Putin və Paşinyan arasında telefon danışığı olub

post-img

Ermənistanın baş naziri Nikol Paşinyanla Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub. Onlar Rusiya dövlət başçısının Azərbaycana səfərini müzakirə ediblər. Bu barədə avqustun 23-də Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb. Xəbəri “İzvestiya.ru” verib. 

“Rusiya prezidenti Ermənistanın baş nazirinə ötən həftə Azərbaycana səfəri ilə bağlı təəssüratları barədə məlumat verib və buna görə baş nazir Paşinyan prezident Putinə təşəkkür edib”, - deyə məlumatda bildirilir.

Həmçinin qeyd edilir ki, Rusiya lideri və Ermənistanın baş naziri Rusiya Federasiyası ilə Ermənistan arasında ikitərəfli münasibətlərə dair məsələləri müzakirə etmək üçün imkan daxilində görüşmək barədə razılığa gəliblər.

Putin avqustun 18-də iki günlük dövlət səfəri ilə Bakıya gəlib. O, Azərbaycan prezidenti İlham Əliyevlə görüşüb, onunla danışıqlar aparıb. Görüşdə Rusiya Prezidenti iki dövlət arasında iqtisadi əlaqələrin uğurla inkişaf etdiyinə, xüsusən də Azərbaycan iqtisadiyyatına əmtəə dövriyyəsinin və birbaşa investisiyaların 4 milyard dollara çatdığına diqqət çəkib.

Bundan əlavə, Rusiya-Azərbaycan danışıqlarının yekunlarına əsasən, Moskva və Bakı Böyük Vətən müharibəsində (İkinci Dünya müharibəsində) qələbənin 80-ci ildönümünü geniş şəkildə qeyd etmək barədə razılığa gəliblər.

 

P.ƏMİRCANOV

XQ

 

Dünya