Azərbaycanın iqtisadi inkişaf modeli dünyanı heyran edir

post-img

Prezident İlham Əliyev sentyabrın 26-da keçirilən iqtisadi məsələlərə həsr olunmuş müşavirədəki çıxışında ilin əvvəlindən iqtisadi inkişafın gözlənilən səviyyədə olduğunu, bu müddətdə uğurlu sosial-iqtisadi göstəricilər əldə edildiyini və belə bir irəliləyişin gerçəkləşəcəyinə əminliyi hələ cari ilin əvvəlində vurğuladığını bildirib.

Dövlər başçısı qeyd edib ki, ilin əvvəlində bu ilin iqtisadi sahədə uğurlu olub-olmaması haqqında danışanda tam əmin idi ki, bu il iqtisadiyyatımız üçün uğurlu olacaq:

“İlin əvvəlindən əldə edilmiş nəticələr və iqtisadi göstəricilər mənim sözlərimi təsdiqləyir. İqtisadi artım 4,3 faiz təşkil edib. Bugünkü dünyada gedən prosesləri təhlil edərkən və ümumiyyətlə, geosiyasi vəziyyətə nəzər saldıqda deyə bilərəm ki, bu, çox müsbət göstəricidir”.

Bəs bu iqtisadi uğuru hansı amillər şərtləndirir? Sualın cavabı, ilk növbədə, iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı istiqamətində genişmiqyaslı islahatların gerçəkləşdirilməsi fonunda aydın görünür. Ölkə rəhbəri də çıxışında məhz bu cəhətləri qabardaraq qeyd edib ki, Azərbaycanın iqtisadi yüksəlişi bir çox ölkələrin iqtisadi inkişaf templərini üstələyir. Xüsusi əhəmiyyət daşıyan məqam isə ondan ibarətdir ki, respublikada qeyri-neft sektoru 7 faiz artıb. Bu da onu göstərir ki, ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində atılan addımlar və düşünülən islahatlar öz bəhrəsini verməkdədir.

Ölkədə davamlı iqtisadi uğurların əldə olunmasının ən mühüm şərtlərindən biri beynəlxaq təcrübədə özünü doğruldan prinsiplərin müəyyən plan və proqramlarda konkret ifadə edilərək reallaşdırılması ilə bağlıdır.

Məsələn, Azərbaycanın 2030-cu ilədək Milli Prioritetlərində və 2022–2026-cı illər üzrə sosial-iqtisadi inkişaf Strategiyasında qarşıya qoyulan vəzifələrə və sağlam prinsiplərə əsaslanmaqla gələcəkdə qeyri-neft ixracında daha yüksək göstəricilər əldə etmək, bununla da dünya iqtisadiyyatında respublikamızın mövqeyini gücləndirmək hədəflənir. Beynəlxalq təşkilatların keçirdikləri sorğuların nəticələri də bu məqsədin gerçəkləşəcəyi əminliyini möhkəmlədir.

Bu gün iqtisadi diversifikasiyada qeyri-neft sənayesinin innovativ üsullarla inkişafı və şaxələndirilməsi önəmli rol oynayır. İdxalı əvəz edən, yeni ixrac imkanları yaradan, eləcə də müasir texnologiyalara əsaslanan rəqabətqabiliyyətli istehsal və emal müəssisələrinin fəaliyyətə başlaması isə mövcud sahənin yeni mərhələyə daxil olmasını şərtləndirir.

Bu mərhələdə qeyri-neft sənayesinin inkişafı ölkəni karbohidrogen daşıyıcılarının hasilatı və ixracından əldə olunan gəlirlərdən, həmçinin daxili istehsalın və istehlak bazarının idxaldan asılılığını azaldır, ixracın şaxələnməsinə xidmət edir. Son illərdə respublikada yüzlərlə müasir qeyri-neft sənaye müəssisəsi, yeni istehsal sahələri və bölgələrdə sənaye parklarının yaradılması, daxili tələbatın ödənilməsində yerli məhsulların payının əhəmiyyətli dərəcədə artması da bu məsələnin reallaşmasında həlledici rola malikdir.

Azərbaycanda qeyri-neft sənaye sahələrinin yaradılmasına investisiya cəlbi üçün əlverişli biznes mühiti, coğrafi yerləşmə, müasir infrastruktur, hazırlıqlı peşəkar kadrlar, ixrac bazarları, qonşu ölkələrlə yaxşı işgüzar münasibətlər var. Müasir sənaye zonaları və aqroparkların təşəkkülü də belə demək mümkünsə, bu cür əlverişli mühitin məhsuludur. Bu istehsal sahələrində iş adamları üçün stimullaşdırıcı biznes və investisiya mühiti yaratmaq üçün dövlət tərəfindən müxtəlif dəstək tədbirləri mövcuddur, sahibkarlara təşkilati köməklə yanaşı, vergi və gömrük güzəştləri, eləcə də hazır infrastrukturla təminat təklif edilir.

Qeyri-neft sənaye sahələrində, məsələn, sənaye parklarında rezidentlər üçün dövlət vəsaiti hesabına müasir və geniş infrastruktur təchizatı “birbaşa qoşulma” (“Plug&Play”) prinsipi əsasında gerçəkləşdirilir. Dövlət vəsaiti hesabına yaradılan müasir infrastruktur iş adamlarına öz vəsaitlərini birbaşa layihəyə investisiya olaraq yönəltmələrinə imkan yaradır. Bütün bunlarla yanaşı, sənaye parklarında iş adamlarına müasir infrastrukturla təmin edilən torpaq sahələri, həmçinin hazır tiklilər isə uzunmüddətli icarəyə verilir.

Respublikada uğurlu iqtisadi göstəricilərin əldə edilməsində dövlətimizin başçısının rəhbərliyi ilə ardıcıl və sistemli surətdə həyata keçirilən sənayenin inkişafına dair Dövlət Proqramı da əhəmiyyətli rol oynayıb. Bu proqram şübhəsiz ki, ənənəvi sənaye sahələri ilə yanaşı, Azərbaycan iqtisadiyyatı üçün yeni olan kosmik, müdafiə, gəmiqayırma, alternativ enerji və digər sahələrin, həmçinin müasir istehsal infrastrukturuna malik sənaye zonalarının inkişafını sürətləndirib. Belə vəziyyət ölkənin ixrac qabiliyyətinin güclənməsinə, idxalı əvəz edən məhsulların istehsalının artırılmasına da əhəmiyyətli təsir göstərib.

Şübhəsiz ki, bu məsələdə qabaqcıl texnologiyalardan və idarəetmə təcrübəsindən səmərəli yararlanmaq böyük əhəmiyyətə malikdir. Bundan başqa, ölkədə hökm sürən siyasi və makroiqtisadi sabitlik, investorların hüquqlarının etibarlı qorunması, əlverişli coğrafi mövqe, zəngin təbii ehtiyatlar, yüksək ixtisaslı işçi qüvvəsi Azərbaycanı xarici sərmayələr üçün ən cəlbedici dövlətlərdən biri kimi tanıdır.

Qeyri-neft sənayesində məhsul istehsalının artımına iqtisadiyyatın rəqəmsallaşması ilə bağlı layihələrin uğurla reallaşdırılması da müsbət təsir göstərir. Rəqəmsallaşma respublikamızın investisiya cəlbediciliyini şərtləndirən mühüm amillərdən biri olduğu üçün investorlar tərəfindən bu sahəyə aid infrastrukturun qurulması, eləcə də elektron ticarətin inkişaf etdirilməsi daim diqqət mərkəzində saxlanılır. Məhz bunun nəticəsidir ki, Azərbaycanda təhlükəsiz rəqəmsal ödəniş həllərinin genişləndirilməsi, etibarlı logistik şəbəkələrin təkmilləşdirilməsi kimi güclü rəqəmsal infrastruktur yaradılmasına böyük maraq göstərilir və bu sahədə müsbət göstəricilər əldə olunur.

Yeri gəlmişkən, burada bir məqamı da xatırlatmaq istərdik. Belə ki, qeyri-neft sektorunun inkişafı heç də neft sənayesinin diqqətdən kənar saxlanılması anlamına gəlmir. Ona görə ki, müstəqillik dövründə bu sahədən əldə edilən maliyyə vəsaiti ilə respublikamızın sosial-iqtisadi həyatında böyük canlanma yaradılıb, ölkəmizin güclü, qüdrətli ordusu formalaşdırılıb, eləcə də müasir qeyri-neft sənayesinin əsası qoyulub. Belə bir uğur formulu isə neft-qaz təsərrüfatının inkişafının daim diqqətdə saxlanılmasını zəruri edib.

Dövlətimizin başçısının iqtisadi məsələlərə həsr olunmuş müşavirədə qeyd etdiyi sözlər də bunu təsdiqləyir: “Son illər ərzində xarici neft şirkətləri tərəfindən həyata keçirilən layihələrdə neftin hasilatı ildən-ilə azalırdı və bu da təbii olaraq bizim ümumi iqtisadi inkişaf templərimizə mənfi təsir göstərirdi və biz bu tənəzzülü qeyri-neft sektorunun inkişafı ilə tənzimləyirdik. Ancaq neft hasilatında buraxılmış nöqsanlar xarici neft şirkətləri ilə aparılan danışıqlar nəticəsində onların diqqətinə çatdırılmış və onlardan tələb edilmişdir ki, bu nöqsanlar aradan qaldırılsın, neft hasilatının sabitliyi təmin edilsin”.

Beləliklə, ölkə rəhbərinin vurğuladığı kimi, artıq son aylar ərzində bu istiqamətdə həyata keçirilən tədbirlərin nəticəsi bundan sonra heç bir əsası olmadan neft hasilatında tənəzzül yaşanmayacağına, neft-qaz sektorunda yeni layihələrin işlənməsi ilə yeni hasilat proqnozlarının özünü doğruldacağına, təbii qaz və neft kondensatı hasilatının çoxalacağına əsaslı ümidlər yaranıb.

Bütün bununla yanaşı, müşavirədə hazırda ölkəmizin əsas hədəfinin iqtisadiyyatı bundan sonra daha da şaxələndirmək və dayanıqlı inkişaf modelini təkmilləşdirmək olduğu bildirilib. Eyni zamanda, inflyasiyanın ilin əvvəlindən cəmi 1 faizdən bir qədər çox olması çox müsbət göstərici kimi dəyərləndirilib və ölkə qarşısında duran bir sıra ğnəmli vəzifələrin, ilk növbədə, hərbi sənaye kompleksinin inkişafının, Qarabağ və Şərqi Zəngəzurun bərpasının böyük maliyyə vəsaiti tələb etməsinə baxmayaraq, gələn il minimum əməkhaqqı və minimum pensiyanın artırılacağı da diqqətə çatdırılıb.

V.BAYRAMOV
XQ

Siyasət