Azərbaycanın BRICS ilə əməkdaşlığı milli maraqlarımıza uyğun qurulur

post-img

Beynəlxalq münasibətlər sistemində özünü etibarlı tərəfdaş və müstəqil oyunçu kimi təsdiqləmiş Azərbaycan bu gün strateji mövqeyi sayəsində Avrasiya məkanında Şərqi Qərblə, Şimalı Cənubla birləşdirən ənənəvi və yeni kommunikasiya, nəqliyyat və enerji dəhlizlərinin keçdiyi mühüm logistika mərkəzi sayılır.

Strateji əhəmiyyətli enerji, nəqliyyat və kommunikasiya layihələrinin həyata keçirilməsi nəticəsində ölkəmiz hazırda Avropanın enerji təhlükəsizliyi arxitekturasında mühüm yer tutur. Lakin son illərin geosiyasi reallıqları fonunda rəsmi Bakı siyasi və iqtisadi münasibətlərinin üfüqlərini daha da genişləndirməyi planlaşdırır. Bu baxımdan çoxqütblü dünyanın yaradılmasına öz töhfəsini verən BRICS ilə əməkdaşlıq Azərbaycanın milli maraqlarına cavab verir.

BRICS ilə münasibətlərin, ilk növbədə, iqtisadi əməkdaşlıq əlaqələrinin inkişafı Azərbaycan üçün əhəmiyyət daşıyır. Təşkilatla əməkdaşlıq Azərbaycanın qeyri-neft sektorunun inkişafı üçün yeni investisiya kanallarının yaradılmasına şərait yarada bilər. Məlumdur ki, Çin BRICS çərçivəsində çoxşaxəli əlaqələrin qurulmasında maraqlıdır və Azərbaycan təşkilatın verdiyi üstünlüklərdən faydalana bilər. Eyni zamanda, Çinin dünyanın ən böyük yaşıl enerji sərmayədarı olduğunu nəzərə alsaq, alternativ enerji resurslarının inkişafını prioritet istiqamət elan edən ölkəmizin bu sahədə əməkdaşlıq imkanlarını genişləndirmək şansı əldə edəcəyini gözləmək olar.

Avrasiyada mühüm tranzit qovşağına çevrilən ölkəmiz beynəlxalq yükdaşımaları və logistika infrastrukturunun qurulmasında maraqlıdır və bu sahədə BRIKS-ə üzv ölkələrlə çoxtərəfli əməkdaşlığın gücləndirilməsini vacib amil hesab edir. Eyni zamanda, Azərbaycan quru və dəniz ticarət yollarında yerləşən logistika qovşağı kimi yükdaşımalardan böyük dividendlər əldə edə bilər. Bundan başqa, Azərbaycandan keçən multimodullu logistika dəhlizlərinin BRICS vasitəsilə maliyyələşdirilməsi mühüm əhəmiyyət kəsb edir. Mütəxəssislərin fikrincə, bu təşkilat ilə çoxtərəfli əməkdaşlığımızı inkişaf etdirməklə perspektivli layihələri reallaşdırmaq imkanları əldə edə bilərik.

Onilliklər ərzində respublikamız beynəlxalq tərəfdaşlarla qarşılıqlı əlaqələrini balanslaşdırılmış və çoxvektorlu xarici siyasət üzərində qurmuşdur. Bu siyasətin davamı ölkəmizin 2011-ci ildə Qoşulmama Hərəkatına üzv seçilməsi olmuşdu. Həmin vaxtdan Azərbaycan bu təşkilatın beynəlxalq aləmdə fəallaşması üçün mühüm işlər görür. 2019-cu ildən 2022-ci ilə qədər Azərbaycan Qoşulmama Hərəkatına sədrlik etmişdi və bu sədrliyin müddəti 2023-cü ilə qədər uzadılmışdı. Dünyada koronavirus pandemiyası və çoxsaylı münaqişələrlə yadda qalan bu dövrdə müstəqil dövlətimiz liderlik keyfiyyətlərini nümayiş etdirə bilmiş və ümumi problemlərin həlli üçün səy göstərmişdi.

Balanslaşdırılmış xarici siyasət artıq müsbət nəticələr verir və bu siyasət ölkəmizin regionda çəkisini artırır və bu fakt özünü bir çox problemlərin həllində göstərir. Azərbaycan torpaqlarının işğalı zamanı Qərbin qərəzli ermənipərəst siyasətindən fərqli olaraq, balanslaşdırılmış kursu rəhbər tutan rəsmi bir çox dövlətlər ilə, o cümlədən Qoşulmama Hərəkatına üzv ölkələr ilə səmərəlu qarşılıqlı əməkdaşlıq yarada bilmişdir.

Bir sözlə, xarici siyasəti beynəlxalq şəraitə adekvat olaraq quran ölkəmizin BRICS ilə əməkdaşlığı ölkənin milli maraqlarına və mövcud imkanlarına uyğun qurulur. Bu mənada Prezident İlham Əliyevin yeni dünya iqtisadi arxitekturasına mühüm detallar əlavə edəcək BRICS-in Kazan sammitində iştirak etməsi Azərbaycanın qlobal aktor kimi nüfuzunu daha da artıracaq.

Səbuhi MƏMMƏDOV
XQ



Siyasət