Yeddinci çağırış Milli Məclisin ilk iclasında

post-img

Gündəlikdəki 9 məsələ müzakirə olunub, bir sıra qərarlar qəbul edilib

Sentyabrın 23-də yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası keçirilib. 

İclasın əvvəlində Azərbaycan Respubli­kasının Dövlət Himni səslənib.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev iclasda nitq söyləyib.

Daha sonra Milli Məclisin ən qocaman deputatı kimi iclasa sədrlik edən Ziyad Səmədzadə Yeddinci çağırış Milli Məcli­sin ilk iclasını açıq elan edib. O, Prezident İlham Əliyevin Milli Məclisin ilk iclasında iştirakını, dəyərli fikirlərini bölüşməsini və proqram xarakterli tövsiyələrini verməsini parlamentin tarixinə yazılan ən mühüm ha­disələrdən biri kimi dəyərləndirib. Z.Səmə­dzadə ulu öndər Heydər Əliyevin yolunu layiqincə davam etdirərək Azərbaycanı zir­vələrə yüksəltdiyinə, dünyanın sayılıb-se­çilən dövlətlərindən birinə çevirdiyinə görə deputatlar adından Prezident İlham Əliyevə təşəkkürünü bildirib və ona gələcək işlərin­də yeni böyük uğurlar arzulayıb.

Sonra iclasda Milli Məclisin Hesab­layıcı komissiyasının yaradılması barədə məsələyə baxılıb. Deputatlar Naqif Həm­zəyev, Sevinc Hüseynova, Eldar Quliyev, Soltan Məmmədov, Rövşən Muradov, Sə­binə Salmanova, Mixail Zabelin komissi­yanın üzvləri seçiliblər.

Ziyad Səmədzadə diqqətə çatdırıb ki, ikinci məsələ - Milli Məclis sədrinin se­çilməsi məsələsidir. O, qeyd edib ki, Mil­li Məclisin Daxili Nizamnaməsinin 33-cü maddəsinə görə, Milli Məclisin sədri və­zifəsinə namizədliyi parlamentin deputatla­rı irəli sürə bilərlər. Bildirilib ki, parlament çoxluğunu təşkil edən Yeni Azərbaycan Partiyasının (YAP) nümayəndələri bu gün yığıncaq keçirərək, Milli Məclisin sədri və­zifəsinə öz namizədlərini müəyyən ediblər.

Sonra deputat Eldar İbrahimov YAP-ın 68 deputat mandatı qazanaraq parlament çoxluğuna sahib olduğunu xatırladaraq diqqətə çatdırıb ki, Partiyadan Milli Məc­lisə seçilmiş deputatlar parlamentdə çoxluq hüququndan istifadə edərək və partiya səd­rinin tövsiyəsini nəzərə alaraq, Milli Məcli­sin sədri vəzifəsinə deputat Sahibə Qafaro­vanın namizədliyini irəli sürür.

İclasda çıxış edən Milli Məclisin depu­tatı Sahibə Qafarova Milli Məclisin sədri vəzifəsinə onun namizədliyinin irəli sürül­məsinə görə Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevə və partiya həmfikirlə­rinə dərin minnətdarlığını bildirib.

Ziyad Səmədzadə bildirib ki, deputat Eldar Quliyev Hesablayıcı komissiyanın sədri, deputat Mixail Zabelin isə komissi­yanın katibi seçiliblər.

Sonra Sahibə Əli qızı Qafarova gizli səsvermə nəticəsində Milli Məclisin sədri vəzifəsinə seçilib.

Parlamentin sədri kimi öhdəsinə düşən vəzifələri layiqincə yerinə yetirmək üçün bütün bilik və bacarığını sərf edəcəyini söyləyən S.Qafarova YAP-ı Milli Məclisin rəhbərliyində təmsil edərkən güclü və nü­fuzlu qanunvericilik orqanı barədə partiya­nın ideyalarını reallaşdırmağa çalışacağını vurğulayıb. Deyib ki, ulu öndər Heydər Əliyevin adı ilə bağlı olan YAP Prezident İlham Əliyevin rəhbərliyi ilə cəmiyyətimi­zin siyasi inkişafında, dövlətimizin strateji hədəflərinin əldə edilməsində, sosial həm­rəyliyin möhkəmləndirilməsində önəmli rol oynayır. 2024-cü ilin parlament seçkilə­rinin ölkəmizin demokratik inkişafı yolun­da irəliyə doğru mühüm addım olduğunu, ölkəmizin siyasi sisteminin yetkinliyini və cəmiyyətimizdə cərəyan edən demokratik proseslərin sabit, davamlı olduğunu göstər­diyini diqqətə çatdıran S.Qafarova seçkilə­rin ən yüksək standartlara uyğun şəkildə azad, ədalətli və şəffaf şəraitdə keçirilməsi­nin xalqımızın iradəsinin dəqiq ifadə olun­masını təmin etdiyini deyib. 

Sonra gündəliyin üçüncü məsələsinə - Milli Məclis sədrinin birinci müavininin seçilməsi məsələsinə baxılıb və açıq səs­vermə yolu ilə Əli Cavad oğlu Əhmədov parlament sədrinin birinci müavini seçilib.

Növbəti 3 məsələ Milli Məclis sədri­nin müavinlərinin seçlməsi məsələsi olub. Ziyafət Abbas oğlu Əsgərov, Musa Cəfər oğlu Qasımlı və Rafael Baba oğlu Hüsey­nov Milli Məclis sədrinin müavinləri seçi­liblər.

Parlamentin sədri Sahibə Qafarova gündəliyin yeddinci məsələsinin Milli Məclisin İntizam Komissiyasının yaradıl­ması olduğunu bildirib. İntizam komissiya­sının tərkibinə deputatlar Kamal Cəfərov, Afət Həsənova, Məlahət İbrahimqızı, El­dar İbrahimov, Kamaləddin Qafarov, Nə­sib Məhəməliyev, Hikmət Məmmədov, Məşhur Məmmədov, Asim Mollazadə, Səttar Möhbalıyev və Nizami Səfərovun namizədlikləri təklif edilib. Komissiyanın tərkibi səsə qoyularaq qəbul olunub.

Sədr gündəliyin səkkizinci məsələsinin Milli Məclisin komitələrinin sədrlərinin se­çilməsi olduğunu diqqətə çatdırıb.

İclasda deputat Əli Hüseynli Milli Məc­lisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin, Arzu Nağıyev Müdafiə, təh­lükəsizlik və korrupsiya ilə mübarizə ko­mitəsinin, Zahid Oruc İnsan hüquqları ko­mitəsinin, Sadiq Qurbanov Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin, Azər Əmiraslanov İqtisadi siyasət, sənaye və sa­hibkarlıq komitəsinin, Tahir Rzayev Aqrar siyasət komitəsinin, Musa Quliyev Əmək və sosial siyasət komitəsinin, Əhliman Əmiraslanov Səhiyyə komitəsinin, Hicran Hüseynova Ailə, qadın və uşaq məsələləri komitəsinin, Şahin İsmayılov Gənclər və idman komitəsinin, Fazil Mustafa İctimai birliklər və dini qurumlar komitəsinin, Si­yavuş Novruzov Regional məsələlər ko­mitəsinin, Anar İsgəndərov Elm və təhsil komitəsinin, Polad Bülbüloğlu Mədəniyyət komitəsinin, Səməd Seyidov Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədrləri təsdiq ediliblər.

Sahibə Qafarova gündəliyin sonuncu – doqquzuncu məsələsinin Milli Məclisin komitələrinin sədr müavinlərinin seçilməsi haqqında olduğunu söyləyib.

Sonra Deputat Elşən Musayev Milli Məclisin Hüquq siyasəti və dövlət quru­culuğu komitəsinin, Qüdrət Həsənquliyev Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin, Arzuxan Əlizadə İnsan hüquqları komitəsinin, Fatma Yıl­dırım Təbii ehtiyatlar, energetika və eko­logiya komitəsinin, Azər Badamov İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin, Razi Nurullayev Aqrar siyasət komitəsi­nin, Elşad Musayev Əmək və sosial siyasət komitəsinin, Rəşad Mahmudov Səhiyyə komitəsinin, Jalə Əliyeva Ailə, qadın və uşaq məsələləri komitəsinin, Könül Nu­rullayeva Gənclər və idman komitəsinin, Sahib Alıyev İctimai birliklər və dini qu­rumlar komitəsinin, Nurlan Həsənov Re­gional məsələlər komitəsinin, Fariz İsma­yılzadə Elm və təhsil komitəsinin, Günay Əfəndiyeva Mədəniyyət komitəsinin, Ni­gar Arpadarai Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavinləri təsdiq olunublar.

Prezident İlham Əliyevin Milli Məcli­sin işi ilə bağlı tövsiyələrini birlikdə yerinə yetirmək üçün deputatların var güclərini səfərbər edəcəklərinə əminliyini bildirən S.Qafarova onları bir daha təbrik edib, iş­lərində uğurlar arzulayıb.

Bununla da yeddinci çağırış Milli Məc­lisin bugünkü iclası başa çatıb.

XQ

Son xəbərlər