Naxçıvana yol... İran amili

post-img

Ermənistan üçün dalan və Qərbin marağı

Xarici işlər naziri Ceyhun Bayramov “3+3” regional məşvərət formatının oktyabrın 18-də İstanbulda keçirilmiş görüşü zamanı ölkəmizin bölgə dövlətləri ilə qarşılıqlı hörmət, maraqlar balansı və legitim təhlükəsizlik narahatlıqları nəzərə alınmaqla, qarşılıqlı faydalı əməkdaşlıq etdiyini, bunun nəticəsində Bakı–Tbilisi–Qars, Şimal – Cənub dəhlizi kimi bir sıra regional, habelə, qlobal əhəmiyyətli təşəbbüslərin reallaşdırıldığını deyərək, əlavə edib ki, Azərbaycan birgə layihələrin Naxçıvanı da əhatə etməsinə, xüsusilə İran ərazisindən keçərək, Şərqi Zəngəzur iqtisadi rayonumuz ilə muxtar respublikanı birləşdirən kommunikasiyaların tezliklə tamamlanmasına ümidvardır. Deməli, Naxçıvana yol məsələsində Ermənistan ərazisi gündəlikdən çıxıb. Yazımız bu barədədir. Əlbəttə, məsələ ilə bağlı digər məqamları da diqqətə çatdıracağıq.

Ermənistanın baş naziri Nikol Paşinyan bir müddət əvvəl MDB Dövlət Başçıları Şurasının Moskvada keçirilmiş iclasındakı çıxışında bildirmişdi ki, ölkəsi Naxçıvana yol baxımından İranın Azərbaycana təklif etdiyi şərtlərə oxşar şərtlərin təminatına hazırdır. Paşinyan, hətta, onu da demişdi ki, İrəvan Ermənistanın yurisdiksiyası nəzərə alınmaqla, Naxçıvana yolda gömrük və sərhəd nəzarətinin daha sadələşdirilmiş mexanizmlərlə tətbiqinə razıdır. Görünür, Nikol, obrazlı desək, qatarın ölkəsindən yan keçəcəyinin fərqinə varıb. Belə də olmalıdır. Çünki keçmişdə yaşananlar, yəni, erməni millətçilərinin ötən əsrin 80-ci illərinin sonu – 90-cı illərinin əvvəllərində Naxçıvana gedən qatarları daşa basmaları, otuz ilə qədər sürmüş işğal, həmçinin 2020-ci ildən bəri İrəvanın ipə-sapa yatmayan hərəkətləri, sülhdən uzaq davranışları var. Paşinyan iqtidarı ötən müddətdə səmimiyyət quruculuğu baxımından heç bir iş görməyib, daim destruktiv mövqe tutub və yenə əvvəlki “ampluasındadır”. Bu səbəbdən Bakı İrəvanın təminatlarına etibar etmir və etməməkdə haqlıdır.

Qeyd edək ki, Naxçıvana yolun İran ərazisindən keçməsi məsələsi əvvəllər də gündəmə gəlmişdi. İlk dəfə 2022-ci il martın 11-də Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycan Respublikası hökuməti ilə İran İslam Respublikası hökuməti arasında İran ərazisindən keçməklə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumunun imzalandığını diqqətə çatdırmış, bunu tarixi hadisə kimi dəyərləndirmişdi: “Anlaşma memorandumunun imzalanması Azərbaycan ilə İran arasında diplomatik əlaqələrin yaradılmasının 30 illiyinə təsadüf edir. Bu layihənin gerçəkləşməsində Azərbaycan ilə İran arasında 30 il ərzində qurulmuş dostluq, qarşılıqlı etimad və yaxın qonşuluq münasibətləri mühüm rol oynayır.Əminik ki, yeni dəhliz regional əməkdaşlıq, inkişaf və region xalqlarının rifahı, iqtisadi-ticarət əlaqələrinin genişlənməsi üçün əlverişli imkanlar açacaq”.

H.Hacıyev, həmçinin Prezident İlham Əliyevin İranın yol və şəhərsalma naziri, Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Rüstəm Qasimini qəbul edərkən, yeni kommunikasiya bağlantısının nəqliyyat və elektrik enerjisi üçün önəmli beynəlxalq dəhliz olacağına dair fikrini diqqətə çatdırmış və bildirmişdi: “Dövlətimizin başçısı bu əhəmiyyətli nəqliyyat-kommunikasiya layihəsini daim diqqət mərkəzində saxlayır, onun icrası ilə əlaqədar aidiyyəti qurumlara tapşırıqlar verilir. Bu layihənin həyata keçirilməsi nəticəsində uzun illər ərzində Ermənistanın Naxçıvanı blokadada saxlanması siyasətinə son qoyulacaq. Azərbaycanın iki regionu – Şərqi Zəngəzur ilə Naxçıvan arasında İran ərazisindən keçməklə avtomobil, dəmir yolu, enerji və rabitə bağlantısı yaradılacaqdır”.

Onu da deyək ki, H.Hacıyev 2022-ci ilin aprelində “TRT World” telekanalına müsahibəsində də sözügedən anlaşma memorandumunun üzərində dayanaraq bildirmişdi ki, sənəd regionun nəqliyyat xəritəsini dəyişir: “Beləliklə, Zəngilan rayonu ərazisində Astaraçay çayı üzərində hazırda iki körpünün tikintisi aparılır. Biri dəmir yolu, digəri isə avtomobil yolu olmaqla İran ərazisindən Naxçıvana keçəcək, bununla da Türkiyə, İran və Azərbaycanı birləşdirəcək".

H.Hacıyev növbəti dəfə haqqında söz açdığımız məsələnin üzərinə 2023-cü ilin noyabrında Ermənistanın “Dünyanın kəsişməsi” təşəbbüsünü ortaya atdığı bir vaxtda gəlmişdi. O, İrəvanın irəli sürdüyü ideyanın utopik xarakter daşıdığını vurğulamış və İranla imzalanmış anlaşma memorandumunu xatırlatmışdı. “Biz son üç ildə (Ermənistanla – red.) müzakirə apardıq, nəticə olmadı. Ona görə də Ermənistan müzakirə etməli, bunun nə dərəcədə effektiv olduğunu düşünməlidir. Azərbaycanın da B planı var idi. Bu plan ondan ibarətdir ki, İran ərazisindən keçərək nəqliyyat əlaqələri qurulsun. Artıq İran və Azərbaycan arasında hökumətlərarası sənədlər imzalanıb”, – deyən H.Hacıyev əlavə etmişdi ki, Qars – İğdır dəmir yolunun qurulması üçün Türkiyə ilə əlaqələr davam edir: “Bununla da regionumuz ətrafında dairəvi dəmir yolu xətti qurulmuş olacaq. Ancaq Ermənistan son üç ildə bu xəttin salınması üçün heç bir addım atmadı. Biz də sona qədər gözləyə bilmərik. Orta dəhliz yeni reallıqlar ortaya çıxarır”.

***

Yeri gəlmişkən, Azərbaycanın Naxçıvana yol məsələsində İranı seçməsi kollektiv Qərbdə hiddətlə qarşılanmışdı. ABŞ Dövlət katibinin köməkçisi Ceyms O’Brayn 2023-cü ilin noyabrında Birləşmiş Ştatlar Konqresinin Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin Avropa üzrə alt komitəsinin dinləmələrində ölkəmizin qərarının yolverilməz olduğunu vurğulamış və Birləşmiş Ştatların buna qarşı çıxacağına dair eyhamlar səsləndirmişdi. Azərbaycan Xarici İşlər Nazirliyi amerikalı diplomatın bəyanatına cavab olaraq bildirmişdi ki, regiona aidiyyatı olmayan ABŞ öz addımları ilə bölgə ölkələrinin nəqliyyat təhlükəsizliyi səylərinə zərbə vurur: “Qonşu dövlətlərlə kommunikasiya xətlərinin çəkilməsi qaydasının razılaşdırılması, o cümlədən İranla Naxçıvan Muxtar Respublikasına marşrutla bağlı müqavilə Azərbaycanın suveren hüququdur. Bunun fonunda, Azərbaycan da regionun təhlükəsizliyi üçün “3+3” formatının (Azərbaycan – Ermənistan – Türkiyə – Rusiya – İran) prioritet olduğunu bir daha təsdiqləyir”.

***

ABŞ-nin Ceyms O’Brayn dili ilə Naxçıvana yolun İran ərazisindən keçməsinə sərt reaksiyasına ən layiqli cavabı isə Prezident İlham Əliyevin özü vermişdi. Dövlətimizin başçısı 2024-cü il yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində bunları bildirmişdi: “Amerika Dövlət Departamentinin rəhbərinin müavini də bir anlaşılmaz açıqlama vermişdi ki, ya Ermənistandan keçəcək, ya da ki, biz imkan verməyəcəyik. Yaxşı, biz bunu üç ildir deyirik ki, bu, Ermənistandan keçsin, Ermənistan imkan vermir. İndi də bizi ittiham edirlər ki, biz başqa yol seçirik. Yəni, siz şərait yaradın Ermənistanın ərazisindən keçsin, Mehri ərazisindən keçsin, mən dediyim şərtlərlə, onda digər varianta ehtiyac qalmayacaq. Yoxsa, bu da anlaşılan deyil. Bu gün Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında əlaqə yenə də İran ərazisindən həyata keçirilir. Niyə buna etiraz edilmir, məhz Mehri hissəsinə etiraz edilir? Ermənistan–İran ticarəti gündən-günə artır, çiçəklənir. İran Qərbi Zəngəzurda konsulluq açıb. Niyə bu, necə deyərlər, heç bir sual yaratmır? Yəni, belə məntiqsiz və cəfəng açıqlamalar heç kimə şərəf gətirmir və “biz buna imkan verməyəcəyik” deyəndə, – mən artıq bunu demişəm, – Amerika nəyi nəzərdə tutur, necə imkan verməyəcək? Gələcək Zəngəzurda bir sədd qoyacaq, ya Zəngilanda bir qoşun yerləşdirəcək, ya İran ərazisində? Necə imkan verməyəcək? Bu, bizim suveren işimizdir”.

***

Azərbaycanın Naxçıvana yolun özü üçün prioritetliyini açıqlamasında iki başlıca məqam var. Birinci məqam H.Hacıyevin də açıqladığı kimi, Naxçıvanın blokadasına son qoyulmasıdır. İkinci məqam isə sözügedən yolun mühüm nəqliyyat və kommunikasiya habı baxımından önəmidir. İrəvan və havadarları “Dünyanın kəsişməsi” ideyası ilə Ermənistanı qlobal tranzitin episentrinə çevirməyi düşünür. Məqsəd aydındır – Qərb erməni avantürizmini diri saxlamaq niyyəti güdür. Bunun üçün maddi vəsait lazımdır. Vəsait “Dünyanın kəsişməsi”nin reallaşacağı təqdirdə, istər-istəməz, Ermənistana axacaq.

Qeyd edək ki, erməni avantürizminin saxlanılması Qərbə Azərbaycana təzyiq göstərmək üçün vacibdir. Özü də burada yalnız ölkəmizə təsir “rıçaq”larının işləkliliyi nəzərdə tutulmur. Əgər İrəvan mühüm kommunikasiya xəttində başlıca fiqura çevrilsə, bu, həmin xətti istənilən an iflic duruma salmaq imkanı verəcək ki, belə gedişat Qərbə həm də qlobal tranzitin digər iştirakçılarına da nələrisə diktə etmək fürsəti yaradacaq.

***

Bəli, C.Bayramovun İstanbulda bildirdikləri H.Hacıyevin vaxtilə söylədikləri prioritetlərin yenidən gündəmə gəlməsidir. Deməli, qlobal tranzitin gerçəkləşməsi özünü gözlədə bilməz. O da məlumdur ki, Ermənistan yenə də “Dünyanın kəsişməsi”nə fokuslanır, ərazi bütövlüyü və suverenlik klişesi ilə Naxçıvana maneəsiz yola imkan vermir. Yəni, Paşinyanın əvvəldə diqqətə çatdırdığımız təminatları boş və mənasızdır. Çünki ölkəsi 44 günlük müharibə məğlubu olaraq 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatla üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək istəmir.

Üçtərəfli bəyanatın 9-cu bəndində Naxçıvana yolda Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhədçilərinin keşik çəkmələri əksini tapır. Bu, Moskvanın bölgə ilə bağlı marağını vurğulayan məqamdır. Rəsmi İrəvan isə 2025-ci ilin yanvarından İran və Türkiyə ilə sərhədlərini özü qoruyacağını açıqlayıb. Yəni, Ermənistandan rus qoşunları tamamilə çıxarılacaq. Həm bu, həm də “Dünyanın kəsişməsi” məntiqi varsa, deməli, Cənubi Qafqazda rus hərbi mövcudluğu olmayacaq. Qərbin planı budur.

Əlbəttə, üçtərəfli bəyanatın icrası Rusiya üçün daha uyğun olardı. Ancaq demək olmaz ki, Moskvaya Cənubi Qafqazda hərbi mövcudluq tam mənada lazımdır. İran ərazisindən keçməklə Naxçıvana gedəcək yol da Kremlin maraqlarına cavab verən durum formalaşdırır. Yəni, Rusiya jandarmeriya funksiyasını yerinə yetirmədən də qlobal tranzitdən faydalanacaq. Deməli, Moskvanın ölkəmizin B planı ilə getməsi daha münasibdir. Nəzərə alaq ki, onun Azərbaycan kimi təminatı var. O təminat ki, “Dünyanın kəsişməsi”ndən fərqli olaraq, regiona bağlı digər dövlətlərlə yanaşı, Rusiyanın da Cənubi Qafqazdakı tarixi maraqlarını nəzərə alır və bu, rəsmi Bakının həm balanslı siyasətindən, həm də “3+3” regional məşvərət formatının ruhundan qaynaqlanır.

***

Rəsmi Tehran isə düşünməlidir ki, “Dünyanın kəsişməsi” Rusiyanı Cənubi Qafqazdan sıxışdırmağa yönəlibsə, gedişat İranın da bölgə ilə bağlılıq tellərini minimallaşdırmağa hesablanıb. Heç şübhəsiz ki, məhz buna görə ölkənin Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani ABŞ-nin Naxçıvana İran ərazisindən keçəcək nəzəri yolu, belə demək mümkünsə, süngü ilə qarşılayan bəyanatına sərt münasibət bildirmişdi: “ABŞ böyük danışır, ona heç bir aidiyyəti olmayan məsələlərə müdaxilə edirlər. İranla region ölkələri, o cümlədən Azərbaycan arasında əməkdaşlıq davam edir və ABŞ-nin İranla qonşu dövlətlər arasında dostluq münasibətlərinə qarışmağa haqqı yoxdur”.

Ümumən, İranın əvvəlki rəhbərliyi Naxçıvana yolun İslam Respublikasından keçmə məntiqini qəbul edirdi. Görəsən, hazırkı iqtidar hansı fikirdədir? Tehran mövqeyində qalırmı? İran yenə Naxçıvana öz ərazisindən yol vermək istəyirmi? Bununla əlaqədar konkretlik yoxdur. Ancaq daha vacib olan bir məqam var. Tutalım, İran ərazisindən Naxçıvana quru yolu reallaşır. İndiki məqamda buna Qərbin göstərəcəyi reaksiya necə olacaq? Düşünmürük ki, Birləşmiş Ştatların baxışında hansısa dəyişiklik var. Vaşinqton yenə Ermənistanı qorumaq, onu güclü saxlamaq niyyəti güdür, istəmir ki, ölkə dalanda qalsın. Deməli, Vaşinqton başda olmaqla, kollektiv Qərb İrəvanın əli ilə regionda gərginlik yaratmağa çalışacaq, qlobal komminikasiya xabının reallaşmasına imkan verməyəcək. Yəni, Ermənistan gedən qatarın çarxlarına çomaq soxmağa çalışacaq.

Belə nəticəyə gəlmək mümkündür ki, ABŞ-nin Naxçıvana yolun İran ərazisindən keçməsini istəməməsi fonunda, Qərbin İrəvanı sürətlə silahlandırması, bütövlükdə, Ermənistanın millitarizasiya siyasəti heç də elə-belədən deyil. Yəni, İrəvan odla oynayır. Halbuki, bunun üçün çox balaca fiqurdur. Odla oynayan balacaların hansı aqibəti yaşadıqları isə məlumdur.

Ə.CAHANGİROĞLU
XQ



Siyasət