İnkişaf etmiş ölkələrdə dezinformasiya ilə mübarizə tədbirləri

post-img

Müşfiq ƏLƏSGƏRLİ,
XQ-nin media eksperti

II yazı

“Feyk xəbər” və onun ən zərərli tiplərindən sayılan dezinformasiyanın sürətli artımının səbəbləri barədə danışarkən, 3 mühüm amil önə çəkilir. Onlardan biri də internet informasiya resurslarının kəmiyyət və forma baxımından çoxalmasıdır. Analitik mərkəzlər qeyd edirlər ki, yeni media alətlərinin, xüsusilə, sosial şəbəkə platformalarının inkişafı paralel olaraq “saxta xəbər”in çoxalmasını stimullaşdırır. 

Almaniya Federativ Respublikasın­da “saxta xəbər”in artmasının səbəblərinə baxış bucağı böyük mənada belə amilin üzərində köklənib. Bu ölkədə dezinforma­siyaya qarşı mübarizə tədbirləri ilə sosial şəbəkə platformalarının tənzimlənməsi qay­daları arasında bərabərlik işarəsi qoyulur. Təsadüfi deyil ki, Federativ Respublikada qəbul edilmiş “Sosial şəbəkələrdə qaydala­rın tətbiqi qanunu” sadələşdirilmiş formada həm də “Şəbəkə Mühafizəsi Aktı”, yaxud “Facebook Aktı” adlandırılır. 

2018-ci ilin yanvar ayında qüvvəyə minmiş qanunun preambula hissəsində qeyd edilir ki, o, saxta xəbərlər, nifrət nitqi və dezinformasiya ilə mübarizə aparmaq məqsədi daşıyır. Beləliklə, Almaniyada de­zinformasiya ilə mübarizə qanunu həm də sosial şəbəkə platformalarında ictimai mə­nafe naminə qaydaların tətbiq olunmasını ehtiva edir. 

Qanun sosial şəbəkə platformaları­nın provayderləri qarşısında saxta xəbərə qarşı mübarizə aparmaq öhdəliyi yaradır. Bu məqamda Almaniyada yaradılıb tətbiq edilən və saxta xəbərə qarşı mübarizəni eh­tiva edən qanunlar digər ölkələrdəki analoji qanunlardan fərqlənir. Belə ki, Almaniyada qanunlar saxta xəbəri istehsal edən mənbə­dən daha çox, saxta xəbərin yayılmasına şərait yaradan sosial şəbəkə provayderləri­ni cəzalandırır. Bu, dezinformasiyaya qarşı mübarizədə tətbiq edilən yeni bir model, yeni bir metodologiyadır. 

Almaniyada “Şəbəkə Mühafizəsi Aktı” istifadəçilərinin sayı 2 milyon nəfərə çatmış bütün sosial şəbəkə platformalarına tətbiq edilir. Əsas tələbi budur ki, istifadəçi sayı qeyd edilən həddə çatmış platformalar Al­maniyada öz ofislərini açmalı, müraciətlər/şikayətlər üçün əlçatan olmalı, saxta xəbə­rin qarşısını almaq üçün çevik mexanizmlər tətbiq etməlidirlər. 

Qanunun tələbinə görə, provayderlər saxta xəbər üzrə şikayətlərə baxılması üçün şəffaf prosedur yaratmalıdırlar. Bu yöndə sənədləşmə aparmaq və hesabat vermək öhdəliyi daşıyırlar. Onlar şikayətləri dərhal yoxlamalı, şikayət doğuran məzmunu 24 saat ərzində silməli, saxta olduğu mübahisə doğuran xəbərləri isə ən azı 7 gün ərzində bloklamalı, mübahisə bitdikdən sonra sili­nib-silinməməsinə qərar verməlidir. 

Qanunun tələblərindən biri də budur ki, şəbəkə provayderləri qəbul edilmiş qərarlar barədə həm şikayətçiləri, həm də ümumi­likdə istifadəçiləri dərhal məlumatlandırıl­malıdırlar. Tələbə əsasən, onlar hər 6 aydan bir hesabat verməli, daxil olan şikayətlər və onların necə həll edilməsi barədə məlumat təqdim etməlidirlər. Qaydaları pozanlar pozuntunun tipinə uyğun olaraq 500 min Avrodan 50 milyon avroya qədər məbləğdə cərimə oluna bilərlər. 

Almaniya Federativ Respublikası “So­sial şəbəkələrdə qaydaların tətbiqi Qanunu” ilə yanaşı, həm də “Rəqəmsal Xidmətlər haqqında Qanun” qəbul edib və orada da saxta məlumatla mübarizə üzrə müddəalar nəzərdə tutulub. Paralel olaraq, bu qanunla­rın icrasına nəzarət etmək üçün inzibati qu­rum müəyyənləşdirilib. “Sosial şəbəkələrdə qaydaların tətbiqi Qanunu” nun 4-cü mad­dəsinə əsasən, nəzarətedici inzibati orqan missiyası Federal Ədliyyə İdarəsinə (FƏİ) həvalə edilir. FƏİ sosial şəbəkə provayderi­nin bu qanunların müddəalarını pozduğunu müəyyən edərsə, provayderə qarşı lazımi tədbirlər görmək səlahiyyətinə malikdir. Federal Ədliyyə İdarəsi ilə yanaşı, Alma­niya Daxili Kəşfiyyat Xidməti və “Media Orqanlarının Birgə Ofisi” də sosial şə­bəkələrdə aşkar edilən dezinformasiya hal­larına qarşı tədbirlər görmək səlahiyyətini özlərində saxlayırlar. 

Qeyd edək ki, 2019-cu ilin iyul ayında “Facebook” qeyri-qanuni məzmunla bağlı şikayətlərə çevik reaksiya vermədiyi üçün Almaniya Federal Ədliyyə İdarəsi tərəfin­dən 2 milyon avro məbləğində cərimələ­nib. Ədliyyə İdarəsi bildirib ki, “Facebook” öz istifadəçilərinin paylaşımlarında icma standartlarının pozulmasına dair hesabatları da tərtib etməyib. 

Məlumat üçün bildirək ki, əksər bey­nəlxalq təşkilatlar Almaniyada tətbiq edilən qanun barədə tənqidi fikirlər səsləndiriblər. Avropa Şurası bu qanunun Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu mad­dəsi ilə ziddiyyət təşkil etdiyini açıqlayıb. “Sərhədsiz Reportyorlar Təşkilatı” isə qeyd edir ki, xəbərin saxta və ya düzgün olma­sına məhkəmə qərar verməlidir. “Sosial şə­bəkələrdə qaydaların tətbiqi Qanunu” isə məhkəmələrə aid olan bu səlahiyyəti in­zibati icra qurumuna – Ədliyyə İdarəsinə həvalə edir. Beləliklə, qanunda “Facebook” və “Google”-dan saxta olub-olmaması mü­bahisə doğuran məzmunu bloklamaq tələb olunur. 

Fransa Respublikası da dezinfor­masiyaya qarşı mübarizə tədbirlərinin hüquqi-inzibati yolla tənzimlənməsi mode­lini tətbiq etmiş dövlətlər sırasında ilk yer­lərdən birini tutur. 2005-ci ildən etibarən, ölkədə bu missiya İnformasiya Sistemlə­rinin Təhlükəsizliyi üzrə Mərkəzi İdarəyə (DCSSI) həvalə edilir. İdarə özünün digər təməl funksiyalarını yerinə yetirməklə ya­naşı, həm də “yalan xəbər”ə qarşı mübarizə tədbirləri görmək üzrə səlahiyyətləndirilib. 2009-cu ildə DCSSI-nin fəaliyyəti təkmil­ləşdirilib. Onun bazasında Milli İnforma­siya Sistemlərinin Təhlükəsizliyi Agentliyi (ANSSI) formalaşdırılıb. Dezinformasiya ilə mübarizə tədbirləri də bu agentliyin ko­ordinasiyasına verilib. 

Prosesin gedişində dezinformasiya ilə mübarizə sahəsində ixtisaslaşmış, mütəxəs­sislərdən ibarət əlahiddə mərkəzin yara­dılması zərurəti ortaya çıxıb. 2017-ci ildə keçirilmiş prezident seçkilərindən sonra bu təklifin üzərində xüsusilə dayanılıb. ANSSI təklif edib ki, Fransada milli siyasəti xa­rici rəqəmsal təhdidlərdən qorumaq, de­zinformasiyalardan müdafiə olunmaq üçün yeni idarə yaradılsın. İdarənin xaricdən yönləndirilən manipulyasiya xarakterli in­formasiyaları aşkar etməklə yanaşı, həmin informasiyaları resurslardan silmək səlahiy­yətinə malik olması da istənilib. Verilmiş təkliflərin yekunu olaraq, ölkədə Milli Mü­dafiə və Təhlükəsizlik üzrə Baş Katibliyin nəzdində əlahiddə idarə - Xarici Rəqəmsal Müdaxiləyə Qarşı Sayıqlıq və Mühafizə Xidməti (VIGINUM) yaradılıb.

VİGİNUM geniş səlahiyyətlərə malik­dir. O, dövlət qurumları arasında informa­siya təhlükəsizliyi üzrə koordinasiyaedici mərkəzdir. Dezinformasiyanın yayılması yolları üzrə tədqiqatlar aparır, dövlət müəs­sisələrinə yalan məlumatlardan mühafizə olunmaq üçün məsləhətlər verir. Mərkəz sosial media platformalarının milli seqmen­tini nəzarətdə saxlayır. Dezinformasiyalar müəyyən etdikdə, bu tip məlumatların ara­dan qaldırılması üçün tədbirlər görmək sə­lahiyyətinə malikdir. 

Fransa hökuməti dezinformasiyaya qar­şı mübarizə üzrə inzibati qurumlar yarat­maqla yanaşı, həm də bu sahədə sərt qanun­vericilik bazası formalaşdırıb. 2018-ci ildə “Yalan məlumatlara qarşı mübarizə ilə bağ­lı 799 saylı təklif” (Təkliflər paketi) Milli Assambleyada müzakirəyə çıxarılıb. Bu təkliflər ölkədə informasiya dövriyyəsinə aidiyyatı olan qanunların yeniləşdirilərək, dezinformasiya ilə mübarizə tədbirlərinə uyğunlaşdırılmasını nəzərdə tutub. Dəyi­şikliklər “Rabitə haqqında 1986-cı il tarixli Qanun”u, “Rəqəmsal iqtisadiyyat haqqın­da 2004-cü il tarixli Qanun”u, “Audiovi­zual yayım haqqında Qanun”u, “Mətbuat azadlığı haqqında 29 iyul 1881-ci il tarixli Qanun”u, “Seçki Məcəlləsi”ni və digər hüquqi aktları əhatə edib. Məsələn, Seçki Məcəlləsinin 112-ci və 163-1-ci maddələ­ri dəyişdirilərək yeni redaksiyada verilib. Mahiyyəti budur ki, seçki prosesi dövrün­də dezinformasiya xarakterli məlumatların yayılması qadağan edilir. Bu qadağaları pozanları 1 illik həbs cəzası və ya 75.000 avro məbləğində cərimə gözləyir.

Fransada qəbul edilmiş “Yalan məlu­matlara qarşı mübarizə ilə bağlı 799 saylı təklif” sosial şəbəkə platformalarını da əhatə edir. Sosial şəbəkə platformaları, in­ternet axtarış sistemləri, xəbər portalları və digər onlayn informasiya resursları “yalan məlumatlar”ın yayılmasının qarşısını almaq üçün mexanizmlər qurmaq üzrə öhdəlik daşıyırlar. Sistem administratorları, xidmət təminatçıları öz üzərlərinə saxta hesab olu­nan məlumatları nəzarətdə saxlamaq, bu yöndə müvafiq dövlət orqanlarını xəbərdar etmək vəzifəsi götürürlər. 

Yeniləşmə paketinə əsasən, Ali Audi­ovizual Şura qarşısında da yeni öhdəliklər yaranır. “Audiovizual Kommunikasiyalar Qanunu”na edilən dəyişikliklərdən sonra Ali Audiovizual Şuraya səlahiyyət verilir ki, xaricdən idarə olunan dezinformasiya tipli məlumatlar qeydə alındığı andan dər­hal sonra həmin məlumatı yayan televiziya/radio xidmətinin yayımını dayandırsın. 

Özündə dezinformasiyaya qarşı müba­rizə tədbirlərini ehtiva edən bütün bu dəyi­şikliklər “İnformasiya manipulyasiyasına qarşı mübarizə haqqında 1202 saylı qanun” adı ilə 2018-ci ilin dekabr ayında qəbul edi­lib.

Aydınlıq yaranması üçün qeyd edək ki, “İnformasiya manipulyasiyalarının qarşı­sının alınması haqqında Qanun”un özündə saxta xəbərlərin yayılmasını qadağan edən müddəalar yoxdur. O, informasiya yayımı­na aidiyyatı olan digər qanunların yeniləşdi­rilməsini, dezinformasiyaya qarşı mübarizə aparılması üçün yeni maddələr əlavə olun­masını ehtiva edir. “İnformasiya manipul­yasiyalarının qarşısının alınması haqqında Qanun”un 2018-ci ildə qəbul edilməsindən sonra ölkədə informasiya yayımına aid olan hüquqi aktlar yenilənib. Dezinformasiya­ya qarşı inzibati tədbirlər görülməsi üçün hüquqi zəmin yaradılıb. 

Fransa parlamenti dezinformasiyaya qarşı mübarizəni təkmilləşdirmək məqsə­dilə yeni qanunların qəbul olunması pro­sesini davam etdirir. Yeni qanunlar xüsusi olaraq sosial şəbəkə platformalarını əhatə edir. 2020-ci ilin may ayında qəbul edilmiş “Nifrət nitqi haqqında qanun” sosial media şirkətləri qarşısında tələb qoyur ki, saxta, qanundankənar informasiyaları, o cümlə­dən, nifrət nitqlərini 24 saat ərzində silib dövriyyədən çıxarsınlar. Bu prinsipi pozan siosial şəbəkə platformaları 1,25 milyon av­roya (1,36 milyon dollar) qədər cərimələnə bilərlər.

Analitik mərkəzlər iddia edirdilər ki, informasiyanın manipulyasiyasına qarşı mübarizə qanunu Fransada demokratiya üçün təhlükə yaradır, mətbuata qarşı senzu­raya yol açır. “Evronews” yazır ki, Fransa parlamenti hakimlərə seçki kampaniyala­rı zamanı “saxta xəbərləri” dərhal silmək üçün səlahiyyət verməklə ifadə azadlığını pozur, tənqidi səsləri susdurmağa şərait ya­radır. Çünki, ani məqamda “saxta xəbərlə” “tənqidi fikri” fərqləndirmək, hansı xəbərin dezinformasiya, hansının tənqid olduğunu müəyyənləşdirmək çətindir: “Bu yanaşma imkan verir ki, dezinformasiya adı altında həm də tənqidi fikirlər dövriyyədən çıxa­rılsın”.

Siyasət