ABŞ, Fransa, yoxsa Rusiya: Hansının atom enerjisi “şirindir”?
Rusiya ilə bütün sahələrdə yolları ayırmağa çalışan Ermənistanın mövcud istiqamətdəki fəaliyyəti davam edir. Məlumdur ki, İrəvanın Moskvadan kəskin enerji asılılğı var. Bəs hazırda tərəfləri bir-birinə qarşı qoymaq niyyəti güdən Qərb bu asılılığı aradan qaldırmaq naminə hansı tədbirlər görür və ya görürmü? Yazımız bu barədədir.
Ümumən, Ermənistanın iqtisadi asılığı aradan qalxmayınca, baş nazir Nikol Paşinyan hakimiyyətinin Qərbə yaxınlaşmaq cəhdi fırtınalı okeanı qayıqla keçməyə oxşayacaq. Əlbəttə, Qərbdə də haqqında söz açdığımız reallığı anlayırlar. Anlayır və hərəkətə keçirlər. Bu hərəkət barədə söz açmazdan əvvəl isə Ermənistanın Rusiya ilə yollarını ayırmaq istəkləri ilə bağlı bir məqamı xatırladaq.
Məlum olduğu kimi, rəsmi İrəvan çoxdandır üzvü olduğu və Kremlin başlıca rol oynadığı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına qarşıdır. Guya, qurum Ermənistanın təhlükəsizliyini təmin edə bilmirmiş. Sən demə, Azərbaycan Ermənistan ərazilərinə təcavüz gerçəkləşdiribmiş və KTMT buna reaksiya vermirmiş. Aydındır ki, belə deyimlər bəhanədən başqa bir şey deyil. Ancaq sözügedən bəhanəni əlində bayraq edən erməni iqtidarı bəzən açıq formada KTMT-dən çıxacağını da bildirmək cəsarətində olur. Buna qarşı Rusiya rəsmilərinin də açıqlamaları var.
Əlbəttə, Rusiya tərəfi diplomatikdir. Ölkə hakimiyyətinin təmsilçiləri üstüörtülü fikirlərlə, subliminal mesajlarla kifayətlənirlər. Hər bir halda Ermənistanın Rusiyadan iqtisadi asılılığı amilini qabartdıqları diqqətdən yayınmır. Dolayısı ilə mesaj verirlər ki, Hayastanın hazırkı iqtisadi inkişaf tempi Rusiya hesabınadır. Yəni, bu o deməkdir ki, əgər Ermənistan KTMT-dən ayrılsa, digər iqtisadi imtiyazlarından da məhrum duruma düşəcək. Görünür, elə bu səbəbdən də rəsmi İrəvan qərar verməyə tələsmir.
İqtisadi imtiyazlardan söz düşmüşkən, Ermənistan hakimiyyəti həm də ona görə KTMT ilə əlaqədar qəti qərar vermir ki, Rusiyadan iqtisadi asılılığın digər xətti də var. Söhbət Avrasiya İqtisadi İttifaqından gedir. Heç şübhəsiz, KTMT-dən ayrılan Ermənistanı Aİİ-də də görmək istəyən tapılmayacaq.
Ancaq baş nazir Nikol Paşinyan həyasızlıq edir. O, hazırda rotasiya qaydasında Aİİ-nin sədridir. Nikol sədrlik səlahiyyətlərinin icrasına başlar-başlamaz bildirmişdi ki, qurumu siyasətə qatmaq yolverilməzdir. Onun fikri təxminən belə idi: Siyasi sferada istədiyimizi reallaşdıracağıq, amma iqtisadi planda bizə qarşı heç nə edilməsin. Əlbəttə, Paşinyanın təsvir etdiyi kimi, dünya yoxdur. Varsa da, yalnız onun yuxusudur. Bəs nəyə görə Ermənistanın Aİİ və KTMT müstəvisindəki fəaliyyətindən söz açdıq? Buna izah verəcəyik. Hələlik isə keçək mətləbə.
Qeyd edək ki, uzun müddətdir Ermənistan rəsmiləri, guya, nüvə enerjisi sahəsində rəqabət aparan təklifləri qiymətləndirdiklərini iddia edirdilər. Baxmayaraq ki, böyük ölçüdə yalnız Rusiya və Çin bu istiqamətdə rəqabət apara bilər. Onlar dünyada kiçik və modul tipli atom elektrik stansiyalarının dizaynını real həyata keçirmək qabiliyyət və potensialına malikdirlər. Ancaq rəsmi İrəvan fərqli yol seçdi və bu, haradasa gözlənilən idi.
Əlqərəz, ABŞ Ermənistanda yeni atom elektrik stansiyası tikəcək. Dövlət Departamenti bir neçə gün əvvəl bu sirri açıqlamalı oldu. Sən demə, Ermənistan “123-cü saziş”ə – ABŞ Atom Enerjisi Agentliyinin aktının 123-cü maddəsinə qoşulmaq üçün ərizə təqdim edibmiş. Özü də iki il əvvəl. Bildirilir ki, rəsmi İrəvan bu sayaq ilk baxışdan qondarma mahiyyətə malik sazişə qoşulduqdan sonra amerikalılar mülki nüvə texnologiyalarını Ermənistana ötürə biləcəklər.
Əslində, bəzi siyasi ekspertlər yeni atom elektrik stansiyasının mövcud “Metsamor”un əvəzinə tikiləcəyini iddia edərkən yanılırlar. “Metsamor”, bir qayda olaraq, “Rosatom” tərəfindən təkmilləşdirilir. Problem ondadır ki, orada yeni enerji blokunun tikintisi ətrafında münaqişə var. Tikinti ilə “Rosatom”un məşğul olacağı güman edilsə də, rusların sıxışdırıldığı barədə məlumatlar diqqət çəkməkdədir. Bildirilir ki, rəsmi İrəvan həmin işi Fransanın “Framatome” şirkətinə həvalə etmək istəyir.
Əlbəttə, atom enerjisi ilə bağlı məsələnin Ermənistana faydası barədə bir şey deyə bilmərik. Necə deyərlər, uşaq nədir, fişəng nədir? Ancaq burada rəsmi İrəvanın KTMT müstəvisindəki fəaliyyəti ilə oxşarlıq amilinə nəzər salmalıyıq. Hesab edirik ki, Rusiya ilə “enerji boşanması” Kremli kəskin sualla qarşı-qarşıya qoyacaq: Niyə dost olmayan ölkənin iqtisadiyyatını dəstəkləmək lazımdır? Deməli, indiki durumda KTMT-dən ayrılmaq yox, məhz bu amil ölkənin Rusiyadan asılı iqtisadi sisteminin çökməsi kimi qiymətləndirilə bilər. Hər halda atom elektrik stansiyası adi məsələ sayıla bilməz.
Ə.RÜSTƏMOV
XQ