Əsassız iddialar ATƏT müstəvisində

post-img

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının noyabrın 11-22-də keçiriləcək 29-cu sessiyası (COP29) yaxınlaşdıqca, anti-Azərbaycan dairələrin ölkəmiz əleyhinə sistemli fəaliyyəti də güclənir.

Demək olar ki, hər gün Qərb ölkələrindən ölkəmizin ünvanına yönəlmiş əsassız bəyanatlar səslənir.

Əslində, bu da gözlənilməz deyildi. Biz Bakıda keçirilən bütün nüfuzlu beynəlxalq tədbirlər zamanı bunun şahidi olmuşuq. Məsələn, 2012-ci ildə baş tutan “Eurovision” mahnı müsabiqəsi, 2015-ci ildə keçirilən ilk Avropa Oyunları, hər il təşkil olunan “Formula-1” yarışları... zamanı Qərbin ayrı-ayrı ölkələrindən, insan hüquqları ilə məşğul olduqlarını bəyan edən təşkilatlardan əsassız açıqlamalar eşidilib. Bütün bunlar artıq ölkəmizdə xarici təhdidlərə qarşı, necə deyərlər, immunitetin yaranmasına gətirib çıxarıb.

Qeyd etdiyimiz kimi, indi də onlar COP29-un keçirilməsini bəhanə edərək üstümüzə “hücuma” keçiblər. Bu da gözlənilən idi. Prezident İlham Əliyev hələ iyulun 20-də Şuşada keçirilən II Qlobal Media Forumunda bildirmişdi ki, bizim namizədliyimiz və evsahibliyimizlə bağlı qərar verildikdən sonra – növbəti həftə Qərb mediasında bizə qarşı hücumlar başladı: “Bu, gözlənilən bir hal idi. Bunu müzakirə etdiyim bir çox şəxslərlə danışıqlarımda, – həmkarlarımı, dövlət və hökumət başçılarını nəzərdə tuturam, – onlar mənə deyirdilər ki, bu, Azərbaycan üçün böyük başağrısı olacaq. Əlbəttə, biz dərk edirdik ki, hücumlara məruz qalacağıq. Biz, əlbəttə, bunu proqnozlaşdıra bilmərik ki, ittihamların mövzusu necə olacaqdır? Amma əminəm ki, kifayət qədər ittihamlar olacaqdır. Biz nədə ittiham olunurduq? Neft və qazla zəngin olan ölkə olduğumuz üçün. Bu, çox təəccüblü bir haldır”.

Dövlətimizin başçısı qeyd etmişdi ki, COP28-in ev sahibi olan Birləşmiş Ərəb Əmirlikləri də eyni mövzuda ittihamlarla üzləşdi. Təəssüf ki, bizə qarşı çox geniş və koordinasiya edilmiş media prosesi başladı, biz ilk vaxtlar buna hazır deyildik. Biz izah etməyə çalışırdıq, bu, bizim günahımız deyil ki, ölkəmiz neft və qazla zəngindir. Bizim fəaliyyətimiz onun əsasında qiymətləndirilməməlidir. Biz iqtisadiyyatımızı necə şaxələndirmişik, işsizliyin öhdəsindən necə gəlmişik, yoxsulluğu necə azaltmışıq, mövzular bunlar olmalıdır. Bu gün bu göstəricilər inkişaf edən ölkələrin səviyyəsindədir, bəzən ondan daha aşağı, daha azdır, yoxsulluq beş faiz səviyyəsindədir və bəzi ölkələr bunu heç yuxusunda da görə bilməzlər. Qazıntı yanacaq növlərindən əldə etdiyimiz gəlirlərin ədalətli paylanılması çox şəffaf və məsuliyyətli şəkildə həyata keçirilir. Buna baxmayaraq, ittihamlar davam edir. Ancaq deyə bilərəm ki, vaxt keçdikcə bizə qarşı hücumların sayı azalır, bizim COP heyətimiz çox səmərəli işləyir, öz vaxtının böyük hissəsini xaricdə keçirir, müxtəlif görüşlər təşkil edir. Bizim COP-la bağlı gündəliyimiz proqnozlaşdırıla bilən, aydın hədəflərə, məqsədlərə, nəticələrə köklənmiş gündəlikdir. Deyə bilərəm ki, qərardan altı ay keçdikdən sonra biz daha az hücuma məruz qalırıq. Ancaq onu bilirik ki, tədbir yaxınlaşdıqca bu ittihamların və hücumların sayı artacaqdır.

Zaman cənab İlham Əliyevin nə qədər haqlı olduğunu bir daha sübuta yetirdi. Həqiqətən də, bu gün ölkəmizə hücumların sayı artıb. Əsassız tənqidlər, hədələr, böhtanlar üstümüzə, necə deyərlər, dolu kimi yağır. Əlbəttə, bunların hər birinə tutarlı cavablar verilir və veriləcəkdir. Amma onlar bundan nəticə çıxarmırlar. Ölkəmizə edilən hücumların gerçək səbəbi isə Prezident İlham Əliyevin 2024-cü il yanvarın 10-da yerli televiziya kanallarına müsahibədə bildirdiyi kimi, bizim dünya miqyasında çox böyük layları tərpətməyimizdir. Bizim Zəfərimizin bəzi ölkələr üçün fəsadları onlara çox baha başa gəlib. Biz elə bir Zəfər çaldıq ki, bu, lokal əhəmiyyətli məsələ deyil. Bu, bir növ beynəlxalq gündəliyin əsas məsələlərinin birinə çevrilib.

Ölkəmizi qaralayan dairələrin bir qrupu bugünlərdə yenə bir araya gəlib. ATƏT-in Varşavada keçirilən İnsan Ölçüsü Konfransında yenə Qarabağ erməniləri yada düşüb, haypərəstlər onların halına acıyıb, bizim isə necə deyərlər, kölgəmizi qılınclayıblar. O Qarabağ erməniləri ki, özlərinin separatçı oyunlarının əsirinə çevrilərək 2023-cü ilin sentyabrında bölgəni tərk ediblər. Ermənistan mediasının “Beynəlxalq təşkilatlar ATƏT-in konfransında Azərbaycanın “Artsaxa qarşı cinayətlərini” təqdim ediblər” sərlövhəsi ilə tirajladığı xəbərdə deyilir ki, Demokratiyanın İnkişafı Fondu, “Freedom House” və İnsan Hüquqları üzrə Beynəlxalq Tərəfdaşlıq oktyabrın 7-də Varşavada ATƏT-in insan haqları üzrə illik konfransı çərçivəsində xüsusi tədbir təşkil ediblər. Tədbirdə Azərbaycan tərəfindən “Dağlıq Qarabağın mülki əhalisinə qarşı törədilmiş cinayətlərə” (?) dair beynəlxalq ictimaiyyətə “faktlar” təqdim ediblər. Guya, bu “faktları” yuxarıda adları çəkilən üç təşkilat “Truth Hounds”, “Hüquqların Sərhədsiz Müdafiəsi”, Helsinki Vətəndaş Assambleyası Vanadzor ofisi, Hüquq və Müdafiənin İnkişafı Fondu ilə birgə həyata keçirdiyi faktaraşdırıcı missiyanın nəticəsində əldə edib. Missiya Qarabağın etnik erməni əhalisinin 2020-ci ildə baş vermiş 44 günlük müharibədən 2023-cü ilin sentyabrında “məcburi köçkünə” çevrilmələrinə qədər vəziyyətlərini hərtərəfli sənədləşdiribmiş. Sözügedən missiyanın nəticəsi olaraq hazırlanan və əsas nəticələri Varşava tədbirində təqdim olunan “Dağlıq Qarabağda ermənilər niyə yoxdur?” adlı hesabatda ölkəmizin ünvanına atılan əsas böhtan budur ki, guya, Azərbaycan düşünülmüş və hesablanmış hərəkətləri ilə bölgənin erməni əhalisini məcburi yerdəyişməyə və etnik təmizləməyə məruz qoyub.

Qeyd edək ki, Varşavada keçirilən İnsan Ölçüsü Konfransı çərçivəsində oktyabrın 1-də ABŞ Dövlət katibinin demokratiya, insan haqları və əmək məsələləri üzrə köməkçisi Dafna Rand çıxış edərək, “ABŞ tərəfinin Dağlıq Qarabağda beynəlxalq humanitar hüququn və insan hüquqlarının iddia edilən pozuntularını nəzərdən keçirməkdə davam etdiyi” barədə fikirlərinin əks olunduğu bəyanat vermişdi. İndi isə mənzil-qərargahları ABŞ-də yerləşən bir qrup təşkilat xanım Randın bəyanatındakına bənzər fikirlər səsləndirirlər. Bu isə anti-Azərbaycan dairlərin bir mərkəzdən idarə olunan sistemli, koordinasiyalı hərəkət etdiyinin daha bir göstəricisidir. Böhtan xarakterli tədbirlərin ardıcıl keçirilməsi, qərəzli bəyanatların eyni gündə yayımlanması Azərbaycana qarşı son həftələrdə artan hücumların bu qurumlara nəzarət edən vahid bir mərkəz tərəfindən idarə olunduğunu sübuta yetirir. Bu sıraya Fransanı, Minsk qrupunu ləğv etməkdə hələ də maraqlı görünməyən ATƏT-i də əlavə etsək, siyahı tamamlanmış olar.

Maraqlıdır ki, Azərbaycan ərazilərinin hərbi işğalı zamanı Ermənistan tərəfindən törədilmiş bəşəriyyətə qarşı irimiqyaslı cinayətlər və azərbaycanlılara qarşı qırğınlara baxmayaraq, ABŞ tərəfi, eləcə də onun Avropadakı tərəfdaşları beynəlxalq humanitar hüququn pozulması hallarının aradan qaldırılmasının vacibliyinə yalnız indi istinad edirlər.

Ötən 30 ilə yaxın müddətdə Ermənistanın bu kimi cinayətləri isə həm ABŞ, həm də Qərb mərkəzli beynəlxalq təşkilatlar tərəfindən tam sükutla qarşılanıb. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisindən 1 milyona yaxın insanın zorla qovulması, onların əsas insan hüquqlarının pozulması Qərbdəki dairləri maraqlandırmayıb.

Mövzu ilə bağlı fikirlərini XQ ilə bölüşən politoloq Yeganə Hacıyeva bildirdi ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyini özünün dövlət sərhədləri daxilində tam bərpa etməsinin siyasi nəticələri regional və beynəlxalq müstəvidə öz təsirini göstərməkdədir. Onun sözlərinə görə, qlobal aktorların maraqlarının bu qədər kritik kəsişdiyi Cənubi Qafqaz kimi strateji regionda bir ölkənin torpaqlarını öz gücü hesabına azad etməsi müasir tarixdə ilk dəfədir ki, baş verib. Bununla da regionun siyasi, iqtisadi və təhlükəsizlik parametrləri kəskin şəkildə dəyişib: “Cənubi Qafqaz regionundan xeyli uzaqda yerləşən bir sıra ölkələr, xüsusilə ATƏT-də söz sahibi olan ABŞ, Fransa və Kanadanın Azərbaycanın hərbi-siyasi gücü hesabına həllini tapmış keçmiş Dağlıq Qarabağ münaqişəsini “diriltmək”, hər vəchlə gündəmdə saxlamaq təşəbbüslərinin səbəbi də budur. Məhz adları çəkilən ölkələr bu istiqamətdə bir sıra təşəbbüslər irəli sürür, beynəlxalq müstəvidə regional reallığı təhrif olunmuş şəkildə təqdim edirlər və sair. ABŞ, Kanada və Fransa məhz, necə deyərlər, erməni gündəliyi ilə ATƏT-də anti-Azərbaycan cəbhə formalaşdırmağa çalışırlar”.

Y.Hacıyevanın sözlərinə görə, diqqətlə nəzərdən keçirdikdə bu təşəbbüslərin bir mərkəzdən idarə olunduğu və sistemli xarakter daşıdığı aydın olur. Məsələn, keçmiş separatçı rejimin nümayəndələri bu yaxınlarda ABŞ Konqresinə dəvət edilmiş, Konqresdə “Dağlıq Qarabağın süqutu”na həsr olunan yalan və təhrif olunmuş təqdimatlarla dinləmələr keçirilmişdi. Həmçinin, ABŞ və Fransa hökumət, Kanada parlament, vətəndaş cəmiyyəti səviyyəsində Qarabağdan köç etmiş ermənilərə dəstək verən çoxsaylı maddi-mənəvi təşəbbüslər irəli sürür, dünyaya “etnik təmizləməyə məruz qalaraq deportasiya edilmiş Artsax xalqı” kimi psevdoreallıq yeritməyə çalışır, beynəlxalq siyasi və insan haqları təşkilatlarında “müdafiə səddi” qurmağa çalışırlar. ABŞ qanunverici orqanı olan Nümayəndələr Palatasının üzvü, Konqresdəki erməni qrupu sədrinin müavini Adam Şiff və digər konqresmenlər tərəfindən irəli sürülən 2024-cü il üçün “Artsax gəlirlərinin bərpası aktı” da bundan xəbər verir.

Ekspertin fikrincə, bu çərçivədə beynəlxalq QHT-lərin və medianın fəaliyyəti qətiyyən təəccüblü deyil, çünki onlar zamanında elə bu dairələr tərəfindən istinad mənbələri kimi istifadə olunmaq üçün yaradılıblar: “Məsələn, donorlarının hamısı ABŞ büdcəsindən maliyyə alan fondlar, jurnalist araşdırması ilə məşğul olan fərdi jurnalistlərin birliyi kimi təqdim edilən Korrupsiya və Mütəşəkkil Cinayətkarlığın Araşdırılması Mərkəzi (OCCRP) ABŞ Nümayəndələr Palatası və Konqresdəki erməni qrupunun dinləmə təşkil etdiyi həftədə araşdırma dərc edir. Yaxud, “Freedom House”un dərc etdiyi materiallar, keçmiş separatçı rejimin “dövlət naziri” Ruben Vardanyanın tərəfdaşı, USAID-in rəhbəri Samanta Pauer “ermənilərin Qarabağdan kütləvi köçü”nə dair bəyanatlar verir. Avropa Parlamentinin yeni seçilmiş vitse-prezidenti Natali Luazo “Dağlıq Qarabağ ermənilərinin etnik təmizlənməsi günü”nü Avropa Parlamentində qeyd etmək təşəbbüsü ilə çıxış edir. Bütün bunlar eyni prosesin müxtəlif səhnələridir”.

Müsahibimiz bildirdi ki, ümumiyyətlə, son onilliklərdə beynəlxalq müstəvidə insan haqları təşkilatları, onların rolu və mövqeyi ətrafında müzakirələrin möhkəmləndirdiyi bir fikir var: Sifarişli fəaliyyət göstərən riyakar təsisatlar! Belə təşkilatların mahiyyəti haqqında ən dürüst fikri elə ABŞ-nin özünün BMT-dəki keçmiş səfiri Nikki Haley zamanında BMT tribunasından səsləndirmişdi. O, insan haqları təşkilatlarını riyakarlıqda günahlandıraraq, onları dünyada sülhə, ədalətə və ya insan haqlarının qorunmasına deyil, ancaq özünə xidmət edən və pulla hərəkətə gələn təsisatlar adlandırmışdı. Bu mənada onların hazırkı mövqeyi ilə bağlı çox da təəcüblənməyə dəyməz...

Səxavət HƏMİD
XQ



Siyasət