TDƏŞ-dən TDT-yə, Naxçıvandan Turana doğru

post-img

Oktyabrın ilk ongünlüyü Türk dünyası üçün əlamətdar tarixdir

Dünən axşam Azərbaycan televiziya kanallarının, demək olar ki, hamısında İkinci Qarabağ müharibəsinin məhz bu günündə baş vermiş hadisələr xatırladılır, əsgərlərimizin şücaətindən, Ali Baş Komandanımızın qətiyyətindən söz açmaqla yanaşı, Türkiyə Cümhuriyyətinin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan başda olmaqla, Türk dünyasının yanımızda olduğu qeyd edilirdi. 

Həmin qədirbilənlik nümunəsi olan fikirləri eşidəndə mən Türk dünyasının iki böyük liderinin bütün bədxahlarımıza göz dağı olan deyimlərini xatırladım. Birinci, müharibənin ilk günlərində cənab Rəcəb Tayyib Ərdoğan Azərbaycanın haqq işini qınamaq istəyən ermənipərəst qüvvələrə xitabən demişdi ki, Azərbaycan tək deyil, biz onun yanındayıq.  İkinci, düşmənin diz çökdürülməsindən sonra, işğaldan azad edilmiş ərazilərimizin bərpasında Qazaxıstan, Özbəkistan, Qırğızıstan dövlətlərinin səmimiyyətlə iştirakını görən Azərbaycan Prezidenti İlham Əliyev dünyanın hər yerində eşidiləcək bir tərzdə bəyan etmişdi  ki, biz böyük türk ailəsinin üzvüyük və bizim türk ailəsindən başqa ailəmiz yoxdur.  Onun ardınca, sosial şəbəkələrdəki türk qardaşlarımızdan biri yazdı ki,  Bakı inkişafa doğru gedən Türk dünyasının əsas lokomotivlərindən birinə çevrilir. 

O ki qaldı oktyabrın ilk ongünlüyünün bütün Türk dünyası üçün əlamətdar tarix səhifəsi olmasına, fəxrlə deyə bilərik ki, 15 il əvvəl, oktyabrın bu günlərində Naxçıvanda ərsəyə gəlmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası bilavasitə Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsünün nəticəsi idi. İctimai-siyasi fəaliyyətinin bütün dövrlərində mütərəqqi, eyni zamanda, həlli mümkün olan təşəbbüslərlə çıxış etmiş İlham Əliyev təkcə Türk dünyasında və ya İslam aləmində deyil, bütün dünyada uğurlu siyasətçi kimi tanınır.  Elə TDƏŞ-in Türk Dövlətləri Təşkilatına çevrilməsi də məhz onun təşəbbüsü olmuşdur. 

Hamının yadındadır. Bu il iyulun 6-da Şuşada Türk Dövlətləri Təşkilatı dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə çıxış edən Prezident İlham Əliyev demişdi ki, TDT dünya miqyasında güc mərkəzlərinin birinə çevrilməlidir: “Biz böyük coğrafi məkanı əhatə edirik, üzv ölkələrdə müsbət demoqrafik dinamika müşahidə olunur, hərbi potensialımız döyüş meydanlarında özünü dəfələrlə göstərmişdir. Zəngin təbii resurslarımız, onların nəqli üçün müasir infrastruktur, Mərkəzi Asiyanı, Qafqazı Aralıq və Qara dəniz limanları ilə birləşdirən nəqliyyat dəhlizləri, zəngin və qədim tariximiz, mədəniyyətimiz bizim böyük sərvətimizdir. Xalqlarımızın ənənəvi dəyərlərə sadiqliyi və eyni etnik köklərə malik olmaları ölkələrimizi sıx birləşdirir. XXI əsr Türk dünyasının inkişafı əsri olmalıdır”.

Xatırladaq ki, cənab  Rəcəb Tayyib Ərdoğanla Azərbaycan Prezidenti İlham Əlityev Azərbaycan və Türkiyənin rəsmi müttəfiqliyinin əsasını qoyan Şuşa Bəyannaməsini 2021-ci il iyunun 15-də məhz Şuşada imzalamışdılar. TDT üzvü olan ölkələrin rəhbərləri də  Qarabağ Bəyannaməsini məhz  Şuşada – 2024-cü il iyulun 6-da imzaladılar. 

Onu da əlavə edək ki, türk dövlətlərinin rəhbərlərinin Azərbaycanın işğaldan azad edilmiş torpaqlarına səfərləri qardaşlıq həmrəyliyinin təzahürüdür. Türkiyə Prezidenti Şuşa, Füzuli, Zəngilan və Cəbrayıla, Özbəkistan və Qazaxıstan prezidentləri Şuşa və Füzuliyə, Qırğızıstan Prezidenti isə Füzuli və Ağdama səfərlər ediblər.

Bu gün artıq Türk Dövlətləri Təşkilatı kimi özünəməxsus nüfuz və güc qazanan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının təşkilinin 15-ci il dönümündə xatırlatmalıyıq ki, TDƏŞ 2009-cu il oktyabrın 3-də Naxçıvanda yaradılmışdır.  Çünki gənc müstəqil Azərbaycanın dostluq və  əməkdaşlıq  etdiyi ünvanlar arasında türkdilli dövlətlərlə münasibətlərin xüsusi çəkisi var. Sevindirici haldır ki, rəsmi Bakı türkdilli ölkələrin hamısı ilə dərin və səmərəli əməkdaşlıq etməklə yanaşı, bu dövlətlərin birliyi olan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) fəaliyyətində də kifayət qədər fəal iştirak edir və səmərəli təkliflərlə, təşəbbüslərlə birliyin perspektivinə öz töhfələrini verir. Təşkilatın təsisçiləri Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyədir.  Qeyd etmək vacibdir ki, məhz Naxçıvan Zirvə görüşü Türk dünyasının birgə tərəqqisi baxımından olduqca mühümdür. Çünki həmin görüşdən sonra Türk Akademiyası, Türk Əməkdaşlıq Şurası, Türk Miras Fondu, Türk Ağsaqqallar Şurası kimi təşkilatlar yaranmışdı.

Naxçıvan Zirvə görüşündə Azərbaycan Prezidenti İlham Əliyev sammiti  əlamətdar hadisə kimi dəyərləndirmiş və əmin olduğunu bildirmişdi ki, görüşün nəticələri faydalı olacaq, çox səmərəli işləyəcəyik və qəbul ediləcək qərarlar bizim birliyimizi daha da gücləndirəcəkdir. Türkdilli dövlətlər arasında əlaqələrin ikitərəfli formatda çox yüksək səviyyədə olduğunu məmnunluqla xatırladan Prezident İlham Əliyev əlavə etmişdi ki,  BMT-də, İslam Konfransı Təşkilatında, ATƏT-də və digər təşkilatlarda ölkələrimiz bir-birinə həmişə dəstək verir və bu, belə də olmalıdır: “Çünki, bizi müştərək tarix birləşdirir, tarixi-mədəni köklər birləşdirir”.

Xüsusilə vurğulanmalı məqamlardan biri də odur ki, bu  formatın  yaradılmasından əvvəl   türkdilli dövlətlər   Türk Şurası  adlı beynəlxalq qurum çərçivəsində əməkdaşlıq edirdilər.  Həmin şura  1992-ci ildən etibarən keçirilən türkdilli ölkələrin dövlət başçılarının zirvə görüşlərindən qaynaqlanan ümumi siyasi iradənin nəticəsi olaraq yaranmışdı.

Qurumun əsas məramları və hədəfləri bütün türk dövlətlərinin maraqlarını əhatə edir. Həmin maraqlara  daimi fəaliyyət göstərən katibliyi, Türk dünyasının ortaq əlifbasını, ortaq “Türk tarixi” kitabını və antologiyasını yaratmaq, türk ləhçələrinin qarşılıqlı lüğətini hazırlamaq, müştərək Türk Tarixi İnstitutunu təşkil etmək, Türk dünyasını bir-birinə bağlayacaq enerji siyasətini həyata keçirmək, İstanbul–Almatı dəmir yolu xətti layihəsini reallaşdırmaq və Türk dünyasının nəqliyyat şəbəkəsinə Bişkeki də qoşmaq, Bakı–Tbilisi–Qars dəmir yolunun inşasına dəstəyi artırmaq, İpək yolunun real olaraq canlandırılması, təhsil nazirlikləri və universitetlər arasında əməkdaşlığı ən yüksək səviyyəyə qaldırmaq, qarşılıqlı təqaüdlü tələbə və şagird mübadiləsini həyata keçirmək və sair daxildir. 

Bu qurumun beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq etmək istəyi də öz müsbət nəticələrini verməkdədir. Belə ki,  artıq İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, ATƏT, Qara Dəniz  İqtisadi Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsi, BMT, Ümumdünya Turizm Təşkilatı və digər instansiyalarla əlaqələr qurulmuşdur.

Bu il  iyulun 6-da Şuşada  imzalanmış “Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünün Qarabağ Bəyannaməsi” adlı sənəddə   Türk dünyasını regionda və dünyada sülh, təhlükəsizlik, sabitlik, inkişaf və tərəqqi ideyalarına sadiq olan türk xalqlarının ortaq etnik köklər, tarix, dil, mədəniyyət, ənənələr və dəyərlərinə söykənən ailə olduğunu hesab edərək, türk xalqlarının qitə miqyasında töhfələrini, qlobal siyasət, iqtisadiyyat və sivilizasiyaların inkişafında oynadığı rolu, bəşəriyyət tarixində siyasi, iqtisadi nailiyyətlərini nəzərə alaraq, birgə fəaliyyətin istiqamətləri göstərilir. 

O da əlavə edilir ki, tərəflər 2024-cü il noyabrın 11-22-də Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) evsahibliyi etməkdə Azərbaycan Respublikası hökumətinə uğurlar arzulayır və konvensiyanın tərəflərinin gözləntiləri əsasında COP29-un konkret nəticələrinin əldə edilməsində Azərbaycanın ardıcıl səylərini dəstəkləyirlər. 

Uğur olsun! Əminik ki, TDT-nin Turana gedən yoldakı daha böyük uğurları hələ qabaqdadır.

İttifaq MİRZƏBƏYLİ, 
Əməkdar jurnalist

 



Siyasət