Çin sahibkarları Ələt Azad İqtisadi Zonasına səfər ediblər. Burada Ümumçin Sənaye və Kommersiya Federasiyasının icraçı sədr müavini Şen Yinin rəhbərlik etdiyi yüksək səviyyəli nümayəndə heyəti ilə Ələt Azad Zonasının Səlahiyyətli Qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov arasında görüş keçirilib.
Görüş zamanı V. Ələsgərov ziyarətçilərə Ələt Azad İqtisadi Zonasında investorlar üçün yaradılmış əlverişli mühit haqqında geniş məlumat verib. Qonaqlar iqtisadi zonanın daxilində və xaricində istifadəyə hazır mühəndis və kommunikasiya sistemləri ilə təchiz edilmiş torpaq sahələri və investorlara təklif edilən maliyyə və qeyri-maliyyə imtiyazlar paketi haqqında məlumatlandırılıb.
Nümayəndə heyətinin rəhbəri Şen Yin iqtisadi zonanın strateji coğrafi mövqeyi və qanunvericilik bazası, habelə düzgün qurulmuş infrastrukturu yüksək qiymətləndirərək bu ərazinin investorlar, xüsusilə Çin sahibkarları üçün cəlbedici olduğunu bildirib. Federasiya üzvlərinin əksəriyyətinin yüksək texnologiyalara əsaslanan istehsal fəaliyyəti ilə məşğul olduğunu vurğulayan qonaq Çin şirkətlərinin təqdim edilən əlverişli üstünlüklərdən yararlanaraq burada öz istehsal müəssisələrini yaradacaqlarına ümidvar olduğunu diqqətə çatdırıb.