Bu ilin yazında Ermənistan uzun illər işğal altında saxladığı Qazax rayonunun dörd kəndini danışıqlar yolu ilə geri qaytardı. Bundan sonra erməni apostol kilsəsi Tavuş yeparxiyasının rəhbəri, arxiyepiskop Baqrat Qalstanyan “Vətən naminə Tavuş” adlı hərəkat yaradaraq İrəvana doğru yürüş etdi. Onun məqsədi ölkədə qarışıqlıq yaratmaq, hazırkı iqtidarı devirərək İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanla aparılan danışıqlarda əldə olunmuş bütün razılaşmaları ləğv etmək idi.
Yaz aylarında keçirdiyi etiraz aksiyaları kifayət qədər dəstək qazanmasa da, Baqrat yenidən meydana çıxmağa hazırlaşır. O, sentyabrın 23-də İrəvandakı idman-konsert kompleksində tərəfdarları ilə görüş keçirib. Görüşdə çıxış edən keşiş mübarizənin yeni mərhələsinin başlandığını bildirib. Ancaq görüşə qatılanların sayının çox az olması diqqəti cəlb edir. İdman-konsert kompleksindən çəkilən foto-video kadrlar bunu aşkar surətdə ortaya qoyur.
Dünən sosial şəbəkə hesablarında canlı yayım açan keşiş mübarizənin bərpası və kompleksdəki son görüş barədə danışıb. “Biz bu mübarizəni birbaşa aparan fəal iştirakçılarımızla mitinq formatında görüş keçirmək istəmədik. Biz zal variantında mübarizənin bütün məqsədlərini və yollarını təsvir etmək istədik. Amma bu o demək deyil ki, bizim bundan sonrakı bütün mübarizəmiz yalnız zallarda keçəcək” – deyən Qalstanyan oktyabrın 2-dən mübarizənin yeni mərhələsinin başlanacağının anonsunu verib. Bu o deməkdir ki, Baqratın tərəfdarları yenidən paytaxt İrəvanda və ölkənin digər şəhər və rayonlarında qarışıqlıq salmağa, yolları bağlamağa, həyat ritmini pozmağa çalışacaqlar. Keşiş yaz aylarında istədikləri nəticəni əldə edə bilmədikləri üçün ümidsizləşən etirazçıları ruhlandırmaq üçün deyib: “Bu, qələbə və işıq dövrü, bizim inadkar, yorulmaz, ardıcıl mübarizəmizin carçısı olacaq. Oktyabrın 2-də, saat 18:30-da “Respublika” meydanında olacağıq. Bizim gələcək bütün fəaliyyətimiz həmin gün başlanacaq”.
Keşiş yaz aylarındakı bütün hərəkətlərini, onlara mane və ya məqsədlərinə çatmağa əngəl olan metodları müzakirə etdiklərini də bildirib. O, bu aksiyanın partiya ideologiyası ilə məhdudlaşmadığını, ixtilaflardan asılı olmayaraq hər kəsin mübarizəsi olduğunu deyib: “Bu, bəziləri üçün siyasi prosesdirsə, mənim üçün həyatdır. Çoxları mübarizənin heç bir planının olmadığını deyir, lakin bizim planımız yalnız birdir: Şəri aradan qaldırmaq! Planı olanlar gəlsinlər və onu həyata keçirsinlər. Bu mübarizə hər kəsə məxsusdur”.
Ancaq hakimiyyət də boş-bekar oturmur. İstər parlamentdəki hakim “Mülki müqavilə” fraksiyasının üzvləri, istərsə də nazirlər, baş nazirə yaxın olan media resursları müxalifətin ittihamlarını cavabsız qoymurlar. Eyni zamanda, iqtidar növbəti seçkilərdə yenidən etimad qazanmaq üçün vətəndaşlara yönəlik bir sıra jestlər edir. Baş nazir tez-tez ölkənin müxtəlif vilayətlərinə, şəhər və kəndlərinə yollanır. Bu səfərlər zamanı Nikol insanların gündəlik qayğıları ilə maraqlanır. Bütün bunların növbəti seçkilərdə yenidən xalqdan mandat almağa hesablandığı heç kimdə şübhə doğurmur.
Qeyd edək ki, Ermənistanda növbəti parlament seçkiləri 2026-cı ildə keçiriləcək. “Joxovurd” qəzetinin yazdığına görə, iqtidar partiyasının üzvləri son illərdə üzləşdikləri bir sıra təhlükəsizlk problemləri fonunda reytinqlərinin kəskin şəkildə aşağı düşməsindən əndişələnirlər. Onlar növbəti seçkilər zamanı problemlərlə üzləşəcəklərindən və hətta, baş nazir seçmək üçün tələb olunan sayda mandat qazana bilməyəcəklərindən ciddi narahatlıq keçirirlər. Lakin Paşinyan onları sakitləşdirərək 2026-cı ildə hakimiyyətdə qalacaqlarını bildirib. O, tərəfdarlarını əmin edib ki, növbəti parlament seçkilərində heç bir maneə olmadan qalib gələcəklər. Yalnız texniki və təşkilati məsələlər həllini tapmalıdır.
Qəzet mövzunu inkişaf etdirərək yazır ki, Paşinyan, hətta, tərəfdarlarını 2031-ci il seçkiləri haqqında düşünməyə çağırıb. Ancaq “Mülki müqavilə”dən olan deputat Armen Xaçatryan Paşinyanla görüşlərdə belə bir mövzunun müzakirə olunmadığını bildirib: “Biz seçkinin nəticələrinə yalnız səslər sayıldıqdan sonra əmin ola bilərik. Bu, istənilən seçkiyə aiddir, hətta seçkilərə bir saat qalmış belə əminliyin olması düzgün deyil”.
Eyni zamanda, qeyd etmək lazımdır ki, Ermənistanı 20 il olmazın fəlakətlərə düçar etmiş Qarabağ klanı da yenidən ortalığa atılmaq üçün fürsət gözləyir. Onlar hər vəchlə Paşinyanın iqtidardan getməsi üçün çalışırlar. İqtidar komandasının üzvləri isə Koçaryan–Sarkisyan dövründə yol verilmiş qanunsuzluqları, talançılığı faktlarla ifşa edirlər. İqtisadiyyat naziri Gevorq Papoyan sentyabrın 26-da hökumətin iclasından sonra keçirilən brifinqdə jurnalistlərə deyib: “Məhz keçmiş hakimiyyətin apardığı siyasətin nəticəsidir ki, Ermənistan blokadaya alınıb və bu gün də təcriddə qalmağa davam edir. Məhz həmin siyasətin nəticəsidir ki, Ermənistan 30 ildir iqtisadi cəhətdən inkişaf etməyib. Onların zamanında ölkədə 10-15 oliqarx var idi, ölkənin qalan vətəndaşları isə yoxsulluq içində yaşayırdılar”.
Bir neçə gün öncə Nyu-Yorkda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla N.Paşinyan arasında keçirilən görüş, qardaş ölkənin dövlət başçısının Paşinyana müəllifi olduğu kitabı bağışlaması və Nikolun kitabı sinəsinə basması da Ermənistanda müxalifətin tənqid hədəfinə çevrilib. Görüşün Nyu-Yorkdakı Türk evində baş tutması müxalifəti daha da qəzəbləndirib.
G.Papoyan isə Paşinyanın Ərdoğanla görüşməsini və ondan hədiyyə şəklində kitab almasını düzgün addım hesab etdiyini bildirib. Əlavə edib ki, rəsmi İrəvan tərəfindən atılan bütün addımlar regionda sülhün bərqərar olmasına və iqtisadi rifahın təmin olunmasına yönəlib. “Bəs siz nə təklif edirsiniz? Ermənistan öz qonşuları ilə diplomatik əlaqələr qurmasın və öz siyasəti ilə yeni problemlər və düşmənçilik yaratsın?” – deyə nazir Qarabağ klanına yaxınlığı ilə seçilən jurnalistlərin suallarından hiddətlənib.
Tarixçi və türkoloq, Ermənistan Elmlər Akademiyasının akademiki Ruben Safrastyan isə son proseslərlə bağlı olaraq deyib ki, Türkiyə 2028-ci ilədək Zəngəzur dəhlizinin açılmasına nail olmağı hədəfləyir. Onun fikrincə, bu məsələ Türkiyə Prezidenti və Ermənistan baş naziri arasında ABŞ-də keçirilən görüşdə müzakirə edilib: “Təsadüfi deyil ki, Paşinyan dəhlizlə bağlı “Sülhün kəsişməsi” layihəsindən danışdı. Yəqin Ərdoğan bu məsələni qaldıranda o da söyləyib ki, “baxın, bizim də belə bir planımız var, biz bütün yolların açılmasını istəyirik”. Fikrimcə, indiki mərhələdə bu məsələ Türkiyə üçün ikinci dərəcəlidir. Çünki Türkiyənin dəmir yolu sistemini Azərbaycanın Naxçıvan bölgəsi ilə birləşdirməli olan hissə hələlik tikilməyib. Söhbət 240 kilometrlik xətdən gedir. Türkiyənin nəqliyyat naziri Abdulkadir Uraloğlu açıqlamışdı ki, tikinti 2028-ci ildə başa çatdırılmalıdır. Yəni, Türkiyənin 2028-ci ilə qədər vaxtı var. Hesab edirəm ki, Türkiyə o vaxtadək Ermənistana təzyiqlərini (?) davam etdirəcək”.
R.Safrastyan daha sonra deyib: “Ərdoğan onu da vurğuladı ki, əgər Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalasa, biz də münasibətləri tənzimləyəcəyik. Mən də düşünürəm ki, Ermənistan–Türkiyə münasibətlərinin normallaşması Azərbaycanla münasibətlərin qurulmasından asılıdır. Azərbaycanla razılaşma bunun üçün ilkin şərtdir. Zəngəzur dəhlizini isə onsuz da alacaqlar”. Safrastyanın fikrincə, Ərdoğan bu görüşlə həm də dünyaya və ABŞ-yə Türkiyənin Cənubi Qafqazda lider mövqedə olduğunu nümayiş etdirib.
“Armenian Report” isə yazır ki, Qarabağ klanından “qidalanan” mediada və teleqram kanallarında qorxu və həyəcan hökm sürür. Bu yaxınlarda ölkənin baş prokurorluğu üçüncü prezident S.Sarkisyanın bəraət hökmündən korrupsiyaya qarşı mübarizə məhkəməsinə apellyasiya şikayəti verib. İş istintaqın aparılması üçün yenidən məhkəməyə göndərilib: “Öz qidalandırıcılarını itirmək qorxusundan və ikinci və üçüncü prezidentlərin kabinetlərindəki kuratorlarının təhrikindən irəli gələn bir sıra media orqanları və blogerlər prokurorluğun və məhkəmənin qərarları ilə bağlı əsl isteriya yaradırlar. Təbii ki, indiki hakimiyyətə qarşı ittihamlar yağır. Onlar qeyd edirlər ki, prokurorluq və məhkəmə Paşinyanın birbaşa göstərişi ilə hərəkət edirlər”.
Yazıda qeyd edilib ki, 2018-ci il seçkiləri Koçaryan–Sarkisyan rejiminin böyük uğursuzluğu idi. 2021-ci il seçkilərində isə onlar, hətta, iki fərqli blokla seçkilərə getsələr də, parlamentdə çoxluq əldə edə bilmədilər: “O dövrün necə bir zaman olduğunu hamımız xatırlayırıq. Amma xalq yenə də Paşinyana səs verdi. Sadəcə, ona görə ki, keçmiş hakimiyyətə qarşı nifrət səngiməyib. Gələn həftə sonu parlamentə yeni seçkilər keçirilsə, Paşinyan yenə qalib gələcək. Heç kim repressiya dövrünə qayıtmaq, heç kim Ermənistanın Rusiyanın marionetinə çevrilməsini istəmir”.
Sayt qeyd edib ki, Qarabağ klanını müdafiə edən bəzi şəxslərin arqumentləri əsassızdır. “Aydındır ki, onlar çörəkpulu qazanırlar və ağalarının əmrlərini yerinə yetirirlər. Amma həm də ağıllı işləməlisən ki, heç olmasa, sənə gülməsinlər” – deyə bildirilib.
Göründüyü kimi, Ermənistanda qarşılıqlı ittihamlar, bir-birini kəskin tənqid etmək səngimir. Qarşılıqlı ittihamların siyasi proseslərin aktiv fazaya daxil olduğu payız mövsümündə daha da qızışacağı gözlənilir.
Səxavət HƏMİD
XQ