Başqa yol yoxdur!
Hazırda Ermənistanla Azərbaycan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında ikitərəfli saziş layihəsinin müzakirəsi aparılır. Tərəflərin son açıqlamalarından bu qənaətə gəlmək olar ki, layihənin böyük bir hissəsi razılaşdırılıb. Ancaq Ermənistanda və bir sıra xarici ölkələrdə, o cümlədən, ABŞ və Fransada radikal düşüncəli şəxslər, revanşistlər bir an boş dayanmırlar. Aydın görünür ki, nə 44 günlük Vətən müharibəsi, nə də lokal xarakterli antiterror tədbirləri onlara dərs olmayıb.
Bu şəxslər ölkəmizə qarşı bir sıra əsassız tələblər səsləndirirlər. Bir neçə gün öncə onların sırasına daha biri əlavə olunub. ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü, Konqresdəki bədnam erməni qrupu sədrinin müavini Adam Şiff özü kimi ermənipərəst konqresmenlərlə birlikdə sentyabrın 18-də 2024-cü il üçün “Artsax gəlirlərinin bərpası aktı”nın qəbul edilməsinə dair təklif irəli sürüb.
Şiff və həmfikirləri Azərbaycanın suveren aktivlərinə sahib olan bütün ABŞ maliyyə institutlarından bu aktivlər barədə ABŞ Xəzinədarlığının Xarici Aktivlərə Nəzarət Ofisinə məlumat verilməsini tələb ediblər. Qanunun qəbulundan sonra 60 gün ərzində ABŞ Prezidenti bu aktivlərlə aparılan əməliyyatları bloklamalı, blokdan sonra isə 90 gün ərzində onlara həbs qoymalıdır. Layihədə “Artsax gəlirlərinin bərpası fondu”nun yaradılması nəzərdə tutulub. Bu fond Azərbaycanın müsadirə edilmiş aktivlərini alacaq və daha sonra həmin vəsaitləri Azərbaycanın “hərbi hücumu” nəticəsində əmlakını, biznesini və iş yerlərini itirmiş “Artsaxdan didərgin düşmüş” ermənilərə kompensasiya vermək üçün istifadə edəcək. ABŞ-dəki şəxsi aktivləri ələ keçirmək və “Artsaxa hərbi hücumda” iştirak etmiş və ya dəstək vermiş yüksək rütbəli Azərbaycan nümayəndələrinə və onların yaxın ailə üzvlərinə viza məhdudiyyətləri tətbiq etmək də layihədə yer alıb. Həmçinin “köçkün ermənilərin” fonddan təzminat almaq üçün müraciət etməsinə imkan verən sadələşdirilmiş prosesin yaradılması təklif olunub.
“Artsax gəlirlərinin bərpası aktı”nı Frank Pallone, Anna Eşo, Set Maqaziner, Ceyms Makqovern, Qreys Napolitano, Linda Sançez, Dina Titus kimi erməni sevdalısı konqresmenlər, ümumilikdə, 18 konqresmen dəstəkləyib. Onların böyük əksəriyyəti A.Şiff kimi Demokratlar Partiyasının üzvüdür. Təbii ki, bu, konqresmenlərin özfəaliyyətinin nəticəsi deyil, onlar Co Bayden Administrasiyasının təlimatları əsasında bu təşəbbüsləri irəli sürürlər. Yəni bu oyunların arxasında Bayden administrasiyası dayanır.
ABŞ-dəki ermənipərəstlərin və onlara Ermənistanda dəstəvuz verənlərin bu davranışı qarşısında biz də torpaqlarımızı 30 il işğal altında saxlayan və həmin ərazilərdə, sözün əsl mənasında, ağır cinayətlər törədən bir ölkədən təzminat tələb etməliyik. Bu cinayətlərə mülki infrastrukturun məqsədyönlü şəkildə kütləvi miqyasda dağıdılması (urbisid), mədəni irsin dağıdılması, saxtalaşdırılması və talan edilməsi (kultursid), ətraf mühitə və biomüxtəlifliyə sağalmaz yaralar vurulması (ekosid), mülki əhalimizə, girov və ya əsir götürülmüş vətəndaşlarımıza münasibətdə törədilən əməllər, ərazilərimizin minalarla kütləvi şəkildə çirkləndirilməsi və sair mənfur əməllər daxildir. Bəli, rəsmi İrəvan bu əməllərinə görə cavab verməlidir!
Qeyd edək ki, Prezident İlham Əliyev hələ 2022-ci il mayın 4-də bildirmişdir ki, biz indi bütün hüquqi prosedurlara start vermişik: “Mən bu haqda Azərbaycan ictimaiyyətini məlumatlandırmışdım. Bir cinayət də cavabsız qalmayacaq. Birincisi, biz dəymiş bütün ziyanı hesablayırıq, bütün şəhər və kəndlərimizin pasportlaşdırılması prosesi gedir. Hər bir binanın, yaxud da ki, o binadan qalan dağıntıların video-foto çəkilişi aparılır. Bu, sübutdur və biz beynəlxalq məhkəmələrə də müraciət etmək əzmindəyik, hazırlıq işləri gedir. Həmçinin Vejnəli (Zəngilan rayonu ərazisində yerləşir–S.H.) qızıl yatağının xarici vətəndaşlar tərəfindən, o cümlədən erməni əsilli xarici vətəndaşlar tərəfindən qanunsuz istismar edilməsi onlara baha başa gələcək. Biz o adamların adlarını bilirik. Biz onları dünya qarşısında ifşa edəcəyik və bizə təzminat ödəyəcəklər. Vurulmuş ziyanın təzminatını mütləq ödəyəcəklər”.
Əlbəttə, konkret rəqəm söyləmək çətindir, amma işğal dövründə ölkəmizə yüz milyardlarla dollar dəyərində ziyan vurulduğu dəqiqdir. Bu gün Azərbaycan dövləti işğaldan azad olunmuş əraziləri yenidən qurur. Proses böyük maliyyə vəsaiti tələb edir. Prezident İlham Əliyev sentyabrın 23-də yeddinci çağırış Milli Məclisin ilk iclasında bildirdi ki, müharibədən sonra bu ilin sonuna qədər xərclənməyə nəzərdə tutulan vəsait 19 milyard manatdır. Biz bütün bu işləri öz hesabımıza edirik. Bu günə qədər bizə bərpa işlərində köməklik edən qardaş Özbəkistan və Qazaxıstan olublar. Onların dəstəyi ilə Füzuli şəhərində məktəb və uşaqların yaradıcılıq mərkəzi inşa edilib və hazırda Qırğızıstan da Ağdam rayonunda məktəb inşası ilə məşğuldur. Vəssalam! Dünyanın bir çox donor təşkilatları var, ancaq onlar bu işə biganədirlər. İndi “Artsax gəlirlərinin bərpası aktı” layihəsini irəli sürənlərin qarşısına biz də təzminat tələbi ilə çıxmalıyıq. Buyurun, etdiyiniz əməllərə görə cavab verin!
Digər tərəfdən, beynəlxalq hüquqda yer almış müddəalar onu tələb edir ki, işğalçı dövlət buna görə məsuliyyət daşımalıdır. XX əsrdə nasist Almaniyasının Polşaya qarşı törətdiyi əməllərə görə 1,3 trilyon avro kompensasiya ödənilib. İraqın Küveyti işğal etməsinə görə BMT tərəfindən müvafiq komissiya yaradılıb və zərər müəyyən edilib. BMT Təhlükəsizlik Şurasının 687 saylı qərarı ilə İraq Küveytə qarşı təzminat ödəməyə məcbur edilib. Ermənistan da nasist Almaniyasının və əvvəlki İraq hökumətinin yürütdüyü siyasətə bənzər siyasət yürüdüb. İndi isə bunun, necə deyərlər, hesabını ödəməlidir.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu mövzu ilə bağlı XQ-yə açıqlamasında bildirdi ki, hazırda bizim əsas məqsədimiz sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında ikitərəfli saziş layihəsinin imzalanmasıdır. Onun sözlərinə görə, layihənin imzalanması üçün əsas tələbimiz qüvvəsində qalmaqdadır. Bu tələb Ermənistan konstitusiyasından Azərbaycana ərazi iddialarını özündə ehtiva edən müstəqillik bəyannaməsinə istinadın çıxarılması, başqa sözlə, əsas qanunun dəyişdirilməsidir: “Biz bu istiqamətdə rəsmi səviyyədə çıxışlarımızı edir, beynəlxalq ictimaiyyətə mesajlarımızı göndəririk. Əlbəttə, təzminat məsələsi də əhəmiyyətlidir. Çünki ermənilər 30 illik işğal dövründə şəhər və rayonlarımızı, kənd və qəsəbələrimizi, infrastruktur obyektlərimizi, bütün tikililəri, bir sözlə, hər yeri və hər şeyi darmadağın ediblər. Bu, ölkəmizə yüz milyardlarla dollar dəyərində ziyan vurulması deməkdir. Odur ki, biz bu məsələni də qaldırmalıyıq. Amma bu proses paralel getməlidir”.
E.Şahinoğlu qeyd etdi ki, hazırda ABŞ Konqresində erməni separatizminə dəstək verən yanaşmalar var. Əslində isə bu, Ermənistan hakimiyyətinin maraqlarına ziddir: “Məsələn, Nikol Paşinyan və onun komandasına daxil olan şəxslər separatçıların adlarını da çəkmir, onlara dəstək istiqamətində heç bir fikir söyləmir. Amma biz Fransadan, ABŞ-dən daha qızışdırıcı açıqlamalar eşidirik. Deməli, onlara da xatırlatmalıyıq ki, bizim daha böyük tələblərimiz var. Elə götürək təzminat məsələsini. Biz bu məsələnin təbliğatını da gücləndirməliyik. Dağıdılan yaşayış məntəqələrinin, evlərin, iaşə obyektlərinin, müəssisələrin keçmiş və indiki durumunun müqayisəli foto-video görüntülərini yaymalıyıq. Bəlkə də bununla bağlı beynəlxalq aləmdə konfranslara da ehtiyac var. Amma bu, sülh prosesinə mane olmamalıdır”.
Müsahibimiz bildirdi ki, təzminatın torpaq formasında ödənilməsi məsələsi bu məsələnin müzakirəsi zamanı gündəmə gətirilə bilər. Onun sözlərinə görə, Ermənistanın indiki vəziyyətdə bizə təzminat ödəmək iqtidarında olmadığı aydındır. Amma bu mövzunu gündəmdə saxlamaqla biz həm Ermənistana, həm də beynəlxalq ictimaiyyətə mesaj göndərmiş olarıq ki, erməni separatizminə dəstəyiniz, Azərbaycana qarşı təxribatçı siyasətiniz davam edərsə, bizim də əlimizdə güclü arqumentlər var. Əlbəttə, bu o demək deyil ki, biz mütləq istədiyimizə nail olacağıq. Amma hər bir halda təzminat məsələsi əlimizdə güclü siyasi və diplomatik vasitədir. İşğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzuru özümüz bərpa edirik. Bu məqsədlə özümüz pul xərcləyirik. Amma biz ərazilərimizin dağıdılmasına görə yüz milyardlarla dollar zərərə uğramışıq. İşğal dövründə ərazilərimizə minaların basdırılması insan tələfatı ilə yanaşı, həmin yerlərdə kənd təsərrüfatı ilə məşğul olmağa imkan vermir.
Politoloq bu məsələlərin hər zaman qaldırılmalı olduğunu vurğuladı. Qeyd etdi ki, reallıqdan çıxış etsək, prosesdə nəticə əldə etmək çox çətindir. Amma təzminat məsələsi bizə qarşı təxribatçı siyasət yürüdənlərə qarşı əlimizdə güclü alətə çevrilməlidir.
Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov isə bildirib ki, hazırda sülh sazişi ilə bağlı danışıqlar aparılır. Daha sonra konkret mövzularda danışıqlar davam etdiriləcək: “Humanitar məsələlərin müzakirəsi zamanı müxtəlif məsələlər öz həllini tapmalıdır. Bunlardan birincisi siyasi məsuliyyətdir. Yəni münaqişə baş verib və burada siyasi məsuliyyəti kim daşıyır? Bu, mütləq çərçivə sazişində əksini tapmalıdır. Ona görə ki, Ermənistan dövlət olaraq Azərbaycana qarşı rəsmən ərazi iddiaları irəli sürüb, torpaqlarımızı işğal edib, ərazimizdə etnik təmizləmə aparılıb, dağıntılara yol verilib, dövlətimizə, insanlarımıza ziyan dəyib. Danışıqlar yolu ilə Ermənistan dövlət olaraq öz məsuliyyətini qəbul edərək Azərbaycana təzminat verə bilər. Məsələn, Almaniya faşizmə görə məsuliyyəti üzərinə götürüb, dövlət olaraq müxtəlif ölkələrə, insanlara təzminat ödəyib. Təzminat ödənişi prosesi yaxın vaxtlara qədər davam edib”.
Sabiq nazir qeyd edib ki, əgər İrəvan danışıqlar yolu ilə təzminat ödəməyi qəbul etməsə, Azərbaycan dövləti Ermənistanı beynəlxalq məhkəməyə verə bilər: “Eyni zamanda, Azərbaycan vətəndaşlarının da hüquqları var ki, işğal nəticəsində onlara dəymiş ziyanla bağlı müxtəlif məhkəmə instansiyalarına müraciət etsinlər. Beləliklə, bunu sübut edərək Ermənistan dövlətindən dəymiş ziyanın ödənilməsini tələb edə bilərlər”.
T.Zülfüqarov nəzərə çatdırıb ki, əgər birbaşa danışıqlar olarsa, ərazi kompensasiyası da daxil olmaqla, müxtəlif qərarlar qəbul oluna bilər: “Təzminat məsələsi beynəlxalq məhkəmələr vasitəsilə həllini tapacaqsa, digər variantlar mümkün olmayacaq. Yəni beynəlxalq məhkəmələr yalnız hansısa məbləğdə təzminatla bağlı qərar qəbul edə bilər. Əgər təzminat məbləğinin ödənişi mümkün olmayacaqsa, ikinci mərhələdə Ermənistan müxtəlif variantları təklif edə bilər. Başqa sözlə, Ermənistan görsə ki, tələb olunan təzminat məbləği böyükdür, danışıqlar vasitəsilə torpaq kompensasiyası gündəmə gələ bilər. Beynəlxalq təcrübədə ərazi məsələsi ilə əlaqədar danışıqlar olub. Məsələn, vaxtilə Çin SSRİ-yə hansısa torpaqları dəyişmək təklifi verirdi. Yəni beynəlxalq təcrübədə belə hallar var. Amma öncə bu mövzu gündəmə gətirilməlidir”.
Səxavət HƏMİD
XQ