Ah, Amerika, Amerika...

post-img

Kamala xanım da trekə uydu

ABŞ-nin siyasi həyatı qaynayır. O mənada ki, Ağ Ev uğrunda gedən mübarizə özünün hərarətli mərhələsinə qədəm qoyur. İndi okeanın o tayında hər səsə görə vuruşurlar. İstər demokratlar, istərsə də respublikaçılar daha çox tərəfdar toplamaq məqsədilə vədlər kisəsinin ağzını açıblar. Co Bayden seçki marafonunu tərk etdikdən sonra meydana çıxarılan vitse-prezident Kamala Harris də amerikalıların rəğbətini qazanmaq üçün vədlər, ümidlər paylayır. Amma Kamala xanım uzun illərdir ABŞ-nin siyasi mühitində parazitlik edən erməni lobbisinin könlünü almaq üçün verdiyi vədin “barıtını” çox eləyib. Əlbəttə, seçki kampaniyası zamanı yürüdülən siyasət real siyasətin davamı olmur, çünki milli-korporasiya maraqlarını seçicilərə verilən vədlərdən üstün tutan ABŞ lideri hələ siyasi arenaya çıxmayıb. Odur ki, demokratların namizədinin ermənilərə göndərdiyi məktubu “seçici ovu” kampaniyasının tərkib hissəsi kimi nəzərdən keçirmək lazımdır.

Amma, sözsüz ki, xoş addım deyil. Kamala Harris də gözəl bilir ki, Ermənistan otuz il ərzində beynəlxalq qanunları heçə sayaraq Azərbaycan torpaqlarını işğal altında saxlayıb. İrəvan Vaşinqtonun da səs verib qəbul etdiyi BMT-nin dörd qətnaməsinin müddəalarını yerinə yetirməyərək başqa dövlətin ərazisində qanunsuz məskunlaşma aparıb, oyuncaq rejim yaradaraq Azərbaycanın təbii sərvətlərini vəhşicəsinə istismar edib. Bu istismar nəticəsində demokratların da önəm verdiyi ekologiyaya ciddi zərbə endirilib. Hələ biz erməni vandallarının işğal etdiyi ərazilərimizdə türk-müsəlman mədəniyyətinə qarşı göstərdikləri barbarlığı demirik. Tolerantlıq anlayışından məhrum ermənilərin İslam abidələrinə qarşı vəhşiliyi isə ayrı bir mövzudur. Bütün bunlar ABŞ siyasi elitasının üstündən sakitcə keçib getməyə çalışdığı həqiqətlərdir.

K.Harris məktubunda yazır ki, “Dağlıq Qarabağdan didərgin düşmüş ermənilərin sağ-salamat öz evlərinə qayıtmaq hüququ erməni xalqının ləyaqətinin və regionda sabitliyin bərpası üçün vacibdir”. Vitse-prezident xanım da postmüharibə reallıqları ilə barışmaq istəməyən erməni lobbisinə, eləcə də Ermənistandakı siyasi qüvvələrə yanlış mesaj göndərir. Halbuki regionda sabitliyi pozan məhz erməni separatçılığı olub, Azərbaycan beynəlxalq qanunlara uyğun ərazilərini separatçılardan təmizləyib və regionu “barıt çəlləyi”nə döndərmiş münaqişəyə son qoyub. K.Harrisin də üzdəniraq siyasi trekə düşərək regional sabitliyi ermənilərin evlərinə qayıtması ilə əlaqələndirməsi siyasi riyakarlıqdır və mövcud reallıqları təhrif etmək cəhdidir. Azərbaycan ərazi bütövlüyünü bərpa edib və Qarabağda yaşayan ermənilərə qarşı hər hansı bir qeyri-qanunu hərəkətə yol verməyib.

Məktubla tanış olduqdan sonra əmin olursan ki, Kamala xanım ermənilərə olan “məhəbbətinin” dozasını qaçırıb. O yazır: “Erməni-Amerika icmasının möhkəmliyi bizim kollektiv Amerika tariximizdə ilham mənbəyi olaraq qalır”. Ermənilər ilham mənbəyi? Harada? Amerikada? Axı əsrlər boyu böyük siyasi oyunlarda piyada rolunu oynayan, vaxtı gələndə ağalarını satan və bütün xalqlardan özünü üstün tutan ermənilərin o boyda Amerikanın tarixində hansı ilhamverici rolu olub? Aydındır ki, Qərbin bir çox ölkəsində, ilk növbədə ABŞ-də seçki kampaniyasında bol-bol vədlər verilir və onlardan çoxu sonradan yaxşıca “unudulur”. Amma səs üçün bu qədər bəlağətli təriflər yağdırmaq yersizdir, hətta biz deyərdik ki, təhlükəlidir. Niyə? Ona görə ki, dünyanın “ilk insanları”, “ilk xristianları”, “ilk sivilizasiyanın yaradıcıları” kimi xəstə tezisləri ilə hamını bezdirən ermənilər belə təriflərdən sonra amerikalara da yuxarıdan aşağı baxmağa başlayacaqlar. Axı, Kamala xanımın dediyi kimi, ermənilər Amerika birliyinin ilham mənbəyidir! Mənbədirsə, deməli, üstündür, oraların sahibi, ağasıdır.

Hələ bu harasıdır, məktubdakı digər cümləyə diqqət yetirin: “Ermənistanın və onun xalqının bizim hamımızı azadlıq və ədalət uğrunda mübarizəyə ruhlandıran zəngin tarixi var”. Biz azərbaycanlılar ermənilərin necə “zəngin tarixə” malik olduğunu gözəl bilirik. Qafqaza mənfur niyyətlərlə gətirilib yerləşdirilən, müsəlman türklərə qarşı terror aktları törədən və yaradıldığı gündən bu yana qonşulara ərazi iddiaları irəli sürən və hətta otuz illlik işğala “imza” atan bir xalqın “zəngin” tarixə malik olduğunu demək mümkündürmü? Təbii ki, Kamala xanım tarixçi deyil, erməni yaramazlıqlarını bilməyə bilər. Amma Amerikanın siyasi isteblişmenti də gözəl bilir ki, Osmanlı dönəmindən tutmuş postsovet dövrünədək ermənilərin siyasi fəaliyyəti regional inkişafa və demokratiyaya töhfə verməyib. Əksinə, Azərbaycanın qədim torpaqlarında yaradılan Ermənistan adlı qurama dövlət milyonlarla insanın gündəlik həyatına, gələcəyinə mənfi təsir göstərən siyasətin müəllifi olub.

Ermənistandan fərqli olaraq Azərbaycan heç zaman dosta, yoldaşa, qonşuya xəyanət etməyib. Hər zaman mehriban, qarşılıqlı hörmətə əsaslanan siyasət yürüdüb. Ölkədə dinlərarası harmoniya hökm sürür. Monoetnik Ermənistandan fərqli olaraq Azərbaycan çoxmillətli ölkədir. Bundan başqa, Azərbaycan dünyanın enerji təhlükəsizliyinə öz töhfələrini verir və bu proses uğurla davam edir. 11 sentyabr terror hadisələrindən sonra ABŞ-yə və onun müttəfiqlərinə hava-logistika məsələsində böyük yardım göstərib, Əfqanıstanda sülhün təminatında NATO-nun mühüm tərəfdaşlarından biri olub. Bütün bu önəmli faktların fonunda Ermənistanın addımları çox sönük görünür. İrəvan həmişə donorlara möhtac ölkə olub, nə Avropanın, nə də üzvü olduğu hərbi-siyasi birliklərin iqtisadi-hərbi potensialına töhfə verib. Bununla belə, ABŞ başda olmaqla Qərbin bəzi ölkələri geosiyasi ambisiyalarına görə alət olmağa alışmış Ermənistanı “demokratik ölkə” və ya “ədalət uğrunda mübarizə aparan dövlət” adlandırmağa üstünlük verirlər.

Nə etmək olar, Qərbin siyasəti belədir, maraqlarına uyğun davrananları əzizləyir, tərifləyirlər. Öz işləridir, nə qədər istəyirlər, təriflər paylasınlar. Amma tərifləri, ümid dolu məktubları ilə erməniləri çox da cuşa gətirməsinlər. İki əsrdir hərdəmxəyallardan bihuş olub hər cür rəzilliyə imza atmış Ermənistanı yeni avantüralara sürükləməsinlər. Ermənilərin dəstəklənməsi Azərbaycanın suverenliyinə azacıq da olsa təsir göstərərsə, Bakı vəziyyətə uyğun davranacaq. Ağ Evin sahibinin kimin seçilməyindən asılı olmayaraq Azərbaycan ancaq milli maraqlarına uyğun hərəkət edəcək, dosta dost, düşmənə – rəqibə layiqli cavabını verəcək.

S.ELAY
XQ

Siyasət