Liderin quruculuq kursu

post-img

V MƏQALƏ

Böyük Qayıdış: İki miqyasın ortaq anlamı

Fəlsəfi prizmadan baxanda burada iki anlamın sintezini görmək olar. Birinci, anlam 30 illik münaqişənin həll edilməsi ilə tarixi, siyasi, müstəqil dövlətçilik baxımından böyük olan qayıdışın nəzərdə tutulması ilə bağlıdır. Qarabağa insanların bu anlamda qayıdışı ona görə böyükdür ki, bu, həm də Azərbaycan mədəniyyəti, kimliyi və dövlətçiliyinin bir bölgəmizə əbədi və təhlükəsiz olaraq qayıdışını ifadə edir. Qədim Şərq fəlsəfəsində dahiyanə bir fikir var: özünə qayıdış sabitlikdir, kamillikdir, tamlıqdır və özünü tanımaqdır! Bu fikrin təməlində türk fəlsəfəsinin bir qızıl kəlamı dayanır: Özünə qayıt, özünə qayıdanda sən güclü olursan!

Bu mənada, Qarabağa qayıdış, sadəcə, fiziki olaraq evinə dönmək deyildir. Bu, mədəniyyətinə, tarixinə, milli ləyaqətinə və kimliyinə qayıdış və həm də onun dirçəlişidir! Buna görə Böyük Qayıdışdır! Səbəbinin mühüm bir qismini çağdaş dünyanın bir sıra özəllikləri kontekstində dövlət və cəmiyyət olaraq son 35 illik tariximizdə axtarmaq olar.

Azərbaycan müstəqilliyini keçən əsrin 90-cı illərinin əvvəllərində əldə edəndə çox istiqamətlərdə bizi dövlət, ölkə, mədəniyyət, mənəviyyat və coğrafiya olaraq zədələdilər. Siyasi-ideoloji təxribatlarla yanaşı, ərazimizin bir qisminin qonşu cırtdan bir ölkə tərəfindən işğal olunması üçün o mərhələnin güclü dövlətləri əllərindən gələni etdilər. Ölkə, dövlət və cəmiyyət olaraq sarsıldıq! Ancaq Ulu öndər sınmağa imkan vermədi – qorudu, motivə etdi, fəaliyyəti ilə “Sən güclüsən, çünki azərbaycanlısan!” mesajını verdi.

Azərbaycan faktiki olaraq kənardan olan ciddi və güclü təzyiqlərin mövcudluğu şəraitində özünü yenidən yaratmalı idi. Bu da müəyyən mənada müasir dövlətçiliyin əsas parametrlərini saxlamaqla özünə qayıtmağı bacarmaq demək idi. Prezident İlham Əliyev Vətən müharibəsinin nəticələrini yığcam ifadə edərək tamamilə haqlı olaraq “milli ləyaqət” anlayışını önə çəkmişdir. Milli ləyaqətin yenidən dərki və cəmiyyət olaraq qəbul edilməsi qayıdışın böyüklüyünün məna nüvəsini təşkil edir. Milli ləyaqət yeni şərtlər daxilində azərbaycanlıların özünü tanımasının başlıca faktorudur.

Avrasiya məkanında mürəkkəb geosiyasi vəziyyətə görə bu uğur başqa heç bir xalqa müyəssər olmamışdır. Deməli, Qarabağa insanların qayıdışı həm də ona görə böyük tarixi hadisədir ki, ən mürəkkəb qlobal geosiyasi şərtlər daxilində Azərbaycan dövlət olaraq buna nail olmuşdur!

Təbii ki, Böyük Qayıdışın vurğuladığımız anlamı çox önəmli və ibrətvericidir. Bunun təbliği və təşviqi çox vacibdir. Ancaq bu qayıdışın başqa bir miqyasda önəmli anlamı da vardır. Bu, həmin anlaşıyın fəlsəfi qavramı ilə bağlıdır.

Qayıdışın fəlsəfi anlamı və Qərbi Azərbaycan

Fəlsəfə həmişə daha geniş, fundamental və ümumiləşdirici səviyyədə “işləyir”. Bu prizmada Böyük Qayıdış, ümumiyyətlə, Azərbaycanın qürur verən dövlətçilik ənənəsinə yenidən baxışının rəmzidir. O, daha əhatəli kontekstdə əhəmiyyətli özəllikləri özündə birləşdirir. Millətin özünə böyük mənada yenidən baxması, dünyanı müstəqil dövlətçilik işığında kollektiv varlıq kimi duyması və bu əsasda öz gələcəyinin obrazını dəqiq proqnozlaşdırması Böyük Qayıdışdır! Bu qayıdışda ənənə ilə müasirlik müstəqil dövlətçilik aspektində vəhdət təşkil edir. Onlar bir-birini keçmiş naminə (bu anlamda “qayıdış” rəmzi məna daşıyır) deyil, gələcək davamlı və dinamik inkişaf naminə tamamlayırlar.

Bu prosesdə mühüm məqam dövlətçiliyin inkişafı, təhlükəsizliyin təmini və müstəqil ölkə kimi fəaliyyət dairəsini genişləndirməklə əlaqəlidir. Həmin kontekstdə də Qərbi Azərbaycan məsələsi Böyük Qayıdışın fəlsəfi anlamında ayrıca yer tutur.

Öncə vurğulayaq ki, Qərbi Azərbaycan məsələsinin fəlsəfi səviyyədə dövlətçiliyin vacib parametrlərindən biri səviyyəsinə yüksəldilməsi Prezident İlham Əliyevin böyük töhfəsidir. Çünki bu məsələ o qədər incə, zərif və sırf milli yanaşma tələb edir ki, yalnız yüksək siyasi və diplomatik məharətlə onun gündəmə gətirilməsi qalıcı fayda verə bilər. İndi müşahidə etdiyimiz proseslər göstərir ki, Azərbaycan Prezidenti bunu böyük uğurla həyata keçirir. Şübhə etmirəm ki, bu prosesin qarşısında heç bir qüvvə dayana bilməyəcək. Qərbi Azərbaycan məsələsində Azərbaycan mütləq qalib olacaq! Bu nikbinliyin səbəbini izah edək.

Məsələnin kökü onunla bağlıdır ki, Prezident İlham Əliyev müstəqil Azərbaycanın ərazi bütövlüyünün bərpasını və əbədi təmin edilməsini dövlətçiliyin əsas “sütunlarından” biri statusunda dövlətçilik kursuna daxil edə bilmişdir. Bu mənada Qərbi Azərbaycan məsələsi yeni ərazi tutmaq kimi iddialardan çox uzaqdır. İlham Əliyev bu məsələni siyasi, diplomatik və mənəvi faktor kimi dövlətçiliyin təmini müstəvisinə gətirmişdir. Özü də mühüm strateji faktorlardan biri kimi gətirmişdir.

Bu baxımdan Qərbi Azərbaycan məsələsi fəlsəfi kontekstdə xüsusi anlamda Böyük Qayıdışın rəmzidir. Onun konkret fəlsəfi anlamının Azərbaycanın tarixi, mədəniyyəti, mənəvi-əxlaqi dəyərlərinin müasir beynəlxalq hüquq baxımından müstəqil dövlətçilik kontekstində qorunması üçün ərazi bütövlüyü və suverenliyin tam təmin edilməsi ilə daxili məntiqi, siyasi və feili bağlantısı olmalıdır.

Bunun fonunda Qərbi Azərbaycan məsələsi hər bir azərbaycanlının təbii yaşamaq və yaratmaq hüququnun təmin edilməsi ilə əlaqəlidir. Azərbaycan mədəniyyətinin məkandan (coğrafiyadan) asılı olmayaraq dünya mədəniyyətinin incilərindən biri olduğunun hər bir dövlət tərəfindən siyasi, hüquqi, təbliği və təşviqi anlamlarda qəbul edilməsidir. O cümlədən, indi “Ermənistan” adlanan dövlət rəsmi olaraq bu hüququ tanımalı və ona tam əməl etməlidir. Həmin istiqamətdə Ermənistan, birinci, azərbaycanlılara qarşı yeritdiyi siyasətdə ciddi səhvlərini etiraf etməli, ikinci, konstitusiyasından qonşu dövlətlərə gizli və ya açıq ərazi iddialarını çıxarmalı, üçüncüsü, Azərbaycan mədəniyyətinin Qərbi Azərbaycanda dağıdılması və yadlaşdırılması prosesinə son qoyulmalı, dördüncüsü, azərbaycanlıların öz tarixi torpaqlarına maneəsiz gedişinə nail olmalıdır. Qayıdış bu şərtlərin ayrılıqda və kompleks halında ödənməsini nəzərdə tutur.

Qərbi Azərbaycan məsələsinin bu cür fəlsəfi anlamı avtomatik olaraq onun siyasi anlamına konkret məzmun verir. Belə ki, Qərbi Azərbaycan azərbaycanlıların tarixi, siyasi və mədəni aspektlərdə təbii hüquqlarının əsasını təşkil etmiş olur. Azərbaycan Respublikası müstəqil dövlət kimi bu baza üzərində xarici siyasətini qura bilər.

Yeni tarixi mərhələdə məhz həmin kontekstdə Qərbi Azərbaycan məsələsi xarici siyasətin priorietləri sırasına daxil edilmişdir. Bu istiqamətdə lazımi siyasi, diplomatik və təşkilati proseslər aparılır. Deməli, Qərbi Azərbaycan Böyük Qayıdışın artıq feili aspektdə də reallıqlarından biridir. Bu da o deməkdir ki, indiki mərhələ faktiki olaraq özündə Qərbi Azərbaycan məsələsini nəzəri-konseptual, fəlsəfi və politoloji ilə yanaşı, feili və praktiki olaraq özündə ehtiva edir. Həmin mexanizmin işə salınması problemin həllində ciddi perspektvilərin mövcudluğunun təsdiqidir.

Vurğulanan xüsusiyyətlər əsasında Böyük Qayıdışın fəlsəfi və politoloji anlamlarını ümumiləşdirmək olar. Hər şeydən öncə, Böyük Qayıdış çoxaspektli və zəngin məna çalarları olan prosesdir. Onun təməlində müasir mərhələdə müstəqil Azərbaycan Respublikası dövlətinin inkişafı fəlsəfəsi durur. Həmin anlamda “qayıdış” keçmişə dönməyi ifadə etmir. O, sadəcə coğrafi anlamda yer dəyişməklə də məhdudlaşmır.

Böyük Qayıdış cəmyyətin öz dövlətçilik ənənələrini, dövlətçilik şüurunu, milli-mənəvi dəyərlərini, mədəniyyətini, kimliyini müasir çağırışlar fonunda yenidən dərk etməklə gələcəyin obrazını formalaşdırmaqdır. Bu məna və məqsədcə dövlət, cəmiyyət və millətin gələcəyə yönəlmiş istək və proqramlarının fokuslanmış məcmu ifadəsidir.

Böyük Qayıdışın əsas hədəfi vurğulanan kontekstdə 2030-cu ildə qüdrətli demokratik dövlət və yüksək rifah cəmiyyəti yaradılması prosesinin mühüm tərkib hissəsi olmaqdır. Məhz həmin aspektdə Qərbi Azərbaycan məsələsinin daim gündəmdə saxlanması və praktiki fəaliyyətin başlıca parametrlərindən biri olması zəruridir. Yeni tarixi mərhələdə Azərbaycan informasiya müharibəsində hücum taktikasını yeni mərhələyə yüksəltməlidir.

Qayıdış anlayışına real və praktiki olaraq yeni anlamı verən güclü lider İlham Əliyevdir! Azərbaycan Prezidenti, sözün həqiqi mənasında, Böyük Qayıdışın bütün anlamlarda memarıdır! Bununla yanaşı, həmin prosesi eksklüziv həyata keçirən milli lider, dövlət başçısıdır. Bu reallığın fonunda Böyük Qayıdışla yanaşı, Böyük Millət quruculuğu məsələsi də son dərəcə ciddi fəlsəfi və politoloji aktuallıq kəsb edir.

(ardı var)

Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

Siyasət