Ermənistan parlamentinin sədri Alen Simonyan ötən həftə İsveçrənin Cenevrə şəhərində keçirilən Parlamentlərarası İttifaqın 149-cu Assambleyasında iştirakı çərçivəsində “Azadlıq” radiosunun erməni xidmətinə (“Azatutyun”) geniş müsahibə verib. Müsahibə zamanı onun səsləndirdiyi etiraflar diqqəti cəlb edir.
A.Simonyan bildirib ki, Azərbaycanın Qarabağdakı əməliyyatı legitim idi. Hansı əməliyyatdan söhbət getdiyini açıqlamayan Simonyan daha sonra deyib ki, Ermənistan tərəfi İkinci Qarabağ müharibəsi zamanı dünya ictimaiyyətindən istədiyi reaksiyanı almayıb. Buradan isə belə anlaşılır ki, erməni spiker əməliyyat deyərkən İkinci Qarabağ müharibəsini nəzərdə tutur. “İkinci Qarabağ müharibəsi başlananda biz çox üzüldük. Buna səbəb dünya ictimaiyyətinin hadisəyə bizim istədiyimiz kimi reaksiya verməməsi idi. Səbəb də legitimliyin olmaması, daha doğrusu, bizim tərəfimizdən legitimliyin olmaması idi. Azərbaycan BMT-nin 3-4 qətnaməsi əsasında Qarabağda əməliyyat keçirib” – deyə erməni spiker etiraf edib.
Simonyan onu da qeyd edib ki, Ermənistan və Azərbaycana düşmən olan ölkələr sülh danışıqlarının dalana dirənməsini istəyirlər: “Biz imkan verməməliyik ki, İrəvan və Bakı arasında sülh prosesi çıxılmaz vəziyyətə düşsün. Ermənistana, bəlkə Azərbaycana da düşmən münasibət bəsləyən dövlətlər məhz bunu istəyirlər”.
O, sülh müqaviləsi üzrə danışıqların “3+3” platforması çərçivəsində başa çatdırılması təklifinə də toxunub: “Mən düşünürəm ki, biz bu variantı nəzərdən keçirəcəyik. Baxmayaraq ki, mən, açığını desəm, mövcud olmuş və ya hazırda mövcud olandan başqa formata nə üçün ehtiyacımız olduğunu başa düşmürəm”.
Simonyan, həmçinin bildirib ki, bu həftə ərzində Ermənistan parlamentində sülh müqaviləsi layihəsi təqdim olunacaq: “Mən sazişin konkret bəndləri barədə danışmayacağam, çünki bu sazişlə bağlı ən əhəmiyyətsiz müzakirələrə belə Azərbaycan tərəfində hər hansı neqativ şəkildə əsas yaratmaq istəmirəm. Təkcə onu deyə bilərəm ki, bu həftə parlamentə təqdim olunacaq sənəd, əslində, Alma-Ata kriteriyalarına və məntiqinə uyğundur.
A.Simonyanın müsahibəsində səsləndirdiyi fikirlərlə bağlı qeyd etmək lazımdır ki, Ermənistanla Azərbaycan arasında atəşkəsi nəzərdə tutan 12 may 1994-cü il tarixli Bişkek sazişinin imzalanmasından başlayaraq 2020-ci ilin əvvəllərinədək sülh danışıqları aparılıb. Rəsmi Bakının mövqeyi hər zaman eyni olub: Ermənistan qoşunları Azərbaycan ərazisindən qeyd-şərtsiz çıxarılmalı, Qarabağın bütün ərazisi üzərində dövlət suverenliyimiz bərpa olunmalıdır. Ancaq məlum olduğu kimi, Ermənistana uzun illər rəhbərlik edən Qarabağ klanının nümayəndələri – Robert Koçaryan və Serj Sarkisyan danışıqların imitasiyası ilə məşğul olaraq prosesi illərlə uzatdılar. 2018-ci ilin mayında hakimiyyətə gələn Nikol Paşinyan da bu məsələdə əvvəlcə sələflərinin yolu ilə getməyə cəhd göstədi. Ancaq, necə deyərlər, səbr kasası daşan Azərbaycanın qəti tələbi qarşısında Paşinyanın maskası üzündən yerə düşdü və o, Qarabağın Ermənistan ərazisi olduğunu iddia etməyə başladı. Nəticədə 44 günlük Vətən müharibəsi başlandı. Bu proseslər yəqin ki, hər kəsin, o cümlədən hakimiyyətə gəldikləri 2018-ci ildə 38 yaşını tamamlayan Simonyanın da xatirindədir. Məgər o, 2020-ci ildə Azərbaycanın mövqeyinin beynəlxalq hüquqa söykəndiyini, Qarabağın suveren ərazilərimiz olduğunu bilmirdimi? Məgər Simonyan Azərbaycan tərəfinin torpaqlarımız sülh yolu ilə azad edilməyəcəyi təqdirdə güc yoluna əl atacağımızla bağlı dəfələrlə verdiyi bəyanatlardan xəbərdar deyildimi? Ermənistan dövlətinin rəhbər şəxslərindən biri kimi, Azərbaycanın hərbi xərclərə xeyli vəsait ayırdığını, ordunun maddi-texniki bazasını möhkəmləndirdiyini, hərbçilərin hazırlıq səviyyəsini yüksəltdiyini görmürdümü? Əlbəttə, Simonyan bütün bunları bilirdi və görürdü. Sadəcə, onun mənsub olduğu düşərgə nəyəsə və kiməsə ümid bəsləyirdi. Paşinyan Azərbaycan xalqı ilə iqtidarı arasında nifaq salmaq istəyirdi. Halbuki, Azərbaycan xalqı hələ müharibədən öncəki şərti olaraq Tovuz döyüşləri adlandırılan günlərdə Bakı küçələrinə çıxaraq digər məsələlərdə olduğu kimi, ərazi bütövlüyü məsələsində də ölkə hakimiyyətinə tam dəstəyini bildirdi.
Bu düşərgənin önündə gedənlərdən olan hazırkı xarici işlər naziri Ararat Mirzoyan 2020-ci il sentyabrın 27-də sosial şəbəkədəki hesabında müharibənin “Azərbaycan Ordusunun tam məhv edilməsi ilə başa çatacağını” yazmışdı. Onlar Azərbaycanda yaşayan milli azlıqları da mərkəzi hakimiyyətə qarşı qoymağa çoxsaylı cəhdlər etdilər. Ancaq yanlış hesablama apardılar. Bu arzuları da xam xəyal olaraq qaldı.
A.Simonyan bu müsahibə ilə bir daha dolayısı yolla etiraf edib ki, Ermənistan hər zaman xarici havadarlara arxalanıb. Torpaqlarımızı xarici havadarlarının köməyi ilə işğal edib, işğal müddətində ərazilərimizi yadellilərin köməyi ilə əlində saxlaya bilib. Güman edirdilər ki, yeni müharibə zamanı, necə deyərlər, qoltuğuna sığındığı dövlətlər Azərbaycana sanksiya tətbiq edəcək, bizdən neft-qaz almağı, bütün iqtisadi əlaqələri dayandıracaq, dərhal qoşunlarını üstümüzə göndərəcək və hayların əvəzindən bizimlə döyüşəcəklər. Simonyan məhz bunları nəzərdə tutur. Amma bunu açıq-aşkar dilə gətirə bilmir. Hər halda diplomatik dillə ifadə olunan fikirlərin qısa izahı budur.
Yeri gəlmişkən qeyd edək ki, parlament sədrinin mətbuat katibi Movses Arutyunyan “Sputnik Ermənistan”a açıqlamasında A.Simonyanın “Bu həftə ərzində Ermənistan parlamentində sülh müqaviləsi layihəsi təqdim olunacaq” deyərkən nəyi nəzərdə tutduğunu izah edib. Deyib ki, söhbət Ermənistan və Azərbaycan arasında sərhədin demarkasiyası üzrə komissiyaların reqlamentindən gedir.
Mövzu üzrə fikirlərini öyrəndiyimiz Qərbi Kaspi Universitetinin professoru, politoloq–diplomat Fikrət Sadıxov bildirdi ki, İkinci Qarabağ müharibəsi başlananda dünya ölkələri Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməyə çalışdığını, özünün suveren ərazisində qayda-qanun yaratmaq istədiyini başa düşürdülər. Buna əsas verən, təbii ki, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələr idi: “Biz bunu dəfələrlə demişik və qətnamələrə istinad edərək torpaqlarımızı azad edib, suverenliyimizi bərpa etmişik. Söhbət müharibədən sonrakı dövrdən gedirsə, əlbəttə, bir sıra ölkələr, xüsusilə Qərb dövlətləri, görünür, başa düşdülər ki, burada – Cənubi Qafqazda Azərbaycanın timsalında böyük bir güc yaranır. Azərbaycan–Türkiyə alyansı onları narahat etməyə başladı. Onların bizə qarşı irəli sürdükləri iddialar – etnik təmizləmə, soyqırımı, bizə qarşı sanksiyaların tətbiq edilməsi çağırışları və sair hallar bunun göstəriciləridir”.
F.Sadıxovun sözlərinə görə, buna baxmayaraq, başa düşürük ki, biz bir sıra güclərlə üzləşirik. Bu güclər Azərbaycanın böyük qüvvəyə çevrilməsinin əleyhinədirlər: “Onlar narahatdırlar. Amma, bu, onların öz işidir. Əgər Alen Simonyan bunu dərk edib, dilə gətirirsə, deməli o, reallığı başa düşür. Əlbəttə, reallığı başa düşmək azdır. Bununla yanaşı, düzgün hərəkət də etmək lazımdır. Yəni, sülh sazişini imzalamaq, Azərbaycanla sülh yaratmaq vacibdir. Müxtəlif bəhanələrlə sülhdən qaçmaq, sazişin bəzi bəndlərinin imzalanması, digər bəndlərinin sonraya saxlanılması kimi fikirlər gündəmdən çıxmalıdır. Düşünürəm ki, Simonyan ali qanunverici orqanın sədri, Paşinyanın yaxın silahdaşı və rəhbər siyasi elitanın nümayəndəsi kimi bunu yaxşı başa düşməlidir”.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə bildirdi ki, Ermənistan parlamenti sədrinin “Azərbaycan BMT-nin qətnamələri əsasında Qarabağda əməliyyat keçirib və dünya bu müharibəyə bizim istədiyimiz kimi reaksiya vermədi” cümləsi ilə yanaşı, onun həmin müsahibədə Rusiyaya atmacaları da diqqətçəkicidir: “Simonyan bildirib ki, Ermənistan və Azərbaycana düşmən olan ölkələr sülh danışıqlarının dalana dirənməsini istəyirlər. Aydındır ki, Simonyan bunu deyərkən, nə ABŞ, nə Fransa, nə də ki, İranı nəzərdə tutub. Ermənistanın bu üç ölkə ilə sıx tərəfdaşlıq münasibətləri var. Ermənistan parlamentinin sədri Rusiyaya eyham vurub”.
E.Şahinoğlunun sözlərinə görə, A.Simonyanın “3+3” platforması ilə bağlı səsləndirdiyi fikirdə də Rusiyaya eyham var: “Simonyan “mövcud olmuş və ya hazırda mövcud olandan başqa formata nə üçün ehtiyacımız olduğunu başa düşmürəm” sözləri ilə demək istəyib ki, Rusiyanın iştirak etdiyi format Ermənistanın maraqlarına cavab vermir. Buna baxmayaraq, İrəvan istəsə belə Tbilisi kimi bu formatdan imtina etməyəcək. Çünki, bu İrəvanın açıq-aşkar qonşu dövlətlər olan Rusiya, Türkiyə və İranın Cənubi Qafqazda təhlükəsizlik sistemində yer almasının əleyhinə mövqeyi kimi qiymətləndiriləcək. İrəvan belə riskə getməyəcək”.
A.Simonyanın fikirləri Ermənistanda etirazla qarşılanıb. “Həyat üçün ölkə” partiyasının həmtəsisçisi Mesrop Arakelyan bu barədə öz “Facebook” səhifəsində yazıb: “Parlamentin sədri postunu tutan şəxs “Azatutyun” radiostansiyasına müsahibəsində Azərbaycanın başladığı (?) 2020-ci il müharibəsini həyasız şəkildə əsaslandırıb. Hətta Azərbaycan rəsmiləri belə bu tezislərdən istifadə etmirlər. Vətənə xəyanətin başqa hansı forması var? Bu cəzasızlığın müddəti və konkret sonu var: Siz isə qaça bilməyəcəksiz, heç biriniz məsuliyyətdən qaça bilməyəcəksiniz”.
Onu da bildirək ki, A.Simonyan iki ölkə arasında sülh müqaviləsi üzrə danışıqların vəziyyətini və erməni tərəfinin yeni güzəştlərinin mümkünlüyünü şərh edərkən İrəvanın güzəştə gedəcək yerinin olmadığını bildirib: “Hansı güzəştlərdən danışırıq? Ermənistan beynəlxalq hüququn, öz suverenliyinin sərhədinə çatıb və onun güzəştə gedəcəyi yer yoxdur”.
Bu açıqlamaya münasibət bildirən parlamentin deputatı Tiqran Abramyan hesab edir ki, hakim elitanın danışıqlar prosesindəki mövcud vəziyyətə yanaşması son dərəcə ziddiyyətlidir. Onun sözlərinə görə, bəziləri Azərbaycanla konstruktiv danışıqların getdiyinə inanır, bəziləri yaxın gələcəkdə sazişin imzalana biləcəyinə ümid edir, bir qrup isə Azərbaycanda keçiriləcək iqlim konfransından sonra sərhəddə mümkün toqquşmalardan bəhs edir: “Ermənistan hakimiyyəti də birbaşa etiraf etmir ki, onun güzəştləri tükənib və Azərbaycanın yeni tələblərinin (?) həyata keçirilməsi artıq ölkənin suverenliyinə problemlər yaradır. Lakin bu problem əvvəllər də aktual idi, həm də hakim rejim hər dəfə özünün qırmızı xətlərini və prinsiplərini pozub”.
Abramyan qeyd edib ki, hakimiyyətlərini uzatmaq və şəxsi, dar maraqlarını güdmək naminə öz xalqının gələcəyini qurban verən bütün liderlərin ölkələrində məhz belə olur.
İşğal dövründə Qarabağda mövcud olmuş və özünü “ictimai təşkilat” adlandıran qurumların bəzi nümayəndələri oktyabrın 21-də Ermənistan xarici işlər nazirliyinin binası yaxınlığında etiraz aksiyası təşkil ediblər. Onlar İrəvandan Bakının ATƏT-in Minsk qrupunu ləğv etmək tələbini yerinə yetirməməyi tələb ediblər. Etirazçılar A.Simonyanın fikirlərinə münasibət bildirərək onu tənqid ediblər. “Artsax inqilab partiyası”nın sədri Artur Osipyan bildirib ki, Simonyanın bəyanatı, sadəcə, absurddur.
Səxavət HƏMİD
XQ