Məzahir Pənahov Bolqarıstan Mərkəzi Seçki Komissiyasının sədri ilə görüşüb

post-img

Sentyabrın 1-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Milli Məclisə seçkiləri izləmək üçün ölkəmizdə səfərdə olan Bolqarıstan Mərkəzi Seçki Komissiyasının sədri Kameliya Neykovanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, MSK sədri M.Pənahov Bolqarıstan Mərkəzi Seçki Komissiyasının müşahidə missiyasının parlament seçkilərini izləməkdən məmnunluğunu ifadə edib.

Seçki prosesi barədə qonağı məlumatlandıran MSK sədri diqqətə çatdırıb ki, seçkilərin müşahidəsinə 598 beynəlxalq və 112 mindən artıq yerli müşahidəçi qoşulub, bütün ölkə coğrafiyasını əhatə edən 1000 seçki məntəqəsində səsvermə günü prosesləri heç bir qeydiyyat tələb olunmadan, birbaşa və fasiləsiz müşahidə etmək üçün veb-kamera quraşdırılıb.

MSK sədri deyib ki, növbədənkənar parlament seçkilərində 6 milyon 421 min 960 vətəndaş səsvermə hüququndan istifadə edə biləcək. Bildirib ki, Milli Məclisə seçkilərdə 990 namizəd mübarizə aparır və onların sərbəst seçkiqabağı təşviqatı üçün qanunvericiliyin tələblərinə uyğun bütün imkanlar yaradılıb. O, namizədliyi qeydə alınan 305 nəfərin 25 siyasi partiyanın nümayəndəsi olduğunu nəzərə çatdırıb. M.Pənahov ölkədə medianın azad şəkildə fəaliyyət göstərdiyini və sərbəst şəkildə seçki prosesini izlədiyini qeyd edib.

O, seçkilərlə əlaqədar "exit -poll" keçirmək üçün üç təşkilatın MSK-ya müraciət etdiyini vurğulayıb.

Ölkədə 6478 seçki məntəqəsinin yaradıldığını qeyd edən M.Pənahov onlardan 6343-nün daimi, 135-nin isə müvəqqəti fəaliyyət göstərdiyini deyib. Həmçinin Milli Məclisə növbədənkənar seçkilərin ilk dəfə Azərbaycanın bütün suveren ərazilərində keçiriləcəyini və seçki iştirakçılarına hərtərəfli şəraitin yaradıldığını bildirib.

MSK sədri qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə səsvermə hüququna malik 42 mindən artıq seçicinin öz konstitusion hüquqlarını reallaşdırmaları üçün 54 seçki məntəqəsi yaradılıb.

Bolqarıstan MSK-nın sədri K.Neykova Milli Məclisə növbədənkənar seçkilərin müşahidəsində iştirak etməkdən məmnun olduğunu bildirərək, prosesləri fəal şəkildə izləyəcəyini vurğulayıb.

K.Neykova seçkilərin uğurla keçdiyini qeyd edib. Səhər saatlarından etibarən bir neçə məntəqəyə baş çəkdiklərini vurğulayan qonaq, yüksək seçici fəallığı müşahidə etdiklərini deyib.

Görüş çərçivəsində, həmçinin seçkilərlə bağlı müxtəlif məsələlər ətrafında fikir mübadiləsi və müzakirələr aparılıb.



Siyasət