Ermənistan hakimiyyətinin yol verdiyi siyasi naşılıqlar, korafəhmlilik, necə deyərlər, bir budaqda əyləşib min budağı silkələmək siyasətinin acı nəticələri son vaxtlar ölkə daxilində daha tez-tez müşahidə olunur. Daxildəki qüvvələr Nikol Paşinyan iqtidarının və şəxsən, baş nazirin özünün, əsasən, Rusiyaya münasibətdə strateji səhvlərə yol verdiyini bildirirlər. Bu düşüncədə olan siyasətçilərdən biri də Respublika partiyasının sədr müavini və icraiyyə komitəsinin üzvü Armen Aşotyandır.
A.Aşotyan 2012-2016-cı illərdə Ermənistanın təhsil və elm naziri olub. İxtisasca həkimdir. Paşinyan hakimiyyətə gələndən sonra müxalifətə keçib. Bir ildən çoxdur ki, həbsdədir. O, qəyyumlar şurasının rəhbəri olduğu İrəvan Tibb Universitetində xüsusilə böyük məbləğdə mənimsəmə cinayətində ittiham olunur. Ancaq sabiq nazir dəfələrlə bildirib ki, ona qarşı iş siyasi fəaliyyətinə görə qaldırılıb. Hazırda korrupsiyaya qarşı mübarizə məhkəməsində məhkəmə prosesi davam etdirilən A.Aşot-yan iclasların birində fasilə zamanı jurnalistlərin suallarını cavablandırıb. Onun səsləndirdiyi fikirlər diqqəti cəlb edir.
Aşotyan deyib ki, hazırda Hayastanla bağlı məsələlər dünyada Ermənistan nümayəndələrinin iştirakı olmadan müzakirə edilir. Onun sözlərinə görə, Ermənistanın strateji müttəfiqinin bu məsələləri Bakı ilə müzakirə etməsi pisdir. Amma daha pis olan odur ki, rəsmi İrəvanın özü vəziyyəti indiki həddə gətirib çatdırıb: “Ermənistan–Rusiya münasibətləri hazırda geridönməz şəkildə korlanıb və onu bərpa etmək mümkün deyil. Münasibətlər elə bir vəziyyətə gəlib çatıb ki, hər iki tərəfin rəsmiləri harada və nədən danışacaqlarını dərk edə bilmirlər”.
Belarus Prezidenti Aleksandr Lukaşenkonun ermənilərin onlardan başqa heç kəsə lazım olmadığı ilə bağlı bəyanatına toxunan Aşotyan deyib: “Nikol bir vaxtlar Lukaşenkonun onu tərifləməsindən çox məmnun qalmışdı. Nikol Lukaşenkonun onu qəfildən tərifləməyə başlamasının bədəlini bir gün ödəyəcəyini də düşünməli idi...”
Ermənistanın təhlükəsizlik məsələlərinə gəldikdə isə A.Aşotyan bildirib: “Nikol Paşinyanın Ermənistanın təhlükəsizlik məsələlərinə heç bir aidiyyatı yoxdur”.
Əlbəttə, A.Aşotyanın fikirlərini təhlil edərkən onun müxalifəti təmsil etdiyini nəzərdən qaçırmaq olmaz. Özü də Aşotyan Paşinyana qarşı radikal müxalifətçilik edən Qarabağ klanının iki əsas liderindən biri olan Serj Sarkisyanın partiyasında sədr müavinidir. Bununla belə, onun fikirlərində obyektivliyin payı da az deyil.
Ümumiyyətlə, Rusiya Prezidenti Vladimir Putinin avqustun 18-19-da Bakıya etdiyi dövlət səfəri, Belarus Prezidenti A.Lukaşenkonun səsləndirdiyi və gerçəkliyə uyğun fikirlər Ermənistan cəmiyyətində ciddi müzakirə olunmaqdadır. Məsələn, Respublika partiyasının icra orqanının üzvü, parlamentin sabiq sədr müavini Eduard Şarmazanov jurnalistlərlə söhbətində bildirib ki, N.Paşinyanın səriştəsiz siyasəti nəticəsində Ermənistan geosiyasi və regional oyunçular, dövlətlər arasında çəkişmə, sınaq meydanına, yaxud hərbi poliqona çevrilib.
Şarmazanov qeyd edib ki, Rusiya regionda özünün maraqlarına xidmət edən mühüm oyunçudur. Hazırda Bakı və Moskva arasında yaxşı münasibətlər formalaşıb. Bu mənada Vladimir Putinin Azərbaycan paytaxtına səfəri və burada Prezident İlham Əliyevlə görüşü tam təbiidir: “Amma Rusiya rəsmiləri Nikolla necə görüşə bilərlər? Ermənistan hakimiyyəti Roma statutunu ratifikasiya edib öyünür ki, gəlsə (Putin nəzərdə tutulur–S.H.), həbs olunacaq”.
E.Şarmazanov bir qədər də irəli gedərək Azərbaycanın Ermənistana hücum etməsinin (?) nəzəri cəhətdən mümkün olduğunu bildirib, lakin əlavə edib ki, müharibə ehtimalını görmür: “Yalnız bərabər gücə malik olan qüvvələr döyüşə bilərlər. Paşinyan Ermənistanı kollektiv Qərbin əlində alətə çevirib. 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatdan sonra Nikol Brüssel platformasına keçdi və 2022-ci il oktyabrın 6-da Praqada “Artsax”ı Azərbaycanın bir hissəsi kimi tanıyan sənədə imza atdı. Bununla da Qarabağla bağlı bütün məsələlər bağlandı. Dünya Qarabağla bağlı məsələləri Azərbaycanın daxili işi kimi qəbul etməyə başladı”.
Ermənistanın media orqanlarında da regiondakı son proseslərlə bağlı analitik yazılar dərc olunur. Bu yazılarda Rusiya Prezidenti Vladimir Putin, Xarici işlər naziri Sergey Lavrov, nazirliyin rəsmi nümayəndəsi Mariya Zaxarova, digər dövlət rəsmiləri hədəfə alınır. Onlar barədə tənqidi yazılarda aşağılayıcı sözlərdən istifadə olunur. Məsələn, “Armenian Report”da yerləşdirilmiş “Dəyişiklik küləyi: O, Qərbdən əsir” sərlövhəli analitik yazıda Ukraynanın Kursk vilayətinə hücumunun uğurlu olması Rusiyanın rüsvayçılığı adlandırılır. Qeyd edilir ki, “bu rüsvayçılığı” təkcə ruslar deyil, bütün dünya görür: “Və biz də görürük. Deməli, bu cür Rusiyadan mümkün qədər tez və uzağa qaçmaq lazımdır. Bu fikirləri “beşinci kolon” nümayəndələrinin Rusiyanın təhlükəsizliyimizin qarantı olaraq qalması ilə bağlı müzakirələrinin artması ilə əlaqədar yazıram. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova da mütəmadi olaraq eyni şeydən danışır. Amma biz artıq hər şeyi görmüşük. Azərbaycan “Artsaxı işğal edəndə” (?) Rusiya Azərbaycanı dəstəklədi. Rusiya sülhməramlılarını geri çəkdi, Azərbaycana hərtərəfli əməliyyat həyata keçirməyə imkan verdi”.
Müəllif Romella Mnatsakanyan yazıb ki, Putin bu günlərdə Bakıya gəlib, onu son dərəcə isti qarşılayıblar: “Bütün sirlər aşkara çıxdı və Ermənistandakı “rus dünyası”nın tərəfdarları axmaq vəziyyətə düşdülər. Nəhayət, bəlli oldu ki, Ermənistanı düşmənlərindən qorumağa, onun təhlükəsizliyinin qarantı olmağa yalnız kollektiv, demokratik Qərb qadirdir”.
Jurnalist rusiyalı politoloq Sergey Markovu da hədəfə alıb. Qeyd edək ki, Markov bugünlərdə “Teleqram” kanalında V.Putinin Azərbaycana səfərinin tarixi hadisəyə çevrildiyini yazıb. Bildirib ki, səfər Rusiyanın Cənubi Qafqazdakı əsas müttəfiqinin dəyişməsi ilə əlamətdar oldu: “30 ildən artıqdır ki, Ermənistan belə bir müttəfiq idi, lakin indi o, Qərbin, o cümlədən Fransanın, Aİ-nin və ABŞ-nin tərəfinə keçmək qərarına gəlib. Bu kontekstdə Rusiya və Azərbaycan son üç il ərzində yaxınlaşmağa başlayıb və Putinin səfəri Rusiyanın əsas müttəfiqinin dəyişməsi ilə əlamətdar oldu – indi o, Azərbaycandır”.
Erməni jurnalist dediyi sözlərə görə Markova təşəkkür edib və bu sözlərin ABŞ, Aİ və Ukraynada eşidiləcəyinə ümid etdiyini vurğulayıb.
Göründüyü kimi, Ermənistan mediası V.Putinin Bakıda yüksək səviyyədə qarşılanmasını da başqa cür yozmağa girişib. Əslində isə burada qeyri-adi heç nə yoxdur. Qonaqpərvərlik Azərbaycan xalqına xas nəcib keyfiyyətlərdəndir. Biz vaxtilə ermənilərə münasibətdə də çox qonaqpərvər olmuşuq. Onların Çar Rusiyası tərəfindən Gülüstan və Türkmənçay müqavilələrindən sonra tarixi torpaqlarımıza köçürülməsinə imkan vermişik. İrandan, Yaxın Şərqin müxtəlif yerlərindən bölgəmizə köçürülən erməni xalqı köçürülmədən 50-60 il sonra bizə qənim kəsilməyə başlayıb. Biz ermənilərə münasibətdə yol verdiyimiz qonaqpərvərliyin, həlimliyin, qayğıkeşliyin cəfasını uzun onilliklər boyu çəkməli olduq. Nəhayət, 2020-ci ildə torpaqlarımız erməni işğalçılarının tapdağından qurtuldu. Həmin günlərdə ermənilər yenə də Rusiyaya, ABŞ-yə, Fransaya və digər ölkələrə arxalanırdılar. Onların 27 il ərzində məsələni sülh yolu ilə həll etməkdən imtinası da bu arxayınlıqdan irəli gəlirdi. Ancaq bu arxayınlaşma onlara baha başa gəldi.
Mövzu üzrə fikirlərini öyrəndiyimiz Dövlət İdarəçilik Akademiyasının müşaviri, politoloq Zaur Məmmədov da bu fikirdədir ki, Azərbaycan rəhbərliyinin apardığı balanslı, uzaqgörən siyasət, o cümlədən Rusiya ilə münasibətlərin üstün səviyyəyə qaldırılması Vətən müharibəsi günlərində obrazlı desək, ölkəmizə doğru əsə biləcək “Şimal küləyi”ni mülayim mehə çevirdi. Ermənistann tutduğu anti-Rusiya siyasi xətti, Kremldən üz çevirərək Qərbin timsalında “təhlükəsizlik yastığı” axtarışları isə onun strateji səhvi idi: “Praqa sammitində Ermənistan rəhbərliyinin Azərbaycanın ərazi bütövlüyünü Alma-Ata bəyannaməsinə əsasən tanıması bu istiqamətdə müzakirələrə son nöqtəni qoydu. Rusiya rəhbərliyi də bunu əsas gətirərək bildirdi ki, daha hər şey bitib. İndi yaxşı olar ki, Ermənistan rəsmiləri, o cümlədən media resursları məsələni doğru-dürüst şərh etsinlər. Onlar təqsiri özlərində görməlidirlər”.
Z.Məmmədov onu da bildirdi ki, V.Putinin Bakı səfəri və A.Lukaşenkonun Ermənistanla bağlı fikirləri ətrafında kampaniya aparılır. Ancaq onlar nəzərə almırlar ki, Rusiya və Azərbaycan müttəfiq dövlətlərdir. Lukaşenkonun fikirləri isə reallığı dolğun əks etdirir.
Səxavət HƏMİD
XQ