Ölkədə sahibkarlığın 99,6 faizini KOB subyektləri təşkil edir
Azərbaycanda özəl sektorun hərəkətverici qüvvəsi olan kiçik və orta sahibkarlığa (KOB) dövlət dəstəyi getdikcə artır. Bu da iqtisadiyyatın müxtəlif sahələrində yeni biznes qurumlarının yaranmasını və mövcud subyektlərin fəaliyyətinin genişlənməsini, mikro sahibkarların kiçik, kiçik sahibkarların isə orta və iri biznes subyektlərinə çevrilməsini stimullaşdırır.
Qeyd edək ki, KOB subyektlərinə göstərilən dəstək və xidmətlər biznesin qurulmasından başlayaraq onun inkişafına qədər olan bütün prosesi əhatə etməklə müxtəlif vergi və gömrük güzəştlərini, infrastruktur və digər institusional dəstək tədbirlərini, güzəştli kredit və subsidiyaları əhatə edir. KOB-larla qarşılıqlı əməkdaşlıq, dövlət-özəl sektor tərəfdaşlığı platforması çərçivəsində keçirilən sahəvi görüşlər, forumlar, eləcə də sorğular vasitəsilə onların ehtiyac və problemləri mütəmadi olaraq öyrənilir.
Oktyabrın 1-də Bakıda keçiriləcək Azərbaycan Ticarət Forumu da KOB-ların gələcək inkişaf istiqamətlərini müzakirə etmək baxımından əhəmiyyətli sayıla bilər. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətləri Assosiasiyasının birgə təşkilatçılığı ilə keçiriləcək tədbirə “PAŞA Holding” tərəfindən dəstək göstəriləcək.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin məlumatına görə, “KOB-lar üçün imkanlar, mövcud vəziyyət və çağırışlar” mövzusuna həsr olunacaq forumun məqsədi sahibkarların iştirakı ilə idxal-ixrac əməliyyatları ilə bağlı mövcud vəziyyəti və imkanları, onların ixracda payının artırılmasını və ticarət sahəsində əməkdaşlıq perspektivlərini müzakirə etməkdir. Forumda dövlət rəsmilərinin, idxal-ixrac, istehsalat, logistika, gömrük təmsilçiliyi və s. sahələrdə fəaliyyət göstərən şirkətlərin nümayəndələrinin iştirakı nəzərdə tutulur.
Məlum olduğu kimi, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” çərçivəsində hazırlanan ortamüddətli sosial-iqtisadi inkişaf strategiyasında kiçik və orta sahibkarlığın ölkədə iqtisadi artımın və məşğulluğun əsas mənbəyinə çevrilməsi strateji hədəflərdən biri kimi müəyyən edilib. Son illər bu sahədə həyata keçirilən stimullaşdırıcı tədbirlərin nəticəsidir ki, artıq ölkədə fəaliyyətdə olan sahibkarların 99,6 faizini KOB subyektləri təşkil edir. Bunların da 96,8 faizi mikro, 2 faizi kiçik, 0,8 faizi isə orta sahibkarlıq subyektlərinin payına düşür.
İqtisadi artımın və sosial inkişafın mühərriki sayılan KOB-lar ölkəmizin dayanıqlı və davamlı inkişafına, məşğulluğun təmin edilməsinə, yoxsulluğun azaldılmasına, sahibkarlığın və innovasiyaların stimullaşdırılmasına mühüm töhfələr verirlər. KOB subyektləri, əsasən, ölkənin ticarət, kənd təsərrürfatı, tikinti, emal, logistika, sənaye, turizm, ictimai iaşə, nəqliyyat və digər sahələrdə fəaliyyət göstərirlər. Son 5 ildə isə onların sayı 54 faiz artıb. Artıq KOB-ların qeyri-neft-qaz sektoru üzrə əlavə dəyərdə payı 23,5 faizdən 27,2 faizə yüksəlib. Eyni zamanda, iqtisadiyyatın hərəkətverici qüvvəsi olan kiçik və orta sahibkarlıq subyektləri tərəfindən ölkədə yaradılan əlavə dəyərin həcmi 74 faizdən çox artaraq, təqribən, 17,2 milyard manata çatıb. KOB subyektlərində çalışanların sayı isə 31 faiz artaraq 370 min nəfəri keçib.
Bununla yanaşı, son zamanlar Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən geniş bərpa-quruculuq işləri KOB-ların da bu ərazilərdə fəaliyyət göstərmələri üçün geniş imkanlar yaradır. Təsadüfi deyil ki, Vaşinqtonda səfərdə olan İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov ölkəmizin ABŞ-dakı səfirliyi, Vaşinqton Hökumətlərarası Peşəkar Qrupu və Dünya Ticarət Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən Azərbaycan–ABŞ əlaqələri, biznes mühiti və investisiyaların cəlb edilməsinə dair görüşdəki çıxışı zamanı bu vacib məqama toxunaraq deyib ki, 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında olan Azərbaycanın Qarabağ bölgəsinin azad edilməsi ölkəmiz üçün əlamətdar hadisə olmaqla yanaşı, həm də investisiyaların cəlb edilməsinə təkan verib.
Qarabağda aparılan genişmiqyaslı yenidənqurma işlərinin və biznesin bölgəyə qayıtmasının sahibkarlar üçün cəlbedici imkanlar yaratdığını vurğulayan KOBİA sədrinin sözlərinə görə, hökumətin bu bölgə üçün hərtərəfli təşviq paketi biznesə marağı daha da artırıb. “KOBİA hazırda Qarabağda biznes qurmaqda maraqlı olan yerli və xarici sahibkarların layihə təkliflərini qəbul edir. Bu günə qədər 2300-ə yaxın müraciət qeydə alınıb ki, onlardan 500-dən çoxu xarici investorların payına düşür. Müraciət edənlər arasında 4 ABŞ şirkəti və investor da var. Əminəm ki, bugünkü tədbirdən sonra buradakı bəzi sahibkarlar Qarabağ və Azərbaycanda investisiya imkanlarını daha yaxından nəzərdən keçirəcəklər”, – deyə O. Məmmədov əlavə edib.
Bir məqamı da qeyd edək ki, sahibkarların fəaliyyətinin müxtəlif dövrlərində dəstək və xidmətlərə ehtiyacı yaranır. Biznesə göstərilən dövlət xidmətlərinin yaxşılaşdırılması, bu xidmətlərə asan və rahat çıxışın təmin olunması, sahibkar məmnunluğunun artırılması məqsədilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin strukturunda KOB evləri yaradılıb. Bu ilin ötən dövründə Bakı, Xaçmaz və Yevlax şəhərlərində fəaliyyət göstərən KOB evlərində sahibkarlara 300 mindən çox xidmət göstərilib. Bunun da 268 minə yaxını dövlət qurumları, 32 mindən çoxu isə özəl qurumlar tərəfindən göstərilən xidmətlərdir. Sahibkarlar KOB evlərinə daha çox yükdaşımaları həyata keçirmək üçün icazə blankı, fərqlənmə nişanı, taxoqraf kartları, mənşə sertifikatı, vergi və gömrük məsələri, komunal xidmətlər və s. üçün müraciət ediblər.
Yeri gəlmişkən, KOB sektorunun inkişafına töhfə vermək üçün dövlət və özəl qurumların imkanlarının vahid məkanda – KOB evlərində birləşdirilməsi və əlaqələndirilməsi beynəlxalq səviyyədə unikal model kimi qiymətləndirilir. Təsadüfi deyil ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Dövlət Sektorunda İnnovasiyalar üzrə Tədqiqat Mərkəzi tərəfindən keçirilən müsabiqədə Azərbaycanın KOB evi modeli innovativ təşəbbüs olaraq seçilib. Mərkəzin ekspertləri tərəfindən KOB evi modelinin innovativliyi, burada kiçik və orta biznes subyektlərinin inkişafını dəstəkləyən kompleks xidmət təminatı, ehtiyaclara uyğun çevik yanaşmanın olması kimi amillərlə əlaqələndirilir.
Sahibkarlıq sahəsində dövlətin prioritetlərinə və beynəlxalq müstəvidə KOB-larla bağlı çağırışlara uyğun olaraq iqtisadiyyatın hərəkətverici qüvvəsi olan biznes subyektlərinə dəstək qarşıdakı illərdə də davam etdiriləcək. Yaxın gələcəkdə KOB-ların rəqəmsallaşmasına, “yaşıl” iqtisadiyyata keçiddə onların rolunun artırılmasına, işğaldan azad olunmuş ərazilərdə KOB subyektlərinin fəaliyyətinin təşkilinə diqqət daha da artırılacaq.