qarışıqlıq və iqtisadi problemlər ilə üz-üzədir və mövcud vəziyyət Berlini Avropanın iqtisadi lokomotivinin idarəçiliyini üzərinə götürməyə hazır deyil.

Belə bir şəraitdə Makronun Fransanı və Avropanı daha pis perspektivlə üzləşməsinə imkan verməmək üçün postundan getməsi daha məqbul çıxış yolu hesab edilir. Ancaq onun istefa verməyəcəyi bildirilir. Konstitusiyaya görə, deputatlardan incimiş Makron parlamenti yenidən yalnız 2025-ci ilin yayında buraxa bilər. Bu isə o deməkdir ki, o, yeni baş nazirin seçilməsi ilə bağlı bütün siyasi partiyalarla yorucu danışıqlar aparacaq.

Təəccüblü odur ki, ölkəsinin problemlərini həll edə bilməyən Makron hökumətinin strukturları Azərbaycana qarşı absurd iddialar irəli sürür. Bu günlərdə Fransanın xarici rəqəmsal müdaxilədən müdafiə agentliyi “Viginum” Azərbaycanı sosial şəbəkələrdə Fransaya qarşı sabitliyi pozan əməliyyat keçirməkdə ittiham edir. Agentlik öz hesabatında Bakının, guya, Fransanın əcnəbi əhali və korsikalılar arasında imicini pisləşdirməyə yönəlmiş hərəkətlərə yol verir və Azərbaycanın Yeni Kaledoniyadakı hərəkətlərinin aysberqin görünən tərəfi olduğunu bildirir. Belə gülüş doğuran ittihamlara nəzər yetirəndə bir daha əmin olmaq mümkündür ki, Fransa xalqı daha kompitent iqtidara malik olmalıdır. Öz gözlərində tiri görməyən Makron və ətrafındakılar Azərbaycanın gözlərində tük axtarırlar. Amma Fransanın siyasi arenasında yaşananlar bir daha təsdiqləyir ki, potensialı və dəstəyi olmayan birisinin Napoleon olmaq həvəsinə düşəndə ölkə belə böhranlara “qucaq” açır.

S.ELAY
XQ

Siyasət