Geosiyasi həssaslıq
Yaxın Şərq və Cənubi Qafqazda geosiyasi həssaslığın yüksəldiyindən siyasi liderlər açıq danışırlar. Bu mövzuda mövqe, demək olar ki, eynidir: hər iki regionda təhlükəsizliyin təmini ilə bağlı ciddi narahatlıqlar meydana gəlmiş, risklər artmışdır.
Daha geniş miqyasda – dünyada oxşar dinamika hiss olunur. Hazırda hüquqla hüquqsuzluğun sərhədinin haradan keçdiyinin kriteriyası itmişdir. İstənilən ölkədə gözlənilməz hadisələr baş verə bilər.
Ayrıca, son zamanlar Yaxın Şərq və Cənubi Qafqazda baş verən siyasi və geosiyasi proseslər arasında daxili bir bağlantı axtarışı da özünü göstərir. Əslində, real olaraq bu iki regionun bir-birinə təsiri az deyildir. Geosiyasi və təhlükəsizlik şərtləri isə elə dəyişir ki, onların ümumi geosiyasi mənzərəsi arasında oxşarlıq tapmaq adi hal kimi qəbul edilir.
Burada ən həssas geosiyasi məqam qlobal miqyasda artan qeyri-müəyyənliklə regional sülh və sabitliyin təmini arasında yaranmış ziddiyyət önə çıxır. O cümlədən, İsrail – Fələstin münaqişəsinin yaratdığı müxtəlif təbiətli təhdid və risklərin təsir dairəsi genişlənir. İndi regional miqyasda müharibə ehtimalından daha çox sayda ekspert bəhs edir. Ona görə də bizim coğrafiyada kəskin qarşıdurmalar və onun fonunda sui-qəsdlər yeni səviyyədə problemlər yaradır.
Bu şəraitdə normal olaraq Yaxın Şərq və Cənubi Qafqazda sülh və sabitliyi təmin etməyin perspektivi üzərində düşünmək lazım gəlir.
Sülh və sabitliyin təminatçıları
Tarixi təcrübə göstərir ki, kəskinləşmiş geosiyasi situasiyada çox şey liderlərin qəbul etdikləri qərarlardan asılı olur. Yaxın Şərq və Cənubi Qafqazda regional sülh və sabitliyin təminatı kontekstində iki türk lider – Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın fəaliyyəti diqqəti daha çox çəkir.
Müxtəlif qaynaqlı dezinformasiyalar və təxribatçı məlumatların əksəriyyətinin məhz həmin iki türk liderə qarşı yönəlməsi təsadüfi deyildir. Bir tərəfdən, ayrılıqda müxtəlif kontekstlərdə onların fəaliyyətini təhrif edən informasiyalar verir, digər tərəfdən, Azərbaycanla Türkiyənin strateji müttəfiqliyinə uyğun olmayan məlumatları manipulyativ formada yayırlar.
Təəssüf ki, bu istiqamətdəki proseslərdə Azərbaycan və Türkiyənin bəzi KİV orqanlarının da iştirak etdiyini görürük. Xüsusilə İranın mərhum Prezidenti Rəisinin və “Həmas”ın siyasi qanadının lideri İ.Həniyənin öldürülməsindən sonra vurğulanan istiqamtlərdə müəyyən dairələrin informasiya təxribatçı fəallıqlarını hiss edirik. Gah R.T.Ərdoğanın söylədiklərinə dar məntiqi çərçivədən və kontekstdən kənar izah verməyə çalışırlar, gah da İlham Əliyevin regional sülh təşəbbüsləri qarşısında əngəl yaratmağa cəhd göstərirlər. Bu iki xətt mahiyyətcə bir məqsəddə birləşir: Azərbaycan və Türkiyənin indiki regional missiyasına kölgə salmaq! Bu o deməkdir ki, artıq müəyən dairələr daxilən R.T.Ərdoğan və İlham Əliyevin regional təhlükəsizliyin təminatçı liderləri olduqlarını etiraf edirlər! Onların radikal və təxribatçı reaksiyası isə hüquqi müstəvidə bu prosesin qarşısını almaq imkanlarından məhrum olmalarıdır! Əlac yalnız qanunsuz və hüquqa zidd informasiya təxribatlarına qalmışdır! Bu tarixi gerçəklik və günün reallığıdır!
İlham Əliyev – Cənubi Qafqazın xilaskarı
II Şuşa Qlobal Media Forumunda Azərbaycan Prezidentinə xarici KİV nümayəndələrinin ünvanladıqları sualların böyük əksəriyyəti regional və qlobal sabitliyin, əməkdaşlığın və təhlükəsizliyin təminatı ilə bağlı idi. Yəni, jurnalistlər İlham Əliyevi yalnız regionun bir müstəqil dövlətinin başçısı kimi deyil, regional və qlobal miqyasda ciddi rol oynayan siyasi lider kimi qəbul edirlər. Ona görə də verilən suallarda ancaq yerli geosiyasi mənzərənin təhlili deyil, eyni zamanda, yaranmış ziddiyyətlərdən çıxış yollarını göstərə bilən uğurlu və etibarlı liderə müraciət vurğusu özünü göstərirdi.
Müasir tarixi mərhələdə belə münasibət heç bir halda əsassız yaranmır. Onun əsas səbəbi İlham Əliyevin çoxillik siyasi fəaliyyətində regional və qlobal geosiyasi mühitə təsir edə bilən lider imici qazanmasıdır. Sözün həqiqi mənasında, insanlar İlham Əliyevi tarixi ədaləti və beynəlxalq hüququ təmin edə bilən siyasətçi kimi qəbul edirlər!
Bunu sübut edən iki faktı göstərək. II Şuşa Qlobal Media Forumunda İlham Əliyevə Cənubi Qafqazda əməkdaşlıq və təhlükəsizliklə bağlı sual ünvanladılar. Azərbaycan Prezidenti diplomatik dəqiqliklə ifadə etdi ki, bu məsələ yalnız hər üç region dövlətinin siyasətinin xarakterindən asılıdır. Yəni Azərbaycan stabil olaraq II Qarabağ savaşından sonra yaranmış geosiyasi sabitliyi və əməkdaşlıq ab-havasını saxlaamqda davam edəcək. Eyni zamanda, Gürcüstan və Ermənistanın xarici siyasətinin məzmunundan çox şey asılı olacaq. Deməli, Azərbaycan regional geosiyasi sabitliyin təminatçısı kimi qonşularının qərarlarını da gözləyəcək və ona uyğun addımlar atacaq.
Bunun fonunda rəsmi Bakı həssaslıqla Ermənistan tərəfdən olan təxribatları izləyir və ciddi xəbərdarlıq edir: regionun sabitlikdən və dayanıqlıqdan çıxarılmasına imkan verməyəcək!
İkinci fakt yenə də Şuşa Forumunda İlham Əliyevə müstəmləkəyə qarşı dünya miqyasında mübarizəsi ilə bağlı verilən sualla əlaqəlidir. Belə ki, müstəmləkə altında olan ölkələr Azərbaycan Prezidentinə ümidlə baxdıqlarını açıq ifadə edirlər. Xüsusilə, Qoşulmama Hərəkatı daxilində bəzi dövlətlər rəsmi Bakının dəstəyini həlledici adlandırırlar. Yəni onlar azadlıq və təhlükəsizliklərinin təmin olunmasında Azərbaycan liderinin rolunu həlledici görürlər.
Eyni münasibəti biz Türk Dövlətləri Təşkilatına (TDT) üzv olan dövlətlərin siyasi liderlərinin və cəmiyyətin münasibətində görürük. Məsələn, Mərkəzi Asiyadakı bütün türk dövlətləri İlham Əliyevin lider kimi sülh, əməkdaşlıq və təhlükəsizlikdə ciddi rol oynadığını Qarabağ Bəyannaməsində açıq mətnlə vurğulamışlar. Ayrıca, TDT-də müşahidəçi kimi, Macarıstan İlham Əliyevin Türk Dünyasındakı sülhün təminatçısı rolunu dəfələrlə ifadə etmişdir. Son Şuşa zirvəsindən sonra Şimali Kipr Türk Respublikasının Prezidenti Ə.Tatarın və Türkyə Prezidenti R.T.Ərdoğanın İlham Əliyevin TDT-dəki aparıcı rolunu yüksək qiymətləndirmələrini unutmamalıyıq.
Nəhayət, Belarus Prezidenti A.Lukaşenkonun Qarabağa səfəri zamanı gördüklərindən riqqətə gələrək, səmimiyyət və ciddiyyətlə İlham Əliyevə “artıq buraların sahibi Sizsiniz!” deməsi, adi hadisə deyildir. Bu o deməkdir ki, Belarus (və deməli, Rusiya) İlham Əliyevə regional təhlükəsizliyin əsas təminatçısı kimi baxır!
Ərdoğan – Yaxın Şərqin xilaskarı
Ümumiyyətlə, Türkiyə Prezidentini müasir dünya siyasətinin fenomenlərindən biri kimi qəbul edirlər. Cəsarətli, ağıllı, ölçülü-biçili və milli maraqlara uyğun addımları ilə çoxlarını ram etmişdir. R.T.Ərdoğanın II Qarabağ savaşında artıq məşhur olan “babamın da oğlu olsa, güzəştə getməm” kəlamını heç vaxt unutmarıq! Türkiyə Qarabağda Azərbaycan siyasi və mənəvi dəstəyini əsirgəmədi. Bu barədə Azərbaycan Prezidenti bütün səmimiyyəti və diplomatik etiketi ilə dəfələrlə fikir bildirmişdir.
R.T.Ərdoğan da BMT tribunasından “Can Azərbaycanın Qarabağda fəaliyyətini tam dəstəkləyirik! Qəhrəman Azərbaycan Ordusu doğma torpaqlarını işğaldan azad etmişdr! Türkiyə olaraq hər zaman Azərbaycanın yanında olacağıq!”– deyə bəyan etmişdir. Türkiyə Prezidenti dəfələrlə Azərbaycanı Qarabağda əldə etdiyi Qələbəyə görə təbrik etmişdir və hər dəfə xüsusi vurğulamışdır – “Qardaş Azərbaycan dövləti”, “qəhrəman Azərbaycan Ordusu” torpaqlarını işğladan azad etmişdir!
Onu deyək ki, Azərbaycan tərəfi də qardaş dövlətin siyasi-mənəvi dəstəyi qarşısında borclu qalmamışdır. Türkiyədə meşə yanğınları və zəlzələnin nəticələri ilə mübarizədə qardaş köməyinə yetişmişdir. Türkiyə rəsmiləri dəfələrlə azərbaycanlıların qəhrəmanlıqlarından bəhs etmişlər.
Deməli, Cənubi Qafqazda regional lider olan Azərbaycanın yanında daim Türkiyə vardır. Burada Azərbaycanın sabitliyi təmin edən, təhlükəsizlik sistemi quran Azərbaycana Türkiyə siyasi və mənəvi dəstəyini davam etdirir. Həmin prosesdə iki türk lider – İlham Əliyev və R.T.Ərdoğanın arasına kimsə girə biməz!
İndi R.T.Ərdoğan Yaxın Şərqlə bağlı deyir: “Türkiyə regionunda sülh və sabitliyin qalasıdır” və “Biz regionu qan gölünə çevirmək istəyənlərə öz planlarını həyata keçirməyə imkan verməyəcəyik”! Deməli, yeni səviyyədə mübarizənin şahidi ola bilərik. Eyni zamanda, Türkiyənin dostları üçün etimad mənbəyi olmaqda davam edəcəyini R.T.Ərdoğan bəyan etmişdir.
Şübhə yoxdur ki, hər iki regonda iki qardaş dövlət və iki qardaş lider koordinasiyalı hərəkət edəcəklər! Azərbaycan da siyasi-mənəvi dəstəyini Türkiyədən əsirgəməz. Faktiki olaraq, geniş bir məkanda risk və təhlükələrə qarşı iki türk ldier – İlham Əliyev və R.T.Ərdoğan qoşa dayanmışlar. Kim nə deyirsə desin, hansı təxribatlara əl atırlarsa atsınlar, bu qardaşlığı və birliyi poza bilməyəcəklər. Azərbaycan Prezidenti, əslində, bu cür gedişatın ola biləcəyini proqnozlaşdırmışdı. İlham Əliyev demişdi: Azərbaycan çox geosiyasi daşları yerindən oynatmışdır. Ona görə də müxtəlif istiqamətlərdən üstümüzə gələcəklər. Biz bu gedişata hazır olmalıyıq!
İndi görürük ki, Azərbaycan Prezidenti çox uzaqgörən liderdir. Azərbaycan Cənubi Qafqazın, Türkiyə isə Yaxın Şərqin sülh və sabitlik qalalarıdır! Hazırda geniş bir geosiyasi məkanda çox sayda ölkənin və xalqların taleyi iki türk liderin fəaliyyətindən asılıdır. Onlardan başqa heç bir dövlətin başçılarının xilaskar və sülhsevər imici yoxdur. ABŞ liderləri ilə bağlı deyilənləri hamı bilir. Avropa liderləri içərisində xilaskar lider kimi qəbul ediləni də yoxdur.
Tarix iki möhtəşəm türk liderin fəaliyyətində yeniləşir, yeni ruh və nəfəs alır!
Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru