Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 10-11-də Albaniya və Serbiyada rəsmi səfərdə olacaq. Məlumatı “Anadolu” verib.
Prezident Administrasiyası yanında Kommunikasiya şöbəsindən verilən məlumata görə, dövlət başçısının qarşıdakı səfərləri zamanı müxtəlif sahələrdə əməkdaşlığın daha da gücləndirilməsi məqsədi ilə ikitərəfli münasibətlərin hərtərəfli təhlili aparılacaq.
Ərdoğan hər iki ölkədə yaradılan Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclaslarına qatılacaq.
Türkiyənin dövlət başçısı Albaniyaya səfəri çərçivəsində Baş nazir Edi Rama ilə birlikdə Tiranada tikintisi Türkiyə tərəfindən maliyyələşdirilən Balkanlarda ən böyük Namazgah məscidinin açılışında iştirak edəcək.
Daha sonra Türkiyə lideri Belqrada gedəcək və burada Serbiya Prezidenti Aleksandr Vuçiçlə birgə biznes forumda iştirak edəcək.
Səfərlər zamanı ikitərəfli münasibətlərin müqavilə-hüquq bazasının möhkəmləndirilməsinə yönəlmiş bir sıra sazişlərin imzalanması planlaşdırılır.
Bundan əlavə, liderlər aktual beynəlxalq və regional problemləri, o cümlədən Balkanlardakı vəziyyəti, həmçinin İsrailin Qəzzaya, işğal olunmuş Fələstin ərazilərinə və Livana təcavüzünü müzakirə edəcəklər.
P.ƏMİRCANOV
XQ