Laçın sevgisinin min bir ünvanı...
Böyük Laçın sevdalı soydaşlarımızdan biri də bu rayonda müxtəlif vəzifələrdə çalışmış, 10-larla kitabın, 1000-dən çox məqalənin müəllifi olan yazıçı-publisist Faiq İsmayılovdur. Onun ata ocağı haqqında yazdığı “Laçın: həqiqətlər, mülahizələr, tarixi dəyərlər” toplusu ən dəyərli kitablarından biridir. Müəlliflə söhbətimizin əsas mövzusu doğma yurdu ilə bağlı apardığı araşdırmalar oldu.
Kitabda Laçının tarixi, bu əraziyə aid olan toponimlər, yerli mədəniyyət örnəkləri, burada aşkar edilmiş mədəni irs nümunələrinin siyahısı, tayfalar, adlı-sanlı bəylər və digər görkəmli adamları barədə faktlar toplanaraq, dolğun şəkildə və sevgilərlə əks etdirilib. Faiq müəllim təkcə Laçının deyil, Dağlıq Qarabağ torpaqlarının əksər toponimlərinin, tarixi yer-yurd adlarının dəyişdirilərək erməniləşdirilməsindən söhbət açdı. Elmi əsərlərdə, vikipedik məlumatlarda bunun qarşısının alınmasının vacibliyinə diqqət çəkərək dedi ki, əks təqdirdə, bu yerlərə səyahət edən hər hansı bir əcnəbi qonaq qeyri-qanuni, birtərəfli qaydada dəyişdirilmiş yer adlarını bölgənin həqiqi toponimləri kimi qəbul edər və çaşqınlıq yaradar. Artıq bu yöndə zəruri addımların atılması sayəsində tarixi ədalət bərpa olunur və əzəli toponimlər sənədlərə və leksikona qayıdır.
Müəllif Laçın ərazisindəki tarix və mədəniyyət abidələri, Zəngəzur bölgəsinin bu rayonundakı Xanım dərəsi, Ayıdərəsi, Keçəl dağ və Qaragöl yaylagından Kəlbəcər istiqamətinə uzanan ərazidə ibtidai icma dövrünə aid çox sayda qaya təsvirlərinin, süjetli oymalar, kurqanlar, at-qoç fiqurlarının olmasından da danışdı. Onun dedikləri:
– Laçında antik dövr insanlarının mövcudluğunu sübut edən faktlar deməyə əsas verir ki, hələ min illər öncə ilk insan icmalarının varlığı üçün burada əlverişli təbii şərait mövcud olmuşdur. Eyni zamanda, ibtidai daş alətlərin hazırlanması üçün bu ərazilər əhəng daşı, dəvəgözü (vulkanik şüşə), çaxmaqdaşı və digər xammallarla da zəngin olmuşdur. Bu ərazilərdəki qədim yaşayış yerlərinin qalıqlarına Pəri çınqılı, Qaragöl yaylaqları, eləcə də Mirik, Hoçaz, Pircahan, Cicimli və Güləbird kəndləri ərazilərində və digər yerlərdə təsadüf edilir. Tədqiqata böyük ehtiyacı olan bu təsvirlərin yaşı, bəlkə də, Qobustan qayaları üzərindəki təsvirlərin yaşı qədərdir. Zaman keçdikcə ibtidai insanın şüuru, mədəniyyəti inkişaf edir, hər qəbilənin özünəməxsus yeni fəlsəfi düşüncəsi və adət-ənənələri meydana gəlirdi. Burada özəl dəfn mərasimlərinin olmasına qazıntılar zamanı üzə çıxan kurqanlar, küp qəbirlər və. s. dəlalət edir.
Kitabda Azərbaycan mədəniyyətinə xas gözəl xüsusiyyətlərə də ayrıca yer verən Faiq müəllim böyüklərə hörmət, həyat yoldaşına, dostuna sədaqət və düzlük olan bu müsbət xüsusiyyətlərin orada yaşayan insanlar arasında pozulmaz həyat qanunları olduğunu dedi:
– Mərdlik və kişilik təkcə sözlə ifadə olunmazdı. Burada verilən hər bir vəd yüksək qiymətləndirilər, sözə əməl etmək əsl kişilik sayılardı. Sözlə qan yatırılar, düşmənçilik aradan qaldırılardı. Kimsəsizə, imkansıza mərhəmət, ağsaqqala, ağbirçəyə ehtiram göstərmək insanlıq borcu sayılardı ki, bugünkü mental dəyərlərimizin əsasını təşkil edir.
Laçınlı bəylər cəmiyyətin varlı təbəqəsi olsalar da, bölgəyə hər hansı bir düşmən təcavüzü baş verdikdə, sıravi əsgər kimi, hücumu dəf etməyi özləri üçün şərəf işi hesab edirdilər. Ümumiyyətlə, Laçından sayılıb-seçilən dövlət xadimləri, şairlər, rəssamlar, din xadimləri, aşıqlar da çıxıb. Onlardan Həmzə Sultan, Nəbi bəy, Murtuza bəy, Hacı Axund Molla Şükür, Sarı Aşıq, Aşıq Məşədi Dadaş və başqalarının adlarını çəkmək olar.
Müəllif böyük təəssüf hissi ilə onu da söylədi ki, bolşevizmin dağlara ayaq açdığı dövrlərdə laçınlı bəylərin də böyük hissəsini müxtəlif bəhanələrlə tutdurub ölümə məhkum edib, yaxud da Sibirə əsir düşərgələrinə sürgünə göndəriblər. İşgəncələrdən və təqiblərdən cana doyan bəylərin ailə üzvləri sonrakı dövrlərdə özlərinin bəy nəslindən olduqlarını danmağa məcbur olublar. Hətta analar yeni doğulan övladlarına bəy adı qoymağa ehtiyat ediblər. Bəy şəcərələrinə aid sənədləri, digər yazı nümunələri və əşyaları öz əlləri ilə məhv edib, ya da torpağa basdırıblar...
Qeyd edək ki, maraqla oxunan kitabı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının vəsaiti hesabına, “Müharibədən zərər çəkən vətəndaşların sosial və mədəni hüquqlarının Avropa Məhkəməsində müdafiəsi, eləcə də problemin həlli ilə bağlı digər tədbirlərin beynəlxalq səviyyədə təbliği” layihəsi çərçivəsində Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyi çap etdirib.
Fidan SALMANOVA
XQ