Antiterror tədbirləri tarixi Zəfərimizin zirvəsidir

post-img

2020-ci il sentyabrın 27-də başlanan və noyabr ayının 8-də bitən 44 günlük Vətən müharibəsi nəticəsində Cənubi Qafqazın siyasi və coğrafi xəritəsi nəinki dəyişdi, eyni zamanda, tariximizə son 200 ilin ən böyük zəfər salnaməsi düşdü. Hərbi əməliyyatlar 10 noyabr 2020-ci ildə Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında imzalanan üçtərəfli Bəyanatla başa çatdı. 

Müharibədən sonra Azərbaycan dəfələrlə Ermənistana davamlı sülh üçün çağırışlar etsə də, Ermənistan tərəfi hər dəfə danışıqlardan boyun qaçırır, bununla da kifayətlənməyərək suveren əraziləri­mizdə silahlı təxribatlarını davam etdirirdi. 2021-ci ildə Azərbaycan və Ermənistan­da sərhəd delimitasiyası üzrə işçi qruplar yaradıldı. Danışıqlar böhran və bölgədə ara-sıra baş verən silahlı toqquşmalarla müşayiət olundu. 

Erməni silahlı birləşmələri qondar­ma Artsax hesab etdikləri hərbi xuntaya hər cür silah-sursat yardımı göstərirdilər. Belə ki, 2021-ci ilin noyabrında sərhəddə birinci silahlı toqquşmalar baş vermişdi. Müharibədən sonra ən qanlı toqquşma 2022-ci ilin sentyabrında sərhəddə baş verdi. Bundan əlavə, o vaxt Rusiya sülh­məramlılarının müvəqqəti yerləşdikləri Azərbaycan ərazilərindəki faydalı qazıntı yataqlarının qeyri-qanuni şəkildə istismarı və bu zaman ekoloji normalara əməl edil­məməsi, təbii sərvətlərin Ermənistana da­şınması Azərbaycan ictimaiyyətinin haqlı narazılığına səbəb oldu. Separatçıların Qa­rabağda qeyri-qanuni fəaliyyətlərinə qarşı Azərbaycanın bir sıra vətəndaş cəmiyyəti nümayəndələrinin və ekologiya fəallarının Şuşa–Laçın yolunda bir müddət etiraz ak­siyası keçirildi.

Nəhayət, hadisələrin gedişatı və er­məni təxribatları 2023-cü ilin 20 sentyabr tarixinə qədər davam etdi. Belə ki, sent­yabrın 19-da Azərbaycanın Qarabağ böl­gəsindəki erməni silahlı qüvvələri bir sıra genişmiqyaslı hərbi təxribatlar və terror hücumları törətdilər. Erməni kəşfiyyat–diversiya qrupları tərəfindən Əhmədbəy­li–Füzuli–Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış mina­ların partlaması nəticəsində mülki şəxslər, Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının hərbi qulluqçuları şəhid oldu və yaralandı. Bununla yanaşı, ordumuzun bölmələri mi­naatanlardan və müxtəlif çaplı atıcı silah­lardan atəşə tutuldu. 

Nəticədə, Azərbaycan Ordusunun iki hərbi qulluqçusu yaralandı. Həmin gün Azərbaycanın Qarabağ bölgəsində qanun­suz yerləşdirilmiş erməni silahlı qüvvələ­rinin növbəti terror aktı nəticəsində Ağdam və Şuşa şəhərlərində 2 mülki əməkdaş hə­lak oldu. Qeyri-qanuni erməni silahlı bir­ləşmələrinin döyüş mövqelərini gücləndir­məsi və bölmələrini yüksək döyüş hazırlığı səviyyəsinə gətirməsi Azərbaycan Ordu­sunun bölmələri tərəfindən təsbit edildi. Bütün bu təxribatların qarşısının alınması, üçtərəfli bəyanatın müddəalarının icrasının təmin olunması, Azərbaycanda Konstitusi­ya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlə­rinə başlanıldı.

Bu zaman Azərbaycanın Qarabağ böl­gəsində 10 mindən artıq Ermənistan silahlı qüvvələrinin birləşmələri və qeyri-qanuni erməni silahlı dəstələri cəmləşmişdi. Hal­buki, üçtərəfli bəyanata əsasən, Qarabağ ərazisindəki erməni yaraqlıları 3 il əvvəl tərksilah edilməli idilər. Azərbaycan işğa­la məruz qalan tərəf olsa da, Qarabağda baş verən gərginliyin aradan qaldırılması, azərbaycanlılarla ermənilərin birgə yaşa­yışını təmin edəcək reinteqrasiya prose­sinin normal davam etməsi və məsələnin ikitərəfli danışıqlar yolu ilə həllini tapması üçün 3 il müddətində əlindən gələni etdi. 

Təəssüf ki, Azərbaycanın humanist çağırışlarının əvəzində erməni silahlı qü­vvələri sayını artırmaqla, yeni silahlar alıb, təxribatlar törətməklə məşğul idilər. Vəziyyət o həddə çatmışdı ki Qarabağda separatçılar müstəqillik iddialarından əl çəkmir, özlərinin oyuncaq “prezident”ləri­ni seçir, qondarma “parlament”ləri adından Azərbaycan dövlətinin əleyhinə bəyanatlar verirdilər. Son bir neçə ayda Qarabağ böl­gəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələrinin fəallaşması müşahidə olu­nurdu. Azərbaycan Ordusunun mövqelə­rinin müxtəlif çaplı silahlardan sistemli şəkildə atəşə tutulması, ərazilərimizin minalanmasının davam etdirilməsi, döyüş mövqelərinin mühəndis cəhətdən təkmil­ləşdirilməsi, eləcə də səngər və sığınacaq­ların sayının artırılması gərginliyin yüksəl­məsinə səbəb olmuşdu.

Beləliklə, antiterror tədbirləri çərçi­vəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinat­lı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarıldı. Cəmi 23 saat 43 dəqiqə ərzində erməni separatçıları ağ bayraq qaldırmağa məcbur oldular. Ağır relyef şəraitində, düşmən tərəfindən uzun illər böyük mühəndislik işləri nəticəsində istehkamların mövcudluğu şəraitində, se­paratçıların mövqelərinin təpələrdə, əlve­rişli yerlərdə yerləşdirilməsinə baxmaya­raq, hərbçilərimiz qəhrəmanlıq, peşəkarlıq göstərərək, qısa müddət ərzində bütün is­tiqamətlərdə uğurlar əldə etdilər. 

Vəziyyətin ən humanist və çox nadir görünən tərəflərindən biri də bu idi ki, əməliyyat başlanmazdan əvvəl bütün hərbi birləşmələrimizə ciddi tapşırıq verilmişdi ki, aparılan antiterror tədbirləri nəticəsin­də Qarabağ bölgəsində yaşayan erməni əhalisi zərbə altına düşməməlidir və mülki əhali qorunmalıdır. Azərbaycanın Müdafiə Nazirliyi yaşayış yerlərinin yaxınlığında atəş vasitələrinin Ermənistan silahlı qüv­vələrinin birləşmələri tərəfindən yerləşdi­rilməsini nəzərə alaraq ərazidə olan mülki əhalini hərbi obyektlərdən kənar durmağa və Ermənistan silahlı qüvvələrinin birləş­mələrinə dəstək olmamağa çağırmışdı. 

Qarabağın erməni sakinlərinin nü­mayəndələrinin Rusiya sülhməramlı kon­tingenti vasitəsilə müraciətini nəzərə ala­raq, tam atəşkəs haqqında razılaşma əldə olundu və 2023-cü il sentyabrın 20-də saat 13:00-da lokal xarakterli antiterror təd­birləri dayandırıldı. Razılaşmaya əsasən, Azərbaycan Respublikasının Qarabağ böl­gəsində yerləşən Ermənistan silahlı birləş­mələri, qeyri-qanuni dəstələri silahı yerə qoymalı, döyüş mövqelərindən və hərbi postlardan çıxmalı və tam şəkildə tərk-si­lah olunmalı idi.

Dəfələrlə Azərbaycan nümayəndələri ilə görüşdən imtina edən Qarabağda yaşa­yan erməni icmasının nümayəndələri bir­günlük antiterror tədbirlərindən sonra Yev­lax şəhərində görüşməyə məcbur oldular. Görüşdə separatçı rejimin ləğvi, Qarabağ­da yaşayan erməni sakinlərin reinteqrasiya məsələləri müzakirə edildi. Eyni zamanda, Qarabağın erməni əhalisinə Azərbaycanın təklif etdiyi reinteqrasiya şərtləri ilə tanış olmaq, regionda qalıb-qalmamaq barədə müstəqil qərar vermək imkanları yaradıldı.

Sentyabrın 28-də Qarabağdakı sepa­ratçı rejimin rəhbəri Samvel Şahramanyan qondarma rejimin ləğvi ilə bağlı sənəd im­zaladı.

Beləliklə, bir sutkadan az müddətdə həyata keçirilən antiterror tədbirləri nəti­cəsində Azərbaycan ərazisində qanunsuz yerləşən Ermənistan ordusu tam şəkildə tərk-silah olunaraq ölkəni tərk etdi. Qa­rabağda qeyri-qanuni xunta rejimi ləğv olundu, separatçıların əsas rəhbərləri həbs edildi. Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi. Burada ölkə başçısının sta­tus-kvo mövzusunun birdəfəlik bitməsi ilə bağlı dediyi qəti fikirlərin necə gerçəyə çev­rildiyini hər bi azərbaycanlı müşahidə etdi.

Uğurlu antiterror tədbirləri nəticəsində Azərbaycan tarixi Xankəndi, Xocalı, Ağ­dərə, Xocavənd, Əsgəranda üçrəngli bay­rağımızı yüksəltdi və ərazi bütövlüyünü tam şəkildə bərpa etdi. 

Hətta, 2023-cü il noyabrın 8-də Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin 3-cü ildönümünə həsr olunan təntənəli hərbi paradın keçirilməsi Qələbəmizə bir daha öz möhürünü vurmuş oldu. Bu Qələbə, heç şübhəsiz ki, Azərbay­can Prezidenti, müzəffər Ali Baş Koman­dan İlham Əliyevin qətiyyətli, müdrik və uzaqgörən siyasəti, şəhidlərimizin, qazilə­rimizin canı və qanı bahasına əldə olundu. Zaman keçəcək, amma 19–20 sentyabr antiterror tədbirləri Azərbaycanın hərbi və siyasi tarixinin silinməz bir səhifəsi kimi hər zaman xatırlanacaq, xalqımızın, Milli Ordumuzun qürurunu ucaldan hadisələr kimi məktəblərdə tədris olunacaqdır. 

Adil ƏLİYEV,
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı

Siyasət