Gürcüstan hökuməti milli maraqları sayıqlıqla qoruyur

post-img

Gürcüstanda hökumətin Avropa İttifaqı ilə danışıqları 2028-ci ilə qədər dayandırmaq barədəki qərarından sonra ölkədə baş qaldıran etiraz aksiyaları davam etməkdədir. Dünənki aksiyalar da hökumət qüvvələri tərəfindən dağıdılıb. Lakin bu günlər müşahidə edilən odur ki, Gürcüstan hökumətinə qarşı xarici təzyiqlər artdıqca Tbilisi və digər şəhərlərdə etirazçı kütlənin aqressivliyi də çoxalır.

Dünən aksiyaların gedişində Tbilisidə polisə bıçaqla hücum etməkdə şübhəli bilinən 18 yaşlı şəxs saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Nazirliyin məlumatında bildirilir: “İstintaq müəyyən edib ki, bıçaqla silahlanmış təqsirləndirilən şəxs bu il noyabrın 30-da Rustaveli prospektində aksiya zamanı DİN əməkdaşının sağlamlığına zərər yetirmək məqsədilə ona hücum edib”.

Nazirlik onu da bildirib ki, ümumilikdə mitinqlərlə əlaqədar cinayət işləri üzrə yeddi nəfər saxlanılıb.

Gürcüstanın Baş naziri İrakli Kobaxidze keçirdiyi brifinqdə bəyan edib ki, ölkədə zorakılıq halları partiyalardan qaynaqlanır. “Onlar, əlbəttə ki, nə ilə məşğul olduqlarını anlayırlar. Ən üzücü olan odur ki, müxalifət təmsilçiləri insanları, o cümlədən, gəncləri çox ciddi cəzalar üçün qurban verirlər. Bu səhər siz gənclərdən birinin ağır cinayətə görə saxlanıldığını və bir polis əməkdaşının sağlamlığına ciddi ziyan vurduğu üçün 7 ilə qədər həbs cəzası ala biləcəyini oxudunuz. Bu, əlbəttə ki, həmin avantüristlərin məsuliyyətidir. Saakaşvili, Qvaramiya, Xazaradze və Qaxariya ilə əlaqəli dörd partiya dünən, demək olar ki, açıq şəkildə bu koordinasiya olunmuş zorakılığa dəstək verəcəklərini bəyan etdilər. Əlbəttə ki, onlar bütün bunlara görə məsuliyyətdən qaça bilməzlər. Ona görə də hər kəs bunu nəzərə almalıdır” – deyə o bildirib.

Baş nazirin sözlərinə görə, bəzi xarici qüvvələrin Gürcüstanda “Maydan” yaratmaq cəhdləri tamamilə iflasa uğrayıb: “Dünən, nəhayət ki, uğursuzluğa düçar olmuş “Milli Maydan”ın (Natsmaydan) arxasında yalnız siyasi qüvvələrin və siyasi partiyaların dayandığı təsdiqləndi. Zorakılığın əsas mənbəyi partiya ofisləri idi və biz həmin partiya ofislərinə daxil olub, müvafiq zorakılıq silahlarını götürən kimi zorakılıq dərhal sona çatdı. Dünən göründü ki, partiya qruplarının artıq zorakılıq üçün resursları yoxdur”.

Baş nazir Kobaxidze, eyni zamanda, müxalifət partiyalarının liderlərini görüşə dəvət edib. Amma onlar bundan imtina ediblər. Kobaxidze isə hökumətin iclası zamanı etiraf edib ki, Gürcüstan hakimiyyəti müxalifət partiyalarının qeyri-qanuni tanınmasına nail olmaq üçün ölkənin Konstitusiya Məhkəməsinə (MK) müraciət edə bilər. Hökumət başçısının sözlərinə görə, müxalifət nümayəndələri son günlər ölkənin konstitusiya quruluşuna açıq şəkildə qarşı çıxıblar ki, bu da məhkəməyə müraciət etmək və müxalifət partiyalarını konstitusiyaya zidd elan etmək üçün birbaşa əsas yaradır.

“Proseslərin necə inkişaf edəcəyini gözləyəcəyik. Hər şey öz əlimizdədir”, – Kobaxidze bildirib.

Baş nazir onu da əlavə edib ki, müxalifət dedikdə, xüsusən Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin “Vahid Milli Hərəkat”, “Dəyişiklik Uğrunda” və “Güclü Gürcüstan” koalisiyasını, eləcə də keçmiş baş nazir Georgi Qaxariyanın "Qaxariya – Gürcüstan üçün" partiyalarını nəzərdə tutur.

Etiraz aksiyalarının dağıdılması bir sıra Qərb ölkələri tərəfindən narazılıqla qarşılıanır. Dünən ABŞ dövlət katibi Antoni Blinken bildirib ki, Gürcüstan hakimiyyəti ölkənin Avropa İttifaqına daxil olması ilə bağlı danışıqların dayandırılmasına etiraz edənləri təqib etdiyinə görə ABŞ Gürcüstana qarşı sanksiyalar tətbiq etməyə hazırdır. Dövlət Departamentinin saytında dərc olunmuş bəyanatda deyilir: “Birləşmiş Ştatlar Gürcüstan xalqı və onun demokratik istəkləri ilə həmrəydir. Gürcüstanda demokratik proseslərə və ya institutlara xələl gətirənlər, o cümlədən Gürcüstan vətəndaşlarının dinc toplaşmaq və ifadə azadlığı hüquqlarını boğanlar məsuliyyətə cəlb olunacaqlar. İkitərəfli əməkdaşlığın daha əvvəl elan edilmiş hərtərəfli nəzərdən keçirilməsi ilə yanaşı, Birləşmiş Ştatlar əlavə sanksiyalar da daxil olmaqla, bizim ixtiyarımızda olan bütün vasitələrdən istifadə etməyə hazırlaşır”, – Blinken bildirib.

ABŞ dövlət katibi bildirib ki, Vaşinqton Gürcüstan vətəndaşlarına, nümayişçilərə, media və müxalifət nümayəndələrinə qarşı “qəddar və əsassız zorakılığa” görə “Gürcü arzusu” partiyasını qətiyyətlə pisləyir. ABŞ “Gürcü Arzusu”nu “əsassız həbslər və fiziki zorakılıq da daxil olmaqla repressiv taktikaları” dayandırmağa çağırıb. Vaşinqton, həmçinin etirazlarda saxlanılanların hamısının azad edilməsini və qanunsuz güc tətbiqinə görə məsuliyyət daşıyanların mühakimə olunmasını tələb edib.

Ölkəsinin milli maraqlarını qoruyan gürcü hökumətinə qarşı təzyiq göstərən azmış kimi, dünən Ukrayna da “Gürcü arzusu”nun qurucusu və fəxri sədri Bidzina İvanişviliyə, Baş nazir İrakli Kobaxidze və Gürcüstan hökumətinin yüksək vəzifəli 18 əməkdaşına qarşı sanksiyalar tətbiq edib. Bu barədə fərmanı Prezident Volodimir Zelenski imzalayıb.

Hər halda Gürcüstan hökuməti ölkənin milli maraqlarını inadla qorumaqdadır. Bynunla belə, hökumətə Qərbdən təzyiqlər və etiraz aksiyaları da davam edir.

P.ƏMİRCANOV
XQ



Siyasət