I Yazı
1991-ci ildə Ermənistan müstəqilliyini elan edərkən onu tanıyan ilk dövlətlərdən biri Türkiyə olmuşdur. Həmin il dekabrın 25-də Türkiyə Ermənistan Respublikasını rəsmən tanıdı, bununla bağlı yayılan sənəddə vurğulanırdı ki, münasibətlərin qurulması və diplomatik əlaqələrin normallaşdıırılması üçün bəzi mövzuların müzakirə edilməsinə ehtiyac var. Sonrakı mərhələdə Türkiyə yeni yaranmış Ermənistan dövlətinin və onun diasporunun apardığı “erməni soyqırımı” ideologiyasından imtina edilməsi və Türkiyəyə qarşı ərazi iddialarından əl çəkilməsini şərt olaraq irəli sürməyə məcbur oldu. Çünki qonşuluqda ortaya çıxmış dövlət Türkiyənin təhlükəsizliyi üçün təhdid yaradacaq addımların təməllərini atırdı.
Buna baxmayaraq, Türkiyə Ermənistanla sərhədlərini açdı, iqtisadi sıxıntılar içərisində olan Ermənistana taxıl nəqlini həyata keçirdi. Sovet İttifaqının dağılmasından sonra müstəqilliyini əldə edən Ermənistan Türkiyə tərəfindən nəinki tanındı, hətta 1992-ci ilin sentyabrında Ankara ilə İrəvan arasında enerji protokolu imzalandı və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının təsisçi üzvü oldu. 25 iyun 1992-ci ildə Türkiyənin qərarı ilə dənizə çıxışı olmamasına baxmayaraq, Ermənistan bu qurumun toplantılarına dəvət edildi.
Lakin Qarabağda işğalçılıq siyasətini davam etdirən dövlətlə əlaqələr davamlı olmadı və 1993-cü ildə Kəlbəcərin erməni silahlı qüvvələri tərəfindən işğalından sonra Türkiyə Ermənistanla sərhədlərini birtərəfli qaydada bağladı. O gündən indiyə qədər Ermənistanla heç bir diplomatik əlaqələr mövcud deyil.
Əlaqələrin qurulması və diplomatik münasibətlərin bərpası ilə bağlı sonrakı illərdə edilən cəhdlər də nəticə verməmişdir. “Futbol diplomatiyası” kimi tarixə düşən Ermənistan və Türkiyə prezidentlərinin İrəvan və Bursada futbol matçını izləmələrindən və müəyyən diplomatik prosedurlardan sonra düşünmək olardı ki, iki ölkə arasında əlaqələr bərpa edilmək üzrədir, amma 2009-cu ildə imzalanan Sürix protokollarının ratifikasiya edilməməsi başlanan işi yarımçıq qoydu.
Bu protokolların nədən ratifikasiya edilməməsi məsələsi ilə bağlı fərqli fikirlər var, amma əsas səbəb bu sənədlərin Ermənistan Konstitusiyasına uyğunsuzluğu idi. Çünki Ermənistanın 1991-ci ildə qəbul etdiyi Müstəqillik Haqqında Bəyannamədə və ondan sonra 1995-ci ildə təsbit edilən Konstitusiyada Türkiyənin Şərqi Anadolu vilayətlərinə ərazi iddiaları qalırdı, qondarma “erməni soyqırımı” ideologiyası Ermənistan dövlətinin siyasəti elan olunurdu. Bu səbəbdən Ermənistanın Konstitusiya Məhkəməsi diplomatik münasibətlərin qurulması və iki ölkə arasında sərhədlərin açılması ilə bağlı protokolları təsdiq edə bilməzdi və həmin protokollar parlamentə gətirilmədən rəfə qoyuldu. O zaman Ermənistan belə bir rəy yaratmağa çalışdı ki, guya, bu sənədlərin ratifikasiya edilməsinə Türkiyə maneələr törədib. Amma Türkiyənin qonşu ölkə ilə əlaqələr qurulması yönündə kifayət qədər addımlar atdığını Ermənistanda da bilirlər.
Son illərdə Türkiyə ilə də münasibətlərin normallaşdırılması prosesinin aparılması Ermənistanın siyasəti kimi qəbul oluna bilər, amma nəticə yoxdursa, kimin suçlu olduğu ilə əlaqədar düşünməyə əsaslar var. Fakt faktlığında qalır ki, 30 ildir işğal altında olan Qarabağ torpaqlarının erməni separatçılardan təmizlənməsi ilə Türkiyə ilə Ermənistan arasında başlanan normallaşma prosesində irəli atılan addımlar nəticə vermir, amma 2 ölkə tərəfindən bu işi aparmaq üçün təyin olunan xüsusi nümayəndələr görüşmələrini davam etdirirlər. Türkiyə tərəfindən Vaşinqtondakı keçmiş səfiri Serdar Kılıç, Ermənistan parlamentinin sabiq sədr müavini Ruben Rubinyan xüsusi nümayəndə təyin olunandan sonra onların aralarında bu günə qədər hətta üçüncü ölkələrdə belə, bir çox görüşlər keçirilib. Daha çox üçüncü ölkələrdə baş tutan bu səfərlərdən konkret qərarlar çıxmamışdır.
Türkiyənin xarici işlər naziri Hakan Fidanın ABŞ-yə səfəri zamanı bu ölkənin prezidenti Co Baydenin Vaşinqtondakı milli təhlükəsizlik müşaviri Ceyk Sallivan ilə Ermənistan–Türkiyə münasibətlərinin normallaşdırılması məsələsi müzakirə olunarkən Türkiyənin dəyişməz mövqeyi bir daha xatırladılmışdı. Bildirilmişdi ki, Türkiyə Ermənistanla diplomatik əlaqələr qurmağa və sərhədləri açmağa hazırdır.
H.Fidan 2023-cü ilin sonunda azərbaycanlı həmkarı Ceyhun Bayramovla Bakıda keçirdiyi mətbuat konfransında demişdir: “Əvvəldə qeyd etdiyim kimi, Ermənistanla normallaşmaya heç bir maneə görmürük. Biz sülh sazişinin Azərbaycanla imzalanacağını gözləyirik. Daha sonra bir çox texniki və bəzi siyasi məsələlər var. Bunlar həlli mümkün olmayan problemlər deyil”.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Türkiyənin “TRT World” televiziyasına müsahibəsində demişdi ki, prosesin yenidən başlaması üçün nümayəndələrin tezliklə bir araya gələcəyinə ümid edirlər. Onlar hesab edirlər ki, İrəvanda Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşmasının yeni mərhələsi başlayıb. Müstəqil ekspertlər bu fikirdədirlər ki, Ermənistan hakimiyyət nümayəndələrinin Türkiyəyə əvvəlki münasibəti düzəltmək cəhdləri və erməni cəmiyyətinin Türkiyəyə qarşı düşmənçilik siyasətinin dəyişdirilməsi ilə əlaqələrin normal məcraya düşmə ehtimalı güclənir. Danışıqlar davam etdirilə bilər. Təmaslar prosesinə yeni yanaşmalar effekt verə bilər.
Bu mənada uzun müddət fasilə verilən danışıqlar bu il ilk dəfə avqust ayında Türkiyə–Ermənistan sərhədində baş tutdu. Bu, yeni trend idi. 1993-cü ildən Qarabağ münaqişəsinə görə bağlı olan Türkiyə ilə Ermənistanı birləşdirən Alican–Markara sərhəd qapısında Kılıç – Rubinyan görüşü ilə irəliyə növbəti addımlar atıldı. Ermənistanda belə hesab edirlər ki, Türkiyə sərhədlərin açılması və əlaqələrin qurulmasında elə bir ciddi problem görmür. Bu fikir Türkiyə Prezidenti və XİN rəhbərinin dilindən də dəfələrlə səsləndirilib. Erməni politoloq Lilit Dallakyan bildirib ki, bölgədə bir çox məsələlərin həll edilməməsi, xüsusən Ermənistanın Azərbaycanla sülh sazişinin hələ də imzalanmaması səbəbindən bu məsələ uzanır.
Türkiyə üçün Azərbaycanla Ermənistan arasında problemlərin həll olunması prioritetlərdən biridir və bunu da təbii qarşılamaq lazımdır. İki qardaş ölkənin biri ilə yaxşı əlaqələr qurub, o biri ilə düşmənçiliyi davam etdirmək mümkün deyil. Onun sözlərində böyük həqiqət var. Ermənistan bölgə dövlətləri Türkiyə ilə Azərbaycanla münasibətlərin normallaşmasına eyni paketlə getməlidir. Çünki hər iki ölkə ilə Ermənistanın problemləri eynidir. Azərbaycanla Türkiyənin bölgədə gedən olaylara, siyasi və iqtisadi proseslərə baxışları da üst-üstə düşür. Ermənistan bunları anlamalıdır.
Ermənistan son vaxtlar Türkiyə ilə barış prosesinin intensivləşdirəcəyinə ümid edərək bəzi addımlar atmağa məcbur olub . 2023-cü ilin iyununda Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində iştirak edib. Bir sıra diplomatik tədbirlər çərçivəsində Ermənistan və Türkiyənin müxtəlif rəsmiləri görüşlər keçiriblər, telefon danışıqları aparıblar. Bu addımlara 2023-cü ilin fevralında Türkiyədə baş vermiş zəlzələdən zərər çəkmiş bölgələrə humanitar yardımın göstərilməsini də əlavə etmək olar. Ermənistan xarici işlər nazirinin Ankaraya və zəlzələ bölgəsinə səfəri də gələcək danışıqlar üçün zəmin hazırlamaq tədbirləri sayıla bilər.
Qafar ÇAXMAQLI,
XQ-nin Türkiyə müxbiri