Yaxud Parisin Sejurnyesayağı pozuculuq etüdləri
“Azərbaycan tezliklə COP29-a evsahibliyini gerçəkləşdirəcək. Bakı bundan əvvəl sülhə can atdığını göstərməlidir”. Bu fikri Fransanın Ermənistanda səfərdə olan xarici işlər naziri Stefan Sejurnye dünən İrəvanda keçirdiyi mətbuat konfransında səsləndirib. Fransa XİN rəhbərinin başqa nələri dilə gətirdiyindən söz açacağıq. Hələlik isə...
Ondan başlayaq ki, S.Sejurnyenin diqqətə çatdırdığımız fikri BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransı (COP29) müstəvisində Qərbin bəzi dairələrinin ölkəmizə qarşı təzyiq cəhdlərinin göstəricisidir. Belə çıxır ki, Bakı COP29-a görə İrəvanla barış müstəvisindəki qarşısına qoyulan istənilən sazişə imza atmalıdır. Bu nə yaramaz məntiqdir? Ancaq yaramazlığı tirajlayan Fransanın xarici işlər naziridirsə, hər şey aydındır. Təəccüblənməyə dəyməz. Bu nazirin rəsmi Parisin İrəvanla Bakı arasında ərazi bütövlüyünə və suverenliyinə hörmətə əsaslanan, habelə regiona sabitlik gətirəcək sülh müqaviləsinin tezliklə imzalanmasına yardım edəcəyinə dair fikirlərini səmimi qarşılamaq mümkünsüzdür. Fransanın “sülh təşəbbüsü” Azərbaycan üzərinə məsuliyyət qoymaq ritorikasına əsaslanırsa, Sejurnye zəhmət çəkməsin.
Əlbəttə, S.Sejurnye və ölkəsi gerçək yox, Ermənistana yeni avantürizm məramı qazandıracaq sülhə yardım göstərməyə çalışır. Əslində, onun üzünü görmədən danışığını eşitsək, deyərik ki, gəlişigözəl ifadələri sıralayan Fransanın deyil, Ermənistanın xarici işlər naziridir, daha dəqiq desək Ararat Mirzoyandır. Çünki fransız rəsmisi ilə A.Mirzoyanın bildirdikləri arasında hansısa fərq istisnadır.
Bəli, Ermənistan rəhbərliyindəkilər ölkələrinin ərazi bütövlüyü və suverenliyi məsələsini qabardıb, rəsmi İrəvanın 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatla üzərinə götürdüyü öhdəliklərin icrasından boyun qaçırırlar. Fransanın XİN rəhbəri isə Parisin belə bir sərsəm mövqeyini müdafiə edəcəyini vurğulayır. Nəticə etibarilə, baş nazir Nikol Paşinyanın və komandasının manipulyasiyasını dəstəkləyir.
Deməli, 1991-ci ilin Alma-Ata Bəyannaməsinin Bakı-İrəvan sülh prosesindəki vacibliyinə toxunan S.Sejurnye, faktiki olaraq, Qərbin Cənubi Qafqaz müstəvisində özünü göstərən anti-Rusiya ritorikasından da söz açıb. Onun dediklərindən belə nəticə hasil olur ki, Moskva Azərbaycanla Ermənistan arasında vasitəçi ola bilməz. Çünki “Rusiya Ukraynada bütün mühüm prinsipləri tapdalayıb”. Ona görə də nizamlamada 2022-ci ilin Praqa prinsipi əsas götürülməlidir.
Şübhəsiz ki, fransız nazirin bu cür fikir bildirməsi son günlər Kremlin sülh vasitəçiliyi fonundakı artan aktivliyini heçə endirməyə hesablanıb. Görünür, o, İrəvana məhz bu məqsədlə gəlib. Gəlib ki, Ermənistanın tutduğu yolda hansısa sapmalar olmasın. Digər tərəfdən, Sejurnye Parisin Azərbaycan və Ermənistan arasında başlanmış sərhədlərin delimitasiyası və demarkasiyası prosesini asanlaşdırdığını iddia edir. Görəsən, nazir bu fikri hansı ağılla işlədir? Axı sözügedən prosesdə Fransanın zərrə qədər də rolu yoxdur və mövcud istiqamətdə başlıca müsbət məqam Bakı və İrəvan arasındakı birbaşa təmaslardır. Görəsən, Sejurnyenin “asanlaşdırma məntiqi” özündə nəyi ehtiva edir? Suala cavab tapmaq elə də çətin deyil.
Fransa həmişə sülh prosesində azacıq da olsa, nəzərə çarpan müsbət meyilləri sıradan çıxarıb. Diqqət yetirək, ölkənin XİN rəhbəri Praqa prosesindən danışır. O prosesdən ki, Ermənistan onun çərçivəsində Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıdığını bəyan etmişdi. Bu, 2022-ci ilin oktyabrında olmuşdu. Praqa sammitindən heç iki həftə keçməmiş Fransa Prezidenti Emmanuel Makron Azərbaycanı işğalçılıqda, Rusiyanı isə müttəfiqi olan Ermənistanın maraqlarını satmaqda günahlandırmışdı. Bundan sonra Prezident İlham Əliyevlə baş nazir N.Paşinyan arasında dekabrda Brüsseldə keçirilməli olan növbəti görüş gerçəkləşməmişdi. Belə ki, Paşinyan görüşdə Makronun iştirakı ilə bağlı mütləq tələb səsləndirmişdi ki, bu, ölkəmiz tərəfindən qəbul edilməmişdi. Elə isə nazir Sejurnye nə haqla Praqa prosesindən danışır? Ölkəsinin həmin prosesi pozduğunu bilmirmi? Yaxşı bilir, amma, necə deyərlər, utanmasan, oynamağa nə var?
N.Paşinyan Praqada Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıdığını bildirdiyi halda, bir ilə yaxın müddətdə Ermənistanın qeyri-qanuni silahlı birləşmələri Qarabağda qaldılar. S.Sejurnyenin bundan da xəbəri var. Deməli, onun Cənubi Qafqazın sülh və əməkdaşlıq regionuna çevrilməli olduğunu, bunun ticarətin genişləndirilməsinə imkan yaradacağını söyləməsində yalnız bir məntiq var ki, onu da dilə gətirir. Nazir prosesin Ermənistanın çiçəklənməsinə yol açacağından danışır. “Ermənistan sülh istəyir, Fransa sülh istəyir, beynəlxalq ictimaiyyət də sülh istəyir”, – deyən Sejurnyenin COP29-a evsahibliyi məsələsində Azərbaycanı sülhə məcbur qalan tərəf kimi göstərmək ritorikasından gəlinən qənaət həm də budur ki, sülh istəməyən yalnız Bakıdır. Əlbəttə, belə yanaşmanın özü, yumşaq desək, qərəzlidir, beynəlxalq ictimaiyyəti aldatmağı hədəf seçib .
S.Sejurnye, eyni zamanda, ona görə qərəzlidir ki, Avropa İttifaqının Azərbaycan – Ermənistan şərti sərhədinin Ermənistan tərəfindəki mülki müşahidə missiyasının işini, bir növ, ehkamlaşdırır. Halbuki, sözügedən təsisatın Azərbaycana qarşı kəşfiyyat məlumatları topladığı, Ermənistanın silahlı qüvvələrinin bölmələrinə ötürdüyü məlumdur. İkincilərin qoşunların təmas xəttində atəşkəsi mütəmadi şəkildə pozduqları da həmçinin...
Onu da qeyd edək ki, İrəvanda səfərdə olan Fransanın XİN rəhbəri hələ mətbuat konfransından əvvəl özünün “X” sosial şəbəkəsində bu fikirləri yazmışdı: “Fransa Ermənistanın yanındadır: o, tarixi tərəfdaşdır, dost ölkədir və bizim onun müstəqilliyinə, ərazi bütövlüyünə və sülh istəyinə dəstəyimiz sarsılmazdır. Əməkdaşlığımız güclüdür və biz onu daha da gücləndiririk. Ermənistanın dayanıqlığını təmin etmək üçün strateji infrastrukturun inkişafını dəstəkləyirik”.
Sonda ümumiləşdirmə apararaq deyək ki, İrəvana səfəri zamanı qondarma “erməni soyqırımı” memorial kompleksini ziyarət etmiş S.Sejurnyenin destruktiv niyyətlərlə Ermənistana gəldiyi məlumdur. Paşinyan administrasiyasının əməli “fəaliyyəti” ilə qarşıdakı müddətə həmin “niyyətlərə” uyğun davranacağı şübhəsizdir. Bunu deməyə keçmişin təcrübəsi əsas verir. İndiyədək Fransa rəsmilərinin hamısının İrəvana səfəri Ermənistanın avantürizmini daha da gücləndirirb, ölkənin düşdüyü illüziya bataqlığındakı yerini möhkəmləndirib.
Ə.RÜSTƏMOV
XQ