Bakı təkcə geosiyasi alternativ qurumda deyil, milli maraqların təminatında da maraqlıdır
Qərbin son vaxtlar yenidən aktiv şəkildə “amorf təşkilat” kimi qələmə verməyə çalışdığı BRICS artıq dünyanın qarşılıqlı fəaliyyət ehtiyacından yaranmış çox güclü beynəlxalq bir quruma çevrilməkdədir. Bir çox siyasi ekspertlər belə hesab edirlər ki, BRICS yaxın vaxtlarda “yeni iqtisadi nizamın və dünyanın müxtəlif ölkələri arasında iqtisadi əlaqələr sisteminin” mühüm aləti olacaq. Doğrudur, G7-dən fərqli olaraq, bu quruma üzv olan və üzv olmağa çalışan ölkələrin bir-birindən fərqli siyasi və iqtisadi modelləri var. Ancaq bu, qurumun qarşıya qoyduğu məqsədlərə çatmağa heç də mane olmur.
Fransanın “Le Monde” nəşri çoxqütblüyün əlaməti kimi formalaşan qurum haqqında bu yaxınlarda nəşr etdiyi məqalələrin birində yazırdı: “BRICS Qərbdən kənarda özünü axtaran və heç bir üzvünün suverenliyinə toxunmadan təkbaşına yaşamaq istəyən dünyanın iradəsini nümayiş etdirir. Düzünü desək, bu, birlik deyil, müstəqilliklərini qısqanclıqla qoruyan dövlətlərin çevik koalisiyasıdır”.
Elə bu səbəbdən də hazırda gündəmdə olan BRICS Plus platformasının perspektivləri çox müsbətdir. Bugünədək dünyanın 40-a yaxın ölkəsi bu assosiasiyaya qoşulmaq və ya onunla fəal dialoq qurmaq arzusunu ifadə edib. “Müstəqilliyini qısqanclıqla” və qətiyyətlə qoruyan belə ölkələrdən biri də Azərbaycandır və bu il avqustun 20-də Bakının rəsmən BRICS-ə üzvlüklə bağlı müraciət etməsinə də, ilk növbədə məhz bu prizmadan yanaşmaq lazımdır.
Bakının assosiasiyaya üzv olmaq niyyəti hələ iyulun əvvəlində, Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Astanada keçirilən sammiti zamanı bəyan edilmişdi və bu zirvə görüşündə Azərbaycan və Çin arasında strateji tərəfdaşlığın yaradılmasına dair birgə bəyannamə qəbul edilmişdi. Sənəddə qeyd olunmuşdu ki, Azərbaycan BRICS-ə qoşulmaq arzusunu ifadə edir və Çin belə əməkdaşlığı alqışlayır. Bakının bu niyyətinin hansı məqsədlərdən irəli gəldiyini və BRICS-in ölkəmizə nə vəd etdiyini obyektiv və müsbət prizmadan işıqlandıran siyasətçi və analitiklər çox olsa da, tənqid edənlər də az deyil. Aydın məsələdir ki, Azərbaycanı Qərbin “boyunduruğu”na salmağa çalışan qüvvələr bütün imkanları ilə nə qədər bunun əleyhinə çıxış etsələr də, fikirlərini əsaslandırmaq üçün tutarlı arqumentlər göstərə bilmirlər.
Təbii ki, Bakı müdaxilə etməyən və qarşılıqlı fayda prinsiplərinə əməl edən dövlətlərarası assosiasiyaya qoşulmaqda çox maraqlıdır və BRICS ilə əməkdaşlığın gücləndirilməsinin ümumi məqsədlərə çatmağa kömək edəcəyini və ona uğur gətirəcəyini yaxşı başa düşür. Bunu hətta onun rəqibləri də etiraf edirlər. Azərbaycanın siyasi elitası həm ikitərəfli münasibətlərdə, həm də çoxtərəfli formatlarda dialoqa, əməkdaşlığa və həmrəyliyə can atır və bunu müstəqil siyasətin əsas prinsipi hesab edir.
Vacib olan məqamlardan biri ondan ibarətdir ki, BRICS Qərbin şərtləri diktə etdiyi təşkilatlardan fərqli olaraq, iştirakçı ölkələrin suverenliyini məhdudlaşdırmır, əksinə, onlara yeni imkanlar verir. Düşünənlər olacaq ki, məgər Qərb buna mane olur? Reallıq budur ki, Azərbaycan kimi inkişaf etməkdə olan ölkələri Qərbin iqtisadi, daha çox isə siyasi sahədəki monopoliyası narahat edir və bu, onları alternativ xarici bazarlara çıxış axtarmağa məcbur edir. İkinci bir tərəfdən, Qərb “ikinci dərəcəli dövlətlər” hesab etdiyi inkişaf etməkdə olan ölkələrə açıq şəkildə ikili standartlardan yanaşır. Azərbaycan bu ədalətsizlikdən ən çox əziyyət çəkən ölkələrdən bir kimi bunu çox yaxşı bilir.
P.Lumumba adına RXDU-nun İqtisadiyyat fakültəsinin və Rusiya Prezidenti yanında RXTDİA-nın İE İnstitutunun dəvətli müəllimi Fərhad İBRAHİMOV BRICS-ə üzvlüyünün Azərbaycana nə vəd etdiyini açıqlayarkən yazır: “ Yeni dünya düzəninin formalaşması kontekstində Azərbaycan Cənubi Qafqazın aparıcı oyunçusu kimi qlobal regionun əsasını təşkil edən ölkələrlə münasibətləri dərinləşdirməyə çalışır. Bakı uzun müddət beynəlxalq aləmdə müxtəlif güc mərkəzləri arasında tarazlıq siyasətini davam etdirdi və haqlı olaraq belə hesab edirdi ki, bu cür xarici siyasət kombinasiyası onun milli maraqlarını pozmadan manevr etməyə imkan verəcək. Bununla belə, son illərdə həm regional dəyişikliklər, həm də qlobal transformasiyalar nəticəsində geosiyasi mənzərə əhəmiyyətli dərəcədə dəyişib.
Zaqafqaziyanın lideri statusunu təmin edən Azərbaycan indi dünya siyasətində öz gündəmini formalaşdırmaq və təqdim etmək niyyətində olan yeni səviyyəyə yüksəlir. O, 120 dövlətin üzv olduğu Qoşulmama Hərəkatının sammitində fəal iştirak edir, 80 minə yaxın insanın iştirakı ilə BMT-nin iqlim dəyişikliyi konfransı-COP29-u kimi qlobal əhəmiyyətli kütləvi tədbirlər keçirir və indi də ŞƏT və BRICS ilə bağlı gündəliyi fəal şəkildə təbliğ edir”.
Bu gün Azərbaycan ŞƏT-də dialoq üzrə tərəfdaş statusuna malikdir və çox güman ki, respublika tezliklə təşkilatın müşahidəçi, daha sonra isə tamhüquqlu üzvü olacaq. Bundan əlavə, Azərbaycan ŞƏT-in köməyi ilə Şərq-Qərb və Şimal-Cənub dəhlizləri kimi regional kommunikasiya layihələrinin həyata keçiriləcəyi mühüm beynəlxalq nəqliyyat və logistika mərkəzinə çevrilə bilər.
Rusiyalı politoloq Sergey Stankeviç qeyd edir ki, BRICS-ə qoşulmaq Azərbaycana mühüm logistika mərkəzinə çevrilməyə və bu yolda gedən ticarətdən faydalanmağa imkan verəcək.
Ekspertin bu məsələdə haqlı olduğunu belə bir fakt da təsdiq edir ki, böyük iqtisadi gücləri birləşdirən əsas marşrutlar Qafqazdan keçir. Burada isə Azərbaycan yolların kəsişdiyi sabit bir ölkədir. BRICS ölkələri ilə əməkdaşlıq Azərbaycana öz coğrafi mövqeyindən maksimum yararlanmağa imkan verəcək.
Yeri gəlmişkən, Azərbaycan, Zəngəzur dəhlizinin açılmamasında inad göstərən oxşar imkanlara malik Ermənistana gələcəkdə nümunə ola bilər.
Digər bir politoloq, Sankt-Peterburq Dövlət Universitetinin professoru, tarix elmləri doktoru, Cənubi Qafqaz ölkələrinin xarici siyasəti üzrə ekspert Niyazi NİYAZOV Azərbaycanın BRICS-ə üzvlüyünü başqa bir kontekstdən şərh edir və yazır: “Azərbaycan üçün BRICS beynəlxalq arenada geosiyasi rolunu gücləndirmək üçün bir fürsətdir. Bu üzvlük Azərbaycana geoiqtisadi deyil, daha çox geosiyasi faydalar gətirəcək. Səbəb isə BRICS-in vahid iqtisadi sistemə malik ciddi iqtisadi struktur kimi hələ formalaşma mərhələsində olmasıdır.
Amma Bakı İrəvanla Nyu-Dehli arasında hərbi-texniki əməkdaşlığın inkişafından narahatdır. Bakı Hindistanın Ermənistanla hərbi-texniki sahədə qarşılıqlı siyasətinin ciddi şəkildə Zaqafqaziyada münaqişənin artmasına yönəlməməsini istəyir. Bu səbəbdən də Azərbaycan üçün BRICS, bu gün Ermənistana fəal şəkildə hərbi-texniki yardım göstərən Hindistanla əlaqələrini möhkəmləndirmək və inkişaf etdirməkdə bir platforma olacaq”.
Ekspertin bu məsələdə nə qədər haqlı olduğunu belə bir fikir də təsdiqləyir ki, BRICS beynəlxalq arenada təkcə mühüm oyunçu kimi deyil, həm də Yeddilik Qrupundan fərqli olaraq inkişaf etməkdə olan ölkələrin formalaşmaqda olan qurumu kimi çıxış edir. Assosiasiya heç vaxt özünü G7-yə rəqib elan etməsə də, Qərb ölkələri bu klubu özünə rəqib hesab edirlər.
Azərbaycanı quruma üzvlüyə cəsarətləndirən amillərdən biri də Bakının strateji tərəfdaşı olan Ankaranın da BRICS-ə üzv olmaq istəyi və bu məsələ ilə bağlı ciddi danışıqlar aparmasıdır. Ankara Azərbaycanın üzvlük üçün ərizə təqdim etməsinə xüsusi diqqət yetirir. Bundan əlavə, Türkiyə yaxşı bilir ki, BRICS-ə heç bir şəkildə NATO ilə əlaqəsi olmayan və ya Vaşinqton və Brüsselin “Qlobal Cənub”a təzyiq göstərmək, ona siyasi və iqtisadi iradələrini tətbiq etmək istəklərinə qarşı çıxan bütün ölkələr daxildir. Türkiyə isə çoxqütblü dünya ideyasını dəstəklədiyi və Qərb bloklarından ən qısa zamanda müstəqilliyini gücləndirmək istədiyi üçün BRICS-ə üzv olmağa çalışır.
BRICS kimi yeni geosiyasi layihələr ətrafında qurulan “Qlobal Cənub” Azərbaycana ciddi şəkildə maraq göstərir. Heç də hər kəs bu elit kluba düşə bilmir. Azərbaycana üstünlük verən ilk növbədə onun bu gün həyata keçirdiyi müstəqil siyasətdir. Ölkə heç bir hərbi ittifaqa girməyib; şərq istiqamətində özünü olduqca rahat hiss edir. Bunu Bakının xarici siyasət proqramı da aydın nümayiş etdirir.
Gizlin deyil ki, Azərbaycanla NATO ölkələri arasında münasibətlər nəzərəçarpacaq dərəcədə soyuyub. Paris Bakıya qarşı açıq-aşkar düşmən mövqe tutur. Qarabağ münaqişəsi həll olunandan sonra ABŞ da Bakını tənqid etməyə başlayıb və hətta ən yüksək səviyyədə təmasların dondurulma ehtimalını nəzərdən keçirir. Avropa təşkilatları - Avropa Parlamenti, AŞPA və Venesiya Komissiyası vaxtaşırı Bakıya qarşı əsassız iddialar və ittihamlar səsləndirir. Amma BRICS ölkələri, məsələn, Aİ-dən fərqli olaraq, Azərbaycanın daxili işlərinə qarışmır.
Azərbaycanın BRICS üçün iqtisadi əhəmiyyətini, həm də strateji əhəmiyyətini də xüsusi vurğulamaq lazımdır. Fərhad İBRAHİMOV bunu belə açıqlayır: “Sivilizasiyaların qovuşağında yerləşən Bakı Rusiya, Çin və Hindistanın nəqliyyat layihələrində mühüm həlqədir. Nikol Paşinyanın Qərb strukturlarına inteqrasiya etməyə cəhd göstərdiyi Ermənistanda və Gürcüstandakı çətin vəziyyəti nəzərə alsaq, Azərbaycan etimad göstərilməsinin mümkün olduğu sabit dövlətdir. Cənubi Qafqazın aparıcı iqtisadiyyatı olan Azərbaycanı öz sıralarına qəbul etməklə BRICS qitənin digər regionuna təsir imkanlarını genişləndirir və Avrasiyada mövqelərini möhkəmləndirir. Yeri gəlmişkən, Azərbaycan həm də BRICS və ŞƏT ölkələri arasında qarşılıqlı fəaliyyət üçün yeni platformaya çevrilə bilər.
Azərbaycanın BRICS üçün strateji əhəmiyyəti daha çox onun coğrafi mövqeyi, iqtisadi resursları və xarici siyasət prioritetləri ilə bağlıdır. Bakı regionda və beynəlxalq bazarlara əsas neft və qaz təchizatçılarından biridir. Ölkə Xəzər dənizində əhəmiyyətli karbohidrogen ehtiyatlarına malikdir və enerji infrastrukturunu fəal şəkildə inkişaf etdirir. BRICS ölkələri, xüsusilə enerjidən asılı olan Çin və Hindistan üçün Azərbaycanla əməkdaşlıq enerji mənbələrinin şaxələndirilməsinə və enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə töhfə verən enerji strategiyasının mühüm elementinə çevrilə bilər”.
Azərbaycan müxtəlif sahələrdə - neft-qaz sənayesi, kənd təsərrüfatı, informasiya texnologiyaları və turizm istiqamətlərində sabit iqtisadi artım və inkişaf nümayiş etdirir. Ölkənin BRICS-ə daxil olması ticarət və investisiyalar üçün yeni imkanlar aça bilər, qarşılıqlı ticarətin artırılmasına, infrastruktur və istehsal layihələri üçün vəsaitlərin cəlb edilməsinə kömək edə bilər. Bu, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə töhfə və yeni sənaye sahələrinin inkişafına təkan verə bilər.
Bu gün Prezident İlham Əliyevin yüksək qətiyyəti və dərin zəkası sayəsində Azərbaycan çoxvektorlu xarici siyasət xəttini fəal şəkildə inkişaf etdirməklə, beynəlxalq aləmdə öz mövqelərini möhkəmləndirməyə çalışır. BRICS-ə üzvlük əsas oyunçularla - Rusiya, Çin və Hindistanla siyasi və diplomatik əlaqələrin gücləndirilməsinə, Azərbaycanın regional və qlobal siyasətdə rolunun gücləndirilməsinə kömək edə bilər. Azərbaycanın BRICS-də iştirakı Cənubi Qafqazda münaqişələrin həllinə, regional təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsinə töhfə verə bilər. Onun assosiasiyaya üzvlüyü terrorizm, ekstremizm və digər təhlükəsizlik çağırışlarına qarşı mübarizədə səyləri əlaqələndirməyə kömək edə bilər. Azərbaycan müstəqil xarici siyasət yürüdən ölkə kimi çoxqütblü dünya ideyasını, güc və resursların daha ədalətli bölüşdürülməsi üçün beynəlxalq institutlarda islahatların aparılmasını dəstəkləyir. Onun BRICS-ə daxil olması bu tendensiyaları gücləndirə və inkişaf etməkdə olan ölkələrin maraqlarını əks etdirən yeni qlobal əməkdaşlıq modellərinin inkişafına töhfə verə bilər.
Nəhayət, Azərbaycanın BRICS-ə daxil olması ölkə iqtisadiyyatının modernləşdirilməsini sürətləndirəcək və ölkənin dünya miqyasında mövqeyini möhkəmləndirəcək texnologiyaların cəlb edilməsinə kömək edəcək.
İlqar RÜSTƏMOV
XQ