BMT tribunasında növbəti erməni fiaskosu

post-img

İrəvanın sülh manipulyasiyalarında ənənəvi primitivlik

Qətiyyətlə demək olar ki, Ermənistan BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilmiş 79-cu sessiyasını anti-Azərbaycan və anti-sülh platformasına çevirə bildi. Ancaq, bir qədər fərqli, daha doğrusu, gizli formada.Məsələn, baş nazir Nikol Paşinyan mötəbər kürsüdəki çıxışında bildirdi ki, qonşulara qarşı hansısa ittihamlar səsləndirmək niyyətindən uzaqdır. Yəni, o, əvvəllər bu halın müşahidə edildiyini təsdiqlədi.

Nikol belə bir ritorikadan uzaq dursa da, onun yerinə Fransa prezidenti Emmanuel Makron ölkəmizə Ermənistanla münasibətlər müstəvisində tənqidlər yağdırdı. Nəzərə alaq ki, indiki durumda Azərbaycana yanaşma baxımından Fransa ilə Ermənistan arasında hansısa ciddi fərq yoxdur.

Digər tərəfdən, qonşulara qarşı ittiham yolu tutmadığını BMT platformasında bəyan edən Ermənistan rəhbəri elə təəssürat yaratdı ki, sanki, Azərbaycanla sülh bu gün-sabahın işidir, guya, hər şey razılaşdırılıb, heç bir problem yoxdur. Hətta, sırf Ermənistana tələb məsələsində qoyulmuş məsələlərin həllinə razılıq əlaməti olan eyhamlar da səsləndi. Götürək, Ermənistan qanunvericiliyindən qonşulara ərazi iddiasını nəzərdə tutan müddəaların çıxarılmasını və ATƏT-in Minsk qrupunun ləğvini. Ümumi pozitivlik müstəvisində elə rəy formalaşdı ki, sanki, Ermənistan bununla bağlı hansısa problem görmür. Ancaq məsələ adi söz olaraq qaldı, epizodik şəkildə deyildi və üzərindən keçildi. Halbuki, onun ölkəmiz üçün prinsipial əhəmiyyəti var.

Bəli, Paşinyanın və komandasının üzvlərinin BMT platformasında irəli sürdükləri bir başlıca tezis var idi – Ermənistan sülh üçün hər şeyə hazırdır. Görəsən, ölkə “Dünyanın kəsişməsi” təşəbbüsündən daşınmağa razıdırmı? Axı Paşinyan Nyu-Yorkda keçirdiyi, demək olar, bütün görüşlərində sülh yolundakı konkret maneəyə, rəsmi İrəvanın 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatla üzərinə götürdüyü öhdəlikdən boyun qaçırmasının cəfəng alətinə çevrilmiş bu avantüradan söz açdı, onu ehkamlaşdıraraq, sülhün başlıca komponenti halına gətirdi. Məsələn, Nikol istər BMT-nin Baş katibi Antoniu Quterreşlə, istərsə də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla təmasında “Dünyanın kəsişməsi”nin olmayan əhəmiyyətini vurğuladı. Hamı bilir ki, İrəvanın mövqeyi ölkəmizin Naxçıvana maneəsiz yol xüsusunda irəli sürdüyü “Zəngəzur dəhlizi” ideyasına zidd təmayüldür.

Elementar sual yaranır: Nə üçün 2020-ci ildən bu yana Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalanmayıb? Paşinyanın BMT optimizmi ona hesablanmışdı ki, bu suala cavabla əlaqədar təqsirkar obrazında rəsmi Bakı canlansın. Ortada, kifayət qədər, incə düşünülmüş oyun var idi. Yəni, Fransa Ermənistanın yerinə Azərbaycanı günahlandırır, ikinci, belə demək mümkünsə, məzlum “sülh göyərçini”nə, barış naminə alışıb-yanan tərəfə çevrilir. Belə bir durumda ABŞ vasitəçiliyinə, daha doğrusu, ölkənin Dövlət Departamentinin rəhbəri Antoni Blinkenin Azərbaycanın və Ermənistanın Xarici işlər nazirləri – Ceyhun Bayramovla, Ararat Mirzoyan arasında görüş təşəbbüsünə diqqət yetirək. Daha bir sual yaranır: Birləşmiş Ştatların vasitəçiliyə oxşar addımı hansı şəraitdə reallaşır? Ölkənin son zamanlar nümayiş etdirdiyi açıq ermənipərətlik xətti, Ermənistana hərbi müstəvidə dəstəklər, ölkənin, necə deyərlər, “düymələri yuxarıdan basılmış” konqresmenlərinin anti-Azərbaycan ritorikasını gücləndirmələri, onların Bakıya qarşı cəfəng mübarizə mexanizmləri irəli sürmələri günümüzün reallığıdır. Blinken isə Bayramovu və Mirzoyanı bir araya gətirir.

Hər halda, Azərbaycanın XİN rəhbəri görüşdən imtina edəcək deyildi. Amma Vaşinqtonun İrəvana haqqında söz açdığımız dəstək məntiqinin gücləndiyini və daha dərin məzmun daşıdığını düşünsək, belə qənaətə gəlmək mümkündür ki, Blinkenin şəxsində Birləşmiş Ştatlar administrasiyasının da məqsədi Azərbaycan və Ermənistan arasındakı sülh müqaviləsinin ən yaxın günlərdə imzalanacağına dair yalnız görüntü formalaşdırmaq idi. Keçmişin təcrübəsinə əsasən deyə bilərik ki, bu görüntüdə maraqlı olanların məqsədi barış mühitinin yaranmamasına, gərginliyin qalmasına görə Azərbaycanı günahlandırmaqdır. Nəzərə alaq ki, Blinken–Bayramov–Mirzoyan üçlü təmasının sülh xüsusunda heç bir real nəticəsi olmadı.

Nəticə amilindən söz düşmüşkən, Ermənistan xarici işlər nazirliyi sözügedən təmas barəsindəki məlumatında bildirib ki, tərəflər “Sülhün və dövlətlərarası münasibətlərin bərqərar edilməsi haqqında” sazişin tezliklə bağlanması üçün əlavə səylər göstərməyə razılaşıblar, görüşün təşkilinə görə ABŞ Dövlət Katibinə minnətdarlıqlarını bildiriblər.

Birləşmiş Ştatların Dövlət Departamentinin sözçüsü Metyu Miller də səbəbi bəlli olmayan pozitivliyə köklənən açıqlama yayıb. O bildirib ki, A.Blinken Ermənistanın və Azərbaycanın xarici işlər nazirləri A.Mirzoyan və C.Bayramov ilə üçtərəfli görüş zamanı sülh sazişinin regionda sabitliyi artıracağını deyib: “Dövlət katibi Blinken Ermənistan və Azərbaycanın davamlı və ləyaqətli sülh yolunda əldə etdiyi irəliləyişlərə görə hər iki nazirə təşəkkürünü bildirib və ölkələri tezliklə razılığa gəlmək istiqamətində irəliləyişə təşviq edib. Dövlət katibi vurğulayıb ki, sülh sazişi regionda sabitliyi və rifahı artıracaq”.

Bəli, Blinkeni bir mənada haqlı saymaq olar. Doğrudan da, sülh regionda sabitliyi və rifahı artıracaq. İndiki qeyri-müəyyənlik fonunda Ermənistanın sürətlə silahlanması isə gərginliyin güclənməsi deməkdir. Ən pisi odur ki, prosesə təkan verən ABŞ başda olmaqla, kollektiv Qərbdir. Mövcud durumda Ermənistanın BMT-dəki “sülh qaranquşluğu” missiyası həm də ölkənin silahlanması məsələsində reallaşdırdığı fəaliyyəti pərdələmək cəhdidir. Rəsmi İrəvanın, eyni zamanda, özünə xas barış manipulyasiyalarını sırf BMT müstəvisinə daşıdığı diqqətdən yayınmır. Məsələn, Azərbaycanla Ermənistan arasında sülhün nəinki mümkün, habelə onun əl içi qədər yaxın məsafədə olduğunu deyən baş nazir N.Paşinyan hər iki ölkənin bu il avqustun 30-da sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı birgə komissiyanın əsasnaməsini təsdiqlədiklərini bildirərək, əlavə edib ki, bu, tərəflərin imza atdıqları ilk ikitərəfli hüquqi sazişdir.

Nikolun sözlərinə görə, Bakının və İrəvanın bir-birinə qarşı ərazi iddiasının olmadığı de-yure təsdiqlənib, qarşıda duran vəzifə növbəti addımı atmaq, sülhün və dövlətlərarası münasibətlərin yaranması ilə əlaqədar sazişi imzalamaqdır. Paşinyanın diqqətə çatdıracağımız fikirlərinin üzərində isə xüsusi dayanmağa ehtiyac var: “Azərbaycan Prezidenti və mən dəfələrlə bildirmişik ki, sözügedən sazişin azı 80 faizi razılaşdırılıb. İndi bu tarixi şansdan istifadə etmək və hər cür dalan perspektivindən qaçmaq üçün Ermənistan Respublikası təklif edir ki, razılıqlı şəkildə sülh sazişi əldə olunsun, sonra başqa məsələlərlə bağlı danışıqlar davam etdirilsin”.

Azərbaycan məişətində işlədilən, müəyyən mənada, ritorik səslənən belə bir deyim var: Deməzsən aldatdım? Heç şübhəsiz, indi eyni sualı erməni hökumət rəhbərinə ünvanlamaq lazımdır. Çünki dövlətimizin başçısı Ermənistanın sülh spekulyasiyalarının davam etdiyini, ölkədən hər an təhlükə gələ biləcəyini də vurğulayıb. Yaxşı olar ki, Nikol sülhdən danışarkən, Prezident İlham Əliyevin ifadə etdiyi məqamı nəzərə alsın, ölkəsinin təhdid mahiyyətinin baş qaldırmayacağına dair konkret zəmanət versin. Yəni, sülhə konseptual yanaşmaq lazımdır, alayarımçıqlıq, necə deyərlər, örtülü bazardır. Örtülü bazar isə dostluğu pozur.

Başqa bir yandan, növbəti sual yaranır: Ermənistanın sürətlə silahlanmasını bir kənara qoyaq, necə olur ki, ölkənin parlamentində “Artsaxlıların işləri üzrə istintaq komissiyası” yaradılır və həmin qurumun formalaşdırılması ilə bağlı məlumatda “Artsax Respublikası” ifadəsi işlənir? Hələ bunlar da bildirilir: “Ermənistan Respublikasının konstitusiya qanununun 20-ci maddəsinin birinci hissəsinə əsasən, Ermənistan Milli Assambleyasının reqlamentinə uyğun olaraq, deputatların (dörddə birindən az olmamaqla) tələbi ilə Ermənistan Respublikasına zorakılıqla köçürülmüş Artsax respublikası sakinlərinin həyat fəaliyyətinin təşkili şərtlərini öyrənmək məqsədi ilə komissiya yaradılır”.

Bəli, Paşinyanın “Vətəndaş sazişi” partiyasının çoxluğa malik olduğu Ermənistan parlamenti aşkar təxribatla məşğuldur. Qurum, faktiki olaraq, ölkəmizə qarşı yenidən ərazi iddiası irəli sürür, yəni, məsələ bir daha rəsmi status qazanır. Nəticə etibarilə, ölkəmizin belə bir iddianın olmaması üçün qoyduğu Ermənistan konstitusiyasının və digər qanunvericilik aktlarının dəyişdirilməsi tələbi arxa plana atılır. Deməli, Paşinyan və komandasının üzvləri sülhün başlıca komponentindən yayınırlar. Belədə anlamaq olmur ki hansı sülh müqaviləsindən söhbət gedir.

Görünür, məhz bu qeyri-müəyyənliyə görədir ki, Azərbaycanın sabiq Xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov “Axar.az”a açıqlamasında bildirib ki, Ermənistan və Azərbaycan arasında davam edən danışıqlar çərçivəsində masada müzakirə edilən sülh yox, prinsiplər sazişidir. Politoloqun sözlərinə görə, gələcək sülh sazişinə aid tezislər orada öz əksini tapıb və bu sazişdə tərəflərin öhdəlikləri yoxdur. Prinsiplər əsasında yalnız gələcəkdə hansı danışıqların gedəcəyi təsbit olunub və sənəd qarşıdakı proseslərin bünövrəsidir: “Əgər o bünövrədə əsas məsələlər əksini tapmırsa, Ermənistan bizim prioritet olaraq gördüyümüz məqamları qəbul etmirsə, deməli, gələcək sülh prosesi də təhrif olunur. Yəni, gələcəkdə baş tutacaq danışıqlar lazımi istiqamətdə getməyəcək. Mübahisənin mənası ondan ibarətdir ki, Ermənistan bizə və Türkiyəyə qarşı ərazi iddiaları irəli sürür və bu iddialarından əl çəkmək istəmir. Paşinyan istəyir ki, hansısa yüngül versiyaya, mənasız bir sənədə qol çəksin. Təbii ki, Azərbaycan da bununla razılaşmır. Hamıya Ermənistanın Qarabağla bağlı bu və ya digər şəkildə olan maddələri heç bir şəkildə qəbul etmək istəmədiyi məlumdur. Digər tərəfdən, Ermənistan öz qanunvericiliyinə də dəyişiklik etmək, ərazi iddialarını çıxarmaq istəmir. Onların bu addımı məntiqə uymayan davranışdır və Ermənistanın əsl istəklərini ifşa edir. Belədirsə, gələcək sülh prosesi ilə bağlı danışıqlar da öz mənasını itirir”.

Sonda onu da vurğulayaq ki, BMT-nin Baş Assambleyasının 79-cu sessiyası Ermənistanın Azərbaycanla münasibətlər baxımından səmimiyyətdən tam uzaq düşdüyünün növbəti təsdiq meydanı oldu. Baş nazir N.Paşinyan bu platformanı özünün, mahiyyətcə, destruktiv yanaşması naminə, bir növ, sipərə çevirməyə cəhd göstərdi. Daha doğrusu, sipərə çevirdiyini zənn etdi. Əlbəttə, bu sayaq gedişlərin heç bir nəticəsi olmayacaq. Həm də ona görə ki, Azərbaycan dövləti həm prinsiplərinə sadiq və ardıcıldır, həm düzgün müəyyənləşdirilmiş xarici siyasət kursunda qətiyyətlidir, həm də Paşinyan və komandasının təmsilçilərinin hərəkətləri son dərəcə primitivdir. Bu primitivliyin isə Ermənistanı növbəti fiaskoya apardığı şübhəsizdir. Deməli, BMT tribunasından həmin fiaskonun ayaq səsləri eşidilir.

Ə.CAHANGİROĞLU
XQ

Siyasət