Türkiyədəki Azərbaycan səfirliyinin nəzdindəki Mədəniyyət Mərkəzinin layihəsi ilə qardaş ölkənin bölgələrində milli mədəniyyətimiz, tariximiz, ədəbiyyatımız, Azərbaycan dilinin təbliği, habelə mədəni əlaqələrimizin daha da möhkəmləndirilməsi istiqamətində gərəkli addımlar atılır. Marmaris və Antalya şəhərlərində təşkil olunan “Azərbaycan mədəniyyəti və sənəti günü” də bu sıradandır.
Tarixi turizm şəhəri olan Marmarisdə açıq havada, qədim amfiteatr səhnəsində keçirilən “Elvedasız şarkılar” adlı möhtəşəm konsert proqramı təqdim olunub. Yerli sakinlərin və turistlərin iştirak etdiyi mərasimdə öncə Azərbaycan mədəniyyətinə dair videomaterial nümayiş etdirilib.
Marmaris valisi Nurullah Kaya və Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov əsl sənətin bayramına çevrilmiş məşhur musiqi layihəsi “Elvedasız şarkılar” proqramı haqqında danışıb, Azərbaycan musiqi sənəti ilə yaxından tanışlıq baxımından bu kimi tədbirlərin əhəmiyyətini qeyd ediblər. Sonra 6 min nəfərlik qədim amfiteatr səhnəsində məşhur sənətçi Bora Gencerin təşkilatçılığı ilə keçirilən “Elvedasız şarkılar” adlı konsert təqdim olunub. Səhnəni hər iki ölkə sənətçiləri bölüşüblər. Azərbaycandan proqramda Xalq artisti Gülyanaq Məmmədova, Azərbaycanın Əməkdar artistləri Ramil Qasımov, tarzən Sahib Paşazadə, gənc azərbaycanlı müğənnilər Aynur İsgəndərli, Vüsalə Əskərova, habelə Azərbaycan Mədəniyyət Mərkəzinin Xalq Rəqsləri Ansamblı yer alıb.
Mərkəzdən müxbirimizə verilən məlumata görə, layihə Türkiyədəki səfirliyimizin və Antalya–Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin dəstəyi ilə reallaşıb. Eyni təqdimat Antalya şəhərində Nazim Hikmət Mədəniyyət və Konqre Mərkəzində “Azərbaycanın təsviri sənəti” adlı sərgisinin açılışı ilə baş tutub. Sərgidə Azərbaycandan “FR Collection” kolleksiyasına aid gətirilən qadın baş geyimi – qədimi kəlağayılar və digər milli geyimlərimiz nümayiş olunub, eyni zamanda, Azərbaycan qadın rəssamlarının əsərlərindən ibarət sərgi tədbir iştirakçılarında böyük maraq doğurub. Nümayəndə heyətimiz – incəsənət ustalarımız Antaliya televiziya kanalının da qonağı olub, Azərbaycan–Türkiyə qardaşlığına həsr edilən musiqili verilişdə məharətlərini göstəriblər.
Layihə üzrə, Antalyadakı Akdeniz Universitetində Azərbaycanşünaslıq Mərkəzinin təşkili məsələləri də müzakirə olunub, kitabxanalara Azərbaycana dair nəşrlər hədiyyə edilib.
XQ