Erməni spikerin dedikləri və demədikləri
Ermənistan parlamentinin Xarici əlaqələr üzrə daimi komissiyası Azərbaycanla sərhədlərin delimitasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında əsasnamə layihəsini müzakirə edib və bəyənib.
Qalır sənədin parlament tərəfindən ratifikasiyası. Məsələ Ermənistanda müzakirə predmetinə çevrilməkdədir. Bununla əlaqədar müxtəlif baxışlar olsa da, onların hamısına diqqət yetirmək niyyətində deyilik. Mövzumuz Ermənistan parlamentinin spikeri Alen Simonyanın dedikləri, müəyyən mənada, həm də demədikləri barədədir.
A.Simonyanın “Azatutyun” radiosuna müsahibəsindən nəticə çıxarılıb ki, Ermənistan – Azərbaycan sülh sazişi tezliklə ölkə parlamentinin müzakirəsinə çıxarılacaq. Ancaq, bu, heç də belə deyil. Məsələ ondadır ki, Ermənistanın ali qanunverici orqanı yalnız 1991-ci ilin Alma-Ata Bəyannaməsinə əsasən ölkənin sərhədlərinin Ermənistan SSR-in inzibati sərhədləri olduğunu göstərən sənədə baxacaq.
Alma-Ata Bəyannaməsi müttəfiq respublikaların keçmiş SSRİ-dən ayrılarkən malik olduqları inzibati sərhədlərin bir-biri tərəfindən tanınmasını rəhbər tuturdu. Ermənistan sənədə imza atsa da, otuz ilə yaxın müddətdə, faktiki olaraq, onu saya salmadı, ölkəmizin ərazilərini işğalda saxladı.
İkincisi, 1991-ci ilin Alma-Ata Bəyannaməsi SSRİ-dən ayrılmanı nəzərdə tutursa, deməli, ortaya məntiqi suallar çıxır. İlk sual belədir: Nəyə görə əsas kimi Sovetlər Birliyinə qoşulma götürülməsin? Yəni, söhbət SSRİ-yə daxil olarkən mövcud olmuş ərazilərdən gedir. Məlumdur ki, 1923-cü ildən sonra Ermənistana Azərbaycan torpaqlarından “hədiyyələr” edilib. Məsələn, 1929-cu ildə Azərbaycan əraziləri hesabına Ermənistan SSR tərkibində Meğri rayonu yaradılıb. Bununla da Vətənimizin digər ərazilərini Naxçıvanla birləşdirən yol kəsilib, qədim diyarımız blokadada qalıb. Belə olan halda Alma-Ata Bəyannaməsi üzərində dayanıla bilərmi? Əlbəttə ki, yox! Bu, ədalətsizlik olardı və rəsmi Bakı ona görə sözügedən bəyannamənin mütləqliyi məntiqindən uzaqdır.
Ermənistan isə əksinə, Alma-Ata Bəyannaməsini ehkamlaşdırır. Ehkamlaşdırma indiyədək istər baş nazir Nikol Paşinyanın, istərsə də digər erməni rəsmilərinin açıqlamalarının leytmotivini təşkil edib. Əlbəttə, bəyannamə məntiqi heç də elə-belədən ortaya çıxmayıb. Məlum olduğu kimi, sənədlə bağlı söz-söhbətlər 2022-ci ilin oktyabrında Praqada Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderlərinin görüşündən sonra vüsət almışdı.
Praqa görüşündə tərəflər sənədi bir-birinə hörmətin, bir növ, baza prinsipi kimi qəbul etmişdilər. Yəni, həmin vaxtadək Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanımayan Ermənistan məhz Alma-Ata Bəyannaməsi ilə bunu etmişdi. Prinsipcə, Azərbaycanın nəyisə tanımasına ehtiyac yox idi, çünki işğalçılıq edən ölkəmiz olmamışdı. Azərbaycanın Ermənistanın ərazi bütövlüyünün tanımasına həm də ona görə ehtiyac yox idi ki, ölkəmizin 44 günlük müharibəni dayandırmağı xoş niyyət ifadəsi idi. Halbuki, İrəvanadək irəliləmək imkanımız olub. Bunu həm də ona görə etmədik ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda Bakının Naxçıvana maneəsiz yolla bağlı tələbinin ödənməsi əksini tapmışdı. Sənəddə baş nazir N.Paşinyanın imzası yer almışdı. Bu imzanın özü də Alma-Ata Bəyannaməsinin ehkamlaşdırılmasına yol vermir.
Əlbəttə, hazırda İrəvan üçtərəfli bəyanatı inkar yolu tutur, ərazi bütövlüyü və suverenliyi bəhanə edərək, öhdəliklərinin icrasından boyun qaçırır. Elə Alma-Ata Bəyanaməsinə münasibətdə interpreativ münasibət də Ermənistanın spekulyasiyasının tərkib hissəsidir. Ancaq sərt reallıqlar var. O reallıqlarda Azərbaycan üçün Naxçıvana quru yolu mühüm əhəmiyyətə malikdir. Rəsmi Bakı hazırda bu yolun İran ərazisindən keçməsi üzərində dayanır. Yəni, bir halda ki, İrəvan üzərinə götürdüyü öhdəliyin icrasından boyun qaçırır, deməli, Bakı alternativ olaraq İran variantına üstünlük verir. Mövcud durumda Ermənistan əvvəllərdə olduğu kimi, yenə dalanda qalır.
Belə nəticəyə gəlirik ki, hazırda Azərbaycanla Ermənistan arasındakı sülhün ən vacib komponenti Naxçıvana yoldur. Elə həm də buna görə də Alma-Ata Bəyannaməsi zəmanət deyil və görünür, A.Simonyan bunu dərk edir. “Qulaq asın, (Alma-Ata Bəyannaməsinə uyğun olaraq sərhədin tanınmasına) heç bir zəmanət yoxdur”, – deyən erməni spiker çox doğru şəkildə konkretləşdirib ki, bəyannamə keçmiş SSRİ respublikalarının dövlət sərhədlərinin SSRİ-nin inzibati sərhədləri boyunca uzandığını göstərən sənəddir. Azərbaycanla sərhədlərin delimitasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında əsasnamə isə qarşılıqlı razılaşma əsasında sabiq Sovet İttifaqı sərhədlərinin dəyişdirilməsinin mümkünlüyünü təsdiqləyir. Deməli, sərhədlərin hüquqi müdafiəsi baxımından Alma-Ata Bəyannaməsi üzərində dayanmağa çalışsa da, aydındır ki, bunun heç bir effekti olmayacaq. Ermənistan parlamenti Alma-Ata Bəyannaməsinə əsasən, ölkənin sərhədlərinin Ermənistan SSR-in inzibati sərhədləri olduğunu göstərən sənədə baxacaqsa, bildirdiklərimizi nəzərə almalıdır.
Ə.RÜSTƏMOV
XQ