İrəvanda “kölgə” yüksəlişi

post-img

Özgə mallarını Rusiyaya ötürmək statistikası

Prezident İlham Əliyev iyulun 20-də “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunda Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsinin son iki ildə 5 dəfə artaraq 1,5 milyard dollardan 7,3 milyard dollara çatdığını bildirərək bunun çox təəccüblü olduğunu söyləyib: “Maraqlıdır ki, Ermənistan nəyin hesabına öz ixracını bu qədər artıra bilib. Bu, necə deyərlər, ritorik sualdır. Ancaq bizim ticarət dövriyyəmiz son bir ildə, təxminən, 17 faiz artıb – 4 milyard 300 və ya 4 milyard 400-ə bərabər olub”. 

Ermənistan statistik göstəricilərini müəyyən vasitələrlə artıraraq müsbət formada təqdim etməklə, ilk növbədə, öz vətəndaşlarını aldadır. 2024-cü il üçün Cənubi Qafqazda adambaşına düşən büdcə xərcləri ilə bağlı statistik göstəricilərə görə, Ermənistanın adambaşına düşən büdcə xərclərində 2650 ABŞ dolları ilə ilk yerdə qərarlaşması da bunun bariz ifadəsidir. 

Ermənistanın maliyyə naziri Vahe ­Hovhannisyanın büdcə gəlirləri və xərcləri ilə bağlı açıqladığı rəqəmlər də, əslində, həqiqətdən uzaq göstəricilərdir. Belə ki, 2024-cü ildə Ermənistanın dövlət büdcəsinin gəlirləri indiki məzənnə ilə 6,7 milyard ABŞ dolları, xərclərinin isə 7,8 milyard ABŞ dolları olduğu bildirilir. Əhalinin sayı nəzərə alınsa,  adambaşına düşən gəlir, təxminən, 2,2 min ABŞ dolları, xərclər 2,6 min ABŞ dolları təşkil edir. Burada gəlirlər və xərclər arasında yaranan 400 ABŞ dolları fərqin isə ianələr, yardımlar və borclar hesabına qapadıldığı vurğulanır. Ümumiyyətlə, büdcə gəlirləri və xərclərinin nəyin hesabına formalaşması, hansı amillərə görə qeydə alınması maraqlıdır ki, bu ölkədə sirr kimi saxlanılır. 

Yeri gəlmişkən, Azərbaycanda bu məsələnin şəffaflığına xüsusi önəm verilir.   Məsələn, 2024-cü ilin dövlət büdcəsinin xərcləri 21,7 milyard ABŞ dolları, adambaşına düşən büdcə xərcləri isə 2165 - 2170 ABŞ dolları təşkil edir. Ölkəmizin büdcə gəlirləri birbaşa yerli fiskal mənbələr, yəni 100 faiz vergi, gömrük və s. daxili mənbələr hesabına formalaşır, heç bir xarici qrant, maliyyə institutlarından borc alınmır. Amma digər Cənubi Qafqazın iki ölkəsinin büdcəsi xarici maliyyə mənbələri, o cümlədən xarici borclar hesabına formalaşır. Alınan borclar büdcə xərclərində öz əksini tapır ki, bu da rəqəmlərin şişirdilməsi ilə nəticələnir.

Ekspertlər qeyd edirlər ki, istənilən ölkənin güclü iqtisadiyyatının olması üçün iki faktor əsas rol oynayır. Bunlardan biri təbii sərvətlər və əlverişli coğrafi mövqeyə malik olmaqdırsa, digəri isə ölkənin real sektorunun, bu istiqamətdə istehsal fəaliyyətinin ifadəsidir. 

Azərbaycanda aparılan islahatlar, yatırılan mühüm investisiyalar ölkə iqtisadiyyatını nəinki inkişaf etdirir, hətta dəyişən geosiyasi vəziyyətlərdən, qlobal böhranlardan qoruyur. Lakin Ermənistan iqtisadiyyatı sağlam təməllərə söykənmir. Ölkə təbii sərvətlər və kənd təsərrüfatı baxımdan məhdud imkanlara malikdir. Bu isə Ermənistanın təminetmə gücünü məhdudlaşdırır.  

Rusiyalı tanınmış ictimai xadim, siyasi ekspert Maksim Şevçenko bir neçə gün bundan əvvəl Rusiya–Ermənistan münasibətləri barədə danışarkən baş nazir Nikol Paşinyanın Moskvanın yox, Rusiyada müəyyən dairələrin maraqlarına xidmət etdiyini bildirib. Siyasi ekspert fikirlərini bir qədər də konkretləşdirərək Rusiyanın Ermənistanla yox, erməniliklə yaxşı münasibətləri olduğunu, ermənilərin hər zaman “stavka”ların artmasına və azalmasına oynadıqlarını qeyd edib. M.Şevçenko daha sonra diqqəti Azərbaycan Prezidentinin yuxarıda vurğuladığı fikrə yönəldərək dövlət başçımızın Ermənistanla Rusiya arasında ticarət dövriyyəsinin həcminin dəfələrlə artması ilə bağlı söylədiklərinin təsadüfi olmadığını, həqiqətə əsaslandığını bildirib. Rusiyalı tanınmış ictimai xadim deyib: “Burada söhbət Ermənistanın istehsal etdiyi məhsullardan getmir, məsələ Ermənistan ərazisində qeydiyyata alınan və daha sonra isə Rusiya ərazisinə gətirilən mallarla bağlıdır. Baxın, bu, məhz birbaşa erməni lobbisinin fəaliyyəti ilə reallaşır. Ermənistan bankları bu “oyunla” böyük pullar qazanır. Beləcə  iqtisadiyyat siyasəti formalaşdırır. Qarabağ klanının yerinə gələn yeni erməni lobbisi “boz sxem”ləri ilə Rusiyaya öz xidmətlərini təklif edir. Ermənilik məhz bunun üzərində qurulub”.

M.Şevçenko Ermənistanın Rusiya üçün heç bir əhəmiyyətinin olmadığını da vurğulayıb: “Ermənistan indi İrandan asılı vəziyyətdədir. Fikrimcə, onu Tehrana vermək lazımdır. Tehran Ermənistanın Fransa və ümumilikdə, Qərblə dialoquna məsul olmalıdır. Rusiya üçün Ermənistan sadəcə yükdür. Şimal-Cənub, Şərq-Qərb dəhlizləri Ermənistandan yan keçir. O zaman Ermənistanın nə strateji əhəmiyyəti qalır ki?! Ermənistan Cənubi Qafqazda sadəcə ağrılı nöqtədir. Aydındır ki, Moskvada kimsə bu ağrılı nöqtəni istismar etmək istəyir”.

Rusiyalı siyasi ekspertin  vurğuladığı kimi, erməni lobbisinin “boz sxem”ləri vasitəsilə  Ermənistanın ixracının davamlı artması faktı “Fitch Ratings” beynəlxalq reytinq agentliyinin hesabatında da vurğulanıb. Hesabatda Ermənistan iqtisadiyyatının hələ uzun müddət bu yolla Rusiyadan asılı qalacağı diqqətə çatdırılıb.  Belə ki, işğalçı ölkənin reytinqinin “BB-” səviyyəsində təsdiqləndiyi  “Fitch”in hesabatında Ermənistanın bu gün ticarət və enerji baxımından Rusiyadan asılı vəziyyətdə qaldığı bildirilib  və onun yaxın gələcəkdə də müstəqil dövlətin iqtisadi inkişafı üçün ciddi təhlükə sayılan bu asılılıqdan yaxa qurtarmaq imkanında olmayacağı proqnozlaşdırılıb.   

“Fitch”in cari il üçün Ermənistan iqtisadiyyatı ilə bağlı proqnozunda artımı şərtləndirən digər əsas amil kimi istehlak xərclərinin çoxalması göstərilib. Hesabatda bu, Rusiyadan Ermənistana gələn miqrantların, həmçinin Qarabağdan köçən etnik ermənilərin istehlak səviyyəsinin yüksəlməsi ilə əlaqələndirilib.  

Təhlilçilərin fikrincə, Ermənistanın xarici ticarətinin üçdə birindən çox hissəsinin Rusiyanın payına düşməsi faktının ölkədə xarici ticarətin diversifikasiyasının çox aşağı səviyyədə olmasından, yalnız bir ölkədən asılılığının isə perspektivdə sosial-iqtisadi təlatümlərin baş qaldıracağından xəbər verir.  

Ekspertlər bildirirlər ki, Ermənistan iqtisadiyyatı uzun illər ərzində əsasən  Rusiya və digər ölkələrdəki erməni diasporunun maliyyə vəsaitləri ilə formalaşıb. Şübhəsiz ki, bu maddi yardımlarla iqtisadi inkişafı gerçəkləşdirmək, qlobal layihələrdə iştirak etmək mümkün deyil. Əksinə, xaricdən asılılıq ölkənin rifahı və gələcəyi üçün əsas əngəllərdən birinə çevrilir. Vəziyyətin ən acınacaqlı tərəfi isə Ermənistanın iqtisadiyyatını əsaslı formada gücləndirmək əvəzinə, statistik göstəriciləri müəyyən vasitələrlə müsbət formada təqdim etməsi, bu rəqəmlərlə öz vətəndaşlarını aldatmasıdır.

Fikrət YUSİFOV, 
iqtisad elmləri doktoru, professor 

Ermənistan Amerika Birləşmiş Ştatları və Qərbin çoxsaylı sanksiyalarla idxalı Rusiyaya qadağan edilmiş malları və ilk növbədə,  bu ölkənin  hərbi sənayesinə hazırda, necə deyərlər, hava-su kimi lazım olan məhsulları elə həmin sanksiyaların tətbiqini  imzalayan ölkələrdən alıb öz ərazisinə gətirir və buradan başqa mal-məhsul adları ilə Rusiyaya ixracını həyata keçirir. Bununla da işğalçı dövlət Ukrayna – Rusiya  müharibəsində ikinciyə bənzəri olmayan bir qardaş xidməti göstərir. Rusiya öz hərbi sənayesi üçün zəruri olan bu məhsulların köməyi ilə Qərbin milyardlarla dollar həcmində maliyyə və hərbi yardımlar göstərdiyi Ukraynanın başına od yağdırır. Qərb isə bu əməllərinə görə, Ermənistanı cəzalandırmaq və sanksiyalar tətbiq etmək əvəzinə ona indiyə qədər göstərdiyi yardımların həcmini getdikcə artırır. Bu nə deməkdir? Bu qədər məntiqsizliyə, anlaşılmazlığa göz yummaqda  Qərbin məqsədi nədir? Biz bütün bunlardan sonra Qərbin ədalətinə, demokratiyasına necə inana bilərik?

İndi isə dediklərimizin təsdiqi üçün Ermənistan Dövlət Statistika Komitəsinin rəsmi saytından götürdüyümüz rəqəmlərə nəzər salaq. Baxın, əgər Rusiyanın Ukraynaya qarşı başladığı müharibədən öncəki 2021-ci ildə Ermənistanın xarici ticarət dövriyyəsi 8 milyard 362 milyon ABŞ dolları olmuşdusa, 2023-cü ildə bu rəqəm 254 faiz artaraq 21 milyard 310 milyon dollara çatıb,  cari ilin sonunda isə onun 4,2 dəfə (420 faiz) artaraq 35 milyard dollara yüksələcəyi gözlənilir.  

Xatırladaq ki, nefti, qazı və digər enerji ehtiyatları olmayan, 2020-ci ildə isə böyük hərbi və digər resursların itirilməsi ilə nəticələnən 44 günlük Vətən müharibəsindəki ağır məğlubiyyətlə üzləşmiş bu ölkənin xarici ticarət dövriyyəsi 2013-cü ildə cəmi 5 milyard 865 milyon ABŞ dolları səviyyəsində olub. Təsəvvür edirsinizmi, belə bir ölkənin xarici ticarət dövriyyəsi 2024-cü ildə 35 milyard dollara çatacaq, yəni 10 ildən bir qədər artıq zaman kəsiyində 6 dəfəyə qədər artacaq! Bu, təbii ki, Ermənistan kimi bir ölkə üçün real ola bilməyən fantastik bir göstəricidir. Bunu mümkün edən isə dediyimiz kimi, Rusiya – Ukrayna müharibəsində Rusiyaya xaricdən idxalı qadağan olunmuş mal və məhsulları öz ərazisi üzərindən daşımaqla göstərilən “ayı xidmətidir”. 

İdxal- ixracı Rusiya – Ukrayna müharibəsi başlayandan Ermənistanın Rusiyaya ixracının sürətlə böyüyən həcmi bu illər ərzində necə dəyişib? 2021-ci ildə, yəni müharibə başlayandan bir il öncə  Ermənistandan Rusiyaya cəmi 840 milyon dollarlıq məhsul ixrac edilib. İki il sonra, yəni 2023-cü ildə bu rəqəm 4,2 dəfə böyüyərək 3 milyard 540 milyon dollardan çox olub. Ermənistandan Rusiyaya ixracın həcmi bu il də sürətlə artmaqdadır və biz cari ilin yekunlarına görə, daha böyük göstəricilərin şahidi olacağıq. 

Bir anlıq təsəvvür etmək belə mümkün deyil ki, əgər Azərbaycan Rusiyaya belə bir dəstək versəydi nələr baş verərdi? Şübhəsiz ki, Qərb Azərbaycana amansız sanksiyalar tətbiq edərdi. Bəs indi Qərb Ermənistanın bu əməllərini niyə görmür?  

Vaqif BAYRAMOV

XQ

 

 



Siyasət