Ermənistan xatirinə dəyərlərdən imtina?

post-img

Rusiya baş nazirinin Ermənistandakı çıxışına sözardı

Rusiya baş naziri Mixail Mişustinin Avrasiya İqtisadi İttifaqı (Aİİ) hökumət başçılarının İrəvanda keçirilən iclasında bildirdikləri maraqlıdır. Bu qeydlərimizdə onun nələrdən danışdığına diqqət yetirəcəyik.

İndi Mişustin elə məqamlardan söz açıb ki, Rusiyanın bu şəxsin bildirdiklərini hansı potensialla həyata keçirəcəyi şübhə doğrurur. Həm də ona görə şübhə doğurur ki, Kremlin hakim rol oynadığı təşkilatda Ermənistan da təmsil olunur. O Ermənistan ki, hazırda iqtisadi baxımdan Rusiyadan asılı olsa da, Qərbin anti-Moskva tədbirlərində fəal iştirak edir. Daha dəqiq desək, rəsmi İrəvan hazırda Qərbin Rusiya əleyhinə cəbhəsinin Cənubi Qafqaz səngərində başlıca rol oynayır. Yeri gəlmişkən, Qərbpərəst Ermənistan hazırda Moskvanın patronajlığı altındakı Aİİ-yə sədrliyi də yerinə yetirməkdədir.

Beləliklə, M.Mişustin bildirib ki, Aİİ-də təmsil olunan ölkələr rəqəmsal sahədə öz inkişaflarına güvənməlidirlər, dost olmayan ölkələrin xidmətlərindən istifadə qurum çərçivəsindəki inteqrasiya prosesləri üçün çətinliklər yarada bilər. Əlbəttə, bir yandan baxanda Rusiya baş nazirinin dediklərində haqlı məqamlar var. Belə ki, Aİİ özünün rəqəmsal təhlükəsizliyini təmin etməlidir. Ancaq mövcud xüsusda Moskva bir məqamı nəzərə almır. Məsələ ondadır ki, Aİİ-yə üzv Ermənistan Rusiyanın Qərbin sanksiyaları altında olan mallarının üçüncü ölkələrə idxalının gerçəkləşdirməklə yanaşı, həmin ölkələrdən Rusiyaya lazım olan malların çatdırılmasını təmin etməklə də qazanır. O malların ki, onların Rusiyaya verilməsi Qərbin nöqteyi-nəzərincə yolverilməzdir.

Yada salaq ki, bir müddət öncə Ermənistanın Rusiyanın hərbi sənayesi baxımından vacib olan elektron məhsulların çatdırılması ilə məşğul olduğuna dair məlumatlar yayılmışdı. Söhbət mikroçiplərdən və digər bu kimi mallardan gedirdi. Deməli, Mişustinin Aİİ-nin texnoloji müstəqilliyini təmin etmək ritorikası indilik yuxu kimi bir şeydir. Çünki həm Ermənistana “qazanma” demək mümkünsüzdür, həm də Ermənistan qazanmasa, Rusiya heç nə edə bilməyəcək. Ona görə Mişustinin texnologiyanın iqtisadiyyata, sosial sahəyə və dövlət idarəçiliyinə daxilolma sürətini qorumaq və artırmaq vəzifəsinin icrası baxımından dilə gətirdikləri indinin söhbəti ola bilməz. Onun sistemli vəzifələrin icrası naminə “yalnız öz inkişafımıza və innovasiyalarımıza etibar etməliyik” şəklindəki fikirləri də həmçinin.

M.Mişustin çıxışında onu da bildirib ki, Aİİ üzvlərinin rəqəmsal suverenlikdən imtinası, Avrasiya məkanında rəqəmsal transformasiyanın uyğunlaşdırılması proseslərinin cilovlanmaması, eləcə də ittifaqın bir sıra təmsilçilərinin Rusiyaya dost olmayan ölkələrin qərarlarını ehtiyatsız yerinə yetirmələri ticari və inzibati maneələrin yaranmasına gətirib çıxarır. Bu meyil isə inteqrasiyanın əsaslarını sarsıtmaq potensialına malikdir. Aydındır ki, mesaj təkcə Ermənistana verilmir. Ancaq rusiyalı rəsminin bildirdiklərinin İrəvana xitab motivi aktualdır. Axı əvvəldə bildirdiyimiz kimi, hazırda Rusiyaya dost olmayan ölkələrin buyruğu ilə oturub-duran Ermənistandır. O Ermənistan ki, Qərbə sadiqlik ruhunu Moskvanın hakim rol oynadığı, özünün də üzvü olduğu təşkilatlardakı pozuculuq fəaliyyəti ilə göstərməkdədir. Söhbət İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı əleyhinə demarşlarından gedir.

Məlumdur ki, İrəvan KTMT-nin fəaliyyətini boykot etməklə, qurumu gözdən salmaqla, ona inamı və etibarı yerə vurmaqla məşğuldur. Doğrudur, Ermənistan, hələlik, özünün anti-Rusiya xəttinə Aİİ məsələsini əlavə etməyib. Ancaq ölkənin baş naziri Nikol Paşinyanın təşkilata yönəlik bəzi mesajları var. Məsələn, Nikol Ermənistanın Aİİ-yə rotasiya qaydasındakı sədrliyinin təsdiqləndiyi iclasda təxminən belə demişdi: Qurum yalnız iqtisadi məsələlər üzərinə köklənməli, siyasi məqamların onun işinə təsiri yolverilməzdir. Bu o demək idi ki, Ermənistan siyasi baxımdan Rusiyaya qarşı çıxacaq, ancaq ona iqtisadi planda heç bir təsir ola bilməz. Göründüyü kimi, ortada aşkar erməni həyasızlığı var...

M.Mişustin, eyni zamanda, deyib ki, Aİİ ölkələri özlərinin rəqabətqabiliyyətli rəqəmsal həllərinin istehsalını qurmalı və bir-birinin aparıcı texnologiya şirkətləri arasında əməkdaşlığı genişləndirməlidirlər. Rusiyanın baş naziri ölkəsinin artıq özünün yerli server platformaları və məlumat saxlama sistemlərinin yarıdan çoxu ilə təmin etdiyini diqqətə çatdırıb. “Biz onların tərkibində istifadə olunan rus elektron komponentlərinin payını ardıcıl olaraq artırırıq. İndi 4G və 5G şəbəkələri üçün Rusiyanın proqram təminatında baza stansiyalarının yaradılmasına başlayırıq”, – deyən Mişustinin Aİİ ölkələrini Rusiyanın texnologiya patronajlığı altına dəvət etdiyi diqqətdən yayınmır: “Ümumiyyətlə, Rusiya müasir texnologiyalara, rəqəmsal platformalara malikdir və bir sıra elektron cihazların istehsalını mənimsəyib. Burada biz alyans tərəfdaşlarımızı bu inkişaflara keçməyə, əlavə tələbat yaratmağa və rəqəmsal suverenliyimizi və birgə iqtisadiyyatımızı gücləndirməyə dəvət edirik. Rəqəmsal texnologiyalar üçün ümumi bazarımızı qeyri-regional şirkətlərdən daha fəal müdafiə etməli olduğumuz zamana çatmışıq”.

Belə bir deyim də vardır ki, avazın yaxşı gəlir, oxuduğun Quran olsa. Bir qədər əvvəl Ermənistanın Rusiya üçün, belə demək mümkünsə, “maklerliyinin” təzahür formalarından söz açdıq. Əlavə edək ki, hazırda Ermənistanın iqtisadi inkişafı məhz həmin “maklerliyin” hesabınadır ki, bu durum Moskvaya sərf etdiyi kimi, Qərbə də sərfəlidir. Ermənistan özünə qarşı sanksiyalardan yayınır, Qərb isə İrəvanın pul xərcləmədən ayaqda qalmasını təmin edir. Hələ ara-bir Ermənistanın inkişafını demokratik ab-havanın erməni xalqına gətirdiyi yüksək rifah dividendi ilə əsaslandıraraq, ucuz populizmə də güc verir. Ancaq reallıq ondadır ki, sabah Rusiyanın üzləşdiyi sanksiyalar aradan qalxsa, “erməni demokratiyasının” da qara günləri başlanacaq. Əlbəttə, üfiqdə belə bir gedişat görünmədiyindən, Rusiya-Ukrayna müharibəsi davam etdiyindən, İrəvan “maklerlikdən” fayda götürməkdədir.

Digər yandan, Aİİ, kifayət qədər, böyük platformadır. Əgər Mişustin bu platforma daxilində texnoloji asılılığın aradan qaldırılmasından danışırsa, gərək Rusiyanın mövcud istiqamətdə quruma üzv ölkələrə təklif edəcəyi nə isə olsun. Bəs nə isə varmı? Xeyr! Yəni, hələlik, Rusiya baş nazirinin təkcə öz ölkəsinin əldə etdiyi yarımçıq nailiyyətləri sadalayıb, başqa üzvləri də stimullaşdırması boş söz yığınından başqa bir şey deyil.

Ə.RÜSTƏMOV
XQ

Siyasət