Dünyada müstəmləkəçilik bitmiş kimi görünsə də, yeni adlar və formalarda hələ də davam etməkdədir. Bakı Təşəbbüs Qrupunun XXI əsrdə müstəmləkəçiliyin təsirlərini hələ də yaşamağa davam edən xalqlara verdiyi dəstək onların azadlıq mübarizəsinin əhəmiyyətini ən gözəl şəkildə vurğulayır. Bu dəstək bir çox xalqlar üçün olduqca mühüm və dəyərlidir.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Türkiyə Siyasi, İqtisadi və Sosial Araşdırmalar Fondunun Afrika bölgəsi üzrə tədqiqatçısı Tunç Demirtaş bildirib.
Bakı Təşəbbüs Qrupunun (BTQ) mütəmadi olaraq bu istiqamətdə fəaliyyəti və keçirdiyi tədbirlərin əhəmiyyətini vurğulayan ekspert bunu qlobal ədalət, öz müqəddəratını təyinetmə və tarixi ədalətsizliklərin aradan qaldırılması baxımından beynəlxalq mübarizənin bir hissəsi kimi qiymətləndirib.
O bildirib ki, bu yanaşma həm də Avropanın iqtisadi və siyasi vasitələrlə keçmiş müstəmləkələri üzərində təsirlərini davam etdirdikləri neokolonializm problemlərinə diqqəti cəlb etmək baxımından çox əhəmiyyətlidir.
Bu gün Bakı Təşəbbüs Qrupu ilə Bonayre adasının QHT-ləri arasında əməkdaşlıq sazişinin imzalanmasının bu dəstəyin ən bariz nümunələrindən biri olduğunu qeyd edən ekspert deyib: “Niderlandın müstəmləkəçiliyi altında olan Bonayre adası bunun izlərini daşıyan bir tarixə malikdir. Bu ada ilk dəfə XVI əsrdə ispanlar tərəfindən tutulsa da, daha sonra, XVII əsrdə Niderlandın nəzarəti altına keçib. Burada köləlik və müstəmləkəçilik sona çatmış kimi görünür. Lakin istismar nəticəsində yaranan sosial və iqtisadi bərabərsizliklər bu günə qədər davam edir. Əslində, muxtariyyəti məhdud olan və iqtisadi cəhətdən Niderlanddan asılı olan Bonayredə ciddi bərabərsizlik hələ də mövcuddur. Neokolonializmlə mübarizə aparan Bonayre kimi cəmiyyətlərin əsas hədəfi gələcək nəsilləri müstəmləkəçiliyin mənfi təsirindən qorumaqdır. Bu baxımdan Bakı Təşəbbüs Qrupunun qlobal bərabərsizlik qarşısında irsini qorumağa çalışan bu insanların səslərinin eşidilməsinə verdiyi dəstək həm də onlar üçün bir motivasiya mənbəyidir”.