Rusiya XİN sözçüsü rəsmi İrəvanı nədə qınayır?
Məlum olduğu kimi, Ermənistan və havadarları müxtəlif beynəlxalq platformalarda Qarabağdakı “erməni milli mirası” kimi qələmə verilən abidələrin, yaşayış məntəqələrinin, guya, Azərbaycan tərəfindən dağıdılması iddiasını qaldırırlar. Onlar, həmçinin bölgənin erməni əhalisinin öz evlərindən köçünə görə ölkəmizi günahlandırmaq yolunu tutur, bunu xarici siyasət predmetinə çevirirlər. Belə yanaşma aşkar həyasızlıqdır. Ən böyük həyasızlıq isə məsələni Azərbaycanla sülh gündəliyinə daxil etmək cəhdləridir.
Erməni düşüncə mərkəzləri hesab edirlər ki, qaldırdıqları cəfəngiyyat barış sazişində hansısa formada yer alsa, ondan gələcəkdə Qarabağ avantürasının yenidən alovlandırılması üçün tutacaq yeri kimi istifadə mümkün olacaq. Ona görə də mövcud istiqamətdə səylər göstərir, istəyirlər ki, məsələ daim gündəlikdə qalsın. Görünür, Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovaya ünvanlanmış suallar da bu məqsəddən qaynaqlanır.
Beləliklə, erməni media təmsilçisinin ənənəvi brifinqi zamanı Rusiya XİN rəsmisinə münasibət bildirmək üçün verdiyi ilk sual budur ki, Azərbaycan “işğal olunmuş” Xankəndidə yaşayış binalarını kütləvi şəkildə sökür, xüsusən XIX əsrə və XX əsrin əvvəllərinə aid tarixi məhəllələri dağıdır. Bununla əlaqədar Rusiyanın mövqeyi nədir? Zaxarovanın suala cavabında bildirdiyi ilk fikir belədir: “Mən başa düşdüyüm qədər biz Azərbaycanın ərazisi haqqında danışırıq. Ölkənin qanunları orada tətbiq olunur. Əgər söhbət mədəniyyət obyektlərindən gedirsə, bununla bağlı hər hansı sual varsa, məsələni müvafiq qurumlarda həll etmək lazımdır”.
Bəli, rusiyalı xanım sözçü elə ilk cümlədəcə erməni jurnalistin rəsmi İrəvanın təmsilçilərindən heç də geri qalmayan həyasızlığını ifşa edir. Təxminən belə: Azərbaycan öz ərazisində hansı işi görmək istəyirsə, görəcək və bunun heç kəsə dəxli yoxdur. Əlbəttə, otuz ilə yaxın müddətdə bir daşı belə daş üstə qoyulmamış ərazilərində abadlıq və quruculuq işləri aparmaq, işğalın izlərini silmək ölkəmizin müstəsna səlahiyyətində olan məsələdir.
Ümumiyyətlə, M.Zaxarovanın son zamanlar birbaşa fikirlər səsləndirməsinə və xəstə erməni ictimai rəyini pəjmürdə vəziyyətə salmasına çox rast gəlirik.
Hiss olunmaqdadır ki, xanım rəsmi bu tip sərsəm suallardan bezib. Amma reallıqları daim təkrarlamaqdan yorulmur. Məsələn, Zaxarova, kifayət qədər, konkret şəkildə diqqəti əsas məsələyə yönəldir və deyir ki, Rusiya Qarabağdakı yaşayış yerlərini tərk etmiş şəxslərin taleyindən narahatdır: “Bu, çox böyük faciədir, onun, yaxşı başa düşdüyünüz kimi, bir çox cəhətləri və nüansları var. Biz dəfələrlə Bakının evlərini tərk etmiş əhalinin ora qayıtması imkanının yaradılmasına yönəlmiş konstruktiv addımlarını şərh etmişik və vurğulamışıq. Sizə tam səmimi deyirəm ki, azərbaycanlı həmkarlarımızla ikitərəfli təmaslar zamanı bu məsələni qaldırırıq və müvafiq dəqiqləşdirmələr alırıq. Tarixən o yerlərlə bağlı olan insanların həmin yerləri itirmələrinin nə demək olduğunu çox gözəl başa düşürük”.
Bəli, Azərbaycan dövləti istər 44 günlük müharibədən, istərsə də lokal xarakterli antiterror tədbirlərindən sonra dəfələrlə bəyan edib ki, Qarabağda yaşamış erməni əhali orada qala və həyatını davam etdirə bilər. Ölkəmiz belələrinin fəaliyyəti və təhlükəsizliyi üçün hər cür təminat verməyə hazır olduğunu da açıqlayıb.
Lakin Ermənistan rəhbərliyi fərqli yol seçdi. Baş nazir Nikol Paşinyan administrasiyası Qarabağ ermənilərinin kütləvi şəkildə köçürülməsinə başladı. Ona görə ki, bölgədə erməni mövcudiyyəti üçün şərtlər avantürist planların gerçəkləşdirilməsinə imkan vermirdi. Əhali faktoru isə məhz həmin avantüra və ambisiya naminə lazım idi.
Bir halda ki, mənfur niyyətlər reallaşdırmaq üçün imkan yoxdur, deməli, Qarabağda ermənilərin yaşamalarına da ehtiyac qalmayıb. Rəsmi İrəvanın düşüncəsi bu idi. Nəinki Ermənistan rəhbərliyi, eyni zamanda, onun havadarları da Qarabağ niskili görüntüsünü formalaşdırmaqla, Azərbaycana qarşı mübarizə aparmağa üstünlük verdilər. “Mübarizə” yenə aktuallığını qorumaqdadır. Zaxarovaya belə mənasız sualların ünvanlanmasının səbəbi də məhz budur.
Dediyimiz kimi, M.Zaxarova mətləbləri birbaşa açıqlayır və Qarabağın, guya, ermənisizləşdirilməsinə görə, faktiki olaraq, Ermənistan hakimiyyətini qınayır: “Amma, eyni zamanda, bir daha qeyd etmək istəyirəm ki, qayıtmaq imkanı yaradılıb. Mən indi erməni tərəfinin hərəkətlərini şərh etmək istəmirəm. Yəni, rəsmi İrəvanı nəzərdə tuturam. Düşünürəm ki, siz bir jurnalist və ictimai xadim olaraq, yəqin, buna öz qiymətinizi verəcək və mövcud vəziyyətdə məndən daha yaxşı işlər görəcəksiniz. Amma edilənlər edildi. Eyni zamanda, bir daha deyirəm ki, qayıdış imkanı olub və var. Əgər, siz dediyiniz kimi, insanlar öz evlərini, doğma yerlərini qoruyub saxlamaqda maraqlıdırlarsa, indi bəlkə bu fürsətdən istifadə etmək lazımdır”.
Bəli, Azərbaycan dövləti lokal xarakterli antiterror tədbirlərindən sonra da bəyan edib ki, Qarabağda yaşamış ermənilər öz evlərinə qayıda bilərlər. Ancaq bu, ölkəmizin yurisdiksiyası altında olmalıdır. Qayıdanlar Azərbaycan vətəndaşlığını qəbul etməli, digər vətəndaşlarımız kimi, hüquq və imtiyazlardan bəhrələnməlidirlər. Başqa bir tərəfdən, əgər Qarabağa qayıdış məsələsi varsa, deməli, vaxtilə hazırkı Ermənistan ərazisindəki dədə-baba yurdlarından didərgin salınmış, deportasiyaya məruz qalmış azərbaycanlıların da qayıdışı aktual əhəmiyyət daşımalıdır. Yəni, insan amili əsas götürülürsə, nəzərə alınmalıdır ki, azərbaycanlı və türk varlığının Ermənistandakı mövcudluq tarixi Qarabağdakı erməni mövcudluğunun tarixindən qat-qat əvvələ gedib çıxır. Bu amil mütləq qaydada nəzərə alınmalıdır.
Ancaq nə Ermənistanı, nə də xaricdəki ermənipərəstləri sadə ermənilərin taleyi düşündürmür. Əslində, Zaxarovanın da dediyi budur. Ona görə də, o, Qarabağ ermənilərinin geri qayıdışına təhlükəsizlik təminatına dair suala sualla cavab verir. “Üzr istəyirəm, mən bir sual verə bilərəmmi? Bəs rəsmi İrəvan tərəfindən əhalinin geri qayıtması üçün hansı tədbirlər görüldü? Mən Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsiyəm və ölkəmizin həyata keçirdiyi səylərdən danışıram. Başa düşürük ki, faciələr, münaqişələr və s. səbəbindən insanların evlərindən məhrum edilməsi nə deməkdir”, – deyən Zaxarovanın da Qarabağın kütləvi şəkildə boşaldılmasına görə Ermənistan hakimiyyətini günahlandırdığı aydındır.
XQ-nin analitik qrupu