Rusiyalı politoloq Ermənistan baş nazirini siyasi fırıldaqçılıqda ittiham edib
Ermənistan Azərbaycanla sülh müqaviləsini hansı formada imzalamağa hazırlaşır? Bakının irəli sürdüyü şərtlərin mətnində öz əksini tapmış tam sazişi, yoxsa “çərçivə sənədi” adlandırdığı, əsas məsələlərin sonrakı mərhələyə saxlamağa çalışdığı yarımçız müqaviləni?
Bu suallar iki ölkə arasında münasibətlərin normallaşdırılmasına xidmət edəcək razılaşmanın preambulasını deyil, mahiyyətini təşkil edir. Belə təsəvvür yaranır ki, rəsmi İrəvanın sülh sazişinə sonuncu – 10-cu təkliflər paketini rəhbər tutaraq, onu optimal variant sayması Ermənistan baş nazirinin metodologiyada yanlışlığa yol verməsidir. Onun Qərbin və Şərqin müxtəlif dövlətlərinə səfərləri zamanı Azərbaycanla sülh müaqaviləsini özünə sərfəli variantda imzalamağa hazır olması barədə rəy yaratmağa çalışması Bakının müttəfiqi və dostu sayılmayan həmin ölkələri məmnun etmək məqsədi daşıyır. Paşinyanın həmin görüşlərdə təzadlı, bir-birinə tamamilə zidd bəyanatlar verməsi, fərqli mövqedən çıxışlar etməsi bəzən danışdığının özünə də aydın olmamasından xəbər verir.
Ermənistan baş nazirinin təkcə sülh müqaviləsi ilə deyil, həmçinin Rusiya ilə münasibətlərə dair ikibaşlı açıqlamalarının orada da birmənalı qarşılanmadığı məlumdur. İrəvanın dezinformasiyaya söykənən riyakar diplomatik ritorikası hayların tarixini yaxşı bilən və ədalət hissini itirməyən rusiyalı siyasi ekspertləri də narahat etməyə başlayıb. Onlardan biri siyasi elmlər doktoru Tatyana Poloskovadır. O, mövzu ilə bağlı telekanallardan birinə müsahibəsində olduqca maraqlı nüanslara toxunub.
Nikol Paşinyanın açıqlamalarında kobud səhvlərə, təhriflərə yol verməsini onun, bir növ, altsaymer xəstəliyindən əziyyət çəkməsi ilə izah edən tanınmış politoloq bu məsələyə vaxtilə Diplomatik Akademiyada tələbə yoldaşı olmuş, hazırda Ermənistan Xarici İşlər Nazirliyində çalışan erməni dostunun daha dəqiq qiymət verdiyini açıqlayıb. Həmin erməni rusiyalı həmkarına öz millətinin ən xoşagəlməz cəhətinın lovğalıq olduğunu bildirib.
Ermənistan rəhbərliyinin son vaxtlar bütün diplomatik norma və protokol etiketlərini, eləcə də beynəlxalq norma və qaydaları kobud şəkildə pozduğunu və faktiki olaraq, xırda siyasi fırıldaqçılıqla məşğul olduğunu açıq mətnlə bildirən Poloskova hayların baş nazirinin konstitusiyaya dair referendumu 2027-ci ildə keçiriləcəyi ilə bağlı açıqlamasını qeyri-ciddi adlandırıb. Politoloq İrəvana xitabən “bəlkə bu səsverməni min il sonraya saxlayasınız?”– kimi ritorik sualını ünvanlayır.
Oxuculara xagtırladaq ki, Paşinyan yeni konstitusiyanı hazırlayacaq işçi qrupunun yaradıldığını və onun bu məsələyə erməni ictimaiyyətində maraqlı tərəflərin, qrupların, əhalinin bütün təbəqələrinin rəyini öyrənməsi, detalları dəqiqləşdirməsi üçün 2027-ci ilə qədər çalıışacağını bəyan edib. Hayların baş nazirinin belə ucuz və primitiv diplomatik addımla sülh müqaviləsinin imzalanmasını ləngitmək məqsədi güddüyü kənar müşahidəçilərə də aydındır.
Rusiyalı politiloq müsahibəsində referendum mövzusundan danışarkən onu da bildirib ki, Ermənistan kimi balaca, azsaylı əhaliyə malik ölkədə hansısa dinləmələrin, müzakirələrin olduqca qısa müddətdə aparılması çox asandır. Məsələ ondadır ki, Paşinyan və onun tərəfdaşları birmənalı şəkildə Bakının tələb etdiyi referendum planının iflasa uğramasına çalışır. İrəvanın 70 gün ərzində sülh sazişinin layihəsi üzərində baş sındırdığına diqqəti çəkən rusiyalı politoloq sonda özlərinə sərf edən müddəaları irəli sürməsini hüquqi nonsens sayıb: “İkitərəfli müqavilələr belə imzalanmır. Ya ortada İrəvanın tamam diplomatik səriştəsizliyi var, ya da çirkin bir oyun gedir. Paşinyan bu oyunda qərar verən tərəf deyil. Mən artıq bu qənaətə gəlməyə başlamışam ki, Ermənistan baş naziri “marionetkaya” çevrilib. Həm də eyni vaxtda bir neçə oyunçunun “marionetkası” rolunda çıxış edir. Özü heç nəyi həll etmək iqtidarında deyil. Bunun nəticəsi də göz qabağındadır”. T.Poloskova İrəvanın yürütdüyü bu siyasəti erməni xalqına qarşı işləyəcəyinə əmin olduğunu deyib.
Müsahibəsində bizim üçün maraq kəsb edən daha bir məsələyə toxunan tanınmış icmalçı rusiyalı siyasi ekspertlər cameəsinin fəallaşmasının vacibliyindən danışıb. Bunu zərurətə çevirən səbəblərə toxunan Poloskova Rusiya KİV-də və müxtəlif yerli forumlarda ermənilərin tarixi saxtalaşdırmasının, Ermənistanın Cənubi Qafqazda təxribatçı siyasətinin ifşa olunmasına ciddi ehtiyac yarandığını deyib. O, bu zaman vurğunu Rusiyadakı bəzi erməni ictimai təşkilatlarının belə təxribatçı fəaliyyətlə məşğul olduğunu və bu fəaliyyətin gücləndiyinə yönəldib. Bu barədə əvvəllər də həyəcan təbili çaldığını, ermənilərin Rusiyada “beşinci kolon” formalaşdırmağa çalışdıqlarını qeyd edən politoloq bu təmayülün Moskvaya yaxşı heç nə vəd etmədiyi qənaətindədir.
Ermənilərin dominantlıq etdiyi Rusiya mediasında bəzi qüvvələri anti-Rusiya fəaliyyəti apardığını da açıqlayan T.Poloskova yenidən sülh müqaviləsi mövzusuna qayıdaraq, Paşinyanın ən müxtəlif bəhanələrlə bu sənədi imzalamaq istəmədiyini bildirib. Onun hazırda hakimiyyətdə qalmağa çalışdığını, kürsüdən düşəndən sonra isə özünə, ailəsinə və pularına toxunulmayacağına təminat istədiyini vurğulayann rusiyalı siyasi ekspert yerdə qalan məsələlərin Paşinyanı maraqlandırmadığını qeyd edib. Ona qarşı bəzi qabaqlayıcı tədbirlərin görülməsinin yetişdiyini də diqqətə çatdıtan politoloq sülh müqaviləsinin imzalanmasının vacibliyində danışıb. “Amma sülh müqaviləsinin Bakını təmin edəcək redaksiyada imzalanmasının əsas şərt olduğunu” da deməyi unutmayan siyasi icmalçı müharibədə məğlub olmuş tərəf kimi İrəvanın, üstəlik, öz şərtlərini irəli sürməsini qəbulolunmaz sayıb: “Bu, ümumiyyətlə, hüquqi nonsensdir”.
Siyasi elmlər doktoru Tatyana Poloskovanın müsahibəsində toxunduğu erməni ictimai təşkilatların Rusiyada “5-ci kolon” yaratmaq məsələsinə münasibət bildirən politoloq Rasim Musabəyov XQ-yə açıqlamasında Paşinyanın qərbpərəst düşərgənin Rusiyanın daxilinə təsir göstərmək iqtidarında olduğuna şübhə etdiyini vurğuladı: “Amma erməni diasporunun tərkibində Rusiyanın imperiyapərəst siyasətini dəstəkləyən qruplar var. Onlar digərləri ilə müqayisədə çoxluq təşkil edirlər. Bu qruplar nəinki Qərbi, Ukraynanı, hətta Nikol Paşinyanın hakimiyyətini də yıxıb-sürüyürlər. Marqarita Simonyan, Keosyan, Miqranyan, Balayan kimiləri Rusiya telekenallarında İrəvanın ünvanına etikadan kənar ifadələr işlədirlər. Bununla yanaşı, xeyli sayda erməni də var ki, onlar Qərbin Rusiyaya qarşı “müharibəsini” dəstəkləyirlər. Rusiyadan qaçıb gedən və Qərbdə Moskvaya qarşı fəal iş aparanlar da az deyil. Belələri konkret olaraq, Kremlin siyasətinə qarşı çıxışlar edirlər. Əslində, bu, ənənəvi erməni siyasətidir ki, hər yerdə olsunlar. Onlar, bir qayda olaraq, özlərini Rusiyanın tərəfdarları kimi, – amma onun əlehdarları güclü çıxanda –həm də Moskvaya qarşı mübarizə aparır və hər iki cəbhədə Ermənistana dəstək axtarırlar. Paşinyan hakimiyyətinin Qərbdən real dəstək aldığı indiki məqamda xaricdəki erməni qruplaşmaları anti-Rusiya çıxışlarını daha da kəskinləşdiriblər”.
İrəvanın bu ikibaşlı oyununun Moskva üçün hər hansı problem yaratmayacağını düşünən politoloq ermənilərin Rusiyanın daxilində hökumətə qarşı “beşinci kolon” yaratmaları üçün imkanlarının və cürətlərinin olmadığını da bildirdi.
ARAYIŞ: Ermənistandan kənarda etnik ermənilərin ən çox yaşadığı ölkə Rusiyadır. 2018-ci ilin statistikasına əsasən, Rusiyada 2,5 milyon erməni yaşayır. Onlar say etibarilə Krasnodar diyarı (274.566 nəfər), Stavropol diyarı (149.249 nəfər), Moskva şəhəri (124.425 nəfər) və Rostov vilayətində (109.994 nəfər) üstünlük təşkil edirlər.
İmran BƏDİRXANLI
XQ