Daşkənddən müttəfiqlik mesajları

post-img

Yeni müqavilə Azərbaycan ilə Özbəkistan arasında ən yüksək əməkdaşlığın təcəssümüdür

XXI əsrin Türk əsri ola­cağının bütün əlamətləri göz önündədir. Bunun ən bariz nü­munəsi Mərkəzi Asiya respub­likalarının sürətli tərəqqisidir. Bir çox analitik və ekspertlərin iqtisadi inkişaf tempinə görə “Mərkəzi Asiyanın möcüzəsi” adlandırdıqları Özbəkistan öz inkişafının əsl intibah dövrünü yaşamaqdadır, – desək, səhvə yol vermərik. 

Bu gün Özbəkistan və Azərbaycan ara­sındakı münasibətlərin heç vaxt olmadığı səviyyəyə qalxdığını da əminliklə söyləyə bilərik. Xüsusilə, Qarabağı işğaldan azad etdiyimizdən sonrakı dörd il ərzində iki ölkənin dövlət və hökumət nümayəndələ­ri arasında əməkdaşlığın bütün sahələrini əhatə edən qarşılıqlı səfərlərin sayı onlar­cadır. Dövlət başçılarının – Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin səmimi dostluq və qardaşlıq atmosferində keçən rəsmi görüşləri də intensiv xarakter daşı­yır. Bu da səbəbsiz deyil. İki qardaş ölkəni və xalqları birləşdirən ortaq dəyərlər var. 

Dünən Daşkənddə Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyev “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik müna­sibətləri haqqında Müqavilə” imzaladı­lar. Bu müqavilənin imzalanmasını tarixi məqam saydığını deyən Prezident İlham Əliyev onu iki ölkənin imzalaya biləcə­yi ali səviyyəli beynəlxalq sənəd kimi dəyərləndirdi. Bununla Azərbaycan–Öz­bəkistan münasibətlərinin yeni fəslinin deyil, yeni kitabının yazıldığını bəyan edən Prezident İlham Əliyev bu gün iki qardaş xalqın, iki müstəqil, suveren, qüd­rətli dövlətin həm də rəsmi müttəfiqə çev­rilmələrini məmnunluqla qeyd etdi: “Bu, çox mühüm xarici siyasət addımıdır və gələcək illərdə münasibətlərimizi, həm­çinin bir çox hallarda, regional siyasəti müəyyən edəcək”.

Çıxışında Azərbaycanla Özbəkistan arasında son illər genişlənən əməkdaşlıq­dan söz açan dövlətimizn başçısı işğaldan azad edilimiş Füzuli rayonunda Özbəkista­nın maliyyəsi ilə Mirzə Uluqbəy adına orta məktəbin inşasını qardaşlıq rəmzi, özbək xalqının töhfəsi kimi yüksək qiymətlən­dirdi. Bu məktəbdə 500-ə yaxın şagirdin təhsil alacağını nəzərə çatdıran Azərbay­can Prezidenti iki ölkə arasında imzalanan yeni sənədlərin əməkdaşlığın daha geniş üfüqlərini müəyyənləşdirdiyini söylədi. 

Bir-birimizin uğurlarına sevinirik

Mətbuat üçün açıqlamasında Prezident İlham Əliyev bu gün Özbəkistanın təkcə bölgədə deyil, həm də dünya miqyasında yüksək siyasi nüfuza malik ölkəyə çevril­diyini və buna səmimi-qəlbdən sevindiyi­ni vurğulayaraq, Şavkat Miromonoviçin müdrik siyasətinin son təzahürü kimi öz­bək idmançılarının Yay Olimpiadasında tarixi uğurunu diqqətə çatdırdı. 

“Onlar çoxlu medal qazandılar, on­lardan 8-i qızıldır. Həmçinin müsəlman ölkələri arasında birinci, dünyada 13-cü yeri tutdular. Bu, tarixi nailiyyətdir”– deyən İlham Əliyev bundan bütün Türk dünyasının sevindiyini və qürur duyduğu­nu xüsusi vurğuladı. 

Həqiqətən də, Mərkəzi Asiyanın yük­sək templə irəliyə doğru addımlayan res­publikasına çevrilmiş Özbəkistan bütün sahələrdə, o cümlədən idmanda da rekord nailiyyətlərə imza atır. Bir həqiqəti də demək lazımdır ki, Özbəkistanın dünyada gündən-günə artan nüfuzu həm də onun üzvü olduğu Türk Dövlətləri Təşkilatının regionda və beynəlxalq arenada güclən­məsini şərtləndirən amillərdəndir. Burada Azərbaycanın da oynadığı önəmli rolu unutmaq olmaz. Özbəkistan və Azərbay­can rəhbərlərinin imzalarını atdıqları müt­təfiqlik münasibətləri haqqında müqaviləni sanbalına və miqyasına görə Azərbaycanla Türkiyə arasında imzalanmış Şuşa Bəyan­naməsi ilə müqayisə edə bilərik. 

“Qarabağın dirçəldilməsində biz də iştirak edəcəyik”

“Özbəkistan Qarabağın yenidən qurul­masında iştirak etməyə hazırdır”. Bu söz­ləri Özbəkistan Prezidenti Şavkat Mirziyo­yev Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuata bəyanatında bildirib. 

Özbəkistan Prezidenti bu mesajları ilə həm də bəzi incə məsələləri “dünya güclə­ri”nin nəzərinə çatdırdı: “Sizin səylərinizlə qədim Qarabağ torpağı inkişaf və tərəqqi diyarına çevrilir. Burada sosial infrastruk­tur, istehsal obyektləri fəal şəkildə qurulur, iş yerləri açılır, insanları dinc, xoşbəxt hə­yata qaytarmaq üçün hər şey edilir... Bü­tün bu insanlar illərdir geri qayıdacaqları günü gözləyiblər. Özbəkistan bu nəcib işdə Azərbaycana bundan sonra da dəstək ver­məyə hazırdır. Bu gün Qarabağda geniş­miqyaslı yenidənqurma işləri aparılır, əgər özbək inşaatçılar üçün hansısa sahə və ya ərazi ayrılsa, biz bu işdə iştirak edəcəyik”,

Xoş məramlı qardaşlıq jestinə müsbət yanaşdığını bildirən dövlətimizn başçısı bu sahədə də əməkdaşlığın gücləndirilmə­sinin hər iki tərəf üçün səmərəli olacağına inandığını söylədi. Yeri gəlmişkən, onu da qeyd edək ki, Özbəkistanın müttəfiq­lik münasibətləri saxladığı ölkələrin sayı çox deyil. Prezident Şavkat Mirziyoyevin dediyi kimi, indiyədək heç bir ölkə ilə bu cür qısa müddətdə belə müqavilə imzalan­mayıb. Özbəkistanın dövlət başçısı bu gün tarix yazdıqlarını və bu tarixin öz təcəssü­münü Azərbaycan və Özbəkistan xalqla­rının rifahında tapacağına əmin olduğunu bildirib. 

2025-ci il – iqtisadi əməkdaşlıq ili

Azərbaycan liderinin Özbəkistana səfərini tarixi adlandıran Şavkat Mirzi­yoyev xüsusi məmnunluqla qeyd etdi ki, İlham Əliyevin Daşkəndə dövlət səfəri çoxəsrlik dostluq münasibətlərimizin inki­şafı baxımından tarixi hadisədir: “Bu gün biz müttəfiqlik münasibətləri haqqında müqavilə imzaladıq. Bu sənəd dövlətləra­rası qarşılıqlı fəaliyyətin möhkəmləndiril­məsində yeni fəslin başlanğıcını simvolizə edir”. Onun sözlərinə görə, bununla da iki ölkə arasında çoxplanlı tərəfdaşlığın hərtərəfli inkişaf etdirilməsi kursuna qəti sadiqlik təsdiqlənib. Özbəkistan Prezidenti çıxışında 2025-ci ili iqtisadi əməkdaşlıq ili elan etdiklərini və Azərbaycanla Özbəkis­tan arasında ticarət dövriyyəsinin həcmini iki dəfə artırmaq üçün əsasların olduğunu dedi. Ş.Mirziyoyev bu istiqamətdə də müs­bət dinamikanın güclənəcəyinə əminliyini bildirdi. Dövlətimizin başçısı özbəkistanlı həmkarının sözünə qüvvət olaraq bun­ları dedi: “İkitərəfli gündəliyi və üçüncü ölkələrə investisiyalarla çıxışı artıracağıq. Qardaş ölkələr, müttəfiqlər kimi inamla, layiqincə, çiyin-çiyinə addımlayırıq və irə­liləməyə davam edəcəyik”.

Yolumuz bir, hədəflərimiz eynidir

Bəli, bütün Türk dövlətləri inamla, çi­yin-çiyinə addımlamalıdır. Yuxarıda qeyd etdiyimiz kimi, iki qardaş xalqı bir-birinə bağlayan, doğmalaşdıran dəyərlər möv­cuddur. Özbəkistan və Azərbaycanın oxşar cəhətlərindən danışanda, qardaş və artıq müttəfiq ölkələrin çağdaş dövrün çağı­rışlarına cavab verən sivil və demokratik quruluşa malik, dünyaya açıq və inkişafa meyilli ölkələr olmalarını qeyd etməliyik. 

Bu gün Mərkəzi Asiya, Cənubi Qafqaz, Xəzərətrafı ölkələr vahid geosiyasi regio­na çevrilir. Cənubi Qafqazın intizarında olduğu müsbət proseslər Özbəkistan ilə Azərbaycan arasında səmərəli əməkdaşlıq­dan da asılıdır. İnanırıq ki, möhkəm tellərə malik qardaşlıq ittifaqı bu missiyanın öh­dəsindən uğurla gələcək. Elə yaxın tarixə nəzər salanda görürük ki, özbək xalqı və mədəniyyəti ilə Azərbaycan xalqını və mə­dəniyyətini birləşdirən cəhətlər, bir-birinə bağlayan tellər az deyil. Hələ Sovet döv­ründə Özbəkistan və Azərbaycanın elm, mədəniyyət, ədəbiyyat və incəsənət adam­ları arasında yaradıcılıq, dostluq, qardaşlıq əlaqələri geniş idi. 

İndi iki müstəqil, suveren Türk dövləti böyük fərəh və doğmalıq hissi ilə bir-birinə qucaq açır, arxa-dayaq olur. Çünki biz bir yolun yolçularıyıq, hədəflərimiz də eyni­dir. Gözlərimiz önündə rəngarəng özbək ipəyinə bürünmüş müjdəli səhərlər canla­nır. Sarsılmaz qardaşlıq birliyi və möhkəm müttəfiqlik üzərində inşa edəcəyimiz xoş­bəxt gələcəyi təkcə oğuz türkləri – özbək­lər və azərbaycanlılar deyil, Turan elləri, bütün Türk dünyası haqq edir. 

İmran BƏDİRXANLI
XQ

Siyasət