Lənkəranda seçki yüksək fəallıq şəraitində keçəcək
Milli Məclisə növbədənkənar seçkilərlə bağlı səsvermə gününə 10 gündən az vaxt qalır. Hazırda bütün ölkə üzrə 125 seçki dairəsində namizədlər fəal təbliğat-təşviqat kampaniyası aparırlar. Onlar əvvəlcədən müəyyən edilmiş açıq və qapalı məkanlarda görüşlər keçirir, seçicilərə öz platformalarını təqdim edir, seçiləcəkləri təqdirdə görəcəkləri işlərdən, problemlərdən və onların həlli yollarından bəhs edirlər. Həmçinin, namizədlər qapı-qapı gəzmək, həyətlərdə görüşlər keçirmək, buklet, flayer paylamaq təcrübəsindən də yararlanırlar.
Ümumiyyətlə, seçkilər hər bir xalqın həyatında mühüm rola malik siyasi kampaniyadır. Seçicilər seçkilərə biganə qalmamaqla, səsvermədə mütəşəkkil iştirak etməklə, əslində, öz gələcəkləri ilə bağlı məsələlərə biganə olmadıqlarını büruzə verirlər.
Parlament seçkilərinin mühüm atributlarından biri də onun torpaqlarımızın işğaldan azad edilməsindən və ötən il dövlət suverenliyimizin bərpasından sonra qanunverici orqana keçirilən ilk seçkilər olmasıdır. Bu seçkilər artıq müstəqil ölkəmizin tarixinə bütün ərazilərimizdə keçiriləcək ilk parlament seçkiləri kimi düşüb.
Bəs dairə seçki komissiyalarında seçkilərə son hazırlıq işləri necə gedir? DSK-lar Mərkəzi Seçki Komissiyasının Təqvim planında nəzərdə tutulmuş işləri müvafiq ardıcıllıqla yerinə yetirə bilirlərmi? Bu və digər suallarla 78 saylı Lənkəran kənd dairə seçki komissiyasının sədri Əlövsət Rufiyevə müraciət etdik.
– Əlövsət müəllim, 78 saylı Lənkəran kənd seçki dairəsində parlament seçkilərinə hazırlıq prosesi necə gedir?
– 78 saylı Lənkəran kənd seçki dairəsinin dairə seçki komissiyası və onun hüdudları daxilində yerləşən məntəqə seçki komissiyaları səsvermə gününə, demək olar ki, tam hazırdır. Bütün məntəqələr səsverməyə çağırış vərəqələri ilə təmin olunub. Səsvermənin keçirilmə tarixi, vaxtı və yeri, habelə seçki məntəqəsinin ünvanı barədə bildirişlərin, demək olar ki, 80 faizi seçicilərə paylanılıb. Qalan 20 faizinin paylanması isə gündəlik davam etdirilir.
Seçki məntəqələrində seçkilərə hazırlıq işləri qanunvericiliyin tələblərinə uyğun aparılır. Məntəqələr işıq, qaz, rabitə, internet və tibbi xidmətlə təmin olunub.
– Seçki dairəsinin ərazisində neçə məntəqə mövcuddur?
– Dairə seçki komissiyasının hüdudları daxilində Lənkəran rayonunun təxminən 47 kəndini əhatə edən 53 seçki məntəqəsi var. Qeydiyyatda olan seçicilərin ümumi sayı isə 48 800 nəfərdir.
– Seçki yarışına neçə nəfər qatılmışdı?
– Milli Məclisə növbədənkənar seçkidə öz qüvvəsini sınamaq üçün DSK-ya ümumilikdə, 14 nəfər müraciət etmişdi. Onlardan bir nəfəri imza vərəqələrini götürmədi. İki nəfər imza vərəqələrini qaytarmadı. Üç nəfər bizə ərizə ilə müraciət edərək namizədliklərini geri götürmək istədiklərini bildirdilər. Bir nəfərin isə tələb olunan sayda, yəni 450 imza toplaya bilməməsi səbəbindən və maliyyə sənədlərini vaxtında təqdim etmədiyi üçün dairə seçki komissiyasının qərarı ilə ona imtina cavabı verildi. Hazırda dairə üzrə 7 namizəd təbliğat-təşviqat kampaniyası aparır. Onlardan bir nəfərinin namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülüb. Qalan 6 nəfəri isə bitərəfdir və namizədlikləri öz təşəbbüsləri ilə irəli sürülüb.
Bizim məktubumuzla Lənkəran Şəhər İcra Hakimiyyəti tərəfindən namizədlərin görüşlərinin keçirilməsi üçün açıq və qapalı məkanlar ayrılıb. Biz hər iki məkanlarda namizədlərin görüşlərinin keçirilməsi ilə bağlı qrafik tərtib etmişik. Namizədlər həmin qrafik üzrə təbliğat-təşviqat prosesini həyata keçirirlər. Onlar bir gün əvvəldən bizə hansı kəndə, açıq və ya qapalı məkanda görüş keçirməklə bağlı məlumat verirlər. Biz isə öz növbəmizdə polisə məlumat veririk ki, həmin yerdə, həmin saatda asayişi təmin etsinlər.
Bundan başqa, bütün seçki məntəqələrinin həyətində təşviqat lövhələri yerləşdirilib. Orada namizədlərin plakatlarının yerləşdirilməsində hər hansı problem yoxdur və ola da bilməz.
Təqvim planına görə, səsvermə gününə azı 5 gün qalanadək, yəni avqustun 27-dək Mərkəzi Seçki Komissiyası seçki bülletenlərini dairə seçki komissiyalarına verməlidir. Yenə də təqvim planına görə, səsvermə gününə azı 3 gün qalanadək, yəni avqustun 29-dək dairə seçki komissiyaları seçki bülletenlərini məntəqə seçki komissiyalarına verməlidir. Biz hazırda buna hazırlıq görürük.
– Seçicilər sizə hansısa məsələlərlə bağlı müraciət edirlərmi?
– Hələlik seçicilər tərəfindən bilavasitə bizə müraciət daxil olmayıb. Seçici siyahıları dəqiqləşdirilərək məntəqələrin divarlarından asılıb. Seçicilər istədikləri vaxt seçici siyahıları ilə tanış olmaq imkanına malikdirlər. Hələlik kiminsə adının siyahıda olmadığına dair fakta rast gəlməmişik.
– Lənkəranda seçki prosesinə maraq varmı? Aktivlik hiss olunurmu?
– Hiss olunur. Namizədlərin görüşlərinə seçicilərin maraq göstərməsi, bütövlükdə, seçki prosesinə olan marağın ifadəsidir.
– DSK üzrə seçkilərin azad, ədalətli və şəffaf keçirilməsi üçün hansı işlər görülür?
– Prosesin qeyd etdiyiniz tələblərə uyğun keçirilməsi üçün indiyədək bütün işlər görülüb. Zənnimcə, burada da məntəqə seçki komissiyalarının üzvləri üçün Mərkəzi Seçki Komissiyası tərəfindən keçirilən maarifləndirici treninqlərin böyük rolu var. Həmçinin, beynəlxalq müşahidəçilər seçki dairəsində görüş keçiriblər. Onlar da hər hansı irad bildirməyiblər. Biz namizədlərin təbliğat-təşviqat prosesinə hər hansı formada müdaxilə etmirik və buna səlahiyyətimiz də yoxdur. Məntəqələrdə seçki prosesi Seçki Məcəlləsinin və digər qanunların tələblərinə uyğun təşkil olunub. Seçki qutuları yerindədir. Səsvermə kabinələri tam hazır vəziyyətə gətirilib və sxemə uyğun qurulub. Seçici səsvermə kabinəsinə daxil olur, gizli şəkildə səsini verir. Oradan çıxdıqdan sonra isə bülleteni qutuya atır. Bu proses də bütün müşahidəçilərin gözləri önündə baş verir.
Bugünlərdə köməkçi materialların daha bir qismi, məsələn şəffaf mürəkkəblər də məntəqələrə çatdırılacaq.
Bilirsiniz ki, seçkinin şəffaf keçirilməsinin daha bir göstəricisi məntəqələrdə veb-kameraların quraşdırılmasıdır. Ölkə üzrə seçkidə, adətən, 1000 məntəqədə veb-kamera yerləşdirilir. Onlardan beşi bizim dairənin məntəqələrini əhatə edir. Bunlar Gərmətük qəsəbəsində yerləşən 2 saylı, Haftoni kəndində yerləşən 33 saylı, İstisu qəsəbəsində yerləşən 39 saylı, Girdəni kəndində yerləşən 42 saylı və Havzava kəndində yerləşən 44 saylı məntəqələrdir.
– Müşahidəçilərin sayı neçə nəfərdir?
– İndiyədək 490 nəfər müşahidəçi qeydə alınıb. Onlardan 106 nəfəri Yeni Azərbaycan Partiyasını təmsil edir. Qalanları öz təşəbbüsləri ilə müşahidəçilik aparmaq istəyənlərdir. Məşvərətçi səs hüquqlu komissiya üzvlərinin sayı isə 54 nəfərdir.
– Dairə üzrə ən yaşlı və ilk dəfə səs verəcək seçicilərin sayı nə qədərdir?
– Seçicilərdən bir nəfərinin yaşı yüzdən yuxarıdır, daha doğrusu 134 yaşı var. Bu, Şilavar kəndində yerləşən 36 saylı məntəqədə qeydiyyatda olan Əzizova Tamam Əli qızıdır. O, 1890-cı ildə Cəlilabad rayonunun Tokrovka kəndində dünyaya gəlib. 18 yaşı tamam olmuş seçicilərin sayı isə 6 min nəfərdir.
Əlil seçicilərin səs verməsi üçün MSK tərəfindən panduslar quraşdırılıb. Onlar əlil arabaları ilə gələrək panduslar vasitəsilə məntəqəyə qalxa və səs verə bilirlər. Səsvermə günü səhhəti ilə əlaqədar səs verə bilməyən şəxslər isə məntəqələrə ərizə ilə müraciət etməlidirlər. Bundan sonra onların evlərinə daşınan seçki qutuları göndəriləcək.
– Seçkidə “exit-poll” aparılacaq məntəqələr arasında 78 saylı dairənin məntəqələri də varmı?
– Bu məsələ MSK tərəfindən tənzimlənir. “Exit-poll” aparacaq təşkilatlar MSK-da qeydiyyatdan keçməlidirlər. Sonra isə onlar müvafiq dairələr üzrə paylanılırlar. Hələlik bununla bağlı bizə müraciət edilməyib. Onlar, adətən, 4-5 gün qalmış qeydiyyata düşürlər. Ya bir, ya da iki məntəqədə “exit-poll” aparılır.
Əminik ki, seçkilər azad, ədalətli və şəffaf keçiriləcək və dairə üzrə ciddi şikayətlər olmayacaq. 78 saylı Lənkəran kənd seçki dairəsinin dairə seçki komissiyası, səsvermə günü də daxil olmaqla, seçkiləri yüksək səviyyədə, Seçki Məcəlləsinin və digər qanunların tələblərinə uyğun şəkildə keçirəcək. Ona da inanırıq ki, ölkəmizin böyük rayonlarından olan Lənkəranda seçkilər yüksək fəallıq şəraitində baş tutacaq.
Səxavət HƏMİD
XQ