Baş nazir Mişustinin Tehranda sərgilədiyi mövqedən bu qənaət hasil olur
İran Ermənistan və Azərbaycan arasında nəqliyyat kommunikasiyalarının, başqa sözlə desək, Zəngəzur dəhlizinin açılmasına qarşı çıxmaqda davam edir.
Azərbaycanın kommunikasiyaların açılmasının Ermənistanın ərazi bütövlüyünə hər hansı formada təhlükə törətməyəcəyini dəfələrlə ən yüksək səviyyədə bəyan etməsinə, hətta bir müddət öncə xoş məram nümayiş etdirərək bu məsələnin müzakirəsini sülh danışıqlarından sonraya saxlamasına baxmayaraq, rəsmi Tehran inadından əl çəkmir. İran Rusiya Prezidentinin, xarici işlər nazirinin, Təhlükəsizlik Şurası katibinin dəhlizin işə düşməsində maraqlı olduqlarına dair fikirlərinə də məhəl qoymur və kommunikasiyaların açılmasına israrla müqavimət göstərir.
Sentyabrın 30-da Rusiyanın baş naziri Mixail Mişustin İranda ilk rəsmi səfərdə oldu. O, Tehranda Prezident Məsud Pezeşkian tərəfindən qəbul edildi və ölkənin birinci vitse-prezidenti Məhəmməd Reza Areflə görüşdü.
Görüş zamanı birinci vitse-prezidentin verdiyi açıqlamalar Zəngəzur dəhlizi məsələsində Tehranın mövqeyində hər hansı dəyişiklik olmadığının göstəricisi hesab edilə bilər. İran rəsmisi M.Mişustinlə görüşdə yenə də köhnə bayatını təkrarladı. Dedi ki, regionun sərhədlərində və geosiyasətində istənilən dəyişiklik gərginliyə, bölgədən kənar aktorlar tərəfindən sui-istifadəyə səbəb olacaq. İran rəsmisi bildirdi ki, Zəngəzur dəhlizi və Şimal–Cənub dəhlizi ilə bağlı məsələlər ətrafında daha çox müzakirələr aparılmalıdır: “Biz dostumuz Rusiya Federasiyası ilə bütün sahələrdə regional əməkdaşlığın gücləndirilməsinin zəruriliyini vurğulayırıq. Hətta, məsələn, Fars körfəzindəki İran adaları, Zəngəzur nəqliyyat dəhlizi kimi mübahisəli (?) mövzularda da rus dostlarla işləmək lazımdır. Biz vurğulayırıq ki, sərhədlərdə istənilən dəyişiklik qeyri-sabitliyə gətirib çıxaracaq və qeyri-regional güclərin sui-istifadəsinə yol açacaq”.
M.Mişustin isə bildirdi ki, Rusiya ilə İran arasında münasibətlər çoxəsrlik tarixə malikdir və dostluq, mehriban qonşuluq və qarşılıqlı hörmət prinsiplərinə əsaslanır: “Rusiya tərəfi əməkdaşlığımızı daha yüksək səviyyəyə çıxarmaqda və ona yeni məzmun verməkdə səmimi şəkildə maraqlıdır. Bu qərar bizim liderlərimiz tərəfindən qəbul olunub. Biz logistika və nəqliyyat infrastrukturunu ən perspektivli sahə hesab edirik – Rusiya və İran həm Xəzər regionunda, həm də Avrasiyada böyük tranzit potensialına malikdir. Biz beynəlxalq dəhlizləri fəal şəkildə inkişaf etdiririk. Şimal–Cənub nəqliyyat dəhlizi Rusiyanın Baltik və Şimal dənizlərindəki limanlarını Fars körfəzi və Hind okeanı sahillərindəki İran limanları ilə birləşdirir və Avrasiyanın bütün dövlətlərinin Asiya–Sakit okean regionunun və Afrikanın sürətlə inkişaf edən bazarlarına birbaşa çıxışını təmin edir”.
Göründüyü kimi, Rusiya Baş naziri də görüş zamanı ölkəsinin mövqeyini fəal şəkildə müdafiə edib. Baş nazirin çıxışından Moskvanın da dəhlizlər məsələsindəki mövqeyində hər hansı dəyişiklik olmadığını aydın müşahidə etmək mümkündür. Hər zaman 2500 illik dövlətçilik tarixinə malik olması ilə öyünən İran indi siyasi mədəniyyət nümayiş etdirməli, nəqliyyat kommunikasiyaları ilə bağlı əsassız mövqeyindən geri çəkilməlidir.
Bu çərçivədə İranın birinci vitse-prezidentinin dünən İrəvana bir günlük səfər etməsi diqqəti cəlb edir. Məhəmməd Reza Arefin səfəri Avrasiya İqtisadi İttifaqı Hökumətlərarası Şurasının genişləndirilmiş iclasında iştirak etmək məqsədi daşıyıb. Birinci vitse-prezident hələ Tehranda olarkən bildirib ki, İrəvana səfəri zamanı ölkəsinin Avrasiya İqtisadi İttifaqına üzvlüyü ilə bağlı niyyətini ifadə edəcək. Qeyd edib ki, həm qonşu, həm də region ölkələri ilə əlaqələrin inkişaf etdirilməsi rəsmi Tehran üçün prioritetdir. İranın yüksək vəzifəli şəxsinin sözlərinə görə, ölkəsinin həm BRICS, həm də Şanxay Əməkdaşlıq Təşkilatına üzvlük prosesi yekunlaşıb.
Qeyd edək ki, Avrasiya İqtisadi İttifaqı 2015-ci il yanvarın 1-dən fəaliyyət göstərən beynəlxalq inteqrasiya iqtisadi birliyidir. İttifaqın üzvləri Rusiya, Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstandır. Bu mənada Məhəmməd Reza Aref birliyin hökumət başçılarının iclasında Ermənistanın baş naziri Nikol Paşinyanın dəvəti ilə, xüsusi qonaq kimi iştirak edib. Birinci vitse-prezident iclasda çıxış edib, bəzi ölkələrin hökumət başçıları ilə görüşüb. Keçən ilin dekabrında isə Sankt-Peterburq şəhərində keçirilən Avrasiya İqtisadi İttifaqının sammiti zamanı birliklə İran arasında azad ticarət zonası haqqında saziş imzalanıb.
Yeri gəlmişkən, iclasda Ermənistan baş naziri də çıxış edərək kommunikasiyaların açılması məsələsi barədə danışıb. Deyib ki, Ermənistan öz ərazisində kommunikasiyalardan istifadə edərkən suverenliyini məhdudlaşdırmağa heç vaxt razı olmayıb. Onun sözlərinə görə, ölkəsi “Sülhün kəsişməsi” layihəsi (?) çərçivəsində yüklərin, nəqliyyat vasitələrinin və insanların təhlükəsizliyini təmin etməyə tam hazırdır. Paşinyan bildirib ki, Ermənistanın öz ərazisində kommunikasiyaların təhlükəsizliyinin təmin edilməsində üçüncü ölkələrin iştirakına razılıq verdiyi barədə bütün iddialar faktların təhrifidir: “Qeyd etmək istərdim ki, Ermənistanın nə vaxtsa regional kommunikasiyalar məsələsində öz suverenliyini məhdudlaşdırmağa razı olduğu barədə bəyanatlar tamamilə həqiqətəuyğun deyil. Bu, heç vaxt baş verməyib və faktların açıq-aşkar təhrifidir. Ermənistanın yüklərin, nəqliyyat vasitələrinin və insanların təhlükəsizliyini təmin etməklə bağlı açıq-aşkar öhdəliyi var. Biz bu öhdəliyin yerinə yetirilməsinə zəmanət veririk”.
N.Paşinyanın bu açıqlaması 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatı onun yadına salmağa vadar edir. Bəyanatda açıq-aydın yazılıb ki, Ermənistan vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycanın qərb rayonları və Naxçıvan arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidməti orqanlarının həyata keçirəcəkləri də sənəddə qeyd olunub. Bu bənd Ermənistanın suveren hüquqlarını məhdudlaşdırmasa da, hər halda, nəzarət məsələsini üçüncü ölkə, yəni, Rusiya həyata keçirməlidir. Azərbaycandan onun ayrılmaz tərkib hissəsi olan Naxçıvana gedən yolda erməni sərhədçiləri yoxlama aparmamalıdırlar. Eyni zamanda, Azərbaycan vətəndaşları bu yoldan istifadə edən zaman gömrük yoxlanışına məruz qalmamalıdır.
Azərbaycan isə Ermənistandan fərqli olaraq, regionda nəqliyyat kommunikasiyalarının inkişafı istiqamətində əməli addımlar atır. Azərbaycan və Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələrin II iqtisadi forumunda çıxışı zamanı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Şahin İsmayılov deyib ki, ölkəmiz Rəşt–Astara dəmir yolu xəttinin tezliklə açılmasında maraqlıdır. O bildirib ki, Şimal–Cənub nəqliyyat dəhlizinin tam gücü ilə işləməsi üçün Sumqayıt–Yalama və Ələt–Astara dəmir yolu xəttinin yenidən qurulması önəmlidir: “Dəhlizin tamamlanması üçün İran ərazisində 167 kilometrlik Rəşt–Astara dəmir yolu layihəsi var. Bu layihənin tezliklə tamamlanmasında maraqlıyıq. Bu dəmir yolu xətti bizim Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələrə daşımalarımızın artmasında çox böyük rol oynayacaq. Gördüyümüz işlər Azərbaycanın regional tranzit potensialının artırılmasına yönəlib”.
Mövzu üzrə fikirlərini “XQ” ilə bölüşən Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktoru, politoloq Fərhad Məmmədov bildirdi ki, İran Şərq-Qərb vektorunda Ermənistandan hər hansı yolun keçməsində maraqlı deyil. Buna görə də Zəngəzur dəhlizi ilə bağlı çox məntiqsiz və əsassız iddialar ortaya qoyur: “Guya, bu dəhliz İranın yollarını bağlayacaq və sair. Azərbaycan Ermənistanla nəqliyyat kommunikasiyalarının açılması məsələsini sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında ikitərəfli saziş layihəsindən çıxardıqdan, bu məsələnin müzakirəsini gələcəyə saxladıqdan sonra İran sakitləşdi. Lakin bu dövrdə artıq Rusiya ortaya düşdü. Moskva üçtərəfli bəyanatın bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpasını nəzərdə tutan 9-cu bəndinin aktuallığını yada saldı. Bundan sonra İranla Rusiya arasında bu məsələ ətrafında gərginlik yarandı. Nəzərə almaq lazımdır ki, İran və Rusiya 25 illik dövrü əhatə edən hərtərəfli strateji tərəfdaşlıq haqqında sazişin imzalanması ərəfəsindədirlər. Rusiya Federasiya Şurasının beynəlxalq əlaqələr komitəsi sədrinin birinci müavini Vladimir Cabarov bugünlərdə bildirib ki, saziş prezident Məsud Pezeşkianın oktyabrın 22-24-də Kazanda keçiriləcək BRICS sammitində iştirakı çərçivəsində təsdiqlənə bilər. Ancaq bu məsələ, yəni Zəngəzur dəhlizinin hələ də açılmaması Rusiya–İran münasibətlərində problem yaradır”.
F.Məmmədovun sözlərinə görə, eyni zamanda, nəzərə almaq lazımdır ki, İranda yeni hakimiyyət formalaşıb. İlk gündən kəskin şəkildə Zəngəzur dəhlizinə qarşı çıxan mühafizəkarlar öz yerlərini islahatçılara veriblər. Yeni hakimiyyət Zəngəzur dəhlizinə qarşı çıxan qruplara alternativ təklif formalaşdırmalıdır: “Burada Rusiyadan da gözləntilər var. Rusiya Baş naziri İrəvandan öncə İranda oldu. Moskva Tehranın mövqeyini yumşaltmağa, həm İran, həm də Ermənistan üzərindən nəqliyyat dəhlizlərinin keçməsini təmin etməyə çalışır. Lakin Rusiya istəyir ki, burada özünün rolu olsun”.
Müsahibimiz bildirdi ki, nəqliyyat kommunikasiyalarının açılması Ermənistan–Azərbaycan məsələsidir, eyni zamanda, son zamanlar Rusiya–İran məsələsinə çevrilib: “Ermənistan buna görə ilk növbədə baş nazir Nikol Paşinyana və onun həyata keçirdiyi siyasətə “borcludur”. Onun yürütdüyü siyasətin nəticəsidir ki, Ermənistan ərazisindən keçən nəqliyyat-kommunikasiya xətlərini Rusiya və İran müzakirə edir. Bu onu göstərir ki, Ermənistan hələ də beynəlxalq hüququn bir subyekti kimi mövqelərini möhkəmləndirə bilməyib”.
F.Məmmədovun fikrincə, İranın Avrasiya İqtisadi İttifaqı ilə əlaqələri keyfiyyətcə yeni mərhələyə qədəm qoysa, Rusiya–İran münasibətləri belə bir formaya salınsa, Moskva Zəngəzur dəhlizi məsələsində də Tehranın mövqeyinin dəyişməsinə çalışacaq. Politoloq düşünür ki, həm İrəvanda keçirilən Avrasiya İqtisadi İttifaqı Hökumətlərarası Şurasının iclası, daha çox isə Kazanda keçiriləcək BRICS ölkələrinin dövlət başçılarının görüşü bu istiqamətdə irəliləyişə nail olmaq üçün mühüm platforma ola bilər. Çünki Kazan sammitində birbaşa dövlət başçıları iştirak edəcəklər. Sammitdə regionda nəqliyyat dəhlizlərinin açılması məsələsi də ciddi şəkildə müzakirə olunacaq.
Səxavət HƏMİD
XQ