Özbəkistan və Azərbaycan QHT-lərinin ilk forumu

post-img

Dekabrın 5-də Daşkənddə ilk dəfə Özbəkistan-Azərbaycan QHT-lərinin forumu işə başlayıb. Forumdan əvvəl nümayəndə heyətimiz Özbəkistanın müvafiq qurumlarının rəhbər şəxsləri ilə birgə Daşkənddə ümummilli lider Heydər Əliyev meydanını ziyarət edib.

Açılış mərasimində Özbəkistanın Qeyri-Hökumət Qeyri-Kommersiya Təşkilatları Milli Assosiasiyasının sədri Kamoliddin İşanxojayev 2023-cü ilin noyabrında Füzulidə Azərbaycan–Özbəkistan QHT-lərinin Əməkdaşlıq Forumunu məmnunluqla xatırlayıb və bildirib ki, hazırkı tədbir bu prosesin davamıdır. Özbəkistanın Ali Məclisi yanında Vətəndaş Cəmiyyəti İnstitutlarına Dəstək İctimai Fondundan Ayırmaların İdarəedilməsi üzrə Komissiyanın sədri Adxam Şodmonov ilk dəfə dekabrın birinci həftəsinin Özbəkistanda “Vətəndaş cəmiyyəti həftəsi” kimi qeyd olunduğunu və belə bir həftədə bu forumun keçirilməsini Azərbaycanla münasibətlərə verilən xüsusi əhəmiyyətin daha bir təzahürü kimi qiymətləndirib.

Azərbaycan Prezidentinin Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev bildirib: “Artıq əminliklə demək olar ki, iki qardaş ölkənin vətəndaş cəmiyyəti, QHT-ləri arasında çox güclü dostluq, əməkdaşlıq, həmrəylik körpüsü fəaliyyətdədir. Azərbaycan və Özbəkistan qardaş ölkələrdir, müttəfiqlərdir. Siyasi münasibətlər ən yüksək səviyyədədir. İki ölkənin QHT-ləri arasında da bağların möhkəmləndirilməsi, əlaqələrin genişləndirilməsi dövrün mühüm çağırışıdır”. O, COP29-la əlaqədar ilk gündən Azərbaycana verilən qardaş dəstəyinə görə Özbəkistan QHT-lərinə təşəkkürünü bildirib.

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Azərbaycanın Özbəkistandakı səfirliyinin müşaviri Mahir Cəfərov və başqaları iki olkə QHT-lərinin əməkdaşlıq perspektivlərindən danışıblar.

Qulu KƏNGƏRLİ,
XQ-nin Türküstan müxbiri

Son xəbərlər