Avroparlament “qoca qitə”nin problemlərini çözə bilmir

post-img

Amma başqalarına irad tutur, yol göstərirAzərbaycanın

Noyabrın 11-dən 22-dək Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) yaxınlaşdıqca, Qərbin müxtəlif ölkələri və təsisatları tərəfindən Azərbaycana qarşı hücumlar da intensivləşir. Demək olar ki, hər gün ayrı-ayrı media orqanlarında ölkəmizlə bağlı qərəzli yazılar dərc olunur. Müxtəlif təşkilatlar bəyanatlar verirlər. ABŞ-dəki, Fransadakı müəyyən dairələr, “Human Rights Watch”, “Freedom House” kimi təşkilatlar, Avropa Parlamenti bu sırada öndədirlər...

Məsələn, “Human Rights Watch” təşkilatının “X” platformasındakı hesabında dünən edilən paylaşımda bildirilib: “Bu il COP29 qlobal iqlim konfransına evsahibliyi edən Azərbaycan növbəti onillikdə qaz hasilatını genişləndirməyi planlaşdırır. Bu planlar iqlim dəyişikliyi üzrə Paris sazişinin məqsədlərinə xələl gətirir”. Paylaşıma Azərbaycanın bu istiqamətdəki fəaliyyətinə kölgə salan, qərəzli fikirlərin əksini tapdığı 30 saniyəlik video da əlavə edilib.

Daha bir qərəzli məqalə ABŞ-nin “The National Security Journal” nəşrində dərc olunub. “Co Bayden Azərbaycanda iqlim, sülh və demokratiyanı avtobusun altına atır” sərlövhəli məqalədə bildirilib ki, Azərbaycanın COP29-a evsahibliyi etmək imkanı iqlim konfransı böyüdükdən və nüfuzu artdıqdan sonra BMT tərəfindən tətbiq edilən rotasiya qaydası ilə bağlı idi, lakin Bakı yeganə namizəd deyildi. Brendi ətraf mühitin qorunması olan (?) Ermənistan da konfransa evsahibliyi etmək arzusunda idi: “Azərbaycan əsir götürdüyü (?) erməni girovlarından sövdələşmə predmeti kimi istifadə edib. Vasitəçilərə bildirib ki, onları yalnız Ermənistan öz iddiasından əl çəkərsə azad edəcək”. Guya, İrəvanla Bakı arasında sülhə vasitəçilik etməyə çalışan Dövlət Departamenti Ermənistanın baş naziri Nikol Paşinyanı tələblərə əməl etməyə çağırıb: “Ermənistan iddiasını geri götürdü, lakin Azərbaycan erməni girovları (söhbət Bakıda saxlanılan separatçı “qlavarlar”dan gedir–S.H.) saxlamağa davam edir və beynəlxalq ictimaiyyətin Ermənistan kimi tanıdığı 200 kvadratkilometrdən çox ərazini “işğal altında” saxlayır”.

Bundan sonra yenə ölkəmizə Qarabağda hansısa etnik təmizləmə həyata keçirdiyi barədə böhtan atılıb. Qeyd edilib ki, guya, ermənilər Qarabağda min ildir yaşayırmışlar. Bundan əlavə, Azərbaycan “etnik təmizləmə”dən sonra regiondakı “erməni irsini” sistemli şəkildə “məhv etməkdə” suçlanıb: “Daha pisi odur ki, xarici nüfuzlu şəxslər, o cümlədən Vaşinqtonun beyin mərkəzlərinin və ABŞ-nin Azərbaycandakı səfiri qədim yaşayış məskənlərinə (Şuşada keçirilən bir sıra tədbirlərdə ABŞ nümayəndələrinin işitrakı və səfir Mark Libbinin bir müddət öncə qala şəhəri ziyarət etməsi nəzərdə tutulur–S.H.) qastrol səfərləri edirlər. Bakı öz “etnik təmizləmələrini” legitimləşdirməyə çalışdıqca belə turlar daha da artacaq”.

Mənzil-qərargahı Fransanın Strasburq şəhərində yerləşən Avropa Parlamenti isə oktyabrın 24-də “Azərbaycanda vəziyyət, insan hüquqlarının və beynəlxalq hüququn pozulması və Ermənistanla münasibətlər” adlı qətnamə qəbul edib. Bəri başdan qeyd edək ki, qətnamənin səs çoxluğu ilə qəbulu diqqəti cəlb edir. 720 nəfərlik parlamentin 453 üzvü qətnaməyə “hə” deyib. 89 nəfər bitərəf qalıb. Cəmi 31 nəfər isə onun əleyhinə çıxmaq üçün özündə güc tapıb. Halbuki Avropa Parlamentinin bundan öncəki qərəzli qətnamələri bu qədər dəstək görmürdü. İndi isə “sənədin” səs çoxluğu ilə qəbulu qurumda Azərbaycana qarşı çıxanların sayının artmasından xəbər verir. Bu məqam ənənəvi anti-Azərbaycançı qüvvələrin sevincinə səbəb olub. Məsələn, bir müddət öncə “Dağlıq Qarabağ ermənilərin etnik təmizlənməsi” gününü Avropa Parlamentində qeyd etmək təşəbbüsü ilə çıxış edən qurumun Cənubi Qafqaz ölkələri ilə əlaqələr üzrə nümayəndə heyətinin yeni seçilmiş sədr müavini, fransız diplomatı və siyasətçisi Natali Luazo “X” platformasındakı hesabında yazıb: “Fəxr edirəm ki, Avropa Parlamenti üzvlərinin böyük əksəriyyətini COP29 ərəfəsində onlara təqdim etdiyim Azərbaycanla bağlı qətnamənin lehinə səs verməyə inandıra bilmişəm. Qətnamədə hər şey deyilir və indi heç kim “Bakıdakı COP-un utanc COP-u (?) olduğunu bilmirdik” – deyə bilməyəcək”.

Birmənalı şəkildə qeyd etmək lazımdır ki, özünü demokratiyanın, söz və fikir azadlığının, insan hüquqlarının qorunmasının əsas siması kimi təqdim edən bu təsisatlar ölkəmizdən 2020-ci il Vətən müharibəsində qazandığımız Zəfərin və 2023-cü ildəki lokal xarakterli antiterror tədbirlərində suverenliyimizi bərpa etməyin, necə deyərlər, qisasını almaq istəyirlər. Qalan məsələlər hamısı, necə deyərlər, müqəddimə rolunu oynayır. Bu da gözlənilən idi. Qeyd etmək yerinə düşər ki, hələ 2024-cü ilin əvvəlində – yanvarın 10-da yerli televiziya kanallarına müsahibə verən Prezident İlham Əliyev il ərzində üzərimizə olacaq hücumları görmüş və siyasi uzaqgörənliklə demişdir: “Birincisi, biz hər zaman çox ayıq olmalıyıq, çünki bizə qarşı olan hərəkət, dediyimiz bu məsələlərlə bitməyəcək, bundan sonra da davam edəcək. Çünki biz dünya miqyasında çox böyük layları tərpətdik. Bəlkə də təhlilçilər görürlər ki, bizim Zəfərimizin bəzi ölkələr üçün fəsadları onlara çox baha başa gəlib. Biz böyük layları tərpətdik. Elə bir Zəfər çaldıq ki, bu, lokal əhəmiyyətli məsələ deyil. Bu, bir növ beynəlxalq gündəliyin əsas məsələlərinin birinə çevrilibdir”.

Dövlətimizin başçısının sözlərinə görə, təbii ki, bizə qarşı olan, ənənəvi mənbələrdən gələn mənfi münasibət dayanmayacaq. Ermənistanı silahlandırma cəhdləri bu məqsədi daşıyır ki, bizi daim təzyiq altında saxlasınlar. Bu, bizi bundan sonra da rahat yaşamağa qoymamaq üçün səylərdir və əfsuslar olsun ki, burada da Fransa yenə də ön plandadır. Bu gün Ermənistanı silahlandıran, onlara ürək-dirək verən, onların hərbçilərini hazırlayan və növbəti müharibəyə hazırlayan ölkə Fransadır: “Ona görə mən deyəndə ki, Fransanın siyasəti Qafqazda gərginliyin artmasına səbəb olur, məhz bunu nəzərdə tuturdum. Ermənistanda yersiz illüziyalar yarana bilər ki, nə vaxtsa onlar Qarabağı yenidən bizdən qopara bilərlər. Belə fikirlər onların cəmiyyətində dolaşır, o cümlədən rəhbər qruplaşma daxilində də belə fikirlər var. Mən istisna etmirəm ki, bu fikirlər, necə deyərlər, getdikcə daha geniş yer tutacaq. Ona görə biz heç vaxt sakitləşməməliyik...”

Cənab İlham Əliyev fevralın 14-də keçirilən andiçmə mərasimindəki çıxışı zamanı bu istiqamətdə fikirlərini bir qədər də inkişaf etdirmişdi: “Biz elə bir bölgədə yerləşirik, bizə qarşı elə bir qüvvələr birləşib ki, ziyan vurmaq üçün fürsət axtarırlar. Biz, – İkinci Qarabağ müharibəsi zamanı və antiterror əməliyyatı zamanı mən bunu artıq demişdim, – sarsılmaz hesab olunan elə daşları tərpətdik ki, bunu bizə bağışlamayacaqlar, biz bunu bilməliyik. Əgər kimsə hesab edir ki, bizdən əl çəkəcəklər, səhv edir. Biz hazır olmalıyıq, səfərbər olmalıyıq, əlbəttə ki, cəmiyyət rahat yaşamalıdır. Mən Azərbaycan üçün hər hansı bir təhlükə, təhdid görmürəm. Ancaq nə üçün görmürəm, çünki bilirlər ki, bizim cavabımız amansız olacaq, sarsıdıcı olacaq və heç nəyə baxmadan o cavab veriləcək”.

Zənnimizcə, “qoca qitə”nin bütün problemlərini bir kənara qoyaraq, hazırda yenidən ölkəmizə qarşı “hücuma” keçməsini başqa cür qiymətləndirmək mümkün deyil. Bu gün Avropa çoxlu çağırışlarla üzləşib. Qitənin özünün həllini gözləyən ciddi roblemləri var. Avropa İttifaqının 27 ölkəsindən olan vergiödəyicilərinin pulları hesabına yüksək əməkhaqqı alan parlamentarilər zəhmət çəkib həmin problemlərin həlli ilə məşğul olsunlar.

Avroparlamentin Azərbaycanın, guya, Ermənistan ərazilərini “işğal” etməsi iddiası, öz qoşunlarını Hayastandan geri çəkməsi çağırışı ilə bağlı qeyd etmək lazımdır ki, bu məsələdə də onlar ermənidən betər ermənilik edirlər. Məsələ ondadır ki, baş nazir Paşinyan bir neçə gün öncə parlamentdəki müzakirələr zamanı “işğal olunmuş əraziləri” hərbi yolla geri qaytarmaq vəzifəsini qarşıya qoymadıqlarını, Azərbaycanla imzalanan demarkasiyaya dair sənədin demarkasiya prosesinin hüquqi və qanuni əsaslarla keçirilməsi üçün hər cür imkan yaratdığını bildirmişdi. Belə olan təqdirdə Avropa Parlamentinin qərəzi bir daha aydın şəkildə özünü göstərir.

Mövzu üzrə fikirlərini XQ ilə bölüşən politoloq Ramiyə Məmmədova bildirdi ki, Avropa Parlamenti indiyədək ölkəmizlə bağlı saysız-hesabsız qətnamələr qəbul edib. Onun sözlərinə görə, bu mənada qurumun qəbul etdiyi yeni sənəd nə maraq doğurur, nə də təəccüblü gəlir: “Avropa Parlamenti azərbaycanlılar 1988-ci ildə tarixi yurd yerlərindən qovulanda, Xocalı və digər soyqırımları baş verəndə, torpaqlarımız işğal olunanda, işğal dövründə ərazilərimizdə müxtəlif cinayətlər törədiləndə, sanki bunları görmürdü. Avropa Parlamenti 44 günlük Vətən müharibəsi zamanı Ermənistan ordusunun Azərbaycanın cəbhə xəttindən xeyli uzaqda yerləşən şəhərlərini bombalayanda, mülki insanlar həlak olanda da özünü görməzliyə vurdu. Qurumun “görmədiyi” məsələlər arasında Vətən müharibəsindən sonra ərazilərimizin minalarla çirkləndirilməsi, dinc insanların bu gün də həyatını itirməsi və sair hallar var. Bu baxımdan indi qəbul olunan qətnamənin də qərəzsiz sənəd kimi qəbul olunması mümkün deyil”.

R.Məmmədova qeyd etdi ki, qəbul olunan qətnamənin məqsədi, sadəcə, ölkəmizin beynəlxalq imicinə zərbə vurmaq məqsədi daşıyır: “COP29-la bağlı bir müddətdir ki, ölkəmizə qarşı təzyiqlər başlayıb. Onlar Azərbaycanı nüfuzdan salmaq üçün açıq mübarizə keçiblər. Eyni zamanda, ölkəmizin güclənməsi də burada öz sözünü deyir. Bu gün əksər dövlətlər Azərbaycanla əməkdaşlığa can atırlar. Avroparlamentin qərarı isə Azərbaycanı inkişaf yolundan geri döndərə bilməyəcək”.

Politoloq bildirdi ki, Avropa Parlamenti hazırda sülh müqaviləsinin imzalanması üçün Azərbaycana dəstək göstərməlidir, amma biz bunun əksini görməkdəyik. Əksinə, Avropa ölkələri Ermənistanı silahlandırır, onu növbəti müharibəyə sövq edirlər. Bunun üçün diplomatik səviyyədə də iş aparırlar. Bundan öncə Avropa Şurası Parlament Assambleyasının da qərəzli yanaşmaları olmuşdu. Biz bu quruma da adekvat cavab verdik. Ölkəmizin əleyhinə səs verənlərin ölkəyə girişi yasaqlandı. Avropa Parlamenti də mövqeyindən geri çəkilməsə, biz bundan heç nə itirməyəcəyik.

Müsahibimiz, həmçinin dedi ki, Avropa Parlamentinin qitə ölkələrini Azərbaycandan təbii qaz almamağa çağırmasından isə ən çox elə Avropa dövlətləri ziyan çəkəcək. Rusiya–Ukrayna müharibəsi fonunda avropalılar qaz almaq məsələsində ciddi çətinliklə üzləşəcəklər. Azərbaycan isə heç nə itirməyəcək.

Onu da bildirək ki, Avropa İttifaqının Azərbaycandakı səfiri Peter Mixalko dünən Xarici İşlər Nazirliyinə çağırılıb. Avropa Parlamenti tərəfindən oktyabrın 24-də qəbul edilmiş qətnamə, eləcə də bu qurumdakı müzakirələr çərçivəsində Avropa komissarı tərəfindən səsləndirilən əsassız və qərəzli fikirlər qəti şəkildə pislənib və bununla bağlı qarşı tərəfə etiraz notası təqdim edilib. Aİ-nin müxtəlif institutları vasitəsilə Azərbaycana qarşı atdığı addımların Ermənistanda revanşizmi təşviq etdiyi, bununla regionda sülh səylərinə xələl gətirdiyi vurğulanıb.

Səxavət HƏMİD
XQ



Siyasət