Çinin müdafiə naziri: Çoxqütblü dünyanın qurulmasında bütün dövlətlər iştirak etməlidir

post-img

Çinin paytaxtı Pekində “Ortaq gələcək üçün sülhün təşviqi” devizi altında 11-ci Syanşan forumu keçirilib.

AZƏRTAC xəbər verir ki, Çinin Milli Müdafiə Nazirliyinin və Hərbi Elmlər Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilən foruma 100-dən çox ölkə və beynəlxalq təşkilatdan rəsmi və rəhbər şəxslər, analitik mərkəzlərin nümayəndələri, yüksək rütbəli hərbçilər, hərbi və təhlükəsizlik məsələləri üzrə nüfuzlu ekspertlər qatılıblar. Builki forum iştirakçıların sayının çoxluğu baxımından seçilir. Hətta ABŞ-dan nümayəndə heyəti də bu tədbirə qatılıb. Azərbaycanı bu nüfuzlu tədbirdə müdafiə nazirinin müavini, baş direktor Aqil Qurbanovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil edib.

Forumun açılış mərasimində çıxış edən Çinin müdafiə naziri Don Cün hər bir dövlətin özünün təhlükəsizliyini qorumaq hüququnun olduğunu bildirib, təhlükəsiz dünya üçün bütün ölkələrin bu istiqamətdə əməkdaşlığının vacibliyini vurğulayıb. O, bərabər və nizamlı əsaslara söykənən çoxqütblü dünyanın yaradılmasında bütün ölkələrin iştirak etməli olduğunu deyib.

Forumun “Təhlükəsizlik əməkdaşlığı və Asiya-Sakit okean regionunda tərəqqi və sabitlik”, “Çoxqütblülük və dəyişən beynəlxalq düzən” mövzularında plenar iclaslarında qlobal, o cümlədən Asiya-Sakit okean regionunda təhlükəsizlik məsələləri müzakirə olunub.

Qeyd edək ki, 2006-cı ildən keçirilən ənənəvi Syanşan Forumu yüksək rütbəli hərbçilərin, dövlət rəsmilərinin, tədqiqatçıların, ekspertlərin iştirakı ilə dünyada, xüsusən də Asiya-Sakit okean regionunda təhlükəsizlik məsələlərinin müzakirəsi üçün platforma rolunu oynayır. Qərb ölkələrinin dominantlığı ilə keçirilən təhlükəsizlik forumlarından fərqli olaraq, Syanşan forumunda inkişaf etməkdə olan və kiçik ölkələrin də təhlükəsizlik məsələləri diqqətdə saxlanılır. Elə Syanşan forumunun “Çoxqütblülük və dəyişən beynəlxalq düzən”, “Qlobal Cənub və dünyanın dinc inkişafı”, “ASEAN və Asiya-Sakit okean təhlükəsizlik arxitekturası”, “Şimal-şərqi Asiya təhlükəsizliyinin qorunması” və digər panel iclasları məhz qlobal təhlükəsizliyin təminatında inkişaf etməkdə olan ölkələrin də sözünün dinlənilməsinə şərait yaradır. Üç günlük forum ədalətli beynəlxalq düzən üçün Cənub-Cənub əməkdaşlığının gücləndirilməsi, Şimal-Cənub birgə fəaliyyətinin müzakirəsi üçün yeni imkanlar yaradıb. Forumun panel iclaslarında süni intellekt, davam edən münaqişələr, kosmos və dəniz təhlükəsizliyi, Avropada təhlükəsizliyin təkamülü, Yaxın Şərqdə sülh baxışı, beynəlxalq silah nəzarətinin gələcəyi, terrorla mübarizə kimi mövzular da diqqətdə olub.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Siyasət