Erməni separatçılığı və COP29-la bağlı anti-Azərbaycan təbliğatı
Belə hallar ilk dəfə deyil yaşanır. Söhbət Ermənistanda məskunlaşmış Qarabağdakı sabiq separatçı rejimin təmsilçilərinin sərsəmləmələrindən gedir. İndi də “Artsax milli assambleyası” deyilən qondarma qurum bəyanat verib. Bu “strukturun” mənasızlığı barədə söhbət açacağıq. Ancaq məqsədimiz onun fonunda daha vacib məqamı vurğulamaqdır.
Azərbaycanla Ermənistan arasında sülh gündəmi deyilən bəlli siyasi trayektoriya var. Rəsmi İrəvan hər nə qədər bu trayektoriyaya kölgə salmağa, əhəmiyyətini heçə endirməyə, bir sözlə, sülhdən yayınmağa çalışsa da, barış mühitinin formalaşması ilə bağlı ritorikadan rəsmi qaydada imtina etmir. Daha doğrusu, imtina edə bilmir. Çünki erməni iqtidarı 2019-cu ildə Azərbaycanla danışıqlar prosesinin boykotuna yönəlmiş təxribatçı davranışlarının sonradan hansı böyük fəlakətlə nəticələndiyini görüb.
Digər tərəfdən, rəsmi İrəvan beynəlxalq birliyin gözündə pis olmaq istəmir. Ancaq manipulyasiyalarından da qalmır. Çalışır ki, sülh prosesinə özünə sərfəli müqəddimələr gətirsin və beləliklə, Qarabağ avantürasını diri saxlasın. Əslində, parabeyinlərin ortaya atdıqları “Artsax milli assambleyası” deyilən “struktur” da elə buna xidmət edir. Özü də təkcə bu “strukturun” yox, qondarma rejimin digər özəklərinin, guya, fəaliyyətdə olduğuna dair məlumatlar var və ara-sıra onlar özlərinin “varlıqlarını” sübut etməyə çalışırlar.
Əslində, məsələyə real aspektdən yanaşsaq, bu sayaq meyillər Ermənistanın Azərbaycana qarşı ərazi iddiasını davam etdirməsi deməkdir. Baxmayaraq ki, rəsmi İrəvanın ayrı-ayrı təmsilçiləri bütün beynəlxalq platformalarda ölkəmizin ərazi bütövlüyünü və suverenliyini tanıdıqlarını vurğulayırlar. Onların aldıqları nəfəs də yalan olduğu kimi, mövcud istiqamətdə səsləndirdikləri açıqlamalar da səmimiyyətdən uzaq, spekulyativ səciyyə daşıyan cəfəngiyatdır.
Belə bir durumda Azərbaycan nə etməlidir? Axı Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozması ilə Qarabağdakı keçmiş separatçı rejimə məxsus qondarma strukturların anti-Azərbaycan bəyanatlar səsləndirmələri arasında heç bir fərq yoxdur. Hər iki halda ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə qəsd amili var. Birinci halda bu qəsd sərhədlərimizə yaxın ərazidə törədilirsə, ikinci halda təhlükəli nöqtə Ermənistan adlı qurama respublikanın içərisindədir. Deməli, ölkəmiz zəruri müdafiə tədbirinə əl atmaq ixtiyarını özündə saxlayır. Şərt o deyil ki, paytaxt İrəvandakı separatçılar oturduqları daldalanacaqlardan və zirzəmilərdən Azərbaycana raket tuşlasınlar. Elə destruktiv yüklü bəyanatlar səsləndirmələri də bəsdir.
Bir el misalında deyildiyi kimi, dəvəquşu başını quma salıb gizlənmək istəsə də, əndamı çöldə qalır. Yəni ki, baş nazir Nikol Paşinyan administrasiyasının fitnə-fəsad dolu oyunları hər kəsə yaxşı məlumdur. Heç şübhəsiz, “Artsax milli assambleyası” adlanan ölülər yığınını da işə salmaq bu administrasiyanın əməlidir. Çünki “ölülərin” qaldırdıqları məsələləri Ermənistan hakimiyyəti də qabardıb və müxtəlif mərhələlərdə həmin məsələləri Azərbaycanla sülh gündəminin tərkib hissəsinə daxil etməyə çalışıb. Eyni zamanda, çalışıb ki, “etnik təmizləmə” şousunu, Azərbaycanın Ermənistan ərazilərini işğal etməsi cəfəngiyyatını qaldırmaqla, ölkəmiz əleyhinə mənfi beynəlxalq rəy formalaşdırsın. Elə bir mənfi rəy ki, onun nəticəsində Azərbaycana qarşı təzyiqlər göstərilsin, sanksiyalar tətbiq edilsin. Paşinyanın komandası Qarabağın erməni milli mirası sərsəmliyinə və Bakı həbsxanalarındakı caniləri məzlum qiyafəsində təqdimatına əsaslanaraq da anti-Azərbaycan təbliğatı aparıb. Əlbəttə, məqsədinə nail ola bilməyib. İndi isə “Artsax milli assambleyası” oxşar “motivləri” irəli sürür. Nəyə görə və konkret məqsəd nədir?
Bəli, məqsəd BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransı (COP29) məsələsində Azərbaycanı ləkələmək, ölkəmizin belə bir mötəbər tədbirə evsahibliyi obrazına zərər vurmaqdır. Burada maraqlı nüans var. Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası baş nazirinin aparatı ötən il dekabrın 7-də birgə açıqlama yaymışdı. Həmin açıqlamada bildirilmişdi ki, “Xoş niyyətin təzahürü olaraq, Ermənistan Respublikası BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyinə öz namizədliyini geri götürərək, Azərbaycan Respublikasının namizədliyini dəstəkləyir. Azərbaycan Respublikası və Ermənistan Respublikası ümid edirlər ki, Şərqi Avropa qrupuna daxil olan digər ölkələr də Azərbaycanın namizədliyini dəstəkləyəcəklər. Xoş niyyətin təzahürü olaraq, Azərbaycan Respublikası Ermənistanın Şərqi Avropa qrupundan COP-un büro üzvlüyünə namizədliyini dəstəkləyir”.
Yəni, zamanında Azərbaycanın COP29-a evsahibliyi Ermənistan tərəfindən dəstəklənib. Ona görə ölkə rəhbərliyi hazırda birbaşa özünü inkar yolu tuta bilmir. COP29-la bağlı ölkəmiz əleyhinə təbliğatı daha çox xaricdəki erməni lobbi və diaspor təşkilatları, habelə ermənipərəst dairələr aparırlar. Görünür, “Artsax milli assambleyası” adlı qondarma quruma da “rol” verilib.
Yekunda onu da deyək ki, Ermənistan rəhbərliyinin bütün anti-Azərbaycan fəaliyyəti kimi, haqqında söz açdığımız “rol” məsələsi də çox təhlükəlidir. Təhlükə keçmiş separatçı rejimin təmsilçilərinin qiyafəsində “ölülər” üçün yox, Ermənistan adlı kliniki ölüm keçirən, özündə yalnız az-maz həyat simptomlarını yaşadan dövlət baxımından aktualdır. Bu dövlətin rəhbərliyi təfərrüatları və perspektivi yaxşı-yaxşı düşünməli, əməllərindən daşınmalıdır. Özü də vaxt itirmədən. Sonra gec ola bilər...
Ə.RÜSTƏMOV
XQ