“EuroVote” ilə bağlı diqqətçəkən məqamlar
Ermənistanın hakim “Vətəndaş sazişi” partiyası parlamentdə “EuroVote” təşəbbüsü ilə çıxış etməyi planlaşdırır. Gürcüstanda yaşanan proseslər fonunda İrəvanda belə bir təklifin irəli sürülməsi bəzi mətləblərdən xəbər verir. Düşünmək olar ki, baş nazir Nikol Paşinyanın komandası özfəaliyyətlə məşğuldur və sözügedən qanunvericilik təşəbbüsünü irəli sürməklə, Qərbə sadiqliyini göstərmək məqsədi güdür. Yəni təxminən belə, gürcülər pisdir, biz yaxşıyıq.
Amma özündə Avropa İttifaqına qoşulmaq prosesinə start verilməsini ehtiva edən “EuroVote”un məqsədi yalnız bildirdiyimizlə məhdudlaşır. Mövcud xüsusda bir neçə vurğulanmalı məqam var. Ən başlıca məqam isə Ermənistan rəhbərliyinin Azərbaycanla sülhdən yayınmasıdır. Bu barədə yazımızın sonunda söz açacağıq...
Ondan başlayaq ki, Gürcüstanın Avropaya inteqrasiyası Ermənistandan xeyli əvvəl başlayıb. Tbilisi mövcud istiqamətdə nəzərəçarpacaq məsafə qət edib. Məsələn, hazırda Gürcüstan vətəndaşları Avropaya vizasız gediş-gəliş hüququna malikdirlər. Bu, o qədər böyük əhəmiyyət daşımasa da, cəlbedicidir. O anlamda ki, sıravi gürcü özünü Avropa ailəsinin tərkibində sayır və düşüncədə müəyyən cazibədarlıq ab-havası var.
Demokratiyanın, obrazlı desək, qapıdan və pəncərədən deyil, birbaşa bacadan daxil olduğu Ermənistanın əhalisi üçün də Avropa ailəsinə üzvlük, böyük ölçüdə, “Köhnə qitə”yə vizasız gediş-gəliş imkanından başqa bir şey deyil. N.Paşinyan administrasiyası “EuroVote” təşəbbüsünü qaldırmaqla yalnız buna ümid bəsləyə bilər. Əlbəttə, Nikolun hədəfləri daha böyükdür. Daha doğrusu, “ağaları” onun qarşısında hədəflər müəyyənləşdiriblər...
Qərb vəziyyətdən asılı olaraq, Ermənistana istədiyini verə bilər. Nəzərə alaq ki, birinci Gürcüstanda seçki məğlubiyyəti ilə üzləşib və onun seçkisonrası törətdiyi iğtişaşlar iqtidarı devirmək gücündə deyil. Bu məğlubiyyətin isə Ermənistana təsiri şübhəsizdir. İstər-istəməz Paşinyan administrasiyası üçün risk yaranır. Axı 2026-cı ildə Ermənistanda da seçkilər keçiriləcək. Məsələyə mövcud prizmadan yanaşsaq, Qərbin Ermənistanı Avropa ailəsinə yaxınlaşdırmaq istiqamətində daha ciddi addımlar atması günün təxirəsalınmaz tələbidir.
Deməli, erməniləri “xəyallarına qovuşdurmaq” lazımdır. Xəyal isə yarımçıqdır. Tutaq ki, onlar üçün “köhnə qitə”yə vizasız-gediş təmin olundu. Burada qazanc nədir? Bir halda ki, sıravi erməni Vyananın, Parisin, Berlinin, Romanın küçələrində bulka yeyib “Kola” içməklə gün keçirəcək, görəsən, 60 avroluq viza xərcinin aradan qaldırılması nə kimi dividenddir? Əlbəttə, heç bir üstünlük yoxdur. Hələ İrəvandan Avropanın hansısa şəhərinə təyyarə biletini və digər nəqliyyat xərclərini kənara qoyuruq. Erməni əhaliyə, loru dildə desək, pul lazımdır, “Çörək və tamaşa” yox. Hazırda Paşinyanın partiyasının “EuroVote” təşəbbüsü isə ikincini rəhbər tutur. Ermənistan vətəndaşının isə sosial-rifah halı bərbad durumdadır.
Bəli, Nikol ölkəsinin, guya, Avropa ailəsinin bir üzvü olduğunu göstərmək isyəyir. Daha doğrusu, Ermənistanı qitəyə sırıyır. Əlbəttə, vurğuladığımız kimi, bu planlaşdırılmış “izdivac”dır və əslində, Qərb Cənubi Qafqazdakı yeganə dayaq nöqtəsini möhkəmləndirmək barədə düşünür. “EuroVote” məhz buna hesablanıb. Axı Ermənistan “avrosentristləri”nin əllərinə rəqibləri ilə mübarizədə ciddi arqument vermək lazımdır. Nəzərə alaq ki, hazırkı durumda Ermənistan Qərbin Cənubi Qafqaz planlarının reallaşdırılması üçün son dərəcə vacib alətdir və Gürcüstandakı hadisələr fonunda bu alətin əhəmiyyətinin artacağı şübhəsizdir.
***
Qeyd edək ki, Paşinyanın tərəfdarları “EuroVote” yolunda Ermənistanın mərkəzi seçki komissiyasına 60 min vətəndaşın imzasını təqdim ediblər. Həmin imzalar qurumda yoxlanıldıqdan sonra layihə parlamentin dövlət və hüquq məsələləri daimi komitəsində müzakirəyə çıxarılacaq. Bu instansiya müsbət rəy verəcəyi təqdirdə, təşəbbüs milli assambleyanın plenar iclasların gündəliyinə daxil ediləcək, birinci və ikinci oxunuşlarda müzakirəyə çıxarılacaq.
Tutaq ki, erməni parlamenti Aİ-yə qoşulma prosesinə rəsmən başlamaq məqsədi daşıyan layihəni rədd etdi. Bu zaman cəmi 300 min imza lazımdır ki, məsələ birbaşa referenduma çıxarılsın. Lakin ikinci ssenari nəzəri xarakter daşıyır. Çünki hakim “Vətəndaş sazişi” təşəbbüsün lehinə səs verdikdən sonra prosesin reallaşmaması mümkünsüzdür.
Ancaq referendum variantı özlüyündə ağlabatandır. Əvvəla, Paşinyan Avropadakı ağalarına prosesin çətinliyini göstərib, guya, böyük iş görürmüş kimi mənzərə formalaşdıra, bir növ, minnət qoya bilər. İkincisi isə Cənubi Qafqazın bir ölkəsində Aİ-yə qoşulmaq üçün ümumxalq səsverməsinin təşkili səs-küylü təqdimatdır. Üstəlik, bu təqdimatın risklərdən sığortaolunma mahiyyəti də var.
Risklərdən söz düşmüşkən, Ermənistanın baş nazirinə yaxın mənbələr N.Paşinyanın “EuroVote” təşəbbüsü ilə Aİ-yə üzvlük prosesinin başlanmasının tərəfdarı olduğunu bildirsələr də, onlar risklərin idarə olunmasının vacibliyini vurğulayırlar. Hakim partiya daxilində məsələyə ehtiyatlı yanaşmağa çağıran kəsim mövcuddur. Bununla belə, partiyadakı deputatların əksəriyyəti Aİ yolçuluğunu dəstəkləyirlər.
Daha böyük risk amilinə gəlincə, erməni təhlükəsizlik rəsmiləri mövcud xüsusda Rusiya və Azərbaycanın hərəkətə keçməsi üzərində dayanırlar. Onlar bildirirlər ki, Bakı və Moskva erməni avrointeqrasiyasını əngəlləmək üçün hərbi-siyasi təzyiq göstərəcək və bu, narahatlıq doğurmaqdadır. Paşinyan özü isə mövzu ilə bağlı ölkənin İctimai televiziyasına müsahibəsində bildirib ki, Aİ ilə yaxınlaşmaq istəyinə dair bəyanatı sosial mediada ən çox yayılan videolardan biridir.
Yeri gəlmişkən, Nikol sözügedən müsahibəsində Aİ-yə qoşulmaqla əlaqədar ictimai reaksiyanın həvəsləndirici olduğunu vurğulamışdı. O demişdi ki, Ermənistanda hakim çoxluğun liderinin Avropa Parlamentinin tribunasında (Ermənistanın indiki qədər Aİ-yə yaxınlaşmağa hazır olmamasına dair) bəyanat verməsindən sonra Avropa və Ermənistan ictimaiyyəti nəyə görə Aİ-yə üzvlük prosesinə başlamaqdan imtina edildiyini və ya “EuroVote” layihəsinin əleyhinə səs verildiyini soruşa bilər: “Deyə bilərlər: “Siz gəlib Avropa Parlamentində bunu dediniz. Camaatınız müsbət cavab verdi, indi buna qarşısınız? Bunun heç bir siyasi məntiqi yoxdur”.
***
Göründüyü kimi, N.Paşinyan Qərb tərəfindən ona verilmiş tezisi, kifayət qədər, reklam etməklə məşğuldur. Özü deyir, özü müzakirə açır, Azərbaycanın və Rusiyanın prosesə, guya, maneçilik törədəcəyinə dair risk qondarır və sair. Nikolun tərəfdarları, eyni zamanda, İran amili üzərində də dayanırlar. Söhbət Tehranın İrəvanın Aİ-yə qoşulmasına münasibəti ilə bağlı söz-söhbətlərdən gedir. Erməni mənbələri bildirirlər ki, İran Ermənistanın Aİ-yə üzvlük perspektivinə müsbət rəy verib.
Digər tərəfdən, İranın İrəvandakı səfiri Mehdi Sobhaninin Azadlıq radiosuna bir müddət əvvəlki müsahibəsində dilə gətirdiklərini xatırlayaq. Nəzərə alaq ki, səfirdən birbaşa olaraq, İrəvanın Aİ-yə daxil olmasına münasibət öyrənilmişdi. “Ermənistan müstəqil ölkədir və biz onun qərarlarına hörmətlə yanaşırıq. Erməni xalqının öz müqəddəratını təyin etmək hüququ var. Ermənistanın öz siyasətində müxtəlif istiqamətlər yürütmək qərarına da hörmət edirik. Bizim üçün vacib olan odur ki, xarici siyasətdə müxtəliflik İran – Ermənistan münasibətlərinə xələl gətirməsin”, - deyən M.Sobhani əlavə etmişdi ki, Tehran Ermənistanın inkişafını, infrastrukturunun tərəqqisini istəyir. Səfirin sözlərinə görə, Avropa sərmayələri gələndə, İran Ermənistanın çiçəklənməsinə töhfə verən yollar, su anbarları, enerji sektoru layihələrində iştiraka hazırdır.
Səfir Sobhani onu da bildirmişdi ki, Ermənistan hökuməti digər ölkələrlə münasibətlərinin İranla əlaqələrə mənfi təsir göstərməyəcəyinə dair təminat verib və Tehranda buna etibar olunur. Başqa bir yandan, hazırda Meğri istiqamətində İran-Ermənistan sərhəd gömrük-keçid məntəqəsinin Avropa Bankının maliyyələşdirdiyi İran şirkəti tərəfindən təmir edildiyi də məlumdur.
***
Sonda əvvəldə vurğuladımız məqama keçid alaq. Əminliklə deyə bilərik ki, hazırda Azərbaycanla Ermənistan arasındakı sülh mövzusu ikinci plandadır. Ermənistanın Aİ-yə qoşulmaqla bağlı təşəbbüsü isə məsələni gündəmdən tamamilə çıxaracaq kimi görünür. Hər halda, bunu söyləmək üçün əsaslar yetərincədir. Deməli, qəti şəkildə onu da söyləyə bilərik ki, Ermənistan “EuroVote”ni Azərbaycanla sülh sazişinə alternativ görür. Yəni, İrəvanın indiyədək barışdan yayınmaq məqsədilə ilə müxtəlif manipulyasiyalara baş vurma reallığını nəzərə alsaq, hazırkı məqamda “EuroVote”, bir növ, sipərdir.
Yuxarıda Paşinyanın tərəfdarlarının təşəbbüsün riskli tərəfi kimi Rusiya ilə yanaşı, Azərbaycanın adını çəkmələrini təsadüfən diqqətə çatdırmadıq. Bunun yalnız bir adı var - qabaqdangəlmişlik. Halbuki, indiki məqamda Cənubi Qafqazda sülh və əməkdaşlıq məsələləri başlıca prioritet olmalıdır. Daha dəqiq desək, Bakı – İrəvan barış sazişinin imzalanması mühüm əhəmiyyət daşımalıdır. Ancaq...
Belə qənaətə gəlmək mümkündür ki, qarşıdakı müddətdə, yəni dekabr ayı ərzində, həmçinin, 2025-ci ilin yanvarında Paşinyan və komandasının üzvləri ölkənin başını “EuroVote” ilə qatacaqlar. Əlbəttə, onlar Azərbaycanın da başını qatdıqlarını düşünəcəklər. Nəticə etibarilə, Ermənistan rəhbərliyi həm sülhdən yayınacaq, vaxt qazanıb güclənməyə çalışacaq, həm də Avropaya inteqrasiya məntiqinə su vurmaqla, Azərbaycana qarşı dünyanın dəstəyini gücləndirməyə çalışaq. Daha bir nəticəmiz isə budur: Ermənistan Qərbin Cənubi Qafqazdakı anti-Rusiya cəbhəsindəki forpost ampluasını möhkəmləndirəcək. Əlbəttə, bütün bu “ssenarilərin” təkcə Paşinyanın yastığının altından çıxmadığı gün kimi aydındır. Bu “ssenarinin” Ermənistanı məhvə apardığı da həmçinin.
Ə.CAHANGİROĞLU
XQ