Ortaq əlifbadan ortaq universitetə

post-img

III məqalə

Elm və təhsil daim inkişafda olmalıdır.

Heydər ƏLİYEV,
Ümummilli lider

Ortaq ali təhsil

Belə qənaətə gəlinir ki, ortaq əlifba əsasında Ortaq Türk Universitetinin yara­dılması özlüyündə uzun sürən və çox say­da faktorların nəzərə alınmasını tələb edən prosesdir. Gənclərin vahid mədəni, mənəvi, əxlaqi və vətənpərvər məcraya yönləndiril­mələrinin fəlsəfi təhlili ayrıca bir vəzifədir. Bunun fonunda gənclərin ortaq “türk döv­ləti vətəndaşlığı” təsəvvürünə malik olma­ları sosial, siyasi, mənəvi-əxlaqi və ideoloji ilə yanaşı, hüquqi “ölçüsü” olan prosesdir. Nəzəri təsəvvürü mümkün olan bu məsələ­nin praktiki reallaşması sadə deyildir.

Gənclərin yüzillərdir formalaşmış ide­oloji stereotiplərdən əsaslı surətdə azad olmaları üçün davamlı işlər görmək lazım­dır. Ancaq bu, prosesin illərlə uzadılması anlamına gəlmir. Zaman baxımından çox qısa müddətdə onu həyata keçirmək olar. Məncə, hər şey bu istiqamətdə fəaliyyətin məntiqi, həcmi və qarşıya qoyulan məqsəd­lə bağlıdır.

Öncə, təbii ki, ibtidai və orta təhsildə ortaq əlifbanın öyrədilməsi gərəkdir. Tex­niki olaraq burada çətin məqam yoxdur. Xüsusilə, azərbaycanlı məktəblilər üçün 32 hərf “özünündür”, cəmi iki hərfə uşaqların alışdırılması heç bir çətinlik olmadan təd­ricən aşılana bilər. Lakin məsələyə hər bir türk dövləti kontekstində yanaşanda mey­dana bir sıra suallara cavab vermək ehtiya­cı çıxa bilər. Məsələn, Mərkəzi Asiya türk dövlətləri üçün uşaqlara “niyə 32 Azərbay­can əlifbasındakı hərflər” sualına cavab ak­tual ola bilər. 

Bununla yanaşı, tədrisdə yeni əlifba­dakı hərflər vasitəsi ilə artıq mövcud olan sözlərin düzgün yazılışı məsələsi aktuallaşa bilər. Sözlərdən cümlələrin, cümlələrdən mətnlərin yaradılması lazım gəlir. Bir sıra araşdırmaçı hesab edir ki, yeni əlifba yeni bədii dil formalaşdırmaya bilər. Bundan fərqli mövqe də istisna deyildir. 

Ancaq aydındır ki, yeni əlifbanın uğur­la tədrisə daxil edilməsi ciddi və ehtiyatlı yanaşma tələb edir. Onu da nəzərə alaq ki, indidən bir sıra xarici siyasətçilər türk xalqlarına “ağıl öyrətməyə” cəhdlər edirlər. Onlar həm prosesin uzun sürən olacağını, həm də “titul millətlər”in həmin gedişata necə reaksiya verəcəyini qabardırlar. Bun­ların fonunda “titul millət” ifadəsini təhrif edən media resursları da özünü göstərməyə başlayıblar. Bunların təhlili göstərir ki, kimlərisə, ilk növbədə “ortaq türklük” ifa­dəsinin mənası narahat edir. Və hər bəhanə ilə məhz bu ifadəni arxa plana atmağa me­yil göstərirlər. Məsələdən çıxış edərək “titul millət” ifadəsi ya inkar olunur, ya da toplu­mun ümumi etnik mənsubluğunun yayğın ifadəsi olaraq təqdim olunmağa çalışılır. 

Əslində isə müasir elmdə “titul millət” anlayışının izahı sadədir. Titul millət konk­ret ölkədə dövlətyaradan millətdir. Əgər söhbət türk dövlətlərinin cəmiyyətlərindən gedirsə, addan bəllidir ki, onların hər birin­də dövlətyaradıcı toplu türkdür. Cəmiyyət­də mövcud olan digər millətlərlə vəhdətdə türklər müasir mərhələdə ortaq kollektiv birgəyaşam üsulunu formalaşdırmışlar. Təcrübə göstərir ki, hər bir türk ölkəsində vətəndaşlar arasında dövlət tərəfindən həm fərdi, həm də kollektiv formada heç bir ay­rı-seçkilik yoxdur. Nümunə Azərbaycandır. 

Azərbaycan qədimdən bir neçə xalqın birgəyaşam məkanıdır. Burada multikultu­rallıq kənardan gətirilməmişdir, toplumun tarixi təkamülündə daxili şərtlərdən for­malaşmış və insanların həyat tərzində, dü­şüncəsində oturuşmuşdur. Həmin prosesdə aparıcı və formalaşdırıcı rolu türk etnosu oynamışdır. Buna görə də ümumi səviy­yədə “azərbaycanlılar” deyəndə türklər nəzərdə tutula bilər. Zira azərbaycançılıqda “azərbaycanlı” bizim ölkədə əsrlərlə yanaşı yaşayan bütün etnik mənsubları əhatə edir. Bu mənada “Azərbaycan türk dövlətidir” deyəndə bütövlükdə cəmiyyətin mənəvi, siyasi, mədəni mənsubluğu nəzərdə tutulur və həmin anlamda da “titulluq” bütün top­lumu əhatə edir. 

Burada “azərbaycanlı” olmağı “türk ol­mamaq” kimi təqdim etməyə çalışmaq və “titul millət” anlayışını həmin mənada iş­lətmək yolverilməzdir. Eyni məntiqlə digər türk dövlətləri də əsl mənada türk dövlətlə­ridirlər. Burada hansısa əlavə kriteriya ax­tarmaq və ya izah verməyə ehtiyac yoxdur. Eyni məntiqlə “ortaq türklük” etno-mədəni və ümummədəni aspektlərin sintezində an­laşılmalıdır. 

Ortaq bədii dil

Bu və buna bənzər sualların yaranması təbiidir. Çünki Əlifba yalnız rəmzlik çərçi­vəsində qalan bir hadisə deyildir. Əlifbanı ona görə tərtib edirlər ki, ünsiyyətin bütün səviyyə, forma və məzmununu ifadə etmək mümkün olsun, yazı mədəniyyətinin qay­dalarına uyğun ünsiyyət qurulsun, yaddaş­da nələrsə saxlansın və yazı kültürü cəmiy­yətdə öz funksiyasını yerinə yetirsin. 

Bir sözlə, əlifba müasir cəmiyyətin va­roluşunun hərəkətverici faktorudur və onun kommunikativ məzmununu müəyyən edən­dir. Bu səbəblərdən “ortaq əlifba cəmiyyə­tin yazı mədəniyyətinin hansı qatına qədər işlənə bilər?” məzmunu olmayan sualdır. Əgər söhbət əlifbadan gedirsə, deməli o, insanın fərdi və sosial həyatının bütün qat­larında özünü göstərməlidir. Bu anlamda ortaq türk dili, ortaq bədii dil, ortaq elmi dil və s. kimi anlayışlar ritorika deyildir. Qar­şıya çıxa biləcək yeni gerçəkliklər üzərində düşünməyə dəvətdir. Əks halda ortaq əlifba formal və sözdə qalan bir hadisə olacaqdır. 

Belə alınır ki, bütövlükdə ortaq əlif­banın fərdi koqnitiv (sırf idraki, məntiqi təfəkkür çərçivəsində reallaşan) gerçəkilk­ləri ilə onun sosial-mədəni, psixoloji, kom­munikativ imkanlarının uyğunlaşması di­namik və zaman tələb edən prosesdir. Öncə, əlifba öyrədilməlidir, sonra digər proseslər avtomatik aktuallaşacaqdır. Məhz həmin mərhələdə dillə bağlı hansı məsələni necə həll etməyi üzərində predmet səviyyəsində çalışmaq imkanı yaranacaqdır. 

Türk dünyasının sivil qurucuları: yeni kadrlar strategiyası

Bu məqam məqalənin əsas hədəfi­dir. Həmin vəzifəni Azərbycan Prezidenti İlham Əliyev müxtəlif aspektlərdə dəqiq ifadə etmişdir. Prezident İlham Əliyev TDT-nin güclənməsinin təməl şərtlərindən biri kimi yeni ruhda hazırlanacaq kadrları görür. Azərbaycan–Türkiyə Universiteti ilə bağlı dövlət başçısının ifadə etdiyi fikirlər­də bu özəllik açıq yer almışdır. Bizcə, çox müdrik və real nəticəverici tezisdir. Səbəbi məncə, aydındır.

Çünki əgər söhbət ciddi olaraq Türk Dövlətləri Təşkilatından və bütövlükdə Türk dünyasının birliyindən gedirsə, yeni kadrlara ehtiyac vardır. Əsrlərlə davam edən ayrılıqlar Türk xalqlarının şüurunda müəyyən stereotiplər formalaşdırmışdır. Bu məqalələrdə bizim müntəzəm olaraq or­taq türk şüuru mənasında ortaq dəyərlərin yaradılması zərurətinə işarəmiz məhz bu faktora əsaslanır. 

Konkret desək: türklərin gerçəkçi sivil və mədəni birləşməsi üçün bu keyfiyyə­ti özündə daşıyan kadrlara ehtiyac vardır. Bunu reallaşdırmağın başıca yolu isə ortaq yazı mədəniyyəti, fundamental təhsil və yüksək səviyyədə kadrların hazırlanması­dır. Son dərəcə məsuliyyətli və tarixi və­zifədir. 

Bu baxımdan Azərbaycan–Türkiyə Universiteti türk birliyinin reallaşmasının “ilk mənəvi, mədəni qaranquşudur”. Bu­radan indi bir sıra milli düşüncəli insanla­rın təklif etdiyi ortaq Türk Universitetinə inamla keçid etmək olar! Niyə də məsələ məhz bu kontekstdə qoyulmasın? Heç bir inkaredici səbəb görmürük. Əksinə, yuxa­rıda vurğulanan faktorların prizmasında ortaq Universitet məsələsi vaz keçilməyən məsələyə çevrilir. Nümunə Qərbdir.

Orada məsələnin yüksək fəlsəfi-nəzəri səviyyədə təhlili artıq geniş vüsət alır. Dün­yanın elmi cəhətdən ən çox inkişaf etmiş hissəsində problem Avropadakı ənənəvi universitet strategiyasını yeniləşdirməyə ehtiyacın yaranması kontekstində qoyulur. Rusiyalı filosoflar, epistemoloqlar və konk­ret təhsilin nəzəri məsələləri ilə məşğul olan mütəxəsisslər də bu problemə ciddi diqqət yeirirlər. Bizcə, Ortaq Türk Universitetinin ideya və praktiki layihə kimi perspektivi yeni universitet strategiyası yaratmağa çalı­şan dünyanın aparıcı elm və təhsil mərkəz­lərinin arqumentləri işığında aydın görünür. 

Ənənəvi universitet strategiyası nədir?

Qısa və fəlsəfi mücərrədlikdən (çətin qavranılan fəlsəfi ifadəçilik – abstraktlıq) kənar izah etməyə çalışaq. Avropada uni­versitet formasında tədris və təhsil Orta Əsrlərdə formalaşmışdır. Bunun üçün o dövrün öz şərtləri və elmi özəlliyi mütləq nəzərə alınmalı idı. Onun isə başlıca əlaməti nədən ibarət idi? Orta əsrlərdə hakim olmuş dini elm və təhsil şüurunu dəyişmək! “İnti­bah” adlandırılan tarixi mərhələ məhz orto­doksal (kilsənin tam hökmranlığını nəzərdə tutan və dini çərçivəni fundamental surətdə gözləməyi tələb edən yanaşma) mövqedən sekulyar (dünyəvi, sivil) mövqeyə keçidi təmin etmək prosesinin rəmzi ifadəsidir. 

Bunun yolunu isə o dövrün filosof və alimləri elmi biliyi yaymaq, tədris etmək, təşviq etmək, bir sözlə maarifləndirməkdə görürdülər. İnanırdılar ki, dini deyil, təbiət­şünaslığın elmi nəticələrinə əsaslanan təhsil sivil kadrlar yetişdirəcək və dünya təfəkkü­rü dini şüurun və ehkamçılıqdan xilas ola­caq. Bu prosesi sırf müsbət hadisə və inki­şaf kimi qiymətləndirirdilər. Lakin burada üç fundamental problem qarşıya çıxırdı. 

Birincisi, yeni təhsil sisteminin təş­kili. İkincisi, təhsilin strategiyasının ha­zırlanması. Üçüncüsü, kadrların praktiki fəaliyyətinin təşkili. Bu üç faktor daha fundamental və ümumi xarakterli başqa bir dəyərə söykənməli idi. Həmin məqam döv­rün filosoflarının universitet strategiyasının məzmununu, məqsədini, məramını və kon­septual aparatını hazırlamağı tələb edirdi. 

Məsələ peşəkarlıq baxımından dərin idi. Cavab tapılmalı idi: hansı fəlsəfi mək­təbi əsas götürməli? Sokrat, Platon yaxud Aristotel? Bəlkə stoisizm? Və yaxud De­mokrid, Epikür? Pifaqor və ya Heraklit ola bilərmi? Bəlkə bunların heç biri deyil, əsrlərin ənginliklərində “gizlənmiş” başqa fikir sahibi?

Təcrübə bu kimi suallara axtarışların həm fundamental əhəmiyyətini, həm də o dövrdə verilən cavabların qüsurlarını göstərdi. Bu məqamı indi XXI əsrin inkişaf zirvəsindən daha aydın görə bilirlər. Xüsu­silə, Pol Feyerabendin XX əsrin 70-80-ci illərində Qərbin insan anlayışının fəlsəfi dərkini və bunun fonunda ənənəvi univer­sitet strategiyasını kəskin tənqidi təsirli hadisə idi. P.Feyerabendin cavabı belədir: Qərbin orta əsrlərdə meydana gəlmiş təhsil strategiyası yararsızdır, yanlışdır və buna uyğun olaraq universitet strategiyası zərər­lidir! Həmin strategiya yenidən işlənməli­dir! Onun başlıca nöqsanı ənənəvi univer­sitet strategiyasının həqiqi mənada təhsil və universitet strategiyası olmamasındadır! Bəs onda hansı mənada ənənəvi universitet strategiyasından danışmaq olar?

Maraqlı və düşündürücüdür, deyilmi? Əsrlərlə dünyaya bunun əksini təşviq edir­dilər. Qərb universitetlərinin uğuru, səmərə­si, dünyəviliyi və nəticəvericiliyi nümunə olaraq göstərilirdi və indi də bu tendensiya davam edir. Qərbli Pol Feyerabend və di­gərləri isə ortaya bu prosesin düzəldilməli olan qüsurunu atırlar! Nə nəzərdə tutulur və bu sualın cavabının aydınlaşdırılması ortaq əlifba – ortaq universitet keçidi üçün fay­dalıdırmı?

Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

Siyasət