Prezident İlham Əliyev nəyi deyirsə, ona nail olur

post-img

Qərbi Azərbaycana Qayıdış konsepsiyamız da mütləq gerçəkləşəcək

Qərbi azərbaycanlılar qanunsuz olaraq dəfələrlə deportasiyaya məruz qalmış toplumdur. Onların hüquqları bərpa edilməlidir və onlar öz doğma torpaqlarına qayıtmalıdırlar. Mən bunu deyəndə təxmin edirəm, yenə də Ermənistanda növbəti dəfə isterika başlayacaq ki, Azərbaycan gəldi bizi işğal etdi və sair. Yox! Biz bunu sülh yolu ilə etmək istəyirik. Biz hüquqlarımızı sülh yolu ilə təmin etmək istəyirik və yenə də deyirəm, bütün konvensiyalar bu hüququ tanıyır.

Azərbaycan Prezidenti İlham Əliyevin Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşdəki nitqindən
Bakı, 24 dekabr 2023-cü il

Bu mövzu artıq çox aktuallaşıb. İndi ölkəmizdəki bütün zümrələrin təmsilçiləri – siyasətçi, diplomat, alim, həkim, usta, neftçi, şagird – hamı bizim Qərbi Azərbaycana qayıdışımızın zəruriliyindən, mümkünlüyündən və mütləq reallaşacağından danışır. İkinci Qarabağ müharibəsi günlərində bir yumruq kimi birləşərək vahid amal uğrunda başlanan mübarizəyə elliklə qatılan xalqımız inanır ki, biz bu mübarizədə də qalib gələcəyik. Həm də cənab Prezidentin dediyi kimi, biz o torpaqlara tankın üstündə deyil, siyasətlə, diplomatiya ilə, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq qayıdacağıq.

Son zamanlar bəzi politoloq və ekspertlər deyirlər ki, bizim indi Ermənistan adlandırılan ərazilərə qayıtmağımızın zəruriliyi 44 günlük müharibədəki şanlı Zəfərimizdən sonra aktuallaşıb. Doğrudur, cənab Prezidentin özü də bəzi çıxışlarında deyib ki, biz İkinci Qarabağ müharibəsindən əvvəl bu məsələ ilə bağlı hansısa addım atmırdıq. Çünki bütün qüvvələrimizi işğalçının ölkəmizdən çıxarılması istiqamətində cəmləşdirmişdik. Ancaq bu o demək deyil ki, Qərbi Azərbaycana qayıdış məsələsi öz aktuallığını itirmişdir. Qətiyyən elə deyil.

Bu arqumentimi iki tarixi mesajı xatırlatmaqla əsaslandırmağa çalışacağam. Birinci mesaj: Məncə, Qərbi Azərbaycan İcmasının “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda Bakı şəhərində təşkil etdiyi II beynəlxalq konfrans haqqında danışarkən, ilk növbədə, ulu öndər Heydər Əliyevin 2003-cü il oktyabrın 1-də Azərbaycan xalqına ünvanladığı müraciəti yada salmaq lazımdır. Ümummilli liderimiz həmin müraciətində deyirdi: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

O zaman kimlərsə deyirdi ki, Heydər Əliyev “axıra çatdıra bilmədiyim taleyüklü məsələlər” – deyəndə işğal altında olan keçmiş Dağlıq Qarabağı və ətraf yeddi rayonu nəzərdə tutur. Ancaq mərhum akademik Budaq Budaqov “Xalq qəzeti”nə verdiyi müsahibədə demişdi ki, Heydər Əliyev həmin müraciətində Qərbi Azərbaycan məsələsini həll edə bilmədiyindən də nigarançılıq hissi keçirir və inanırdı ki, həmin məsələni nə zamansa İlham Əliyev aktuallaşdıracaqdır. Çox təəssüf ki, akademikin həmin mülahizəsinə ağız büzən “tanınmış ziyalımız” indi həyatda yoxdur. Yaşasaydı, ona sualım ola bilərdi.

İkinci mesaj: Prezidentliyə namizədliyi irəli sürüldüyünə görə Baş nazir vəzifəsindən istefa vermiş İlham Əliyev 2003-cü ilin oktyabrında seçicilərlə görüşərinin birində demişdi ki, siz mənə səs versəniz, “Mən hər bir azərbaycanlının prezidenti olacağam”.

Hörmətli oxucu, diqqət yetir. O, “hər bir vətəndaşımızın” yox, məhz “hər bir azərbaycanlının” deyirdi. Olduqca aydın mesaj idi. Cənab Prezident çox sonralar Özbəkistanın Səmərqənd şəhərində keçirilən bir tədbirdə demişdi ki, biz təkcə Azərbaycan ərazisində yaşayan soydaşlarımızın deyil, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların hüquqlarını qorumalıyıq və qoruyacağıq. Söhbət insan hüquqlarından gedirsə, ən çox hüququ pozulan insanların məhz Qərbi azərbaycanlılar olduğu hamıya məlumdur.

O ki qaldı “qayıdış” məsələsinə, xatırladaq ki, Azərbaycan xalqı son 30-35 ildə olduqca möhtəşəm qayıdışlara nail olmuşdur. SSRİ kimi nəhəng dövlətin ali rəhbərliyində təmsil olunan Heydər Əliyevin dünya erməniliyinin min bir məkr, fitnə-fəsadları ilə istefa verməsi xalqımız üçün nə qədər ağır idisə, onun Azərbaycanda böyük siyasətə qayıdışı bir o qədər əhəmiyyətli oldu.

Yaxud, 2016-cı ilin Aprel döyüşlərindən sonra geri aldığımız Cocuq Mərcanlı bizim üçün Böyük Qayıdışın üvertürası olduğuna ğörə misilsiz əhəmiyyət kəsb edirdi. Eləcə də, düşmən üzərindəki möhtəşəm Zəfərimizdən sonra Ağalı kəndi ilə başlanan Füzuli, Şuşa, Laçın, Kəlbəcər və digər ata-baba torpaqlarımıza qayıtmağımız bizə mükəmməl bir “Qayıdış təcrübəsi” qazandırıb. Fikrimizcə, həmin təcrübə bizim İrəvana, Göyçəyə, Zəngəzura qayıtmağımıza da körpü olacaq. Yəni qayıdış məsələsi bizim üçün problem olmayacaq.

Yeri gəlmişkən, cənab Prezident “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda II beynəlxalq konfransın iştirakçılarına məktubunda da bu məsələyə özünəməxsus şəkildə toxunmuşdur: “Azərbaycan xalqı heç vaxt bu ədalətsizliklə barışmamış, haqq səsini dünyaya çatdırmağa çalışmışdır. 2020-ci ildə Azərbaycanın şanlı qələbəsi ilə bitən Vətən müharibəsi Qarabağdan və Şərqi Zəngəzurdan qovulmuş soydaşlarımızın doğma yurdlarına qayıdışına imkan yaratdı. Azərbaycanın bu ədalətli savaşı beynəlxalq hüququn aliliyinin təntənəsi və qlobal miqyasda məcburi köçürülmə probleminin həllinə verilmiş böyük bir töhfədir. İşğaldan azad edilmiş ərazilərdə hazırda “Böyük Qayıdışa dair Dövlət Proqramı” uğurla icra edilir”.

Dövlət başçımız xatırladır ki, Ermənistan rəhbərliyi Bakıda fəaliyyət göstərən Qərbi Azərbaycan İcmasının məqsədini qəsdən öz ərazi bütövlüyünə təhdid kimi təqdim etməyə çalışır. Lakin icmanın məqsədi Qərbi Azərbaycandan didərgin salınmış soydaşlarımızın dinc və təhlükəsiz şəraitdə, ləyaqətlə öz dədə-baba yurdlarına qayıdışının təmin olunmasından ibarətdir: “ Bu, sırf insan haqları məsələsidir. Ermənistanın icmanın fəaliyyətini təhdid kimi qələmə verməsi məsələnin əsl mahiyyətini təhrif etmək və beynəlxalq hüquqa əsaslanan qayıdış hüququnu inkar etmək cəhdidir”.

Bu sətirləri Prezident İlham Əliyevin bu il sentyabrın 30-da Bakıda Azərbaycan aşıq yaradıcılığının görkəmli nümayəndəsi, böyük el sənətkarı Aşıq Ələsgərin abidəsinin açılışındakı çıxışında səsləndirdiyi nikbinlik notları ilə bitiririk:

“Bu gün Qərbi azərbaycanlıların görkəmli nümayəndəsinin abidəsinin ucaldılması təbii olaraq, ilk növbədə, Aşıq Ələsgərin xatirəsinə Azərbaycan xalqının hörmətinin əlamətidir. Ancaq, eyni zamanda, bu abidə bütün Qərbi azərbaycanlıları və bütün Azərbaycan xalqını yenə də bir amal uğrunda birləşməyə dəvət edən hadisədir. Biz o günü səbirsizliklə gözləyirik, inanırıq, mən də inanıram, siz də inanırsınız. Gün gələcək biz Aşıq Ələsgərin ermənilər tərəfindən dağıdılmış abidəsini bərpa edəcəyik və Ağkilsə kəndində buna oxşar mərasim keçirəcəyik”.

Bəli, dünya siyasətçiləri bu fikirdədirlər ki, “nəyi, nə zaman, necə etməyi hamıdan yaxşı bilən” Azərbaycan Prezidenti verdiyi vədlərin hamısını yüksək səviyyədə reallaşdırır. Bu faktı Ermənistanda daha yaxşı bilirlər. Ona görə də Azərbaycanla münasibətlərin normallaşdırılması İrəvana daha çox lazımdır.

Elə bizim Qərbi Azərbaycana qayıdışımız da Ermənistanın inkişafına, erməni xalqının rifahının yaxşılaşdırılmasına zəmin yaradacaq. Çünki rəsmi İrəvan erməni ideoloqlarının son iki əsrdəki yanlış siyasətinin fəsadları, “dağıntıları” altından təkbaşına çıxa bilməyəcək. Onlara səmimi şəkildə sülh təklifi edən, əməkdaşlıq əli uzadan Azərbaycanla münasibətləri münasib məcraya yönəldə bilsələr, biz ata-baba yurdlarımıza qayıdandan sonra onlar da normal insan həyatı yaşaya biləcəklər.

İttifaq MİRZƏBƏYLİ

Siyasət