“Bu il sentyabrın 1-nə təyin edilmiş növbədənkənar parlament seçkiləri Azərbaycan üçün böyük siyasi önəmə malikdir. Bu, Qarabağın azad edilməsindən, ölkənin ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra ilk parlament seçkiləridir”. Bu fikirləri “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında qırğız siyasi analitik Mederbek Korganbayev bildirib.
O qeyd edib ki, Milli Məclisin yeni heyəti noyabrda Bakıda keçiriləcək, Azərbaycanın sədrlik etdiyi İqlim Dəyişmələri üzrə BMT Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində formalaşdırılır.
“Fikrimcə, Azərbaycan parlamentinin yeni heyətinə Qarabağın inkişafı ilə bağlı bir sıra qanun layihələrinin qəbul edilməsi, həmçinin ticarət-iqtisadi və hərbi-siyasi əməkdaşlıq sahəsində Türk Dövlətləri Təşkilatı çərçivəsində beynəlxalq sazişlərin ratifikasiyası, türkdilli dövlətlər arasında parlamentlərarası əlaqələrin gücləndirilməsi missiyası da həvalə ediləcək”, - Mederbek Korganbayev deyib.
Qırğız ekspert bildirib ki, hazırda Azərbaycan Mərkəzi Asiya və bütövlükdə Avrasiya regionunda regional aktor kimi geosiyasi çəkisini artırır.
“Dövlətin dünya siyasi arenasında nüfuzu, hakimiyyətin sabitliyi və qanunların təkmil olması həm də parlamentin fəaliyyətindən asılıdır. Azərbaycanın parlamenti milli maraqların qorunmasında və xarici oyunçuların siyasi təzyiq göstərməyə yönəlmiş hər hansı cəhdlərinin qarşısının alınmasında xüsusi rol oynamalıdır. 2024-cü il Azərbaycan parlamentinə seçkilər rəsmi Bakının siyasi həyatında yeni bir səhifə açacaq, parlamentarizmin və dövlətçiliyin möhkəmləndirilməsində əhəmiyyətli bir addım olacaq”, - deyə M.Korganbayev vurğulayıb.