Borcu qaytarmaq

post-img

Yaxud Rusiya–Ermənistan münasibətlərində tarix və müasirlik

Mövzumuz Ermənistanın Rusiyaya borcu barədədir. Əlbəttə, mövcud xüsusda bir çox başqa məqamlardan da söz açacağıq. Daha doğrusu, borc amilini qabardaraq, Cənubi Qafqazda yaşanan proseslərə tarixi və müasir aspektdən yanaşacağıq. 

Bəli, hazırkı Ermənistan hakimiyyəti var gücü ilə Rusiyadan ayrılmaq yolunu tutur. Ermənilər indiyədək üzləşdikləri bütün bəlaların kökünü Rusiyada görürlər. Hər halda, ölkədə belə bir ab-havanın ol­duğu duyulur. Əslində, Nikol Paşinyanın iqtidara yiyələnməyi bacarmasının özü də bu ab-havanın siyasi məhsulu olub. Əks halda, otuz ilə yaxın at oynatmış ruspərəst xunta rejimi devrilməzdi. 

Koçaryan–Sarkisyan tandemi Ermə­nistana çox bəlalar yaşatmışdı. Ancaq bir maraqlı nüans var və bu, erməni xalqının düşüncə tərzi ilə bağlıdır. Nəzərə alaq ki, Ermənistanda 2018-ci il inqilabı sırf Ru­siyaya hiddət zəminində baş verdi. Ru­siyaya hiddət, Qərbə rəğbət. Sadə dildə desək, ruslar pis, avropalılar və ameri­kalılar yaxşıdır. Yəni, dəyişiklik hansısa ideoloji fərqliliyin təqdimatına duyulan ehtiyac zəminində yaşanmadı və əsl ma­hiyyət bu qədər bəsitdir. 

Sırf bəsit təfəkkürün nəticəsidir ki, hazırda Ermənistan hakimiyyəti Rusiya ilə bağlı hər şeyin üzərindən xətt çəkməyə çalışır. Baxın, Paşinyan iqtidarı dərslik­lərə əl qoyur. Tarixi saxtalaşdıraraq, Ru­siyanı işğalçı kimi göstərir. Halbuki, er­mənilər üçün Rusiya işğalçı olmamalıdır. Çünki ikinci ələ keçirdiyi Azərbaycan tor­paqlarında birincilərə vilayət yaratmışdı. Sonra o vilayət dövlətə çevrilmişdi. Daha sonra isə Rusiya həmin dövlətin ərazisini Azərbaycan torpaqları hesabına genişlən­dirmişdi. Deməli, erməni qövmü ruslar qarşısında əbədi borclu idi.

Baş nazir Nikol Paşinyan heç də elə-belədən demir ki, Ermənistan üçün sərhədləri müəyyənləşdirmək lazımdır. O, keçən il ölkəyə “doğum şəhadətnaməsi” almaqdan də danışırdı. Nikol çox yaxşı bilir ki, ölkəsinin sərhədi yoxdur. Deməli, faktiki olaraq, dövlətin özü də yoxdur. 

Azərbaycan bir yana, Türkiyə və İran istiqamətində rus sərhədçiləri keşik çə­kirlər. Belə dövlət olar? Əlbəttə ki, yox! Deməli, Paşinyan həqiqəti deyir. Maraqlı­dır ki, Ermənistanda və xaricdə bu reallığı görməyib onu satqın və xain adlandıranlar, eramızdan əvvəlki dövrə baş vurub erməni miflərini ortaya atan ucuz populistlər var. 

Digər tərəfdən, nəzərə alaq ki, Cənubi Qafqaza gəldikləri iki yüz ildə ermənilər ilk dəfədir itirirlər. Yəni, onlara məxsus ol­maya-olmaya qazandıqlarını əldən verirlər. Söhbət Qarabağ itkisindən gedir. Paşinyan hələ hakimiyyətə gəlməzdən əvvəl bildi­rirdi ki, Qarabağ Ermənistanın çiynindən asılmış ağır yükdür və o yükü atıb rahat­laşmaq lazımdır. O, bu məsələdə haqlı idi. Ancaq müəyyən qədər. 

Nikolun əvvəlki düşüncəsinə görə, Qarabağ Rusiyanın ermənilər üçün qon­dardığı problem idi. Əgər ərazi olmasa, ölkə rahatlaşacaq. Amma Ermənistan dörd ildir ki, nəinki narahatdır, eyni zamanda, yeni bəlalar qarşısındadır. Axı Qarabağla iş bitmir. Bugünkü Rusiyanın sələfi olan keçmiş SSRİ deyildimi Ermənistana Zən­gəzuru peşkəş edən? Görəsən, 1918-ci ildə Ermənistan dövləti necə yaranmışdı? Sual ritorikdir. O zaman qədim türk yurdu olan İrəvan paytaxt olmaqla, Ermənistan dövlə­tinin yaranmasına qol qoyanlar olmuşdu. Elə ruslar da, həmçinin.

Amma görünür, ruslar ermənilərə tor­pağı necə verməyin lazım olduğunu bilir­lərmiş. Yəqin, xislətlərinə bələd imişlər. Ona görə də ərazilərimizin Ermənistana sonrakı bəxşiş prosesi təxminən belə oldu: Verdik, gedin götürün. Yalandan bir sənəd də yazıblar, kiməsə tez-bazar imza atdırıb­lar, vəssalam! Qarabağı da həmin qaydada Ermənistan torpağı etmək cəhdləri yaşa­nıb. Ulu öndər Heydər Əliyev belə mənfur niyyətlərin qarşısına sədd çəkib. 

Nə qədər ki, Heydər Əliyev hakimiyyət olimpində idi, sanki qurbağa gölünə daş atılmışdı. Ulu öndər tutduğu yüksək və­zifədən uzaqlaşdırıldıqdan sonra ermənilər vaxt itirmədən hərəkətə keçdilər. Yenə SSRİ-nin ali rəhbərliyində təmsil olunan­lar onların fitnə-fəsadlarına göz yumdular, Qarabağa sahiblənmələri üçün şərait ya­ratdılar. Daha sonra torpaqlarımızın işğalı yaşandı. Nəhayət, otuz ilə yaxın müddətdə gözlədilər ki, Qarabağı unudaq. Özlərini Zəngəzur, Göyçə itkisi ilə barışanların bu­nunla da barışacaqlarına inandırdılar. Əl­bəttə, yanıldılar. 

Belə bir suala cavab verək: İndi nəyə görə Cənubi Qafqaz qarışır? Cavab ay­dındır: Sırf erməni məsələsi səbəbindən. Hazırda bu məsələ Qərblə Rusiya arasında ziddiyyət predmetidir. 2018-ci ildə Qərb Rusiyaya əbədi borcu olan Ermənistanı onun əlindən alıb. Əlbəttə, birincinin öz oyunu və haqqı var. Qərbdə düşünürlər ki, erməni məsələsinin onlara dəxli çoxdur. Nə olsun ki, Rusiya erməniləri himayə edib? Axı, Qərbə də yaşadığımız coğrafi­yada erməni dövləti lazım olub. Türk dün­yasını parçalamaqla bağlı hər iki qütbün planları üst-üstə düşüb. 

Bəli, Qərbdə hesab ediblər ki, erməni məsələsi onlarındır. Amma belə düşün­cə də olub: Bir halda ki, rusların erməni həssasiyyəti var, qoy, onlar Ermənista­nı bəsləsinlər. Diqqət yetirək, ruspərəst Koçaryan–Sarkisyan tandemi də Qərblə yaxşı əlaqələrə malik idi. O zaman heç deyilmirdi ki, onlar Rusiyanın avtoritar üsul idarəsinin canişinləridir. Avropada və ABŞ-də Koçaryana da, Sarkisyana da qu­caq açılıb. Ancaq sonra vəziyyət dəyişdi – erməni inqilabı baş verdi. Nəticədə dediyi­miz kimi, 2018-ci ildə Ermənistanla bağlı Qərb–Rusiya ziddiyyəti yarandı. Əslində, bu ziddiyyətin kökü bir qədər dərindir və bu, Qarabağ məsələsinə də təsir göstərmiş­di. 

Baxın, 1991-ci ildə SSRİ dağıldı. Ermənistan müstəqil dövlətə çevrilərək Azərbaycan torpaqlarına qənim kəsildi və istəyini əldə etdi. Amma beynəlxalq bir­lik, böyük ölçüdə, Qarabağın Ermənistan olmasına rəsmi qaydada razılıq vermədi. Niyə? Çünki Qərb müstəqil Ermənista­nın Rusiyanın peykinə çevrildiyini gördü. Beynəlxalq birlik birincinin məhz bu amp­luada Qarabağa sahiblənməsini istəmədi. Azərbaycan dövləti isə belə ziddiyyətli məqamlardan yararlanaraq öz siyasətini qurdu. Bir çoxları düşündü ki, ölkəmiz və xalqımız Qarabağ itkisi ilə barışacaq. Amma zaman göstərdi ki, gözləmək və səbr etmək siyasətin tərkib hissəsi idi. Nə­hayət, vaxt yetişdi. 

Sual olunur: Nəyə görə Nikol Paşinyan “Qarabağ Ermənistandır və nöqtə!” bəya­natını səsləndirmişdi? Necə ola bilərdi ki, hakimiyyətə gəlməzdən əvvəl Qarabağın Ermənistanın üzərindən asılmış daş oldu­ğunu söyləyən adam sonradan belə bir sər­səm fikir bildirsin? Hər halda, ilk baxışdan düşünülür ki, Nikol “ağır daşı” müharibə edərək atmaq istəməzdi. 

Paşinyan Qarabağ mövzusunda Qərb­dəki ağaları ilə məsləhətləşməli idi. Ona görə Azərbaycandan işləri qaydasına qoy­maq adı ilə vaxt istədi. Elə təəssürat yarat­dı ki, danışıqlarda konstruktiv mövqe tuta­caq. Qərb öz növbəsində Nikola Qarabağ məsələsinin mahiyyətini anlatdı. Elə ermə­ni missiyasını da. Hansı yolla olursa-olsun Rusiyadan uzaqlaşmaq xəttinə köklənmiş, mövcud istiqamətdə qəti təlimatlar almış baş nazir isə tipik erməni xislətini işə saldı. Daha pis erməni olmaqda da liderliyə can atdı. Yəni, düşüncəsi belə oldu: Koçaryan və Sarkisyan bacarmayıb, mən bacaracam. Demokratiya bütün qapıları üzümüzə aça­caq. 

Nikol ardınca haqqında söz açdığımız sərsəm bəyanatı səsləndirdi. Nəinki səs­ləndirdi, eyni zamanda, Azərbaycan xalqı­nın heysiyyatı ilə oynadı – Şuşada, Cıdır düzündə şərab içib sərxoş olaraq yerdə eşələndi. Belə elədi, çünki Qərbdəki ağa­larının Azərbaycandan alınmış Qarabağın Ermənistanda qalmasına kömək edəcək­lərinə əmin idi. Hesab edirdi ki, İrəvanın, Zəngəzurun ardınca Qarabağ da Ermənis­tanın olacaq. Beləliklə, Rusiyadan ayrılma qazanc gətirəcək. Paşinyan hakimiyyəti və onun xaricdəki havadarları Azərbaycanın gücünü hesaba almadılar... 

Bəli, borc məsələsi. 44 günlük mühari­bə başlananda və Azərbaycan Ordusu əks- hücuma keçəndə, Qərb mediası bunu əbəs yerə işğalçılıq kimi dəyərləndirməmişdi. Öz ağılları ilə düşünürdülər ki, adamları olan Paşinyana Rusiyaya borcu qaytarma­maqda kömək göstərirlər. Habelə, Qarabağ məsələsini Kremlin kurasiyasından almaq xəttini müdafiə edirdilər. Həmin media üçün beynəlxalq hüquq, ərazi bütövlüyü, suverenlik kimi məsələlər yerin dibində idi. Yeri gəlmişkən, Rusiya mediası da eyni cür davrandı. Ruslar hesab etdilər ki, öz varlıqlarını göstərməklə, Ermənistanın Kremlin orbitinə qayıtmasına şərait yara­dacaqlar. Xeyri olmadı. İndi yaşananlar təsdiqləyir ki, Rusiyanın 44 günlük mü­haribəyə son qoyan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatdakı rolunun, Er­mənistanı Azərbaycanın əlində parçalan­maqdan xilasının da rəsmi İrəvana dərs mahiyyəti istisnadır. 

Qərbdə Qarabağı Ermənistanın Rusi­yayönümlü kursunun dəyişməsinin müka­fatı qismində görürdülər. Eyni zamanda, bu qənaətdə idilər ki, Rusiya da hər bir halda Ermənistanı müdafiə yolu tutacaq və yanılmadılar. Böyük ölçüdə götürsək, ya­nıldıqları ölkəmizi hesabdan silmək oldu. Nəticədə hərə öz oyununu oynadı. Qalib Azərbaycan oldu. 

Rəsmi Bakı özünün yüksək səriştəyə malik siyasi xətti ilə bu gün də Qərb-Ru­siya ziddiyyətinin qalib tərəfidir. Qalib tərəfidir ki, iki yüz illik erməni layihəsi sıradan çıxıb və çıxmaqdadır. Ona görə də bu gün Paşinyan sərhəd dirəklərinin ma­keti ilə oynayır. Çalışır ki, vəlvələdən və ya zəlzələdən yaranmış Ermənistan adlı dövlət mövcudiyyətini Rusiyaya borcunu qaytarmadan sürsün. 

Ancaq əvvəldə vurğuladığımız məqa­ma qayıdaraq deyək ki, erməni düşüncə tərzi çox kasaddır. Bu kasad təfəkkür sa­hibləri XXI əsrdə yaşadıqlarının fərqində deyillər. Anlamırlar ki, “rus pisdir, avropa­lılar və amerikalılar yaxşıdır” təfəkkürü ilə yaşamaq doğru deyil. Belə yaşayırsansa, borc xatırlatmaları ilə üzləşmək mütləqdir və indiki durumda Ermənistanın təhlükə­sizliyinə ən böyük təhdid də, dövlətçiliyin mövcudluğu üçün risk də elə budur. 

Bəli, oyunbazlıq edirsənsə, avantürist planlar qurursansa, bu planları həyata ke­çirənlərin yanında borclanırsan və nəticədə təkcə borc xatırlatmaları, minnətlər olmur, eyni zamanda, onu qaytarmaq tələbləri də meydana çıxır. Axı borc borcdur. Heç kəs ermənilərin qara qaşlarına, qara gözlərinə aşiq deyil. Nəzərə alaq ki, hazırkı Ermə­nistan dövləti Paşinyan iqtidarının üz dön­dərdiyi Rusiyanın da layihəsidir. Görünür, Moskvaya olan borcu qaytarmağın yeganə yolu həmin dövlətin yox olmasıdır. 

Əvəz CAHANGİROĞLU
XQ

Siyasət